Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-982/2023 14.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ARDNŞ “Azəriqaz” İstehsalat Birliyinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: cərimənin silinməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(062)-1396/2022 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 26 fevral 2021-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən evdə təbii qaz sayğacına- Sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində oturacaqdan aralanmış və nəticədə qaz itkisi yaranması ilə müdaxilə edilmişdir.
2. 26 fevral 2021-ci il tarixli aktın surətindən görünür ki, abonent İddiaçı məxsus olan ünvan 1 ünvanında sayğacın dəyişdirilməsi ilə bağlı baxış keçirilən zaman təbii qazdan istifadə üçün sayğacın hesablanma mexanizminə müdaxilə olunması Şəmkir RQİİ-nin əməkdaşları tərəfindən aşkar olunmuşdur.
3. İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən mənzilə aid abonentin saldosundan görünür ki, akt əsasında abonentə 216,00 manat ziyan hesablanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh ARDNŞ “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, ARDNŞ “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən tərtib edilmiş ******* saylı 26 fevral 2021-ci tarixli akt əsasında əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, ona məxsus ünvan 3 ünvanında yaşayır. Həmin evə binanın arxa tərəfində qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacının üzərinə buz parçası düşüb zədələməsi ilə əlaqədar dəyişdirilməsi məqsədi ilə çıxarılmış və yerinə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən yeni sayğac quraşdırılmışdır. Həmin vaxt əməkdaşlar hər hansı müdaxilənin olmamasını demişlər. Həmçinin akt da tərtib olunmamışdır. Həmin vaxt sayğacda heç bir problem aşkarlanmamışdır. Sonradan qaz pulu ödəyərkən ona bildirmişlər ki, köhnə sayğac laboratoriyada yoxlanılmış və müdaxilə olunması aşkar edilmişdir. Sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində oturacaqdan aralanmış və nəticədə qaz itkisi yaranması ilə nəticələnən müdaxilə edildiyi bildirilmişdir. Ona görə də akt tərtib edilmiş, 26 fevral 2021-ci il tarixli, ******* saylı aktla ona 216 manat cərimə yazılmışdır. O, həmin qaz sayğacına heç bir müdaxilə etməmişdir. Odur ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş həmin akt əsasında yazılmış 216 manat cərimə silinməlidir. Ona görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
6. Tovuz Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(062)-1396/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, ARDNŞ “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən tərtib edilmiş 26 fevral 2021-ci tarixli, ******* saylı akta əsasən İddiaçı hesablanmış borcun silinməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”na istinad edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(062)-1396/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin nümayəndələrinin rəyini nəzərə almadan iddia tələbini təmin etmişdir. Belə ki, sayğacın hesablama mexanizminin qapağı üst hissədən gövdəyə birləşən hissədən aralanmaqla, hesablama mexanizminin iş prinsipinə maneə törədilməsininin mümkün olması ilə müdaxilə olunmuşdur. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya institunun nümayəndələri də iştirak etmişdir. İddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2022-ci il tarixdə qazdan istifadə qayadalarının pozulması haqqında ******* saylı akt əsasında 216.00 manat itirlmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Abonentin ünvanına quraşdırılmış, sonradan abonent tərəfindən müdaxilə olunmuş qaz sayğacı əhali qrupuna aid olduğundan ilkin quraşdırılması "Azəriqaz" İB-nin hesabına aparılmışdır. Lakin, sayğacın işlək vəziyyətdə saxlanılması abonent tərəfindən təmin edilməmiş, ona görə də ünvanda sayğaca müdaxilə halı qeydə alınmışdır. Sayğaca müdaxilə tarixi qeyri müəyyən olduğundan müdaxilə halı aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyası işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Konstitusiyası Maddə 26. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 73. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
12. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 139.1. Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.
13. “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndində göstərilir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alğı-satqı müqaviləsində göstərilir. Qaydaların 3.1.5-ci bəndinə əsasən, istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli olması qaz pylayıcısının vəzifəsidir. Qaydaların 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.6-ci bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qaydaların 4.7-ci bəndinə əsaəsn, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqdardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
15. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyindən, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
19. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
20. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya məxsus evə gedən qaz xəttində quraşdırılmış sayğaca baxış keçirilərək, sayğaclara müdaxilə olunması ehtimal olunmuş və akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli, ******* saylı aktda sayğacın hesablama mexanizminin plasmas qapağının gövdədən ayrıldığı qeyd edilmişdir. Qeyd edilən akt əsasında 216 manat itirilmiş qazın bərpası üçün zərər hesablanmışdır. İlkin olaraq məhkəmə kollegiyası qeyd edir ki, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Eyni zamanda fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırkı vəziyyətdə istehlakçının bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vurmasını təsdiqləyəcək hər hansı sübut məhkəmələrə təqdim edilməmişdir. Digər tərəfdən, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı evinə gedən qaz xəttində olan qaz sayğacı yaşayış binasının arxa hissəsində quraşdırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, belə vəziyyətdə sayğaca müdaxilə olunduğu aşkar olunsa belə müdaxilənin istehlakçının bilavasitə təqsiri səbəbindən olması iş materialları ilə müəyyən edilmir. Belə olan halda abonent tərəfindən həmin sayğaca hər hansısa müdaxilənin olunmasına dair dəlillər inandırıcı görünmür və bunu təsdiq edən mötəbət süburlar da mövcud deyildir. Ona görə də, məhkəmə kollegiyası iddia tələbini təmin etmiş birinci instansiya məhkəməsinin mövqeyini əsaslı və ədalətli hesab edir.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi mülki mübahisəni işin faktiki hallarına uyğun, tərəflərin sübutlar təqdim etmək imkanını təmin etməklə, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normaları düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.
22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 387, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(062)-1396/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Sədrlik edən: Azər Bayramov
Hakimlər: Rəşad Mamedov
Aygül İsgəndərova