Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-994/2025 23.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X2 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsqərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, 2(125)-1086/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 29 iyun 2024-cü il tarixli, 12142598 nömrəli müqavilə və müqaviləyə əlavədən görünür ki, Cavabdeh "xxxx" MMC-dən ümumi dəyəri 794.98 manat olan X6” markalı ütünü ilkin ödəniş 145 manat olmaqla 6 ay müddətinə hər ay 108,33 manat ödəmək şərtilə almışdır.
2. 17 dekabr 2024-cü il tarixli “Maliyyə arayışından görünür ki, Cavabdeh 29 iyun 2024-cü il tarixli müqavilə üzrə 541,60 manat ödənilməmiş əsas, 162,48 manat cərimə olmaqla, ümumilikdə müqavilə üzrə 704,08 manat borcu yaranmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 29 iyun 2024-cü il tarixli müqaviləyə əsasən 541.6 manat ödənilməmiş hissə, 162.48 manat cərimə, ümumilikdə 704.08 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 29 iyun 2024-cü il tarixli müqaviləyə əsasən "xxxx" MMC-dən 794,98 manat dəyərində “X6” markalı ütü almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 794.98 manat (yəni 6 ay x 108.33 manat + 145 manat ilkin ödəniş) olan ütü “Tefal” üçün ümumilikdə, 704.08 manat olmaqla ondan 541.6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 162.48 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 253.38 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlandığı halda müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış 29 iyun 2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan “Əşyaların təhvil-təslim” aktındanda görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlə telefon danışığı, həmçinin 14 dekabr 2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilsədə sonuncu üzərinə düşən öhdəlikləri lazımınca icra etməmişdir.
5. Gəncə Şəhər Məhkəməsinin 17 fevral 2025-ci il tarixli 2(125)-1086/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi; Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 541.6 manat ödənilməmiş hissə, 0.4 manat cərimə, ümumilikdə 542 (beş yüz qırx iki) manat və 30 (otuz) manat dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi; iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1, 467, 600.1, 600.4, maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 284.1, 284-5.1, 284-5.3, 216-220, 227, 284-6.1, 360 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, 29 iyun 2024-cü il tarixdə "xxxx" MMC-dən aldığı “X6” markalı ütüdə 14 gün ərzində nasazlıq olduğu üçün mağazaya təhvil vermişdir. Texniki baxış keçirildikdən sonra ona bildirdilmişdir ki, bu ütülərin xüsusiyyəti belədir, bunlar belə işləyir. O da ütünü götürüb getmişdir. Lakin yenidən ütüdə nasazlıq olduğundan mağazaya təhvil vermişdir. Mağazada ona bildirilmişdir ki, ütünün təmirə göndəriləcək və 14 gün ərzində ona cavab veriləcək. Həmin vaxtdan 6 ay keçməsinə baxmayaraq nə ütü, nə də ödədiyi pul geri qaytarılmayıb. Məhkəmənin keçirlməsindən xəbəri olmayıb. Belə ki, ona məhkəmə bildirişi gəlməyib.
9. Birinci instansiya məhkəməsində icraat zamanı iddia tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmışdır. Verilmiş apellyasiya şikayətinə yazılı icraat qaydasında baxılması nəzərdə tutulsada, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 may 2025-ci il tarixli, 2(104)- 994/2025 nömrəli qərardadı ilə apellyasiya şikayətinə məhkəmə iclasında baxılması qərara alınmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
d) Məhkəmə icraatı iştsirakçılarının izahatları
11. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, 29 iyun 2024-cü il tarixli nisyə alqı-satqı müqavilə üzrə "xxxx" MMC-dən 794.98 manat dəyərində “X6” markalı ütü almış və 145 manat ilkin ödəniş etmişdir. Qalan məbləği isə hər ay 108.33 manat olmaqla 6 ay müddətə ödəməliydi. Lakin ütü işləmədiyindən təxminən bir ay sonra onu mağazanın texniki şöbəsinə təhvil vermişdir. Buna baxmayaraq ütü hal-hazıradək ona qaytarılmamışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 apelyasiya şikayətini qəbul etmiyərək iddia ərizəsinin məzmununa uyğun izahat verdiktən sonra əlavə olaraq bildirmişdir ki, 29 iyun 2024-cü il tarixli müqavilə üzrə cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh aldığı ütünü mağazanın texniki şöbəsinə təhvil versədə, lakin nə vaxt qaytarmasından məlumatı yoxdur. Müqavilə şərtinə görə cavabdeh ütünün pulunu ödəməlidir. Nümayəndə sonda məhkəmə kolegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
15. Maddə 581. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər.
16. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
17. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
18. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
26. Maddə 385 Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi əsasları 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
27. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
32. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 29 iyun 2024-cü il tarixli 12142598 nömrəli müqaviləyə əsasən sonuncuya ilkin ödəniş 145 manat olmaqla, qalan məbləğ 6 ay müddətinə hər ay 108,33 manat ödəmək şərtilə, ümumi dəyəri 794.98 manat olan “X6” markalı ütü nisyə satılmışdır. İddiaçı "xxxx" MMC müqavilə öhdəliyinin cavabdeh tərəfindən pozulmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı qismən təmin etmişdir.
33. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
34. Hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
35. Tərəflər arasında bağlanmış müddətli (nisyə) alqı satqı müqaviləsinin 3.10-cu bəndində göstərilir ki, müştəri “ABC”-nin razılığı ilə müvafiq çatdırma, quraşdırılma, daşıma sökülmə xərclərini qarşıladığı halda malı geri qaytara bilər. Bu zaman “ABC”-in özü və ya onun müəyyənləşdirdiyi subyekt tərəfindən birtərəfli qaydada qiymətləndirilir və qiymətləndirmə nəticəsində müəyyən edilmiş məbləğ müştərinin ümumi borcundan çıxılır
36. Tərəflər arasında bağlanmış 29 iyun 2024-cü il tarixli 12142598 nömrəli müqavilə üzrə cavabdehə nisyə satılmış “X6” markalı ütünün nasazlığa ğörə geri qaytarılması cavabdehin özünün deməsi ilə yanaşı, iddiaçı tərəfin nümüyəndəsinində məhkəmə kollegiyasının iclasında verdiyi izahatla təsdiq olunur. “X6” markalı ütü hazırda da iddiaçıdadır. Göründüyü kimi, iddiaçı təşkilat tərəfindən cavabdehə satılmış ütü lazımi keyfiyyətdə olmamış, bu səbəbdəndə geri qaytarılmış, satıcı da əşyadakı həmin qüsurları aradan qaldırmamış, nə də alıcıya lazımi keyfiyyətdə yeni əşya təqdim etməmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı "xxxx" MMC nisyə satılmış “X6” markalı ütünün alıcıya təhvil verilməsi öhdəliyini icra etməmişdir. Mövcud vəziyyətdə əşya satıcıya qaytarılmış olduğundan, iddiaçı əşyanın dəyərini alıcıdan tələb etməkdə haqlı deyil.
37. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 17 fevral 2025-ci il tarixli 2(125)-1086/2025 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin olunmamalı, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
39. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
40. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1, 384,0.2, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 17 fevral 2025-ci il tarixli 2(125)-1086/2025 nömrəli qətnaməsi ləğv olunsun. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə aid edilsin. Qətnamədən kassasiya şikayət verilə bilməz.