Məhkəmə qərarları › İş №2(105)-1008/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1008/2022

04.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1008/2022 04.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, X11, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Çaykənarı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi və Xaçmaz rayonu 1 saylı notariat ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: vəsiyyətnamənin etibarsız hesab edilməsi, vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi və mirasda payların müəyyən edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh1 və X7 nümayəndəsi Nümayəndə2 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(067)-64/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edib, X4 adından 14 sentyabr 2017-ci il tarixdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Çaykənarı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, Xaçmaz rayon 1 saylı notariat ofisinin notariusu tərəfindən verilmiş 21 fevral 2021-ci il tarixli, 2V-229 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və yeni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X10 tərəfindən 14.09.2017-ci il tarixdə Xaçmaz rayonu Gödəkli kəndində yerləşən 2 otaqlı, 0,07 ha həyətyanı torpaq sahəsi, 0,58 ha pay torpaq sahəsi, o cümlədən bütün başqa mülkiyyətlərində olan əmlaklarla bağlı Cavabdeh1 adına Çaykənarı kənd İƏD üzrə nümayəndəliyində vəsiyyətnamə verildiyi bildirilərək ondan miras qalmış əmlaklara dair 30 oktyabr 2018-ci il tarixdə vərəsəlik işi açılmış və bundan sonra müvafiq olaraq vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi kənd İƏV üzrə nümayəndəsi qanunvericiliyin tələbinə əsasən vəsiyyətnamə təsdiqlənərkən notariusa bərabər tutulan səlahiyyətli şəxslər siyahısına daxil deyildir. Bu isə o deməkdir ki, tərtib edilmiş vəsiyyətnamə səlahiyyəti olmayan şəxs tərəfindən tərtib və təsdiq edilmişdir. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Xaçmaz Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(067)-64/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, X11, Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Çaykənarı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi və Xaçmaz rayonu 1 saylı notariat ofisinə qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi, vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi və mirasda payların müəyyən edilməsi tələbinə dair iddiası təmin olunmamış, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi və ekspertiza tədqiqatının dəyəri 126 manat məbləğində pulun İddiaçı alınaraq X12, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzinin VOEN ********** AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir. (hakim Anar Sadıqov) Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən iddia ilə bağlı qeyd etmişdir ki, iddia ərizəsində sadalanan əsaslar məhkəmə iclasında öz təsdiqini tapmadığından iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, Mülki Məcəllənin 152.1, 157.1, 552.1, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1151.1, 1151.2, 1159.1, 1179.2, 1193, 1194, 1195, 1196, 1225.1, 1225.2, 1225.3, 1230, 1231.1, 1231.2, 1231.1, 1248.1, 1246, 1243.1, 1243.2, 1243.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(067)-64/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Məhkəmə müxtəlif qanunvericilik normalarını istinad kimi istifadə etsə də bu normaların hazırki işə aidiyyətinin hansı hissədə və hansı formada olmasına aydınlıq gətirməmişdir. Yəni iddiaçının iddiasının nə üçün, hansı hissədə əsassız olması, bu əsassızlığın nədən ibarət olması və iddianın nə üçün rədd edilməli olmasına aydınlıq gətirməmişdir. Vəsiyyətnamənin həqiqətdə mövcud olub-olmamasının müəyyənləşdirilməsindən ötrü Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Çaykənarı İnzaibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə sorğu göndərilmişdir. Sorğuya verilmiş 06.05.2021-ci il tarixli, 08 