Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-958/2024 22.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kompensasiya verilməklə mənzildən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi İddiaçı Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi və kompensasiya verilməklə mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(125)-126/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 aprel 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22 sentyabr 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri Kəpəz rayonu İ.Cəfərov küçəsi ev 12 yerləşən 58 nömrəli mənzil İddiaçı mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 03 oktyabr 2022-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, 12 mart 1967-ci il təvəllüdlü İddiaçı, 08 may 1967-ci il təvəllüdlü Cavabdeh1, xx xxx 1975-ci il təvəllüdlü Cavabdeh2, xx xxxxxx 1992-ci il təvəllüdlü Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatdadırlar.
3. Daşınmaz Əmlakın 08 sentyabr 2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 44,9 kv.m olan mənzili alıcı İddiaçı 30000 manat müqabilində satmışdır.
4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 08 oktyabr 2022-ci il tarixli 120-32857M-3222 nömrəli məktubundan görünür ki, 08 may 1967-ci il təvəllüdlü Cavabdeh1, xx xxx 1975-ci il təvəllüdlü Cavabdeh2 və xx xxxxxx 1992-ci il təvəllüdlü Cavabdeh3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.
5. Gəncə İnzibati Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 2-1(114)-692/2023 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Gəncə şəhər Baş Polis İdarəsinə qarşı pasport qeydiyyatından çıxarılma tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
6. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 16 fevral 2023-cü il tarixli, 3-13-57/2-H-34xx/xx/2023 nömrəli məktubunun surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh1 07 yanvar 1992-ci il tarixdən hal-hazıradək qeydiyyatdadır.
7. Azərbaycan Respublikası Mingəçevir şəhəri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 avqust 2023-cü il tarixli 117 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri Kəpəz rayonunda yerindən asılı olaraq bina yaşayış evlərində yaşayışa uyğun şəraitdə olan 2 otaqlı mənzillərin kirayə qiyməti 250 manat dəyərindədir. Verilmiş rəy hazırki bazar iqtisadiyyatında olan tələb və təklifə uyğunlaşdırılmışdır.
8. Azərbaycan Respublikası Mingəçevir şəhəri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 avqust 2023-cü il tarixli, 116 nömrəli rəyindən görünür ki, ünvan 2də yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbəsində 2 otaqlı mənzil, ümumi sahəsi 44,9 kvadratmetrdən ibarət olan əla təmirli bina yaşayış evinin 2023-cü il tarixdə mənzilin orta bazar satış qiyməti 65000 manat dəyərində qiymətləndirilir.
9. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 dekabr 2023-cü il tarixli, ƏQ- 270/2023 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 2 otaqlı mənzilin müqayisə yanaşması ilə 11 dekabr 2023-cü il tarixə aylıq kirayə haqqı 150 manat təşkil edir.
10. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 dekabr 2023-cü il tarixli, ƏQ- 271/2023 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən 2 otaqlı mənzilin real bazardəyərinin müqayisə yanaşması ilə 11 dekabr 2023-cü il tarixə real bazar dəyəri 35630 manat təşkil edir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin 22 sentyabr 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında mülkiyətində olan ünvan 2 ünvanında yerləşən mənzildə istifadə hüquqlarına xitam verilməsi, eləcədə Cavabdeh3 və Cavabdeh1 7000 manat kompensasiya verilməklə qeyd olunan mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 44,9 kv.m olan mənzili 08 sentyabr 2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 30000 manata almışdır. Həmin mənzilə dair ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22 sentyabr 2022-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Mənzil onun mülkiyyətində olmasına baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 həmin ünvanda pasport qeydiyyatındadırlar. Cavabdehlərin pasport qeydiyyatından çıxarılmaları ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinə müraciət etmiş, lakin həmin orqan qüvvəyə minmiş məhkəmə qərarı əsasında bunun mümkün olmasını göstərmişdir. Gəncə İnzibati Məhkəməsinə müraciət etsədə, cavabdehlərin hazırda həmin mənzildə yaşamaları əsas ilə iddia təmin olunmamışdır. Hazırda mülkiyyətində olan mənzildən stifadə edə bilmir.
13. Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(125)-126/2024 nömrəli qətnaməsi ilə (hakim Z.İmanov) iddia qismən təmin edilərək, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanından Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi; İddia tələbi digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə rədd edilməsi; Məhkəmədə iddia qaldırılması məqsədilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilməsi qət olunmuşdur.
