Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-986/2024 30.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 2(042)-1203/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, əsassız hesablanmış 1036.80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 2(042)-1203/2023 nömrəli (hakim F.Mirzəquliyev) qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı abunə hesabına yazılmış 1036.80 manat borc abunə hesabından silinməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı X1 tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə arasında xx.xx.2022-ci il tarixdə qazın alqı-satqısı müqaviləsi” bağlanmış, istifadə olunmuş qaz sərfiyyatına görə vaxtlı-vaxtında ödənişlər edilmişdir. Buna baxmayaraq, Cavabdeh tərəfindən ona əsassız olaraq 1036,80 manat borc məbləği hesablanmışdır. Cavabdeh tərəfindən 02 sentyabr 2023-ü il tarixdə tərtib edilmiş Aktda göstərilmişdir ki, guya qaz sayğacının giriş hissəsi deformasiyaya uğramış, ekran hissəsinin üst tərəfi aralanmışdır. Halbuki, sayğaca baxış keçirilərkən o, da iştirak etmiş, sayğacı dəyişən əməkdaşlar ona heç bir irad bildirməmiş, o, Aktı imzalamışdır. O, aktı imzaladıqdan sonra isə Aktı tərtib edən şəxs qaz sayğacının giriş hissəsi deformasiyaya uğraması və ekran hissəsinin üst tərəfinin aralanması haqqında qeydi Akta daxil etmişdir. Cavabdeh tərəfindən 27 sentyabr 2022-ci il tarixdə mənim iştirakım olmadan tərtib edilmiş Aktda isə sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan qurğuşun plombun kəsilməsi göstərilmişdir. Yəni, cavabdeh tərəfindən saygacda olan qüsurlarla əlaqədar fərqli hallar göstərilmişdir. Bu da həmin Aktlatın düzgün olmadığını təsdiq edir. O, sayğaca heç bir müdaxilə etməmişdir. Saygac həyətdən kənarda quraşdırılıb və istənilən şəxs ona müdaxilə edə bilər. Onun sayğacı mühafizə etmək vəzifəsi yoxdur. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli ******* nömrəli Aktdan görünür ki, İddiaçı məxsus evə qoyulmuş qaz sayğacının giriş hissəsi deformasiyaya uğramış, ekran hissəsinin üst tərəfi aralanmışdır. xx.xx.2022-ci il tarixli, ******* saylı Aktdan görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan qurğuşun plombun kəsilməsi göstərilmiş və maddi ziyanın hesablanması və abonent tərəfindən ödənilməsi tələb edilmişdir. Abonentin Saldosundan görünür ki, İddiaçı 2022-ci ilin sentyar ayında Akt üzrə 1036.80 manat borc hesablanmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tərəfinin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsilməsi aşkarlanmışdır. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya İnstitunun nümayəndələri də iştirak etmişdir. İş materiallarındanda göründüyü kimi sayğaca müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış, fakt təsdiqini tapmışdır. Məhkəmə qətnamədə qeyd edir ki, Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2011- ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2- ci bəndinə görə sayğacla təchiz edilməsi, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçılara münasibətdə isə hüquqi şəxsin vəsaiti hesabına həyata keçirilir. Qeyd edilənlərdə anaydın görünür ki, iddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2022-cü il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 1036,80 manat itirlmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2022-ci ilin sentyabr ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırılar ki, iddia tələbinin ilk hissəsində qeyd edilən 2022-ci ilin sentyabr ayında hesablanmış borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmışdır və mövcuq qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi iş materiallarında yer alan sübutla əsaslanaraq 1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanuna əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri təbii qazdan istifadə üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına qanunvericiliyin təbii qazdan istifadə ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında təbii qazdan istifadə ilə bağlı müqavilə iş materiallarında olmasa da özləri bu faktı etiraf etdikləri üçün onlar arasında qazdan istifadəyə dair xidmət müqaviləsinin olması qəbul edilməlidir. Qaz təchizatı ilə bağlı münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 8-ci maddəsində deyilir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı Gədəbəy rayonu, Yeni kənd kəndində yerləşən fərdi yaşayış evində Cavabdeh İB-nin xidmət dairəsində onun adına qeydə alınmış sayğacdan istifadə edir. xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən qaz sayğacın deformasiyaya uğraması səbəbindən qaz sayğacı yeni sayğacla əvəz edilmişdir. xx.xx.2022-ci il tarixdə isə sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan qurğuşun plombun kəsilməsi müəyyən edilmişdir ki, bununla da cavabdeh təşkilat 8640 kub/metr qaz itkisinə məruz qaldığını iddia etmişdir. Bu səbəbdən Cavabdeh İB-nin əməkdaşları tərəfindən ******* saylı, xx.xx.2022-ci il tarixli akta əsasən istehlakçıya 1036,80 manat borc hesablanmışdır. Lakin, iş materiallarında olan abonentin saldosu adlı sənəddən görünür ki, qaz sayğacı çıxarılmamışdan əvvəlki aylar üzrə iddiaçı tərəfindən istifadə edilmiş qazın həcmi hər ay qeydə alınmış və müvafiq ödənişlər edilmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, ehityyatsızlıqdan və ya hər hansı məqsədə nail olmaq üçün qərəzli olaraq sayğaca müdaxilə edilməsi də istisna olunmayan haldır. Digər tərəfdən cavabdeh təşkilat sayğacın mexaniziminin qoruyucu qapağına vurulan qurğuşun plombun kəsilməsinin qaz itkisinə səbəb olmasını da əsaslandırmamışdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayağcına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamaqla, əksinə iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməsi sübut olunmuşdur ki, bununla da iddiaçının cavabdeh qaz təchizatı müəssisəsinə ziyan vurması məhkəmə araşdırması zamanı öz təsdqini tapmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli 2(042)-1203/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-986/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-986/2024
30.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver