Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-974/2025 12.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər mərhum Cavabdeh2 hüquq varisi X6, Cavabdeh3, Şəmkir rayon 1 saylı notariat ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi, üçüncü şəxs X8 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əqdin etibarsızlığı Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1, Cavabdeh3, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2, Cavabdeh2 hüquq varisi X6 və üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Şəmkir rayon 1 saylı notariat ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi, üçüncü şəxs X8 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2(076)-193/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. JN-1189A KOD 50402016 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsi Şəmkir rayonu Aqrar İslahat Komissiyasının 23 fevral 1999-cu il tarixli 60 nömrəli qərarı ilə Cavabdeh2 mülkiyyətinə verilmişdir;
2. Şəmkir Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2(076)-2474/2023 saylı qətnaməsindən görünür ki, X9 ilə cavabdeh X5 arasında 02 iyul 2005-ci il tarixdə Şəmkir rayonu Çinarlı qəsəbə İƏD üzrə nümayəndəliyindən 33 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur;
3. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin məktubundan görünür ki, Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən 0,007 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Cavabdeh2 25 iyul 2023-cü il tarixli 4Ə-927 reyestr nömrəli, Şəmkir rayonu 1 saylı notarius ofisinin alqısatqı müqaviləsinə əsasən Cavabdeh3 satılmışdır. Həmin torpaq sahəsi iki hissəyə ayrılaraq 0.0179 ha hissəsinə 26 avqust 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, 0,04205 ha hissəsinə 09 sentyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir;
4. 4Ə-927 reyestr nömrəli, 25 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 ona məxsus Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən 0,07 ha torpaq sahəsini 7000 manat müqabilində Cavabdeh3 satmışdır (torpaq sahəsi üzərindəki tikili alqı-satqı predmeti olmamışdır) (müqaviləni Cavabdeh2 əvəzindən X6 və Cavabdeh3 imzalamışdır);
5. AZ-İİ seriyalı 474505 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 10 dekabr 2024-cü il tarixdə Şəmkir rayonu Çinarlı qəsəbəsində vəfat etmişdir;
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Şəmkir rayon 1 saylı notariat ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi, üçüncü şəxs X8 qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayon 1 saylı notariat ofisində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 4Ə-927 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh3 adına verilmiş dövlət reyesterində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə və xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxs X9 onun keçmiş əridir. Üçüncü şəxs X9 ilə 02 iyul 2005-ci il tarixdə ailə qurmuşlar, xx.xx.2023-cü il tarixdə ayrılmışlar. X9 ilə ailəli olduğu müddətdə X7 atası Cavabdeh2 məxsus Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsində onların razılığı ilə bir mərtəbəli ümumi sahəsi 84.4 kv.m olan qeyri-yaşayış binası inşa edilmişdir. Həmin qeyriyaşayış sahəsinə dair Şəmkir RİH Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən layihə tərtib edilmişdir. 2020-ci ildən hazırkı vaxtadək qeyri-yaşayış sahəsi onun tərəfindən gözəllik salonu kimi fəaliyyət göstərməkdədir. Bir neçə ay bundan əvvəl Cavabdeh2 onun gözəllik salonunun olduğu qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsini digər Cavabdeh3 satmışdır. 4 ildən artıq müddətdir ki, Cavabdeh2 məxsus torpaq sahəsinin üzərində inşa edilmiş qeyri-yaşayış sahəsində gözəllik salonu fəaliyyəti ilə məşğul olur. Həmin tikintini aparılmasına Cavabdeh2 razılığı olmuşdur. X9 ilə ayrıldıqdan sonra ona heç bir məlumat verilmədən və razılığı alınmadan torpaq sahəsi Cavabdeh3 satılmışdır. Torpaq sahəsinin üzərində ona məxsus qeyri-yaşayış binası olmasının və həmin torpaq sahəsinin satılması nəticəsində onun hüquqları pozulmuşdur. Cavabdehlər torpaq sahəsini satarkən ona heç bir məlumat verməmişlər. Cavabdeh3 həmin torpaq sahəsini satın alarkən üzərində tikili olduğunu və həmin tikilinin onun tərəfindən istifadə olunduğunu bilmişdir.
8. Cavabdeh2 09 dekabr 2024-cü il tarixdə vəfat etdiyindən arvadı X6 onun hüquq varisi qismində işə cəlb edilmişdir.
9. Şəmkir Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2(076)-193/2025 nömrəli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, X4, Şəmkir rayonu 1 saylı Notariat Kontoruna və Azərbaycan İqtisadiyyat Nazirliyini yanında ƏMDX DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi; iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 337.1, 337.4 və 567-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində icraat
11. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxartmışdır. Belə ki, üzərində 1 mərtəbəli tikili olan torpaq sahəsinin cəmi 7000 manata satılması özözlüyündə əqdin yalancı əqd olmasının göstəricisidir. Digər tərəfdən daşınmaz əmlak alqısatqı olunarkən və həmin əmlaka çıxarış verilərkən müvafiq orqan tərəfindən torpağın üzərində tikililərin olub-olmaması araşdırılmalı, belə bir hala rast gəlinərdisə imtina verilməliydi. Ola bilməzdi ki, DƏDRX-nin əməkdaşları ölçü işləri apararkən torpaq sahəsinin üzərində həmin tikilini görməyib. Eləcədə hazırkı mülkiyyətçi də həmin tikilini görmüşdür. Çıxarış qanunun tələblərinə zidd olaraq vermişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, torpaq sahəsinin üzərində qeyri-yaşayış sahəsini nqaynatasının razılığı ilə tikdirmişdir. Uzun müddətdir ki, oranı gözəllik salonu kimi istifadə edir. Buna baxmayaraq ailə münasibətinin pozulmasından istifadə edərək həmin torpaq sahəsini satmışlar. Alqı-satqı zamanı ona 65000 manat verilmişdir. Lakin həmin məbləğ özlərinin mirgə mülkiyyətində olan torpağın satılmasına görə ona verilmişdir. Tikdirdiyi obyektin qiyyməti 10000 manat dəyərində olar. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə1 da iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, daşınmaz əmlak alqı-satqı olarkən əmlakın yüklü olub-olmaması nəzərə alınmalı idi. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 izahatında bildirmişdir ki, hər iki torpaq sahəsini qanuni əsaslarla almışdır. İddiaçı ilə ərinin birgə mülkiyyətində olan 9 sot torpağın satılmasına razılıq vermədiyinə görə ərinin və qaynatasının razılığı ilə ona ümumilikdə, yəni torpağa və tikiliyə görə 65000 manat verilmiş, iddiaçı da bununla razılışmış və 9 sot torpağın satılmasına razılıq vermişdir. Buna baxmayaraq iddiaçı sonradan tikilidən çıxmaqdan imtina etmiş və cavabdehlərə və üçüncü şəxslərə qarşı hazırkı iddianı qaldırmışdır. Torpaqların alınmasına (tikili ilə birlikdə) cəmi 130000 manat vermiş, həmin pulun 65000 manatıda iddiaçıya çatmışdır. Həmin əmlaklara dair adına çıxarışda verilmişdir. İddiaçı mülkiyyətində olan obyekdən çıxmadığına görə ona qarşı məhkəmədə iddia qaldırmış və iddiası təmin olunmuşdur. Cavabdeh apellyasiya şikayəti versədə bu işə görə icraat dayandırılmışdır. Cavabdeh3 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 hüquq varisi X6 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, tikilinin yerləşdiyi mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olmamışdır. Həmin torpaq sahəsində iddiaçı tərəfindən gözəllik salonu tikdirsədə, torpaq satılarkən alqı satqı müqaviləsində 7000 manat föstərilib. Oğlu Ruslanla iddiaçının adına olan 9 sot torpaq isə 6000 manata satılıb. Lakin onlar iddiaçıya 65000 manat verilmişdir ki, uşaqlarına ev alsın. Alıcı əmlakın pulunu verib alsada iddiaçı tikilidən çıxmır. Halbu ki tikilidə nəzərə alınmaqla ona ümumilikdə 65000 manat verilmişdir. X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X9 izahatında bildirmişdir ki, tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyətində olmamışdır. Onların pzünün mülkiyyətində 9 sot torpaq olmuş və onuda 6000 manata satmışlar. Həmin torpaq, eləcədə tikilinin olduğu torpağı Əli adlı şəxs almışdır. İddiaçı torpaqların satılmasına razılıq vermədiyi üçün tikilidə nəzərə alınmaqla ona 65000 manat verilmiş, lakin buna baxmayaraq iddiaçı tikilidən çıxmır. X3 apellyasiya şikayəti üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasınnın Konstitusiyası:
20. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
21. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
25. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
26. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
27. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
28. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
30. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
31. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
37. 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
42. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən 0.07 ha torpaq sahəsi Şəmkir rayonu Aqrar İslahat Komissiyasının 23 fevral 1999-cu il tarixli 60 nömrəli qərarı ilə Cavabdeh2 mülkiyyətinə verilmiş və 4Ə-927 reyestr nömrəli 25 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsi 7000 manat müqabilində Cavabdeh3 satılmışdır (torpaq sahəsi üzərindəki tikili alqı-satqı predmeti olmamışdır) (müqaviləni Cavabdeh2 əvəzindən X6 və Cavabdeh3 imzalamışdır). Həmin alqı-satqı müqaviləsi əsasında əmlaka dair torpaq sahəsi iki hissəyə ayrılaraq 0.0179 ha hissəsinə 26 avqust 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, 0,04205 ha hissəsinə 09 sentyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Bununla yanaşı müəyyən edilir ki, İddiaçı mərhum Cavabdeh2 oğlu Ruslan Əsədovla nikaha daxil olaraq ailə qurmuş, lakin sonradan məhkəmə qətnaməsi əsasında nikahları pozulmuşdur. İddiaçı mübahisəli torpaq sahəsi üzərində öz vəsaiti hesabına tikili inşa etdiyini, torpağın mülkiyyətçisinin tikinti işləri aparılmasından məlumatlı olduğunu, lakin torpaq sahəsinin satılması nəticəsində həmin tikilidən məhrum olduğunu əsas göstərərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir.
43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
44. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarı).
45. İstənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
46. İlk növbədə qeyd edilməlidir ki, mübahisələndirilən əqd səlahiyyətli subyektlər arasında bağlanmış, habelə əqdin forma və məzmunu ilə bağlı mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Həmin əqdlə bağlı notariat ofisində açılmış notariat işinin sənədlərinə nəzər saldıqda satış predmeti olan əmlakın satıcısını təmsil edən şəxsin adına hüquqi qüvvədə olmuş etibarnamə verildiyi, torpağın dəyərinin notariat ofisinin depozit hesabından satıcıya ödənildiyi müəyyən olunur. Bir sözlə, mübahisələndirilən alqı-satqı müqaviləsinin mülki qanunvericiliyin tələblərinə uyğun bağlandığı öz təsdiqini tapdığından məhkəmə kollegiyası həmin müqaviləni etibarlı əqd olaraq qiymətləndirir.
47. İddiaçı hazırkı iddia üzrə başlıca dəlili ondan ibarət olmuşdur ki, mübahisəli torpaq sahəsi üzərində öz vəsaiti hesabına tikili inşa etmiş, torpağın mülkiyyətçisinin onun təərəfindən aparılmış tikinti işləriindən məlumatı olmuş, lakin torpaq sahəsinin satılması nəticəsində o, həmin tikilidən məhrum olmuşdur.
48. 0.07 ha torpaq sahəsi üzərində inşa edilmiş tikili dövlət qeydiyyatına alınmamışdır. Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq özbaşına tikinti aparmış şəxs, habelə başqa əqd əsasında belə bir tikintini əldə etmiş şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya sayılmır. Hazırkı işdə də mərhum Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 4Ə-927 reyestr nömrəli 25 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsi Şəmkir rayonu Çinarlı qəsəbəsindəki 0.07 ha torpaq sahəsi üzərində inşa edilmiş tikiliyə münasibətdə deyil, məhz elə həmin torpaq sahəsinin alqı-satqısı məqsədilə bağlanmışdır. Başqa sözlə, torpaq sahəsi üzərindəki tikili alqısatqının predmeti olmamışdır. Odur ki, həmin tikili özbaşına tikinti sayıldığından və tikintini aparmış şəxs (iddiaçı) tikiliyə mülkiyyət hüququ əldə etmədiyindən tikintinin yerləşdiyi torpaq sahəsinə dair qanuni əsaslarla bağlanmış alqı-satqı müqaviləsi etibarsız sayıla bilməz. 49, Bununla belə, apellyasiya baxışı zamanı təqdim olunmuş CD diskdəki video yazı tərəflərin iştirakı ilə tədqiq edilmiş və müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin üzərindəki tikilinin alqı-satqısı ilə bağlı Cavabdeh3 tərəfindən İddiaçı 65000 manat pul verilmişdir. İddiaçı tərəf də apellyasiya baxışı zamanı verdiyi izahatında bunu təsdiq etmişdir.
50. Göründüyü kimi, Şəmkir rayonu Çinarlı qəsəbəsindəki 0.07 ha torpaq sahəsinin dəyəri torpağın mülkiyyətçisinə, torpağın üzərində yerləşən özbaşına tikilinin dəyəri də İddiaçı cavabdeh (əmlakın alıcısı) Cavabdeh3 tərəfindən ödənilmişdir.
51. 65000 manat vəsait qaynatasına məxsus 0.07 ha torpaq sahəsinin üzərindəki tikiliyə görə deyil, əri ilə birgə nikah dövründə əldə edilmiş torpaq sahəsinin alqı-satqısına görə Cavabdeh3 tərəfindən ona ödənilməsi barədə iddiaçı tərəfin dəlili də kollegiya əsassız sayır. Ona görə ki, işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsindən göründüyü kimi üçüncü şəxs X9 (iddiaçının keçmiş əri) ünvan 1 ünvanında yerləşən 0.095 ha torpaq sahəsini 6000 manat müqabilində Cavabdeh3 satmış, satıcının arvadı olan İddiaçı da birgə nikah dövründə əldə edilmiş əmlakın özgəninkiləşdirilməsinə notariat qaydada razılıq ərizəsi vermişdir.
52. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını nəzərdən keçirərək qeyd edir ki, əgər iddiaçı tərəfin formal mülahizələrinə görə alqı-satqı müqaviləsi etibarsız hesab edilərsə bu halda mübahisəsi gedən əmlakı qanuni əsaslarla əldə edən alıcı Cavabdeh3 da hüquqlarının əsassız olaraq pozulması ilə nəticələnər.
53. Nəzərə almaq lazımdır ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı əldə edənin əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyənin sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
54. İşin sadalanan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğundur. Müqavilənin etibarsızlığı barədə hazırkı iddia tələbi əsassızdır.
55. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, alqı-satqı müqavilələsinin etibarsızlığından irəli gələn digər tələb üzrə (çıxarışın ləğvi) əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır; çünki alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi, bu tələbdən irəli gələn digər tələblərin dispozitiv şərtlərini də istisna edir.
56. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli, 2(076)-193/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.