14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2, 152, 262.2, 228.2, 228.5 maddələri, Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4, 218.3, 216-220, 227, 360 maddələrə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməməsi hissədə qətnamənin ləğv edilməsini, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 10000 manat kompensasiya ödənilməklə ünvan 2-dən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, birinci instansiya məhkəməsində kompensasiyanın məmləğini artıraraq 10000 manat təklif etsədə, lakin məhkəmə işə baxılmasını uzun müddətə təxirə saldığı üçün ərizəsini geri götürmüşdür. Hər bir halda işə baxılarkən onun toxunulmayan mülkiyyət hüquqları nəzərə alınmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
23. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
24. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
25. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
26. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
27. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
28. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
29. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
30. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
31. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına görə, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 01-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, daşınmaz əmlakın (evin) dövlət qeydiyyatına alınması mülkiyyətçinin həmin əmlaka (evə) məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka (evə) dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müddəalarına görə tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Apellyasiya şikayətindən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməməsi hissədə mübahisələndirilmişdir. Hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
42. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 44,9 kv.m olan mənzili 08 sentyabr 2022-ci il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 30000 manata almış və bu barədə ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22 sentyabr 2022-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. İddiaçı mülkiyyət hüquqlarını lazımı qaydada həyata keçirə bilmədiyi üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh3 7000 manat kompensasiya verilməklə həmin mənzildən istifadə hüquqlarına xitam verilməsini məhkəmədən xahiş etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı həmin hissədə təmin etməmişdir.
43. Birinci instansiya məhkəməsi gəlmiş olduğu nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təklif edilən kompensasiya, cavabdehlərin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli yaşayış sahəsi ilə müqayisədə oxşar şərahitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ deyil və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində cavabdehlərin hər biri heç gözləmədikləri halda yaşayış sahəsi ilə təminatsız qalacaqdır.
44. Apellyasiya icraatı zamanı iddiaçı tərəf 10000 manat kompensasiya verilməklə cavabdehlərin istifadə hüququna xitam verilməsini məhkəmədən xahiş etmişdir.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 12 iyul 2016-cı il tarixli qərarında belə bir hüquqi mövqe bildirmişdir ki, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən aslı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir.
46. Konstitusiya Məhkəməsi adı çəkilən qərarında kompensasiya məbləğinin iddianın predmetinə daxil olub-olmaması və həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsinin mümkünlüyü məsələsinə də aydınlıq gətirərək göstərmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür.
47. Məhkəmə kollegiyasının qənaətinə görə, tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ olan şəxslərə mülkiyyətçi tərəfindən kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və həmin mənzildən cavabdehlərin çıxarılması ilə bağlı yaranan mübahisədir. Belə olan halda mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda göstərilən müddəaları əsasında həll olunmalıdır.
48. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsidir. Həmin maddədə deyilir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu normanın məhkəmələr tərəfindən tətbiqi təcrübəsini formalaşdıran bir neçə qərarı mövcuddur.
50. Həmin qərarlardan biri “R.Ağalarovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
51. Konstitusiya Məhkəməsi adı çəkilən qərarında həmçinin göstərmişdir ki, kompensasiya institutu yaşayış sahəsindən istifadənin elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.
52. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarını istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün bir mənalı olaraq yol açır.
53. Göründüyü kimi, qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli məbləğin konkret miqdarı müəyyən olunmasa da, əsas meyar olaraq bazar qiyməti ilə müvafiq kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2.-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Cavabdeh yaşayış sahəsindən ancaq istifadə etmək hüququna malikdir və kompensasiya həmin hüququn itirilməsinin əvəzi kimi ona təklif olunan pul məbləğidir. Yəni sadə baxışla yanaşılsa, mübahisəli münasibətin sonunda mənzilin tərkib hissəsindən istifadə etmək hüququ olan şəxs həmin hüququ itirir və qanun bu hüququn əvəzli xitamını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə mülkiyyətçinin ödəməli olduğu kompensasiyanın məbləği, mənzil istifadəçisinin itirdiyi istifadə hüququnun ədalətli əvəzinə bərabərdir.
