Məhkəmə qərarları › İş №2(104)-955/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-955/2024

19.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-955/2024 19.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi) Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, Göygöl Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(066)-582/2023 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən olunması barədə ərizə ilə Göygöl Rayon Məhkəməsinə müraciət etmişdir. Göygöl Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(066)-582/2023 nömrəli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan Ərizəçi apellyasiya şikayəti vermiş, lakin şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə verilmədiyindən Göygöl Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(066)-582/2023 nömrəli qərardadı ilə geri qaytarılmışdır. Sonradan Ərizəçi “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə Göygöl Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(066)-582/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, kabinet vasitəsilə verilmiş şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissəhissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361, 363, 366, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Göygöl Rayon Məhkəməsinin 04 iyul 2023-cü il tarixli 2(066)-582/2023 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar