Məhkəmə qərarları › İş №2(104)-993/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-993/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-993/2024 30.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(021)-393/2024 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin və Cavabdeh verdiyi apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli, 1700-GL/17 nömrəli müqavilə üzrə yaranmış 8.940 (səkkiz min doqquz yüz qırx) manat gecikdirilmiş borcu və hesablanmış 6.177,99 (altı min bir yüz yetmiş yeddi manat, doxsan doqquz qəpik) manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 (beş yüz) manat vəsaitin, cəmi: 15.617,99 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC (Aqrolizinq ASC) ilə cavabdeh arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 1700-GL/17 nömrəli müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq ödəmək şərti ilə kənd təsərrüfatı texnikalarını lizinqə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2017-ci il tarixli, 1700-GL/17 nömrəli müqavilə üzrə yaranmış 8940 manat gecikdirilmiş borcu və hesablanmış 6177,99 manat cərimə borcu yaranmışdır. Cavabdehə öhdəliyin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq borclu tərəfindən ödənişlər yerinə yetirilməmişdir. Eyni zamanda bildirdilər ki, hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 300 (üç yüz) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinə dair ilkin sübutlar tərəflər arasındakı müqavilə, texnikaların təhvil-təslim aktları, maliyyə arayışı, iddiaçı ilə "xxxx" MMC arasındaki sazişdən ibarətdir. Hüquqi yardımagörə ödəniş isə nəzərdə tutulmuş məbləğ ödənildikdən sonra müvafiq ödəniş tapşırığı və digər zəruri sübutlar məhkəməyə təqdim ediləcəkdir. Bərdə Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(021)-393/2024 saylı qətnaməsi ilə (sədrlik edən F.Babaşov) iddia qismən təmin edilmiş, Cavabdeh 8940 manat gecikdirilmiş borc, 1000 manat cərimə, cəmi 9940 manat pulun tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə verilməsi, Cavabdeh 120 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(021)-393/2024 saylı qətnaməsinin hüquqi yardımla bağlı təmin edilməyən hissədə ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan “Məhkəməhüquq xidmətlərinin göstərilməsi ilə bağlı hüquqi yardım haqqının ödənilməsinin təşkili barədə” Sazişə əsasən, "xxxx" MMC Agentliyinin adından məhkəmə-hüquq xidmətlərinin həyata keçirilməsi ilə bağlı müvafiq müqavilələr bağlayır, habelə vəkil qurumlarına və ya fərdi vəkillərə ödənilən haqqın büdcə təşkilatının vəsaitinə qənaət etmək üçün vəkillərə etdikləri yardım üçün ödənilən xərc kimi qarşı tərəfdən alınıb xeyrinə qətnamə çıxarılan “Sifarişçi”yə ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər görür. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(021)-393/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, borc məbləği ilə razı deyildir. Belə ki, onun iddiaçı Cəmiyyətə borcu 8000 maantdır. Həmin məbləği ödəməyə hazırdır. Ancaq iddiaçı tərəf pulu qəbul etmir. Əsas borca hesablanmış cərimə məbləğinin 1000 manat olması ilə razı deyildir. Belə ki, o, borcunu ödəmək istəyir, ancaq Cəmiyyət pulu qəbul etmədiyindən gecikmə yaranmışdır. Belə olan halda isə əsas borca görə tənasübsüz surətdə yüksək həddə 1000 manat cərimə hesablanmışdır. İş üzrə tərəflərə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz göndərərək, göstərmişdir ki, cavabdehin Agentliyin pulu qəbul etməməsi ilə bağlı dəlilləri əsassızdır və xx.xx.2017-ci il tarixli, 1700-GL/17 nömrəli əsas lizinq müqaviləsi ilə cavabdehin 8940 manat gecikdirilmiş borc, 6177,99 manat hesablanmış cərimə, cəmi 15117,99 manat məbləğində borcu yaranmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 09 yanvar 2024cü il tarixli, 2(021)-393/2024 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayətinin dəlillərindən görünür ki, o, Bərdə Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(021)-393/2024 saylı qətnaməsini qismənhüquqi yardımla bağlı təmin edilməyən 500 manat hissəsini, Cavabdeh isə əsas borca hesablanmış 1000 manat cərimə məbləğini mübahisələndirmişdir. Qətnamənin digər hissəsi mübahisələndirilmədiyindən həmin hissələr ilə bağlı araşdırma aparılmır. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbayacan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 1700-GL/17 nömrəli əsas lizinq müqaviləsindən görünür ki, Cavabdeh ilə "xxxx" ASC ümumi məbləği 14995 manat olan kənd təsərrüfatı texnikasının lizinqə verilməsini razılaşmışlar. xx.xx.2017-ci il tarixli, 1700-GL/17 nömrəli lizinq müqaviləsinə əlavədən və ödəniş cədvəlindən görünür ki, borclu Cavabdeh aylıq 625 manat, son ayda isə 620 manat pul ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, iddiaçı "xxxx" ASC-nin müştərisi olan Cavabdeh "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli lizinq müqaviləsi ürə 8940 manat gecikdirilmiş borc, 6177,99 manat hesablanmış cərimə, cəmi 15117,99 manat məbləğində borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, borcluya müqavilə üzrə mübahisənin məhkəmədən kənar qaydada həlli məqsədi ilə pretenziya məktubu göndərilmiş, borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. xx.xx.2017-ci il tarixli əmrdən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə xitam verilmişdir. xx.xx.2014-cü il tarixli aktdan görünür ki, Bərdə rayonu, Gərənə kənd sakini Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş Traktoru qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsində lizinq müqaviləsinin anlayışı müəyyən edilərək göstərilir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.5-ci maddəsində deyilir ki, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Öhdəliklərin icrası zamanı vicdanlılıq prinsipini müəyyən edən Mülki Məcəllənin 425ci maddəsində deyilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilə ilə ümumi məbləği 6475 manat olan bir ədəd lizinq obyekti-Traktor Belarus-892 ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə lizinq alana təhvil verilmiş, həmçinin iddiaçı ilə X1 arasında bağlanmış müqavilə ilə ümumi məbləği 14995 manat olan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə lizinq alana təhvil verilmişdir. Cavabdeh lizinq müqaviləsi üzrə götürdüyü öhdəliyinə və müqavilə şərtlərinə riayət etməmiş, ödəniş cədvəlinin tələblərini pozmuş, nəticədə 8940 manat əsas, 6177,99 manat cərimə borcu, cəmi 15117,99 manat borclu qalmışdır. Cavabdeh X1 apellyasiya dəlillərində əsas borca hesablanmış cərimə məbləğinin tənasübsüz surətdə yüksək həddə hesablandığını qeyd etmişdir. Məhkəmə kollegiyası həmin dəlilləri əsassız sayaraq, qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 8940 manat məbləğində əsas borc hesablanmış, lizinq məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 6177,99 cərimə borcu hesablanmış, birinci instansiya məhkəməsi tərəfindən də əsas borc həmin məbləğdə təmin edilmişdir. Həmçinin, birinci instansiya məhkəməsi borclunun maddi vəziyyətini və yüksək dəbbə pulunun onun əmlak mənafelərinə mənfi təsir edə biləcəyi hallarını nəzərə alaraq, cavabdehdən 1000 manat məbləğində cərimənin tutulması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini ədalətli və qanuni hesab edir. Kollegiya hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş 500 manat pul tələbinin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarında olan ödəniş tapşırığında 500 manat hüquqi yardım haqqının "xxxx" MMC tərəfindən Xırdalan şəhər Vəkil Bürosuna xx.xx.2023-cü ildə ödənilməsi müəyyən olunsa da, işin məhkəmə hazırlıq iclasında və məhkəmə baxışında iddiaçı tərəfin nümayəndəsi və ya vəkili iştirak etməmiş və hər hansı hüquqi yardımın göstərilməsi müəyyəın olunmur. Ona görə də kollegiya iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin: 121.1-ci maddəsinə görə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissələrdə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin mübahisələndirilən hissələrdə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(021)-393/2024 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(021)-393/2024 saylı qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar