Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1006/2024 22.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “mirasın qəbul edilmə müddətinin uzadılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(060)-2914/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə qarşı «mirasın qəbul edilmə müddətinin uzadılması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-ci ildə vəfat etmiş Kərimov Xanbaba XXX oğlundan qalmış miras əmlakın qəbul etmə müddətinin uzadılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(060)-2914/2024 saylı qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) İddiaçı cavabdeh 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə qarşı «mirasın qəbul edilmə müddətinin uzadılması tələbi»nə dair iddia ərizəsi Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin tələbinə əsasən mülki mühakimə qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına istinad edərək qeyd etmişdir ki, həmin qərarla Mülki Məcəllənin vərəsəlik hüququ ilə əlaqədar xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşdüyü üçün mülki qanunvericilik tənzimlənməsindən çıxmış, bununla da mirasın qəbul edilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş müddətin uzadılmasına məsələ öz aktuallığını itirmişdir. Belə olan halda sözügedən Konstitusiya Məhkəməsinin Qərarı ilə mübahisəli hüquq münasibətinin mövcudluğunun aradan qalxması, habelə bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi nəzərə alınaraq, iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(060)-2914/2024 saylı qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh 2 saylı Sumqayıt regional “ASAN xidmət”Mərkəzində notariat ofisinə müraciət edərək vərəsəlik işinin açılmasını xahiş etmiş, lakin vərəsəlik işi açılmamış, vərəsəliyin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürüldüyü bildirilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Cavabdeh 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzində notariat ofisinə qarşı mirasın qəbul edilmə müddətinin uzadılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci ildə vəfat etmiş atası Kərimov Xanbaba XXX oğlundan qalmış miras əmlakın qəbul edilməsi müddətinin uzadılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina etmişdir. Məhkəmə iddia ərizəsinin yolverilməzliyinə görə qəbulundan imtina edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 11-ci hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarına əsaslanmışdır. Həmin Qərara əsasən Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Qərardadla razı deyil. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Ona görə də yaranmış mübahisəyə məhkəmədə baxılaraq qiymət verilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(060)-2914/2024 saylı qərardadı ilə ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(060)-2914/2024 saylı qərardadı və həmin qərardadla bağlı 23 aprel 2024-cü il tarixli, 2(060)-2914/2024 saylı qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarından isə görünür ki, iddiaçı xx.xx.1979-cu ildə ölmüş Xanbaba Kərimovdan qalmış miras əmlakın qəbul etmə müddətinin uzadılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir ki, bununla da iddiaçısnın iddia etdiyi mirası 1979-cu il tarixdə açılmaqla, vərəsəlik münasibətləri həmin vaxt yaranmışdır. Həmin vaxt isə Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi qüvvədə olmuşdur. Buna görə də mübahisəyə 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiqi istisna olunmaqıa, birinci instansiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı da 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarına aid olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instnasiya məhkəməsinin qeyd edilən əsasla iddia ərizəsini yolverilməzliyə görə qəbul edilməkdən imtina etməsi əsaslı olmamışdır. Buna gör ədə birinci instansiya məhkəməsinin qərardadları ləğv olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı mirasın qəbulu ilə bağlı ilk əvvəl 2 saylı Sumqayıt regional “ASAN xidmət” Mərkəzində notariat ofisinə müraciət edərək vərəsəlik işinin açılmasını xahiş etmiş, notariat ofisindən isə ona vərəsəliyin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürüldüyü bildirilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Həmçinin iddiaçı ərizəsində mirası faktiki olaraq qəbul etdiyini, lakin miras evi xüsusi müıkiyyət hüququ əsasında atasının adına qeydə alınmadığı üçün notariusa gec müraciət etdiyini bildirməkdədir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Buna görə də birinci instansiya məhkəməsi iddia ərizəsini başqa bir əsaslı icraata götümrəkdən imtina etmədiyi halda iddiaçının hüquqi marağını və əldə etmək istədiyi nəticəni dəqiqləşdirməklə, iddianın predmetini dəyişməsi, digər şəxslərin işə cəlb edilməsi, cavabdehin əsl cavabdehlə əvəz edilməsi və sair prosessual hüquqlarının həyata keçməsində idiaçıya köməklik göstərməsində haqlı hesab oluna bilər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(060)-2914/2024 saylı qərardadı və həmin qərardadla bağlı 23 aprel 2024-cü il tarixli, 2(060)-2914/2024 saylı qərardadı ləğv edilməli, mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2024-cü il tarixli, 2(060)-2914/2024 nömrəli qərardadı və həmin qərardadla bağlı 23 aprel 2024-cü il tarixli, 2(060)-2914/2024 nömrəli qərardadı ləğv edilsin. Mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1006/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1006/2024
22.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver