Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-969/2023 04.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: zərərin ödənilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı vəı Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin 2(066)-43/2023 saylı iş üzrə 16 yanvar 2023-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 04 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan 06 mart 2022-ci il tarixli “Eka Support” şirkətinin dəymiş zərərin hesablanmasına dair aktından görünür ki, “Nissan X-Trail” markalı avtomobilə 6980 (altı mın doqquz yüz səksən) manat ehtiyyat hissəsi və 3200 (üç min iki yüz) manat işçilik xidməti, cəmi 10180 (on min yüz səksən) manat dəyərində ziyan dəyməsi müəyyən edilmişdir.
2. İşdə olan “Z&Z SERVİCE” tərəfindən verilmiş 23 avqust 2022-ci il tarixli təmir kartından görünür ki, istifadə olunacaq ehtiyyat hissələri 803 (səkkiz yüz üç) manat və görülən işlərə görə 900 (doqquz yüz) manat məbləğində zərər hesablanmışdır.
3. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh 31 may 2022-ci il tarixində özünə məxsus “Chevrolet Malibu” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi ilə üzü Topçubaşov küçəsinin kəsişməsində STOP nişanının tələblərini pozaraq İddiaçı məxsus “Nissan X-Trail” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncuya məxsus avtomobiə zərər vurmuşdur. Bakı şəhəri Nəsimi rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Nəsimi RPİ-nin NH-nə məlumat daxil olmuş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tututlan inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuş, qərarın surəti Nəsimi RPİnin DYPŞ-nə göndərilmişdir.
4. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2022-ci il tarixli, 9/7463 nömrəli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə “Eka Support” şirkətinin xx.xx.2022-ci il tarixli qüsur aktında olan məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Nissan X-Trail” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomaşının təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 9180 manat və iş materiallarında olan “Z&Z” servisin 23 avqust 2022-ci il tarixli qüsur aktında 2007-ci il buraxılışlı “Nissan X-Trail” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomaşının zədələndiyi və təmir-bərpa xərcinin 1853 manat olması müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı «avtomobilə dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5180 manat maddi ziyanın və dövlət rüsumu qismində ödənilmiş 72 manat məbləğində pulun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tərəfindən məhkəməyə 12 sentyabr 2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilərək, həmin ərizədə göstərmişdir ki, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5180 manat maddi ziyanın və dövlət rüsumu qismində ödənilmiş 72 manat məbləğində pulun cavabdehdən özünün xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırki mərhələdə iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Belə ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman “EKA support” şirkəti tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixdə “Qüsur Aktı” məhkəməyə təqdim olunmuşdur ki, həmin akt da ilkin olaraq vizual baxış keçirilərək tərtib olunmuşdur. Sonradan avtomobil təmir olunmağa başlayanda məlum olmuşdur ki, həmin aktda qeyd olunanlardan əlavə olaraq istifadəyə yararsız digər ehtiyyat hissələri də var və həmin hissələrin dəyişdirilməsinə 1703 manat pul vəsait ödənilməlidir. Bu səbəbdən də X2 tərəfindən yararsız vəziyyətə düşmüş ehtiyyat hissələri yenisi ilə əvəz olunaraq həmin ehtiyyat hissələrinin adları, görüləcək işlərin dəyəri barədə təmir kartı və mədaxil qəbzi verilmişdir. Qeyd olunan ehtiyyat hissələri də digərləri kimi eyni hadisə zamanı cavabdehin təqsiri ucbatından yararsız vəziyyətə düşdüyü üçün həmin hissələrin dəyəri də cavabdehdən tutularaq ona ödənilməlidir. Odur ki, qeyd olunanlara əsasən 6883 manat maddi ziyanın və dövlət rüsumu qismində ödənilmiş 72 manat məbləğində pulun cavabdehdən özünün xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Göygöl Rayon Məhkəməsinin 2(066)-43/2023 saylı iş üzrə 16 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Q.Abbasov) iddia tələbi qismən təmin edilmiş, İddiaçı məxsus «Nissan X-Trail» markalı, **-VL-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş 4180 (dörd min yüz səksən) manat zərər və iddiaçı tərəfindən ödənilmiş 72 (yetmiş iki) manat məbləğində dövlət rüsumunun 61.80 (altmış bir manat 80 qəpik) manatının Cavabdeh alınıb, İddiaçı verilməsi, Cavabdeh ekspert rəyinə görə 100 (yüz) manatın tutularaq, X1 (Kod 21005, BÖEN **********, müxbir hesabı AZ41NABZ)**********0********) hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-43/2023 saylı iş üzrə 16 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı etibarnamə ilə idarə etdiyi “Nissan X-Trail” markalı, **-VL-*** dövlət nömrə nişanlı avtomaşına 5230 manat məbləğində dəymiş zərərin hesablanmasına dair akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdə “Azərbaycan Respublikası Sığorta Kommersiya Şirkəti” tərəfindən İddiaçı 5000 manat məbləğində sığorta hadisəsi üçün pul ödənilmişdir. Bundan sonra iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qüsur aktına əsasən avtomaşına 10180 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. Lakin, həmin məbləğ real zərərin həcmini əks etdirmir və şişirdilmişdir. Həmçiin, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə də razı deyildir. Belə ki, ekspertiza keçirilən zaman mübahisə predmeti olan “Nissan X-Trail” markalı, **-VL-*** dövlət nömrə nişanlı avtomaşın ekspertizaya təqdim edilməmiş və baxış keçirilməmişdir. Bundan əlavə, İddiaçı “Nissan X-Trail” markalı, **-VL-*** nömrə nişanlı avtomaşının mülkiyyətçisi olmadığından onun hazırki iddinı qaldırmağa subyektiv hüququ olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlə etirazını bildirərək, izahatında göstərdi ki, Azərbaycan Respublikası Sığorta Kommersiya Şirkəti” tərəfindən ona ödənilmiş pul vəsaitindən və özünün maliyyə vəsaitlərindən istifadə edərək, avtomaşınını əsasən təmir etdirmiş, lakin, pul vəsaiti çatışmadığı üçün avtomaşının salonunu tam təmir etdirə bilməmişdir. Sonda iddiaçı şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 14.Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 15.Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 16.Maddə 159.Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 17.Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 18.Maddə 166.1. Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir.
19. Maddə 1096.1.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.ğ
25. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.
30. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, işin müəyyən olunmuş faktik hallarına görə, Cavabdeh 31 may 2022-ci il tarixində özünə məxsus “Chevrolet Malibu” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu, H.Ələsgərov küçəsi ilə üzü Topçubaşov küçəsinin kəsişməsində STOP nişanının tələblərini pozaraq İddiaçı etibarnamə əsasında sahibliyində və istifadəsində olan “Nissan X-Trail” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncuya məxsus avtomobilə zərər vurmuşdur. Baş vermiş hadisədə Cavabdeh təqsirli bilinmişdir. Cavabdeh qeyd edilən ziyanı könüllü şəkildə ödəmədiyindən, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə iddia tələbini qismən təmin etmişdir.
32. Apellyatorun şikayətinin əsas dəlilləri İddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüququ olmadığı və avtomaşına dəymiş zərərin məbləğinin düzgün müəyyən edilmədiyindəndir.
33. Məhkəmə kollegiyası əvvəlcə onu qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda qeyd edilən 21, 152.1,157.8, 159, 163.1 və 166.1.-ci maddələrinə görə, hazırki işdə İddiaçı etibarnamə əsasında sahibliyində və istifadəsində olan avtomaşına dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia qaldırmaq üçün subyektiv hüququ vardır. Ona görə də kollegiya apellyasiya şikayətinin İddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmadığı barədə dəlilini əsassız sayır. Şikayətin digər dəlili üzrə kollegiya göstərir ki, iddiaçının etibarnamə əsasında sahibliyində və istifadəsində olan avtomaşına dəymiş zərərin məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən, işə baxmış birinci instansiya məhkəməsi iş üzrə ekspertiza təyin etmiş və rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2022-ci il tarixli, 9/7463 nömrəli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə “Eka Support” şirkətinin xx.xx.2022-ci il tarixli qüsur aktında olan məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Nissan X-Trail” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomaşının təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 9180 manat və iş materiallarında olan “Z&Z” servisin 23 avqust 2022-ci il tarixli qüsur aktında 2007-ci il buraxılışlı “Nissan X-Trail” markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomaşının zədələndiyi və təmir-bərpa xərcinin 1853 manat olması müəyyən edilmişdir. 34 Həmin rəyin iddiaçıya məxsus olan avtomaşına dəymiş zərərin həddini müəyyən edən mötəbər sübut növü kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur. Həmçinin məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında göstərmişdir ki, avtomaşınını əsasən təmir etdirmiş, lakin, pul vəsaiti çatışmadığı üçün avtomaşının salonunu tam təmir etdirə bilməmişdir. Ona görə də kollegiya hesab edir ki, hazırki vəziyyətdə iddiaçıya məxsus olan avtomaşına dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün iş üzrə yenidən ekspertiza keçirilməsi yolverilməzdir.
35. Kollegiya qeyd edir ki, cavabdehin baş vermiş hadisədə təqsirli olması işin mübahisəsiz halıdır. İddiaçının sahibliyində olan avtomaşına dəymiş 9180 manat məbləğində zərərin 5000 manat hissəsi “Azərbaycan Respublikası Sığorta Kommersiya Şirkəti” tərəfindən İddiaçı ödənilmişdir. Qalan 4180 manat məbləğində zərərin cavabdeh tərəfindən ödənilməsinə dair iddiaçı tərəfindən irəli sürülən iddianın təmin olunması üçün qanuni əsaslar yuxarıda qeyd edilən maddi hüquq normaları ilə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda qeyd edilən normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, irəli sürülən iddianı qismən təmin:edməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
37. Kollegiya onu da qeyd edir ki, hazırki işdə iddianın qiyməti 4180 manatdır. Ona görə də Azərbaycan Respublikasının MPM-in yuxarıda qeyd edilən 402.1-ci maddəsinin tələblərinə əsasən, bu qətnamədən kassasiya şikayəti verilə bilməz. . Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-43/2023 saylı iş üzrə 16 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.