54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında mübahisəyə baxılarkən, məhkəmə tərəfindən kompensasiyanın məbləği işin konkret xüsusiyyətləri, baxılan mübahisəni fərdiləşdirən müxtəlif meyarlar nəzərə alınmaqla müəyyən olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, bu meyarlar kimi mənzilin kimin mülkiyyətində olması, evdən istifadə hüququna malik şəxslərin sayı, cavabdehin mülkiyyətçi ilə münasibətləri, habelə qohumluq münasibəti, cavabdehin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya azyaşlı uşağı ilə birlikdə çıxması, cavabdehin istifadə hüququnun yaranma müddəti, cavabdehin kompensasiya təklif olunan vaxt hər hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olubolmaması, cavabdehin mübahisəli evdə faktiki yaşadığı müddət, yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazidə cavabdehin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, tərəflərin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri və s. nəzərə alınmaqla müəyyən edilməlidir.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur.
56. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında hesab etmişdir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya odəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır.
57. Cavabdeh1 birinci instansiya məhkəməsinə təqdim etdiyi rəylərdən (işin 64-68-cü vərəqi) müəyyən olunur ki, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi ev 12, mənzil 58-də yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbəsində 2 otaqlı mənzil, ümumi sahəsi 44,9 kv. meterdən ibarət olan əla təmirli bina yaşayış evinin 2023-cü ilə orta bazar satış qiyməti 65000 manat dəyərində, Gəncə şəhəri, Kəpəz rayonunda yerindən asılı olaraq bina yaşayış evlərində yaşayışa uyğun şəraitdə olan 2 otaqlı mənzillərin kirayə qiyməti isə 250 manat dəyərindədir.
58. Birinci instansiya məhkəməsində icraat zamanı Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi 12 nömrəli evin 58 nömrəli mənzilinin rəy verilən dövrə real bazar və aylıq kirayə haqqı dəyərinin müəyyən olunması üçün ekspertiza təyin edilsədə, lakin xidmət haqqı ödənilmədiyindən rəy verilməsindən imtina olunmuşdur.
59. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi rəylərdən isə (işin 101-126 cı vərəqi) müəyyən olunmuşdur ki, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi ev 12, mənzil 58-də yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbəsində 2 otaqlı mənzilin müqayisə yanaşması ilə 11 dekabr 2023-cü il tarixə aylıq kirayə haqqı 150 manat, real bazar dəyəri isə 35,630 manatdır.
60. İşin 8-ci vərəqində olan AN-İ ******* nömrəli alqı-satqı müqaviləsindən isə görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi ev 12, mənzil 58-də yerləşən, ümumi sahəsi 44,9 kv. meterdən ibarət olan 2 otaqlı mənzil 30000 manata satılmışdır.
61. Apellyasiya icraatı zamanı iddiaçı tərəfin təklif etdiyi 10000 manat kompensasiya məbləği kollegiya işin yuxarıda qeyd olunan hallarına münasibətdə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təklif olunan məmləğ cavabdehlərin istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması üçün yetərli hesab edilməlidir.
62. Belə ki, bundan əvvəldə qeyd olunduğu kimi Cavabdeh1 birinci instansiya məhkəməsinə təqdim etdiyi rəydə Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi ev 12, mənzil 58-də yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbəsində, ümumi sahəsi 44,9 kv. meterdən ibarət 2 otaqlı mənzilin kirayə qiyməti 250 manat, iddiaçı tərəfin təqdim etdiyi rəydə isə 150 manat qeyd olunmuşdur. Kirayə haqqı 250 manatdan hesablanarsa, onda bir il üçün kirayə haqqı 3000 manat olur. Bu da onu deməyə əsas verir ki, təklif olunan 10000 manatla 3 il 4 ay müddət daxilində mübahisəli yaşayış sahəsinə oxşar şəraitdə davamlı olaraq kirayədə yaşamaq olar.
63. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(125)-126/2024 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ünvan 3-də olan istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsinin təmin edilməməsi” hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ünvan 3-də olan istifadə hüquqlarına 10000 manat kompensasiya verilməklə xitam verilməli, cavabdehlər himin mənzildən çıxarılmalı, eləcədə qətnamə eyni vaxtda icra edilməlidir.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(125)-126/2024 nömrəli qətnaməs mübahisələndirilən, yəni “cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ünvan 3-də olan istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsinin təmin edilməməsi” hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ünvan 3-də olan istifadə hüquqlarına 10000 manat kompensasiya verilməklə xitam verilsin və cavabdehlər həmin mənzildən çıxarılsın. Qətnamə eyni vaxtda icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.