Məhkəmə qərarları › İş №2(105)-1000/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1000/2023

26.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1000/2023 26.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras əmlakın bölünməsi və payların müəyyən olunması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 mart 2023-cü il tarixli, 2(060)-2550/2023 nömrəli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 24 mart 2023-cü il tarixli qərardadı ilə (hakim Ş.Həxiyeva) İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras əmlakın bölünməsi və payların müəyyən olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması, iddiaçıya göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunması qərara alınmışdır. İddiaçı2 qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 31 mart 2023-cü il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2550/2023 nömrəli, 24 mart 2023-cü il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras əmlakın bölünməsi və payların müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək mərhum anaları- X1 miras qalmış Sumqayıt şəhəri, 16-cı məhəllə ev 32A/29, 4 saylı mənzilin bölgüsünü apararaq iddiaçılara ¾ hissədə payın, Cavabdeh ¼ hissədə payın müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı2 Sumqayıt Şəhər Məhkəməsinin 24 mart 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, "Mediasiya haqqında" Qanuna görə, mülki və digər məsələlərlə bağlı mediasiyaya müraciət könüllüdür. Kommersiya, ailə və əmək mübahisələrində "Mediasiya haqqında" Qanunun 28-29-cu maddəsinə görə, ilkin olaraq mütləq mediasiyaya müraciət olunmalıdır. Lakin tərəfindən verilmiş miras əmlakın bölünməsi və payların müəyyən olunması tələbinə dair iddia ərizəsi olduğundan, (mülki iş olduğundan) "Mediasiya haqqında" Qanuna görə, mülkü və digər məsələlərlə bağlı mediasiyaya müraciət könüllüdür. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardadlar ləğv edilməli, iddia ərizəsinin icraata götürülməsi barədə məsələnin yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılmasını iddiaçının ərizəsində mediasiya prosesində iştiraka dair məlumat göstərilməməsi və mediasiya prosesində iştiraka dair təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməməsi ilə əsaslandırmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinin tələbinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələr nikahın davam etdirilməsi şərtləri; valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; uşağın yaşayış yerinin müəyyən edilməsi; uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası və ailə münasibətlərindən irəli gələn digər mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında yaranmış mübahisə mülki hüquq münasibətlərinə aid olduğundan, qanunun tələbinə əsasən bu münasibətlərindən irəli gələn mübahisələrdə mediasiya prosesində iştirak məcburi deyil. Bununla yanaşı həmçinin o da qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyünə qeyri-iş günü (24 mart 2023-cü il) baxmışdır. Mülki Prosessual Məcəllənin 6-cı maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Burada qanunla müəyyən edilmiş qayda dedikdə, MPM-də və mülki prosessual qanunvericiliyin digər mənbələrində təsbit edilmiş, mülki məhkəmə icraatının həyata keçirilməsini nizamlayan qaydalar nəzərdə tutulur. MPM-nin tələbinə əsasən qeyri-iş günü dedikdə, əmək qanunvericiliyinə uyğun olaraq, həftələrarası istirahət günlər (adətən, şənbə və bazar, bəzən yalnız bazar günləri), habelə ilin iş günü hesab edilməyən təqvim günləri başa düşülməlidir. Əmək Məcəlləsinin 104-cü maddəsinə müvafiq olaraq, həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2022-ci il 9 dekabr tarixli 438 nömrəli Qərarına əsasən 20, 21, 22, 23, 24 mart tarixləri Novruz bayramı günləri qeyri-iş günləridir. Lakin iddia ərizəsinin mümkünlüyünə baxan birinci instansiya məhkəməsi 2023-cü ilin 24 mart tarixinin Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 438 nömrəli qərarı ilə qeyriiş günü olmasını nəzərə almamışdır. Halbuki qeyri-iş günlərində yalnız təxirə salınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə (qətimkan tədbirlərinin seçilməsi, uzadılması, dəyişdirilməsi, ləğvi, inzibati həbs nəzərdə tutulan işlər və iddianın təmin tədbirlərinin görülməsi) növbətçilik qaydasında baxılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardadlar ləğv edilməli, iddia ərizəsinin icraata götürülməsi məsələsi yenidən müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı2 şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 mart 2023-cü il tarixli və 31 mart 2023-cü il tarixli qərardadları ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin icraata götürülməsi məsələsi müzakirə edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar