Məhkəmə qərarları › İş №2(104)-987/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-987/2025

14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-987/2025 14.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 04 mart 2025-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə yazılı icraat qaydasında baxılmışdır. İşin halları İddiaçı(satıcı) ilə cavabdeh(alıcı) arasında bağlanmış R0094813 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, cavabdeh iddiaçıdan 12 ay müddətə, 1419 manat dəyərində mal(saç feni) almışdır. Cavabdeh həmin malın dəyərini ödəniş cədvəlinə uyğun olaraq hər ay 119 manat ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş 06 yanvar 2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, cavabdehin R0094813 nömrəli müqavilə üzrə 1419 manat əsas borcdan, 238 manat ödənilmiş hissə, 1181 manat ödənilməmiş hissə, 100 manat cərimə olmaqla, ümumilikdə 1281 manat borcu yaranmışdır. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli, R0094813 nömrəli alğı-satqı müqaviləsi üzrə yaranmış borcun könüllü ödənilməsi ilə bağlı cavabdehə xx.xx.2025-ci il tarixli xəbərdarlıq göndərilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 1181 manat əsas borc, 100 manat cərimə, 32,81 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1313,81 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh R0094813 nömrəli, xx.xx.2023-cü il tarixli müqaviləyə üzrə öhdəliyini lazımi qaydada icra etmədiyindən tələb olunan məbləğdə borcu yaranmışdır. Goranboy Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(045)- 445/2025 nömrəli iş üzrə qəbul etdiyi 04 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.2023-ci il tarixli, R0094813 saylı borc müqaviləsinə əsasən 1181 manat əsas borc, 100 manat cərimə, 32,81 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1313,81 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-nin hesabına ödənilməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, xx.xx.2023-cü il tarixli, R0094813 saylı müqaviləyə əsasən Cavabdeh 12 ay müddət şərti ilə 1419 manat məbləğində məişət avadanlığı əldə etmiş və ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh bağlanmış nisyə alğı-satqı müqaviləsi üzrə müəyyən edilən vəzifəsini icra etməyərək almış olduğu malın dəyərini satıcıya razılaşdırılmış müddətdə tam ödəməmiş və buna görə iddiaçının ondan verilmiş malın ödənilməsini tələb etmək hüququ yaranmışdır. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3, 442, 443.1, 462.1, 1181.1 və 1181.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 119.2, 284-1, 284-5.3, 284-6.1, 284-6.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı 1181 manat pulun cavabdehdən tutulmasını tələb etmişdir. 1181 manat pula görə 100 cərimə məbləği isə tənasübsüz şəkildə şişirdilmiş məbləğdir və məhkəmə onu təmin etməməli olduğu halda təmin etmişdir. Bununla da məhkəmə maddi hüquq norması tətbiqində səhvə yol vermişdir. Məhkəmə işi tam ətraflı araşdırmamış, işin hallarına düzgün hüquqi qiymət verməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1 Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə R0094813 nömrəli nisyə-alğı satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə cavabdeh iddiaçıdan hər ay 119 manat ödəmək şərti ilə 12 ay müddətə, 1419 manat dəyərində mal almış və həmin malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, alıcı olan cavabdeh müqavilə üzrə satıcı olan iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, cavabeh alğı-satqı müqaviləsi üzrə 1419 manat əsas borcundan, 238 manat ödəniş etmiş, 1181 manat əsas borc və həmin borcun ödənilməsinin gecikdirilməsinə görə satıcı tərəfindən cavabdehə cərimə (dəbbə) tətbiq edilmişdir ki, həmin cərimənin məbləği 100 manat təşkil edir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı tərəfindən cavabdehin alğı-satqı müqaviləsi üzrə yaranmış borcunu könüllü ödənilməsi ilə xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilsə də cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Göründüyü kimi, cavabdehin alğı-satqı müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməməsi aşkardır. Öhdəliyin icra edilməməsini və müqavilənin şərtlərini nəzərə alan iddiaçı, ödənişin gecikdirilməsinə görə 100 manat cərimə (dəbbə) hesablamış və həmin məbləğin onun xeyrinə tutulmasını xahiş etmişdir. İşə baxmış birinci instansiyası məhkəməsi isə bu tələbi təmin edərək iddiaçının xeyrinə 100 manat məbləğində cərimənin (dəbbə) tutulması qənaətinə gəlmişdir. Birinci instansiyası məhkəməsi dəbbə pulunun məbləğini müəyyən edərkən iş üzrə tərəflərin əmlak mənafelərini nəzərə almışdır. Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi iddiaçının xeyrinə tutulacaq cərimənin (dəbbənin) məbləğini 100 manat müəyyən etməkdə haqlı olmuşdur. Qeyd edilən bu hissədə birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və işin hallarına uyğundur. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 04 mart 2025 il tarixli, e-2(045)-445/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar