Məhkəmə qərarları › İş №2(104)-993/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-993/2023

27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-993/2023 27.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh2 QSC-nin nümayəndəsi X11 iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1695/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli hərracın yekunları barədə 48/01 saylı protokolun və həmin protokol əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Cavabdeh2 QSC-nin adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 21 sentyabr 2017-ci il tarixli 2(076)–3665/2017 saylı qətnaməsi ilə ondan və digər ailə üzvlərindən 20.730 (iyirmi min yeddi yüz otuz) ABŞ dolları məbləğində pulun tutulub Cavabdeh2 QSC-nə verilməsi, onlara məxsus olan, ünvan 1 ünvanında yerləşən evinin 51000 (əlli bir min) manata hərracda satılması və onların evdən çıxarılması qət edilmişdir. Sonradan onların xəbəri olmadan xx.xx.2021–ci il tarixdə "xxxx" MMC–də 3 dəfə hərrac keçirilərək evi 32.512 (otuz iki min beş yüz on iki) manata qiymətləndirilmişdir. O, bir neçə dəfəyə Cavabdeh2 QSC-dən götürmüş olduğu krediti ödəmiş olsa da, haqsız qətnamə və saxta hərrac protokolu ilə Cavabdeh2 QSC ona məxsus olan evi öz adlarına keçirmişlər. Evdən çıxarılacaqları təqdirdə onların yaşamağa başqa yerləri yoxdur. Həmçinin evə dair keçirilən hərracın təşkil edilməsindən ümumiyyətlə xəbərsiz olmuşdur. Belə olan halda hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, ona məlumat verilmədən "xxxx" MMC–nin açıq hərracı nəticəsi haqqında xx.xx.2021-ci il tarixli, 48/01 saylı protokol və həmin protokol əsasında verilmiş çıxarış etibarsız hesab edilməlidir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1695/2022 saylı qətnaməsi ilə (hakim Könül Məmmədov) iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1695/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onların keçirilən hərracdan və evin çıxarış əsasında Cavabdeh2 QSC-yə keçməsindən məlumatı olmamışdır. Yalnız icra məmurunun məktubu əsasında məlumatları olmuşdur. İşdə iştirak edən şəxslərə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı və digər cavabdehlərin nümayəndələri isə heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 QSC nümayəndəsi X19 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Şəmkir Rayon Məhkəməsinin 21 sentyabr 2017ci il tarixli 2(076)–3665/2017 saylı qətnaməsi ilə iddiaçıdan və digər ailə üzvlərindən 20.730 ABŞ dolları məbləğində pulun tutulub Cavabdeh2 QSC-nə verilməsi, onlara məxsus olan, ünvan 1 ünvanında yerləşən evinin 51000 (əlli bir min) manata hərracda satılması və onların evdən çıxarılması qət edilmişdir. Həmin qətnamənin icrası qaydasında "xxxx" MMC-də 3 dəfə hərrac keçirilmiş və müvafiq hərrac protokolu ilə həmin ev Cavabdeh2 QSC-nin mülkiyyətinə keçirilmişdir. Həmin evlə bağlı hərrac keçirilərkən, iddiaçının məlumatı olmuş və bu barədə müvafiq sənədləri məhkəmə kollegiyasına təqdim edir. Məhkəmənin bu iş üzrə qətnaməsini qanuni hesab edir.Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1695/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsi dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1695/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Şəmkir Rayon Məhkəməsinin 21 sentyabr 2017–ci il tarixli icra vərəqəsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Cavabdeh2 QSC– nin cavabdehlər İddiaçı, X15, X18, X6, X16 və X3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdehlər İddiaçı, X7, X12, X4, X8 və X1 müştərək qaydada xx.xx.2013–cü il tarixli, 16R000006370 saylı kredit razılaşması üzrə 9967.97 ABŞ dolları əsas borc, 3242.91 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu, cəmi 13310.88 (on üç min üç yüz on dollar səksən səkkiz sent) ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi borc, xx.xx.2013–cü il tarixli, 16R000008279 saylı kredit razılaşması üzrə 5583.8 ABŞ dolları əsas borc, 1788.2 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları dəbbə pulu, cəmi 7422 (yeddi min dörd yüz iyirmi iki) ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi borc, 20 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı alınıb Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə və 300 (üç yüz) manat ekspertiza xərci "xxxx" MMC–nə verilməsi, ipoteka ilə yüklü edilmiş Şəmkir şəhəri M.Müşviq küçəsində yerləşən İddiaçı, X5, X13, X2 paylı mülkiyyətində olan 0.1250 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən İddiaçı mülkiyyətində olan 8 saylı fərdi yaşayış evi açıq hərracdan satılması, həmin əmlakın satışından əldə olunmuş vəsait hesabına xx.xx.2013–cü il tarixli, 16R000006370 saylı kredit razılaşması üzrə cəmi 13310.88 (on üç min üç yüz on dollar səksən səkkiz sent) ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi borc, xx.xx.2013–cü il tarixli, 16R000008279 saylı kredit razılaşması üzrə cəmi 7422 (yeddi min dörd yüz iyirmi iki) ABŞ dollarının ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi borc,20 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı alınıb Cavabdeh2 Qapalı Səhmdar Cəmiyyətinə və 300 (üç yüz) manat ekspertiza xərci "xxxx" MMC–nə verilməsi, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin hərracda ilkin satış qiyməti 51000 (əlli bir min) manat müəyyənləşdirilməsi, Şəmkir şəhəri M.Müşviq küçəsində yerləşən İddiaçı, X5, X13, X2 paylı mülkiyyətində olan 0.1250 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən, İddiaçı mülkiyyətində olan 8 saylı fərdi yaşayış evi satıldıqdan 1 ay sonra evi tərk etmədikdə İddiaçı, X17, X20 və X9 həmin evdən çıxarılsınlar və ev boşaldılaraq Cavabdeh2 QSC–yə təhvil verilməsi qət edilmişdir. ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerlərən fərdi yaşayış evi Cavabdeh2 QSC-nin adına qeydə alınmışdır. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 48/01 nömrəli hərracın yekunları barədə protokolun surətindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 21 sentyabr 2017–ci il tarixli 2(076)–3665/2017 saylı icra vərəqəsi, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 313757/2017–12 saylı, xx.xx.2021-ci il tarixli sifariş məktubuna əsasən X21 məxsus olan ünvan 2 ünvanında yerlərən fərdi yaşayış evinin ilkin satış dəyəri 51000 (əlli bir min) manat olaraq başlamış, son satış qiyməti 32.512.50 (otuz iki min beş yüz on iki manat əlli qəpik) manat müəyyən edilmiş və Cavabdeh2 QSC-nin nümayəndəsi X14 əldə etmək hüququnun olduğunu bildirilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş: Hərrac Mərkəzi Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin İddiaçı və digər şəxslərə göndərdiyi xx.xx.2021-ci il tarixli açıq hərracın keçirilməsinə dair 01/1108 nömrəli bildirişdən görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair açıq hərracın keçirilmə vaxtı 29 aprel 2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Hərrac Mərkəzi Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin İddiaçı və digər şəxslərə göndərdiyi xx.xx.2021-ci il tarixli açıq hərracın keçirilməsinə dair 01/1108 nömrəli bildirişdən görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair açıq hərracın keçirilmə vaxtı 18 may 2021-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Xəbərnaməli bildirişlərdən görünür ki, açıq hərracın keçirilməsinə dair bildirişlər İddiaçı şəxsən təqdim edilmişdir. X25 Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli ipoteka predmetinin əldə olunmasına dair təklif məktubundan görünür ki, İddiaçı, X10, X16, X3 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair hərrac baş tutmamış və ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətə, yəni 32512,50 manat olmaqla ipoteka saxlayana təklif olunmuşdur. Birja yenilikləri qəzetlərindən görünür ki, İddiaçı, X10, X16, X3 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin hərraca çıxarılması və hərracın baş tutmaması ilə bağlı birja qəzetlərində elanlar verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 414.1-ci maddəsinə əsasən, əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. 414.5-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. 415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən, hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 61.1-ci və 61.2-ci maddələrinə əsasən, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Məhkəmə kollegiyası qeyd edir ki, hərracın keçirilməsi zaman qanunvericiliyin tələblərinə əməl edilmişdir. Belə ki, mübahisəsi gedən əmlakın hərracda satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə iddiaçının xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndərilməməsi barədə iddiaçının dəlilləri öz təsdiqini tapmamışdır. İşin həmin halı cavabdeh Bankın nümayəndəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş hərracın keçirilməsi ilə bağlı iddiaçıya göndərilmiş bildirişlər və həmin bildirişlərin çatdırma qaimələri ilə təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir İddiaçı hərracın yekunlarına dair protokolunun etibarsız hesab edilməsini xahiş etsə də, məqsədi heç də həmin əmlakı almaq yox, qətnamənin icrasını yubatmaqdır. Avropa Məhkəməsinin president hüququna görə, hər hansı məhkəmə tərəfindən verilən qərarların icrası hüququ “məhkəməyə hüququn” ayrılmaz hissəsidir (“Hornsboy Yunanıstana qarşı” və “Scordino İtaliyaya qarşı” işlər). Dövlətlərin şəxslər arasındakı mübahisələr üzrə verilən yekun qərarları icra üçün qanunvericidir və bu səbəbdən icra prosesində iştirak edən dövlət orqanlarının zəruri səy göstərməməsi və hətta icraya mane olması halında Dövlətin məsuliyyəti yarana bilər (“Fiklev Ukraynaya qarşı” iş ). Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1695/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(076)-1695/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar