Məhkəmə qərarları › İş №2(104)-984/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-984/2025

27.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-984/2025 27.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Gəncə şəhəri 1 saylı notariat ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, üçüncü şəxslər X45, X46 və X5 qarşı mülki iş üzrə Açar sözlər: mirasın faktiki qəbulu; mirasın qəbuluna yönələn hərəkətlər Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (əri) X29 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Gəncə şəhəri 1 saylı notariat ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi, üçüncü şəxslər X45, X46 və X5 qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və miras əmlakın ilkin vəziyyətə qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 06 fevral 2025-ci il tarixli 2(125)-167/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 27 may 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, **********45 nömrəli məktubun surətindən görünür ki, Kirovabad şəhəri Bağmanlar qəsəbəsi İnqilab adına kolxozun xx.xx.1956-cı il tarixli 2 saylı protokoluna əsasən Quliyeva Həliməyə 700 kv/m torpaq sahəsi ayrılmışdır. Hazırda bu mülkün ünvanı ünvan 1 İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2005-ci il tarixli, 10-120 saylı məktubunda mülkdə icazə sənədləri olmadan inşa edilmiş tikililərin (108,5 kv/m yaşayış sahəsi, 150,1 kv/m qeyri-yaşayış sahəsi, 64,4 kv/m y/zirzəmi, 98,4 kv/m həyət tikililəri, 232,3 kv/m çardaq) qeydiyyata alınmasına razılıq verilmişdir. X30 xx.xx.2005-ci il tarixli, 21538 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 1 saylı Notariat Kontorunun xx.xx.2005-ci il tarixli, 2V-1-71 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk Cavabdeh3 adına keçmişdir və ona xx.xx.2005-ci il tarixli 21538 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sonra bu qeydiyyat vəsiqəsinin əvəzinə Cavabdeh3 xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir;

2. xx.xx.1979-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X14 şəhəri, Eminbəyli küçəsi, 12-ci dalan, ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsini X31, 2/3 hissəsini isə X9 vəsiyyət etmişdir;

3. xx.xx.1985-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X13 ölən günədək özünə məxsus əmlakı Cavabdeh3 vəsiyyət etmişdir;

4. Azərbaycan Respublikası Dövlət X52 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3- 48-DA-4F/2-A-1553//6/2024 nömrəli məktubun surətindən görünür ki, X13 ilə X16 1935-ci il üzrə nikah akt qeydi aşkar olunmamışdır;

5. AZ-T seriyalı 048096 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1949-cu il tarixdə anadan olmuş İddiaçı atası X13, X11dır;

6. Azərbaycan Respublikası Dövlət X52 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3- 48-DA-4F/2-A-1515//6/2024 nömrəli məktubun surətindən görünür ki, Dövlət X52nda mühafizə olunan Gəncə şəhər Nikah evi arxiv fondunun 1946-1947-cı illər üzrə doğum və doğum-bərpa aktlarının qeydləri, Stalin Rayon Vətəndaşlıq X12 Şöbəsi arxiv fondunun 1946-1947-cı illər üzrə doğum və 1947-ci il üzrə doğum-bərpa aktlarının qeydləri yoxlanılmış, Abdullayeva Ətrabə (İntizar) Məmmədəli qızının doğum aktının qeydi aşkar olunmamışdır;

7. Azərbaycan Respublikası Dövlət X52 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3- 48-DA-4F/2-A-1514//6/2024 nömrəli məktubun surətindən görünür ki, Dövlət X52nda mühafizə olunan Gəncə şəhər Nikah evi arxiv fondunun 1946-1947-cı illər üzrə doğum və doğum-bərpa aktlarının qeydləri, Stalin Rayon Vətəndaşlıq X12 Şöbəsi arxiv fondunun 1946-1947-cı illər üzrə doğum və 1947-ci il üzrə doğum-bərpa aktlarının qeydləri yoxlanılmış, Cavabdeh3 doğum aktının qeydi aşkar olunmamışdır;

8. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-48-TA/2-A220-6-292/2024 nömrəli məktubun surətindən görünür ki, Gəncə şəhəri üzrə 1916-cı ilə dair doğum aktlarının qeydiyyat kitablarında X16 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır;

9. AZ-İ seriyalı 959333 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X32 xx.xx.1985-ci il tarixdə ölmüşdür;

10. AZ-İ seriyalı 959332 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1987-ci il tarixdə ölmüşdür;

11. Gəncə şəhəri 1 saylı notariat ofisinin xx.xx.2005-ci il tarixdə, 2V-1-71 reyestr nömrə ilə təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1979- cu il tarixdə vəfat etmiş X21 miras qalmış ünvan 3 ünvanında yerləşən əmlakdan tam hissədə irs almışdır;

12. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın xx.xx.2014-cü il tarixli, RX seriyalı 299873 nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh3 xüsusi mülkiyyətindədir;

13. xx.xx.2024-cü il tarixli, 3-16-5/8-70-H-3031/2024 nömrəli arayışdan görünür ki, X41 xx.xx.1979-cu il tarixdə ölmüşdür;

14. xx.xx.2024-cü il tarixli, 3-16-5/8-70-H-3029/2024 nömrəli arayışdan görünür ki, X42 xx.xx.1994-cü il tarixdə ölmüşdür;

15. xx.xx.2024-cü il tarixli, 3-16-5/8-70-H-3030/2024 nömrəli arayışdan görünür ki, X34 xx.xx.1975-ci il tarixdə ölmüşdür;

16. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 1898-ci ildə anadan olmuş ünvan 5 ünvanında yaşamış və 1979-cu ildə vəfat etmiş X24 ailə tərkibi X33 (1916-1985); X34 (1918-1975) və Əsgərova (Həsənova) Ənubər Əkbər qızıdır (1920-1994);

17. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, 3-21-3-33/2-10079/2024 nömrəli məktubun surətindən görünür ki, Kirovabad şəhəri Bağmanlar qəsəbəsi İnqilab adına kolxozun xx.xx.1956-cı il tarixli 2 saylı protokoluna əsasən Quliyeva Həliməyə 700 kv/m torpaq sahəsi ayrılmışdır. Halhazırda bu mülkün ünvanı ünvan 6r İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin xx.xx.2005-ci il tarixli, 10-120 saylı məktubunda mülkdə icazə sənədləri olmadan inşa edilmiş tikililərin (108,5 kv/m yaşayış sahəsi, 150,1 kv/m qeyri-yaşayış sahəsi, 64,4 kv/m y/zirzəmi, 98,4 kv/m həyət tikililəri, 232,3 kv/m çardaq) qeydiyyata alınmasına razılıq verilmişdir. X30 xx.xx.2005-ci il tarixli, 21538 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 1 saylı Notariat Kontorunun xx.xx.2005-ci il tarixli, 2V-1-71 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk Cavabdeh3 adına keçmişdir və ona xx.xx.2005-ci il tarixli 21538 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sonra bu qeydiyyat vəsiqəsinin əvəzinə Cavabdeh3 xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir;

18. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 1918-ci il tarixdə anadan olmuş 1975-ci il tarixdə vəfat etmiş X22 xx.xx.1942- ci il tarixdə anadan olmuş qızı X43 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir;

19. Azərbaycan Respublikası Dövlət X52 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-48-DA-4F/2-1949//6/2024 nömrəli məktubun surətindən görünür ki, Dövlət X52nda mühafizə olunan Gəncə şəhər Nikah evi arxiv fondunun 1943-1947-cı illər üzrə doğum və doğum-bərpa aktlarının qeydləri, Stalin Rayon Vətəndaşlıq X12 Şöbəsi arxiv fondunun 1943-1946-cı illər üzrə doğum və 1942-ci il üzrə doğum-bərpa aktlarının qeydləri yoxlanılmış, X25 doğum aktının qeydi aşkar olunmamışdır;

20. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 1918-ci ildı anadan olmuş 1994-cü ildə vəfat etmiş X26 oğlu X47 xx.xx.1939-cu il tarixdə anadan olmuşdur və hal-hazırda yaşayır;

21. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 1898-ci ildə anadan olmuş ünvan 7 ünvanında yaşamış X41 vəfat edən günədək yəni xx.xx.1979-cu ilədək X13, X32 və İddiaçı himayəsində yaşamışdır;

22. xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 1915-ci ildə anadan olmuş X13 (xx.xx.1987 vəfat etmişdir), 1916-cı il tarixdə anadan olmuş X32 (1985-ci ildə vəfat etmişdir) İddiaçı himayəsində yaşamışlar;

23. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16- 5/8-13-2402/2024 nömrəli məktubun surətindən görünür ki, X16 ailə üzvləri xx.xx.1946-cı il təvəllüdlü qızı Cavabdeh3 və xx.xx.1946-cı il təvəllüdlü qızı X6r. Ata haqqında məlumat bəndində isə X3 göstərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

24. İddiaçı cavabdehlər Cavabdeh3, Gəncə şəhəri 1 saylı notariat ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən xx.xx.2005-ci il tarixdə 2V- 1-71 reyestr nömrə ilə təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və miras əmlakın ilkin hüquqi vəziyyətə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh3 bacısıdır. ünvan 8 ünvandakı mülk onun ana nənəsi X30 məxsus olmuşdur. O, 1979-cu ildə vəfat etmişdir. Onun qanun üzrə vərəsələri X55 (1985-ci ildə vəfat edib) Əkpər qızı, xalaları Sənubər (1975-ci ildə vəfat edib) və Həsənova Ənubər (1994-cü ildə vəfat edib) Əkbər qızları olmuşdur. Sənubər və Ənubər nənəsinin sağlığında ailə quraraq ər evinə köçmüşlər. Anasının ailəsi əri X13 və onun ailəsində olmaqla mərhum Quliyeva Həlimənin evində yaşamışlar. xx.xx.1979-cu ildə nənəsi Quliyeva Həlimə notariat kontorunda evi onun atası X9 vəsiyyət etmişdir. X40 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat kontoruna müraciət etməmiş, evi öz adına qeydiyyatdan keçirməmiş, faktiki olaraq mirası qəbul etməmişdir. Atası xx.xx.1985-ci il tarixdə vəsiyyətnamə yazaraq evi bacısı Cavabdeh3 vəsiyyət etmişdir. Atasının övladları o, bacıları Nüşabə və Ətrabə olmuşlar. Abdullayev Məmmədəli xx.xx.1987-ci il tarixdə vəfat etmişdir. X11 isə xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. Həmin mülk icazəsiz tikili olmuşdur. Vəsiyyətnamələr verilən vaxt mülkə dair nə mərhum nənəsinin, nə də atasının adına hüquqmüəyyənedici sənəd olmamışdır. Onların öz adına olmayan əmlaka dair verdikləri vəsiyyətnamə etibarsızdır. Atası nənəsinin qanun üzrə vərəsəsi də deyildir. Nənəsinin qanun üzrə vərəsəsi onunla birlikdə yaşayan X55 olmuşdur. Anasının qanun üzrə vərəsələri isə onunla birlikdə yaşayan atası ilə olmuşdur. Ona görə də mülkdən vərəsə kimi ona da pay müəyyən edilməlidir. Əgər atasının verdiyi vəsiyyətnamə qanuni hesab edilsəydi də ona mülkdən məcburi pay verilməli idi. Hazırda yaşamaq üçün evi yoxdur. Atasının Nüşabəyə vəsiyyətnamə verməsini bilməmişdir. Cavabdeh3 xx.xx.2005-ci il tarixdə Gəncə 1 saylı notariat kontoruna ərizə verərək ünvan 9 ünvanda yerləşən X30 məxsus mülkə dair vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə almaq istədiyini bildirmişdir. Həmin ərizədə Quliyeva Həlimənin ondan başqa vərəsələrinin olmadığı göstərilmişdir. Notarius isə mərhumun başqa vərəsələrinin olub-olmamasını öyrənmək üçün heç bir tədbir görməmişdir. Əslində, Həlimə vəfat edəndə onlarla birlikdə yaşamış, onun miras mülkünü faktiki qəbul etmişlər. Cavabdeh Gəncə şəhəri, 1 saylı notariat kontoru Quliyeva Həlimənin miras mülkünə dair Cavabdeh3 qanunsuz olaraq xx.xx.2005-cü il tarixdə 2V-1-71 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Halbuki, miras qoyan heç vaxt cavabdehə vəsiyyətnamə verməmişdir. Həmin şəhadətnaməyə əsasən mülk Cavabdeh3 adına keçmişdir və ona DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2005-ci il tarixli 21538 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. xx.xx.2014-cü il tarixdə isə ona qeydiyyat vəsiqəsinin əvəzinə ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həliməyə məxsus torpaq sahəsində onun ailəsi üçün tikilən iki otaqdan ibarət ev də Nüşabənin adına keçirilmişdir. 1997-ci ildən Moldova Respublikasında yaşamışdır. Hesab edir ki, miras mülkdə onun da payı vardır.

26. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, anası Xoşqədəm xx.xx.1985-ci il tarixdə, atası Məmmədəli isə xx.xx.1987-ci il tarixdə rus qəbirstanlığının yanında yerləşən evdə vəfat etmişdir. Onun mərhum valideyinlərinin birgə nikahlarından o, bacıları Nüşabə və Ərtabə (İntizar) anadan olmuşdur. Onlar ana nənəsi Həlimədən atası Məmmədəliyə miras qalan Gəncə şəhəri, Eminbəyli küçəsində yerləşən fərdi yaşayış evində anadan olmuş, həmin evdə yaşamışlar. Həmin ev 1976-cı il tarixdə yanmış və yenidən inşa edilmişdir. Lakin onlar bir neçə il həmin fərdi yaşayış evində yaşamış, 1983cü ilin yanvar ayında o, atası və anası ünvan 10 ünvanına, yəni rus qəbirstanlığının yanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Həmin ünvanda o, xəstə ata və anasına qulluq etmiş, ölən günədək onların qayğısına qalmışdır. Onun X11 xx.xx.1985-ci ildə, atası X13 isə xx.xx.1987-ci ildə ünvan 10 ünvanında, yəni rus qəbirstanlığının yanında yerləşən fərdi yaşayış evində ölmüşdür. O, ünvan 10 ünvanında, yəni rus qəbirstanlığının yanında yerləşən fərdi yaşayış evini 1988-ci ildə satıb, ünvan 11 ünvanında 0,04 ha torpaq sahəsi alaraq ev tikmiş, 1994-cü il tarixdə isə həmin evə köçmüşdür. Buna qədər isə 1988-1994cü il tarixlərdə onun miliyyətcə erməni Arutunyan Benik adlı dostu qonşuluqdakı digər erməniyə aid evə nəzarəti ona həvalə etmiş və o, erməni əsilli şəxslərə aid həmin evdə yaşamış, 1994-cü ildə də erməni əsilli şəxsə aid evi 1.000 manata Davud Həsənova satmış və əldə olunan pulu da Rusiya Federasiyasında yaşayan erməni əsilli şəxsə çatdırmışdır. 1994-cü ildən 1 il -1 il 6 ay orada yaşadıqdan sonra, o, həmin evi satıb, köhnə bazarın yanında yerləşən 2 otaqlı ev almış və ora köçmüşdür. O, 1997-ci ildə Sumqayıt şəhərinə getmiş, təxminən 1997-ci ilin sonu, yəni 1998-ci ilədək Sumqayıt şəhərində yaşadıqdan sonra Rusiya Federasiyasına, oradan da Moldova Respublikasına getmişdir. Şərait olmadığına görə Gəncə şəhəri, Eminbəyli küçəsində yerləşən evdə yaşamamışdır. Moldova Respublikasından 2018-ci ildə pensiya düzəltdirmək üçün Azərvaycan Respublikasına gələrkən, o, atasına məxsus olmuş evə qeydiyyata düşmək istəsə də bacısı Cavabdeh3 və onun əri R.H.Hüseynov buna imkan verməmişdir. Onun müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsindən xx.xx.2018-ci il tarixli arayış da həmin vaxt verilmiş və həmin arayışda göstərilən hallar həmin vaxt da ona şübhəli görünmüşdür. Mübahisələndirilən əmlakda daim bacısı Nüşabə və onun əri Rəhim yaşamışdır. Onun mərhum valideyinlərdindən miras qalan yeganə əmlak Gəncə şəhəri, Eminbəyli küçəsində yerləşən fərdi yaşayış evi olmuşdur. Onun atası X13 xx.xx.1985-ci il tarixdə vəsiyyətnamə verərək mübahisələndirilən əmlakı bacısı Cavabdeh3 vəsiyyət etmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən xx.xx.2005-ci il tarixdə 2V-1-71 reyestr nömrə ilə təsdiq edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Eminbəyli küçəsi, 12-ci dalanda yerləşən 6 nömrəli fərdi yaşayış evi Cavabdeh3 xüsusi mülkiyyəti hesab olunmuşdur. Bütün bunlara görə vəsiyyətnamə və onun əsasında verilmiş hüquqmüəyyənedici sənədlər əsassızdır. Belə ki, atası xəstə olarkən tərtib olunmuş vəsiyyətnamədə atasının həqiqi iradəsinin dəyişdiridiliyini düşünür. Bununla yanaşı onun anadan olduğu və böyüdüyü ata əmlakından miras payı olduğu halda cavabdeh tərəf bunu ondan məhrum etmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

27. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X56 ifadəsində göstərmişdir ki, İddiaçı və Cavabdeh3 onun xalası X24 nəvələri, xalası qızı X17 uşaqlarıdır. X41 1979-cu il tarixdə vəfat etmşdir. Gəncə şəhəri Eminbəyli küçəsi 12-ci dalanda yerləşən 6 nömrəli fərdi yaşayış evi 1976-cı ildə yandıqdan sonra, yeni fərdi yaşayış evi inşa edilmiş H.Q.Quliyeva orada yaşamışdır. H.Q.Quliyeva 1979-cu ildə vəfat etdikdən sonra həmin evdə Cavabdeh3 və əri R.H.Hüseynov yaşamışdır. İddiaçı əvvəllər müxtəlif işlərdə işlədiyini bilsə də, onun ayrıca mənzilinin olub-olmamasından məlumatı olmamışdır. X33 və əri X13 «rus qəbirstanlığı» deyilən ərazidə yerləşən evdə vəfat etmişdir. Həmin vaxt sözügedən ünvanda, yəni «rus qəbirstanlığı» deyilən ərazidə yerləşən evdə İddiaçı yaşamışdır. İddiaçı 1976-cı ildə fərdi yaşayış evi yandıqdan sonra bacısının evinə, yəni Gəncə şəhəri Eminbəyli küçəsində yerləşən fərdi yaşayış evinə gedib-gəldiyini görsə də, orada daimi yaşadığını xatırlamır. Atası öldükdən sonra İddiaçı «rus qəbirstanlığı» deyilən ərazidə yerləşən evi sataraq Moldova Respublikasına getmişdir.

28. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X35 ifadəsində göstərmişdir ki, X27 onun əmisi X29 arvadıdır. 1982-ci il tarixdə o, Gəncə şəhəri Eminbəyli küçəsində yerləşən X29 aldığı fərdi yaşayış evinin təmirində və hamamın tikintisində iştirak etmişdir. Hətta o, Xoşqədəm və Məmmədəlinin Eminbəyli küçəsində yerləşən evdən «rus qəbirstanlığı» deyilən ərazidə yerləşən evə köçürülməsində iştirak etmişdir. O, sonuncu dəfə 2005-2006-cı illərdə Gəncə şəhəri Eminbəyli küçəsində yerləşən evə getmişdir. Həmin vaxt o, evdə X15 və əri X29 yaşadığını görmüşdür. 1982-ci ildə yalnız bir dəfə İddiaçı Eminbəyli küçəsində qonşuluqda yaşayan bacısı Ətrabəgildə (İntizargildə) olduğunu görmüşdür. Fərdi yaşayış evi yanmış vəziyyətdə olduğuna görə orada ümumiyyətlə yaşayış olmamışdır. X1 yerləşən evi Məmmədəlidən almışdır.

29. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X44 ifadəsində göstərmişdir ki, o, anadan olduğu vaxtdan Gəncə şəhəri Eminbəyli küçəsi 12-ci dalanda yerləşən 1 nömrəli fərdi yaşayış evində yaşayır. Cavabdeh3 və əri Rəhim 1982-ci ildə Gəncə şəhəri Eminbəyli küçəsində yerləşən yanmış fərdi yaşayış evini təmir etdirib, orada yaşamışlar. X33 isə «rus qəbirstanlığı» deyilən ərazidə yerləşən evdə vəfat etmişdir. Eminbəyli küçəsində yerləşən ev 1976-cı ildə yandıqdan sonra o, İddiaçı həmin ünvanda yaşadığını görməmişdir. Belə ki, ev yandıqdan sonra X33 orada yaşamamışdır.

30. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X50 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri Eminbəyli küçəsi 12-ci dalanda yerləşən 7 nömrəli fərdi yaşayış evində yaşayır. Həmin ünvana o, 2014-cü ildə köçmüşdür. 2014-cü ildən əvvəl o, Cavabdeh3 və onun əri X36 tanımamışdır. 2014-cü il tarixdə həmin ünvana gəldikdən sonra isə heç vaxt İddiaçı görməmişdir.

31. Miras qoyanın vərəsələri mərhum X22 vərəsələri X46 və X37; digər mərhum vərəsə X26 vərəsəsi X47 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

32. Gəncə Şəhər Məhkəməsinin 06 fevral 2025-ci il tarixli 2(125)-167/2025 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) İddiaçı Cavabdeh3, Gəncə şəhəri 1 saylı notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X45, X46 və X10) qarşı «vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və miras əmlakın ilkin vəziyyətə qaytarılması» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

33. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan SSR-nin 11 sentyabr 1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin 527, 528, 532 və 552-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

34. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

35. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mərhum nənəsi Həlimə 1979-cu ildə vəfat edəndə o, valideynləri ilə birlikdə miras evdə yaşamışdır. Hesab etsə ki, mirası faktiki olaraq qanun üzrə vərəsə anası və vəsiyyət üzrə atası qəbul etmişdir, onun da hər ikisinin miras payında məcburi pay hüququ olmuşdur. Atası Məmmədəli o zaman icazəsiz tikili olan evə dair vəsiyyətnamə vermişdir. Cavabdeh3 notariat kontorunda xx.xx.2005-ci il tarixdə guya Həlimənin verdiyi vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Halbuki, Həlimə heç vaxt Nüşabəyə vəsiyyətnamə verməmişdir. Həlimə vəfat edəndə Nüşabə ər evində yaşamışdır, mirası nə faktiki, nə də formal olaraq qəbul etməmişdir. Əgər bütün bunlardan sonra Nüşabə vərəsə sayılırsa, ondan əvvəl vərəsə sayılmalıdır. Məhkəmə qətnamədə göstərmişdir ki, ata və anası öləndən sonra mübahisəli evdə yaşamamışdır. Əvvəla Nüşabə və əri ona həmin evə köçməyinə imkan verməmişlər. Ailəsilə orada-burada yaşamalı olmuşdur. Sonra isə acıq edib ölkədən getmişdir. Məhkəmə qətnaməsində göstərilir ki, Məmmədəlinin xx.xx.1985-ci il tarixli vəsiyyətnaməsindən görünür ki, o, ölən günədək özünə məxsus olan əmlakı Nüşabəyə vəsiyyət etmişdir. Əvvəla miras ev heç vaxt Məmmədəliyə məxsus olmamışdır. İkincisi isə 2005-ci ildə Nüşabəyə verilən vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamə Həlimənin adına olan ev barədədir. Həmin evə dair Həlimənin Nüşabəyə vəsiyyətnaməsi olmamışdır. Həlimənin sağ qalan və onun sağlığında onunla birlikdə yaşayan, o, öləndə isə mirası faktiki qəbul edən valideynləri tərəfindən yeganə vərəsə odur. Qətnamədə də işdə olan sənədlərdən də görünür ki. kolxozun protokolu əsasında Quliyeva Həliməyə 700 kv.m torpaq sahəsi ayrılmışdır. Həlimənin tikdirdiyi evə icazə alınmamış, ev qanuni yolla dövlət qeydiyyatına götürülməmışdir. Hazırda bu mülkün ünvanı ünvan 12 6-dır. xx.xx.2005-ci il tarixdə evin qeydiyyata alınmasına icazə verilmişdir. Notariusun xx.xx.2005-ci il tarixli vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsində qanunsuz olaraq göstərilmişdir ki, Quliyeva Həlimədən miras qalmış ev tam hissədə Nüşabəyə irs qalmışdır. Nüşabə notariusa təqdim etdiyi ərizədə qərəzli olaraq göstərmişdir ki, Həlimənin yeganə vərəsəsi odur. Nüşabəyə atası Məmmədəli vəsiyyətnamə vermişdir. İşdə olan sənədlərdən də görünür ki, miras ev heç vaxt atası Məmmədəlinin adına qeydiyyata alınmamışdır. Bundan başqa mülk sənədləşdiriləndə həmin torpaq sahəsində onun ailəsi üçün tikilmiş iki otaqlı ev göstərilməmişdir. Çünki Nüşabə otağın birini yaşadığı evə əlavə etdirmiş, digər otağı isə əl damı kimi işlətmişdir. Birinci instansiya məhkəməsi əvvəldən vərəsəliyin açıldığı vaxta görə Azərbaycan SSR-nin xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş Mülki Məcəlləyə istinad etsə də sonradan 2014-cü ildən sonrakı Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında miras mülkün vərəsə tərəfindən qəbulunun faktiki və formal üsullarına xüsusi diqqət yetirmişdir. Halbuki, Nüşabə Həlimədən miras qalmış mülkü nə faktiki, nə də formal olaraq qəbul etməmişdir. Onun özünün dəvət etdiyi şahid X35 ifadəsində göstərmişdir ki, 1982-ci ildə Xoşqədəm və Məmmədəlinin Osipyan küçəsindəki evə köçürülməsində iştirak etmişdir. Məhkəmə qərəzli olaraq şahidlərin ifadələrini təhrif etmişdir. Belə ki, Fəhrada verilən suala cavab olaraq dedi ki, «mən evdə usta kimi işləmişəm, evin kimə satıldığından xəbərim olmayıb». Məhkəmə isə qətnamədə qeyd edib ki, guya Fəhrad “Hüseynov Rəhimin (Nüşabənin əri) aldığı evdən” sözünü işlətmişdir. Bundan başqa məhkəmə onun dəvət etdiyi şahid Ağayev Xəqaninin ifadəsini tamamilə təhrif etmiş, ziyanına sözlərlə əvəz etmişdir. Xəqani ifadəsində göstərmişdir ki, 1983-cü ilədək Xoşqədəm, Məmmədəli və Yaşarın ailəsi Həlimənin evində yaşamışlar. Həmin il onlar Ətrabənin evinə köçüb getmişlər, Nüşabəgil 1982-ci ildə gəlib həmin evə yığışıb təmir etdirmişlər. Məhkəmə nəyinki şahidlərin, hətta onun da sözlərini təhrif etmişdir. Məhkəməyə hansı vaxt qədər Həlimənin evində yaşadığı barədə arayış təqdim etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mərhum nənəsi heç vaxt Cavabdeh3 vəsiyyət etməmişdir. Miras əmlak mərhum nənəsi Həlimə Quliyevaya məxsus olmuşdur. Sonuncu 1979-cu ildə vəfat etmişdir. Miras qalmış evdə özü, atası, anası və ailə üzvləri yaşamışlar. Mərhum nənəsi Həlimə Quliyeva sağlığında onun atası Məmmədəli Abdullayevə vəsiyyət etmişdir. 1983-cü ildə Cavabdeh3 onları miras mülkdən qovmuşdur. Bundan sonra onlar ünvan 10 ünvanında, yəni rus qəbirstanlığının yanında yaşamışlar. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, 1979-cü ildə mərhum nənəsi Həlimə Quliyeva vəfat etməmişdən az əvvəl miras mülkə köçüb bir müddət orada yaşamışlar. Mərhum nənəsinin vəfatından sonra miras əmlakda qalsalar da, lakin sonradan cavabdeh onları mülkdən qovmuşdur. Mərhum anası 1985-ci ildə, atası isə 1987-ci ildə onunla birlikdə yaşadıqları evdə vəfat etmişlər. Onlar həmin vaxt ünvan 13 ünvanında, yəni rus qəbirstanlığının yanında yerləşən yaşamışlar. 1996-cı ildə ölkə xaricinə getmiş, 2018-ci ildə ölkəyə geri qayıtmışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (əri) X48 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı keçən müddət ərzində vəsiyyətnamədən xəbərdar olmuş və bunu mübahisələndirməmişdir. İddiaçı uzun illər müxtəlif ünvanlarda, daha sonra isə Moldova Respublikasına yaşamış, beləliklə də əmlakı nə faktiki olaraq, nə də notariat orqanına müraciət edərək qəbul etməmişdir. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, miras mülkdə əlavə tikili, o cümlədən iddiaçı tərəfindən inşa edilmiş tikili mövcud olmamışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

39. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş xx.xx.1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsi

40. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.

41. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.

42. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

43. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

44. Maddə 553. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət edilmədən də miras qəbul oluna bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

49. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

50. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

51. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

53. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gəncə şəhəri İbrahim Eminbəyli küçəsi 12-ci dalanda yerləşən 6 nömrəli fərdi yaşayış evi X30 məxsus olmuş və o, xx.xx.1979-cü il tarixdə vəfat etmişdir. Onun qanun üzrə birinci növbəli vərəsələri uşaqları X32, X34 və X42 olmuşlar. X2 xx.xx.1985-ci il tarixdə vəfat etmiş, lakin vəfat edən vərəsənin də qanun üzrə vərəsələri - uşaqları İddiaçı (iddiaçı), Cavabdeh3 (cavabdeh), X10 (üçüncü şəxs) və əri X13 olmuşdur. İddiaçının X11 xx.xx.1985-ci il tarixdə, atası X13 isə xx.xx.1987-ci il tarixdə Gəncə şəhəri keçmiş Osupyan küçəsində (şahid ifadələrində «rus qəbirəstanlığı» deyilən ərazinin yaxınlığı) yerləşən fərdi yaşayış evində vəfat etmiş, onların ölümündən sonra İddiaçı Gəncə şəhəri İbrahim Eminbəyli küçəsi 12-ci dalanda yerləşən 6 nömrəli fərdi yaşayış evində yaşamamışdır. Gəncə şəhəri 1 saylı Dövlət notariat kontorunun xx.xx.2005-ci il tarixli 2V-1-71 reyestr nömrəli «Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməsinə əsasən, Cavabdeh3 X24 vərəsəsi tanınaraq adına xx.xx.2005-ci il tarixli, 21538 nömrəli qeydiyyat vəsiqəsi və həmin qeydiyyat vəsiqəsi üzrə xx.xx.2014-cü il tarixli, **********73-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı mərhum atası və anasının miras əmlakının onun tərəfindən qəbul edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

56. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı nənəsi X21 X11 və atası X13 vasitəsi ilə qalmış mirası qəbul etməmişdir. Qeyd olunan səbəbdən də mübahisələndirilən vərəsəlik hüququ haqqında şəhadətnamə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcud olmadığı halda da İddiaçı hər hansı hüquq əldə etməsi mümkün deyildir. Buna görə də İddiaçı hazırki iddia tələbinə hüquqi ixtiyar qazanmamış və subyektiv hüquq əldə etməmişdir.

57. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

58. Baxılan iş üzrə iddia tələbində miras əmlakın faktiki qəbul edilməsinin müəyyən edilməsi nəzərdə tutulmasa da, lakin iddaçının son hüquqi hədəfi pozulduğunu irəli sürdüyü vərəsəlik hüququnun təmin edilməsi ilə bağlı olmuşdur. Başqa sözlə, onun cavabdehin adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsini tələb etməkdə əsas hüquqi hədəfi miras əmlakın vərəsələr arasında paylara bölünməsi və miras əmlakda payının müəyyən edilməsindən ibarət olmuşdur. İddianın əsaslandırıldığı faktiki halları da miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi təşkil etmişdir.

59. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı mərhələdə iddianın predmeti miras qalmış əmlakın qanun üzrə birinci növbəli vərəsə İddiaçı tərəfindən qəbul edilməsi olmasa da, lakin iddiaçının tələbini faktiki əsaslandırdığı hal miras qalmış əmlakın onun tərəfindən faktiki qəbul edilməsi olduğundan işin hallarının bu aspektdə araşdırılması zəruridir. Çünki, iddia tələbinin əsaslandırıldığı hallar - iddiaçının cavabdehə qarşı yönəltdiyi tələbi əsaslandırmaq üçün istinad etdiyi hüquqi faktlardır. Bu faktlarda iddianın bir elementi olmaqla onun faktiki əsasını təşkil edir.

60. Qeyd edilməlidir ki, vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəlik miras qoyanın ölməsi ilə, yaxud onun ölmüş elan olunması ilə açılır. Miras qoyan X32 xx.xx.1985-ci il tarixdə, digər miras qoyan X13 isə xx.xx.1987-ci il tarixdə vəfat etmişdir. Buna görə də baxılan iddia tələbi 01 sentyabr 2000-ci il tarixdək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.

61. İşin mübahisəsiz hallarıdır ki, iddiaçının mərhum nənəsi (ana xətti üzrə) X14 şəhəri Eminbəyli küçəsi 12-ci dalan ev 6 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsini iddiaçının atası X9 vəsiyyət etmişdir. Sonuncu da xx.xx.1985-ci il tarixli vəsiyyətnamə ilə ölən günədək özünə məxsus əmlakı qızı (cavabdeh) Cavabdeh3 vəsiyyət etmişdir. İddiaçının X11 xx.xx.1985-ci il tarixdə, atası X13 isə xx.xx.1987-ci il tarixdə Gəncə şəhəri keçmiş Osupyan küçəsində (şahid ifadələrində «rus qəbirəstanlığı» deyilən ərazinin yaxınlığı) yerləşən fərdi yaşayış evində vəfat etmişdir. X7 vəsiyyətnamə və qanun üzrə vərəsəsi Cavabdeh3 mərhum atasından miras qalmış əmlaka dair notariat orqanı tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və bunun əsasında da ona Hüquqularının Dövlət qeydiyyatı haqqında çıxarış verilmişdir.

62. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsəliyin açılması faktı, mirasın kütləsi və vərəsələrin dairəsi müəyyən edildikdən sonra mübahisənin həllində növbəti təhlil mirasın vərəsə (iddiaçı) tərəfindən qəbul edilib-edilməməsinin araşdırılmasından ibarətdir.

63. Çünki, istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilərdi ki, vərəsə, mirası qəbul etmiş olsun.

64. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin - vərəsənin iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir.

65. Bu baxımdan işin halları araşdırılarkən müəyyən olunur ki, qanun üzrə birinci növbəli vərəsə İddiaçı mərhum valideynlərinin vəfatından sonra onlardan miras qalmış əmlakı nə qnunla müəyyən etmiş müddətdə, nədəki faktiki olaraq qəbul etməmişdir. Bu hal İddiaçı birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə iclasında verdiyi izahatla öz təsdiqini tapmışdır (bax mülki iş İİ cild səhifə 109 məhkəmə iclas protokolu). İddiaçı məhkəmə iclasında verdiyi izahatında, həmçinin məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsində valideynlərinin (miras qoyanın) vəfatından, yəni 1985-ci ildən sonra heç vaxt Gəncə şəhəri, Nizami rayonu, İbrahim Eminbəyli küçəsi, 12-ci dalanda yerləşən 6 nömrəli evdə yaşamadığını və valideynlərindən miras qalmış yeganə əmlakın Gəncə şəhəri İbrahim Eminbəyli küçəsi 12-ci dalanda yerləşən 6 nömrəli ev olduğunu, valideynlərinin vəfatından sonra ünvan 13 ünvanında (rus qəbirstanlığının yanında) yerləşən fərdi yaşayış evində, (erməni əsilli şəxsə məxsus fərdi yaşayış evində) ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evində, köhnə bazarın yanında yerləşən mənzildə, Sumqayıt şəhərində, Rusiya Federasiyasında və Moldova Respublikasında yaşadığını bildirmişdir.

66. Bundan əlavə, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının vəsatəti əsasında dindirilmiş şahid ifadəsi ilə də, iddiaçının valideynlərindən qalmış miras əmlaka sahiblənməklə mirası faktiki qəbul etməsi öz təsdiqini tapmamışdır.

67. Göründüyü kimi, İddiaçı isə mərhum valideynlərinin miras əmlakını faktiki qəbul etdiyini iddia etsə də, lakin bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Əksinə, işin faktiki halları ilə bu hal təkzib edilmişdir. «Nüşabə və əri ona həmin evə köçməyinə imkan verməmişlər» barədə iddiaçının dəlili də əsaslı deyildir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu nəzərə alır ki, əgər iddiaçının mirası qəbul etmək kimi niyyəti var idisə, notariat ofisinə mirasın qəbulu barədə ərizə vermək imkanına da sahib idi. Lakin, işdən göründüyü kimi iddiaçı bu hərəkəti də yerinə yetirməmişdir. Halbuki, mirasın qəbulu vərəsənin-iradəsini ifadə edir. Bu zaman edilmiş hərəkətlərin kökündə mirasın qəbuluna yönəlmiş iradə ifadəsi dayanmalıdır. Yəni vərəsə bir növ atdığı addımların mirası qəbul etmək üçün həyata keçirildiyini şüurlu şəkildə dərk etməli və gördüyü tədbirlərin mirasın qəbulundan qaynaqlanmasını aşkar etməlidir.

68. Şərh edilənlərin yekun təhlili olaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, miras əmlakda məcburi pay hüquqlu vərəsə olan İddiaçı nə qanuni, nə də faktiki yolla mirası qəbul etməmişdir.

69. Gəldiyi qənaətə uyğun olaraq kollegiya, iddiaçının vərəsəlik şəhadətnaməsinin etibarsız edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv olunması barədə tələbləri üzrə əlavə əsaslandırma aparılmasına zərurət olmadığını vurğulayır. Çünki miras əmlakın İddiaçı tərəfindən qəbul edilmədiyi müəyyən olunduğundan, hazırıkı məqamda onun mübahisəli əmlaka dair hər hansı hüquq əldə etməsidə istisnadır.

70. İşin yuxarıda qeyd olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri formal mülahizə olmaqla qətnamənin ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

71. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 06 fevral 2025-ci il tarixli 2(125)-167/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar