Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1010/2025 06.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(074)-315/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əməkdaşlarının ona tətbiq etdiyi 06 dekabr 2024-cü il tarixli, 006570 saylı akta əsasən hesabanmış 2265,25 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı şəhəri, Azadlıq küçəsi 18 saylı evdə yaşayır. Elektrik enerjisindən qanuni şəkildə istifadə edir. 06 dekabr 2024-cü il tarixdə X3 işçiləri gəlib ona bildirmişlər ki, istifadəsində olan elektrik sayğacında faza ilə sıfır naqilləri səhv bağlanıbdır. O isə bildirmişdir ki, sayğacın plombu yerində olmaqla, onun tərəfindən sayağaca müdaxilə etməmişdir. Sayğacda nə səhv bağlanıbdırsa bunu da cavabdehin öz əməkdaşları etmişdir. Buna görə də köhnə sayğac çıxarılmış və yenisi ilə əvəz edilmişdir. Ona bildirmişlər ki, 2265,25 manat əlavə sərfiyyat hesablanıbdır. O, hesablanmış həmin məbləği əsassız hesab edir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş edir.
3. Məhkəmənin hazırlıq iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" ASC-nin 06 dekabr 2024-cü il tarixli, 006570 saylı aktına əsasən, əsassız hesablanmış 2458,38 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddiaçının Şamaxı şəhəri, Azadıq küçəsində yaşadığı fərdi yaşayış evi "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla, **********03992 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2024-cü il tarixdə “Azərişıq" ASC-nin əməkdaşları R.Osmanov və B.Manafov tərəfindən Şamaxı şəhəri, Azadlıq küçəsində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına X1ydalarına uyğun baxış keçirilmişdir. Baxış zamanı, elektrik sayğacının şəbəkəyə qoşulma sxeminin səhv olduğu aşkar edilmişdir. Belə kı, sayğacın giriş faza yuvasına sıfır xətti, sıfır xətti yuvasına isə faza xətti verilmiş, kənar mənbədən verilmiş sıfır vasitəsi ilə sayğac dövrədən kənaşdırılmışdır. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X1ydalarının 8.17.1-ci bəndinin tələbinə uyğun olaraq, adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2024-cü il tarixli, NİM006570 saylı akt tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli, NİM006570 saylı akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 276 gün üçün 0.08 manatla 1821 kvt.s (dəyəri 145.68 manat) 0.09 manatla 910 kvt.s (dəyəri 81.90 manat) və 0.13 manatla 17160 kvt.s (dəyəri 2230.80 manat), toplamda 2458.38 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçının faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış və nöqsanın aşkar edilməsi əməkdaşlar tərəfindən videoçəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan videoçəkilişdə açıq aşkar öz əksini tapır.
5. Şamaxı Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(074)-315/2025 nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddia təmin edilmiş, cavabdeh "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, NİM 006570 nömrəli akt əsasında hesablanmış 2458,38 manat borcun İddiaçı abunə hesabından silinməsi, cavabdeh "xxxx" ASC-dən 44,59 manat məbləğində dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı istehlakçı kimi Şamaxı şəhəri, Azadlıq küçəsində yerləşən fərdi yaşayış evində X2 edir. Həmin ünvanda fərdi yaşayış evinin hasarının xarici tərəfində elektrik sayğacı quraşdırılmışdır. xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus ünvanda elektrik enerjisi uçotu və “X1ydaları”na riayət olunması yoxlanılmış və həmin zaman, elektrik sayğacının şəbəkəyə qoşulma sxeminin səhv olması müəyyən olunmuşdur. Tərtib edilmiş akta əsasən abonentə 2458,38 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Hazırda isə iddiaçı tərtib edilmiş aktı qanunsuz hesab edərək, həmin akt əsasında hesablanmış borcun silinməsini xahiş edir. Məişət abonentlərinin yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə, enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Elektrik sayğacına müdaxilə ilə bağlı akt tərtib olunarkən, sayğaca müdaxilənin iddiaçı tərəfindən edilməsi araşdırılmalı və sübuta yetirilməli idi. Lakin, iddiaçı tərəfindən elektrik sayğacına müdaxilə olunmasına dair iş materiallarında heç bir sübut yoxdur. Bu isə mübahisələndirilən aktda təsbit olunan məlumatların doğruluğuna əsaslı şübhələr yaradır və onun inandırıcı sübut kimi qəbul edilməsini istisna edir.
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «X1ydaları»nın 7.6, 7.9, 7.10, 7.11-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 26-cı maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(074)-315/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. xx.xx.2024-cü il tarixdə Şamaxı şəhəri, Azadlıq küçəsində İddiaçı yaşadığı fərdi yaşayış evində kənar mənbədən verilmiş sıfır xətti vasitəsilə bir başa qoşulmaqla kənar xətdən istifadə etdiyi aşkar edilmişdir. Yuxarda qeyd olunanlar əsasında NİM006570 saylı akt tərtib olunmuşdur. Həmçinin bununla bağlı məhkəməyə videoçəkiliş diski təqdim edilmişdir. Həmin videoçəkiliş diskində iddiaçının sayğaca müdaxilə edərək elektrik enerjisini taladığı açıq aşkar görünür. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus fərdi yaşayış evindəki pozuntunun istehlakçı tərəfindən törədilməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Qeyd etməyi zəruri hesab edirlər ki, tərəflərindən bununla bağlı məhkəməyə akt və əlavə sənədlər təqdim edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, onun tərəfindən sayğaca hər hansı bir müdaxilə edilməyib. Sayğac cavabdehin əməkdaşları tərəfindən quraşdırılmış və ploblanmışdır. Cavabdehlərin əməkdaşları yalnız ona görə deyil, başqa şəxslərə də qanunsuz cərimələr yazırlar. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş edir.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh "xxxx" ASC-nin məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
13. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, NİM 006570 nömrəli akta əsasən, istehlakçı İddiaçı məxsus Şamaxı şəhəri, Azadlıq küçəsində yerləşən fərdi yaşayış evində elektrik enerjisi uçotu və “X1ydaları”na riayət olunması yoxlanılmış və elektrik sayğacının şəbəkəyə qoşulma sxeminin səhv olması müəyyən olunmuşdur.
14. xx.xx.2024-cü il tarixli, NİM 006570 nömrəli akta əsasən, "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itilmiş enerjinin bərpası məqsədilə, abonentə sayğacdan keçən yükə uyğun 276 gün üçün 0,08 manatla 1821 kvt.s (dəyəri 145,68 manat), 0,09 manatla 910 kvt.s (dəyəri 81,90 manat) və 0,13 manatla 17160 kvt.s (dəyəri 2230,80 manat) olmaqla, toplamda 2458,38 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş X1ydaları:
7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə uyğun olaraq aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalıdırlar. 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.
16. “Elektroenergetika” haqqında Azərbaycan Respublikasının Qanununu 19.16. Qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir.
20. Mülki Prosessual Məcəllə
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
21. Məhkəmə kollegiyası tərəfindən Şamaxı Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(074)-315/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(074)-315/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, yuxarıda istinad olunan “Elektroenergetika” haqqında Azərbaycan Respublikasının Qanununun 19.16-cı maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
24. Cavabdeh tərəfindən iddiaçının qanunsuz elektrik xəttinə qoşulması ilə bağlı akt tərtib olunsa da elektrik enerjisinin talanmasında onun təqsirli olmasına dair müvafiq orqanın qanuni qüvvəyə minmiş qərarının olması müəyyən edilməməkdədir. Buna görə də cavabdeh təşkilatın iddiaçının abonent hesabına vurulmuş zərər məbləği qismində daxil edərək, ondan tələb etməsi əsassız olmuşdur. İşə baxan birinci instansiya məhkəməsi isə iddianı rədd etməkdə haqlı olmuşdur.
25. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(074)-315/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 26.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 2(074)-315/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.