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, “Alekseyevka kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 2017-ci il üçün tərtib olunmalı notariat əməliyyatlarının qeydiyyat kitabı arxiv sənədləri arasında aşkar olunmamışdır. Mərhum Daştəmirov Rəşid Balasoltan oğlu tərəfindən atası Cavabdeh1 Cəmaləddin oğluna həmin vəsiyyətnamənin kim tərəfindən verilib-verilməməsi barədə məlumat yoxdur” Bu isə o deməkdir ki, adıçəkilən vəsiyyətnamənin mövcud olması barədə hər hansı məlumat yoxdur. Məhkəmə bu cavabla kifayətlənməyərək işlə bağlı öz təşəbbüsü ilə xətşünaslıq ekspertizası təyin etmişdir. Verilmiş rəydə qeyd edilmişdir ki, vəsiyyətnamədə mövcud olan 3 ədəd imza o zaman nümayəndəlikdə icra nümayəndəsi olmuş X16 tərəfindən icra edilmişdir. X16 məhkəmə iclasında şahid qismində iştirak edərək bildirmişdir ki, ümumiyyətlə onun icra nümayəndəsi olduğu dövr ərzində nümayəndəlikdə ümumiyyətlə heç bir notariat hərəkəti, o cümlədən vəsiyyətnamə tərtib edilməmişdir. Bu səbəblə həmin vəsiyyətnaməni də o, tərtib etməmiş və imzalamamışdır. Əgər həmin vəsiyyətnamədə onun imzası çıxırsa bu o deməkdir ki, nümayəndəlikdə işləyən şəxslər tərəfindən o aldadılaraq vəsiyyətnaməyə özünün iradəsi olmadan ona imza etdirmişlər. Yəni o güman edir ki, gündəlik çoxsaylı sənədləri imzaladığından həmin sənədlərin arasına bu vəsiyyətnamə kimsə tərəfindən bilərəkdən daxil edilərək onun iradəsi olmadan ona imzalatdırılmışdır. Bundan başqa iş materiallarında olan vəsiyyətnamənin üzərində qeyd olunan yazılardan görünür ki, vəsiyyətnamə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının Çaykənarı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmişdir ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci və 1181.1-ci maddələrinə ziddir. Belə ki, həmin maddələrdə vəsiyyətnamə təsdiqlənərkən vəsiyyətnamənin təsdiqlənməsi formasının necə olması və kimlərin notariusa bərabər tutulan şəxslər hesab edildiyi təsbit edilmişdir. Göründüyü kimi həmin sadalanan şəxslər içində Rayon İcra Hakimiyyəti başçısının Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi qanunvericiliyin tələbinə əsasən vəsiyyətnamə təsdiqlənərkən notariusa bərabər tutulan səlahiyyətli şəxslər siyahısına daxil deyildir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazı Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etirazda göstərilir ki, X10 vəsiyyətnamənin tərtib etdiyi vaxt öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilib və öz iradəsini aydın ifadə edə bilən fəaliyyət qabiliyyətli olmuş, vəsiyyətnamə şəxsən özü tərəfindən tərtib olunmuş, vəsiyyətnamə tərtib olunarkan şahidlər iştirak etmiş və qanunvericiliyə görə vəsiyyətnaməni notariusun olmadığı yerlərdə (yəni vəsiyyət edənin yaşadığı kənddə, həmin vaxt Daşdəmirov Rəşid ağ ciyərində olan xəsətəlikdən əziyyət çəkirdi) müvafiq icra hakimiyyti orqanın səlahiyyətli şəxsi tərəfindən imzalanmış və təsdiqlənmişdir. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və X7 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır. Maddə 552.1. Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1179.1. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Maddə 1179.2. Vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1225.1. vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Maddə 1225.2. Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya birbirinə zidd olan şərtlər etibarsızdır. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 1230. Qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. Maddə 1231.1. Vəsiyyətnamənin qüvvədən düşmüş sayılması barədə iddia mirasın açıldığı gündən iki il ərzində irəli sürülə bilər. Maddə 1231.2. Vəsiyyət edən özgəsinin əmlakını yanlış olaraq öz əmlakı kimi vərəsəyə vəsiyyət etdikdə, bu Məcəllənin 1231.1-ci maddəsində nəzərdə tutulan iddia müddəti mülkiyyətçinin iddiasına şamil edilmir. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2, 217.4. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Daştəmirov Rəşid Balasoltan oğlu 24.04.2018-ci il tarixdə vəfat etmişdir. 14 sentyabr 2017-ci il tarixdə tərtib edilmiş vəsiyyətnamənin surətinlən görünür ki, Daştəmirov X14 rayonu Gödəkli kəndində yerləşən səkili, 2 otaqlı evi, 0,07 ha həyətyanı torpaq sahəsini, 0,58 ha pay torpaq sahəsini, o cümlədən bütün başqa mülkiyyətində olan əmlakla bağlı atası Cavabdeh1 vəsiyyət etmişdir. 21.02.2021-ci il tarixli, reyestrdə 2V-229 nömrə ilə qeyd edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surəti ilə müəyyən olur ki, 24.04.2018-ci il tarixdə vəfat etmiş Daştəmirov Rəşid Balasoltan oğlunun vərəsələri Daştəmirova Gülnar Rəşid qızı, İddiaçı, Daştəmirov Camal Rəşid oğlu olmaqla, onların hər biri miras əmlakdan 1/3 hissədə pay almaq hüququna malikdirlər. Şəhadətnamə verilən miras əmlak DƏDRX tərəfindən 01.02.2021-ci il tarixli, **********13 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Xaçmaz rayonu Gödəkli kəndində yerləşən ümumi sahəsi 0,15 ha olan torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, Daştəmirova Gülnar Rəşid qızı, X17, Daştəmirov Camal Rəşid oğlu və Daştəmirov Rəşid Balasoltan oğluna məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2021-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, Daştəmirov Rəşid Balasoltan oğlunun adından olan 14 sentyabr 2017-ci il tarixli vəsiyyətnamənin arxa səhifəsində “Hacızadə M.A.” yazıları qarşısındakı imzalar (3 ədəd imza) – X16 tərəfindən icra olunmuşdur. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuş və həmin etiraza əlavə edilmiş aşağıdakı sənədlərlə müəyyən olur ki, Xaçmaz Rayon Məhkəməsinin 17 oktyabr 2017-ci il tarixli, 2(067)-4435/2017 nömrəli qətnaməsi ilə iddia təmin edilib, Daştəmirov Rəşid Balasoltan oğluna mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində hüquqlarını həyata keçirmək üçün X20 tərəfindən yaradılan maneələrə son qoyulması, Xaçmaz rayonu, Gödəkli kəndində yerləşən və mülkiyyət hüququ ilə Daştəmirov Rəşid Balasoltan oğluna məxsus olan 0,57 ha torpaq sahəsinin X13 qanunsuz sahibliyindən alınaraq, Daştəmirov Rəşid Balasoltan oğluna verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyul 2019-cu il tarixli, 2(105)-81/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Xaşmaz rayon İcra və Propasiya şöbəsinin icra məmurunun 24 aprel 2018-ci il tarixli qərarı ilə icra sənədi üzrə ölmüş Daştəmirov Rəşid Balasoltan oğlu onun vərəsələri X2 və Cavabdeh2 Arsenyevanın vərəsləri ilə əvəz edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 03 sentyabr 2018-ci il tarixli, 2(067)-1985/2018 nömrəli qətnaməsi ilə iddiaçı X1 cavabdeh X5 qarşı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və onun əsasında verilmiş Çıxarışın ləğv edilməsi, saxta sənədlər hazırlamış şəxslərin barəsində xüsusi qərardad çıxarılması tələbi qismən təmin edilərək, X3 adına verilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Xaçmaz rayon torpaq şöbəsinin JN0389 KOD 30204028 saylı Dövlət Aktının və onun əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, 03 aprel 2014-cü il tarixli, ******* saylı Çıxarışın və müvafiq qeydin ləğv edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 fevral 2019-cu il tarixli, 2(105)-688/2019 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 2-1(118)-261/2021 nömrəli qərarı ilə X6 cavabdeh Xaçmaz rayon İcra və probasiya şöbəsinə qarşı icra sənədi üzrə 24 aprel 2018-ci il tarixdə ölmüş tələbkar Daştəmirov Rəşid Balasoltan oğlunun vərəsələri X2 və Cavabdeh2 Arsenyevanın vərəsləri ilə əvəz etmək barədə icra məmurunun 04 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə iddiası mümkün sayılmamışdır. Məhkəmə kollegiyası işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətinin dəlillərində göstərilən xüsasatlara birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilmişdir. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna edir. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(067)-64/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar