Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1010/2024 09.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış cərimə borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-704/2024 nömrəli, 06 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 5666.76 (beş min altı yüz on altı manat yetmiş altı qəpik) manat borc abonent kodu **********09986 olan İddiaçı məxsus abunə hesabından silinməsi, Cavabdeh İB-dən dövlət rüsumuna görə 76.67 (yetmiş altı manat altmış yeddi qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia ərizəsi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış cərimə borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən 885.60 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən 1345.4 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən 354.24 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən 570.24 nmanat, xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən 1451.52 manat, xx.xx.2023 ******* saylı akta əsasən isə 1643.40 manat olmaqla cəmi 6251.40 manat borc (altı min iki yüz əlli bir manat qırx qəpik) manat cərimə borcunun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o mülkiyyətində Abşeron rayonu, Masazır qəsəbəsi, Afiq Abdulhüseynov küçəsində yerləşən fərdi yaşayış evi vardır. O hələ də həmin evdə yaşamır. Həmin evdə təmir işləri gedir. O evdə qazdan ümumiyyətlə istifadə edilmir. Sayğac quraşdırıldıqdan sonra isə sayğacdan içəridə həyətdə sızıntı olduğuna görə 2023-cü il akt və sonrakı ayları üçün real sərfiyyatla bağlı borc olmuşdur. Lakin yerdə qalan borclar əsassız və qanunsuz olaraq yazılmışdır. Cavabdeh tərəfindən dəfələrlə aktlar tərtib edilmişdir. 31 03.2021-ci il tarixli ******* saylı akta əsasən 885,60 manat, 30 12 2021-ci il tarixli, ******* saylı akta əsasən 1345,4 manat, 31.01 2022-ci il tarixli, ******* saylı akta əsasən 354,24 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən 570,24 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən 1451,52 manat, xx.xx.2023 saylı ******* saylı akta əsasən isə 1643,40 manat olmaqla cəmi 6251,40 manat borc yazılmışdır. Həmin aktların heç birindən onun xəbəri olmamışdır. O sonradan aktları Cavabdeh İB-dən əldə edən zaman görür ki, aktlara qeyd ediblər ki, guya o aktı imzalamaqdan imtina etmişdir. Lakin o həmin evdə ümumiyyətlə yaşamamış, həmin evdə təbii qazdan istifadə edilməmiş və sayğaca heç bir müdaxilə tərəfindən olmamışdır. Qaz sayğacı həyətdən kənarda quraşdırılmışdır. Odur ki, hesab edir ki, ona hesablanmış cərimələr tamamilə əsassız və qanunsuz olduğuna görə məhkəmə qaydasında mübahisəyə baxılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, iddianı qiymətləndirməmiş və prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyriqanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarla rəsmiləşdirilmişdir: akt № ******* xx.xx.2021-ci il, akt № ******* xx.xx.2021-ci il, akt № ******* xx.xx.2022-ci il, akt № ******* xx.xx.2022-ci il, akt № ******* xx.xx.2022-ci il və akt № ******* xx.xx.2023-cü il (iş materiallarında vardır). Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. (foto şəkillər) Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, eyni zamanda səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir. İddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndirilən qətnamədə istinad olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı birinci instansiya məhkəməsi iddia tələbinin rədd ediməsini qət edərdi. İş materiallarında yer almış və təqdim olunan sübutlar tam əsaslı olmasını göstərdiyi halda birinci instansiya məhkəməsi səhv nəticəyə gələrək, iddia ərizəsini qismən təmin etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi prosessual hüquq normasını pozaraq, tam sübuta yetirilməmiş və iddia qismən təmin etmişdir. İddia tələbinin qismən təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdankənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacdan kənar xəttə qoşularaq istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Beləliklə birinci instansiya məhkəməsinin mübahisələndirdirilən qətnamədə göstərdiyi nəticə qismən işin hallarına uyğun olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə Kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsinin məhkəmə araşdırması zamanı öz təsdiqini tapması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Baxılan iş üzrə iddia tələbi borcun silinməsi barədədir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 4.2. bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İşdən görünür ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib və cavabdeh təşkilatın tərtib etdiyi akta əsasən abonentin qaz sayğacından kənar xətdən qeyri-qanuni istifadə halının aşkarlanması nəticəsində dəymiş ziyan hesablanaraq iddiaçıdan tələb edilmişdir. Quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi cavabdeh tərəfindən sübuta yetirilmişdir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 6.5-1. bəndində isə qeyd edilmişdir ki, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmalıdır (6.5-1.1-6.5- 1.3 bəndləri). İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır (6.5-3. bəndi). İşdən göründüyü kimi iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2023 ******* saylı aktlar tərtib edilməklə cavabdeh təşkilat tərəfindən 6251,40 manat dəymiş zərərin məbləği hesablanmaqla iddiaçıdan tələb edilmişdir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 6.5. bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. “Elektroenergetika haqqında” Qanunun 19.16-cı maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Qeyd olunmalıdır ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi qaz ilə təchiz edilib, quraşdırılmış sayğacın işlək vəziyyətdə olmasına görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcı olan cavabdeh daşıdığından, həmin sayğaca iddiaçı tərəfindən müdaxilə və ya qanunsuz qoşulma halını təsdiq edən sübutlar (iddiaçının inzibati məsuliyyəti) cavabdeh tərəfindən sübuta yetirilə bilmədiyinə görə iddiaçıdan xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən isə 1643.40 manat cərimənin tutulmasını tələb etməkdə haqlı olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən isə 1643.40 manat cərimənin tutulması əsassız olduğundan həmin hissədə iddia tələbi təmin edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh təşkilat tərəfindən cərimənin məbləği “Qazdan istifadə qaydaları”nın tələblərinə uyğun hesablanmamışdır. Belə ki, qeyd olunan qaydanın 6.5.3. bəndinə əsasən qanunsuz qoşulma hallarında qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin 12 aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı nəzərə alınmaqla hesablama aparılmalıdır. Bu qaydaya uyğun hesablama zamanı isə iddiaçıya cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən (1,4x12x30=504 kub.metr x 0,10=50,4 manat) 50,4 manat, xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən (1,4x12x120=2016 kub.metr x 0,12=241,92 manat) 241,92 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən (1,4x12x120=2016 kub.metr x 0,12=241,92 manat) 241,92 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən (1,4x12x30=504 kub.metr x 0,12=60,48 manat) 60,48 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən (1,4x12x30=504 kub.metr x 0,12=60,48 manat) 60,48 manat cərimə hesablanmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İB tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Afiq Abdulhüseynov küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktlar üzrə (50,4+241,92+241,92+60,48+60,48=655,20 manat) 655,20 manat hesablanmalı, həmin aktlar üzrə hesablanmış 4607 manat məbləğindən tutulmalı borc çıxılmalı (4607-655,20=3951,80 manat) 3951,80 manat cərimə iddiaçının abonent hesabından silinməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, Cavabdeh İB tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Afiq Abdulhüseynov küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar üzrə hesablanmış 3951,80 manat cərimənin iddiaçının abonent hesabından silinməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilməli olan məbləğ 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Afiq Abdulhüseynov küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar üzrə üzrə hesablanmış 3951 (üç min doqquz yüz əlli bir) manat 80 (səksən) qəpik məbləğində cərimə silinsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1010/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1010/2024
09.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver