Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1012/2024 29.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: əsassız hesablanmış cərimənin silinməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(012)-699/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən əsassız tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı aktın ləğv olunması və 6255 manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış, abonent kodu **********91290 olan qaz sayğacı ona məxsusdur. Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə ona məxsus mənzilin sayğacına onun xəbəri olmadan baxış keçirilmiş, baxış keçirilən zaman guya sayğacdan kənar qeyri-qanuni qaz xətti çəkildiyi aşkar edilmiş və 3096 kub metr itirilmiş qaz hesablanmış və bunun əsasında qeyri-qanuni olaraq xx.xx.2023-cü il tarixli ******* saylı akt və dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilmişdir. Cavabdeh bu qanunsuz əməlləri artıq mütəmadi hal almışdır. Sayğac həyətyanı sahədən kənarda quraşdırıldığına görə ətrafından yüzlərlə insan keçir, ümumiyyətlə nə onun, nə də ailə üzvlərinin sayğaca heç bir müdaxiləsi olmamışdır. Cavabdeh tərəfindən istənilən zaman nə ona, nə də ailə üzvlərinə heç bir xəbərdarlıq etmədən baxış keçirib, öz maraqlarına uyğun nöqsanlar yazaraq, qanunsuz akt tərtib ediblər. Cavabdeh əməkdaşları tərəfindən qəsdən, məqsədli şəkildə sayğaca müdaxilə olunmuşdur. Həmin aktda göstərilən nöqsan əsassızdır, heç bir həqiqəti əks etdirmir. Sayğaca o yaxud ailə üzvləri heç vaxt müdaxilə etməmiş, ümumiyyətlə toxunmamışdır. Cavabdeh tərəfindən əsassız olaraq tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən itirilmiş qaza görə ümumilikdə 6255 manat cərimə borcunun ödənilməsi öhdəsinə qoyulmuşdur. Cavabdeh tərəfindən qeyd edilmiş nöqsana yazılmış cərimə tamamilə əsassızdır. Bu səbəbdən də barəsində əsassız tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı aktın ləğv olunması və 6255 (altı min iki yüz əlli beş) manat məbləğində borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.
3. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən barəsində əsassız hesablanmış 6981.24 (altı min doqquz yüz səksən bir manat, iyirmi dörd qəpik) manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
4. Abşeron Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(012)-699/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 4570.68 (dörd min beş yüz yetmiş manat altmış səkkiz qəpik) manat borcun abonent kodu **********91290 olan İddiaçı məxsus abunə hesabından silinməsi, Cavabdeh İB-dən dövlət rüsumuna görə 65.71 (altmış beş manat yetmiş bir qəpik) manat pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq, təbii qazdan qeyri-qanuni istifadə etməsi mülki iş materiallarına əlavə olunmuş fotoşəkillər və iddiaçının izahatı əsasında öz təsdiqini tapmış və bu barədə abonentə təbii qazdan istifadə qaydalarının pozulması barədə tələbnamə tərtib edilərək sadalanan aktlara əsasən cərimə hesablanmışdır. Lakin, abonentə qaydalara uyğun olmayan hədsiz çox cərimə hesablanmışdır. Belə ki, iddiaçı 3 gözlü qaz plitəsindən və qənaətli su qızdırıcısından istifadə etmişdir. Tələbnamələrdə isə radiatorun və kombinin işlədilməsi qeyd olunaraq ona görə də cərimə hesablanmışdır ki, bu isə təqdim olunmuş sənədlərdə abonent tərəfindən istifadə olunması öz təsdiqini tapmamışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixli tələbnamədə dəymiş ziyan həcmi hesablanarkən gündəlik qaz istehlakı həcmi 90 gün hesablanmışdır ki, bu isə digər tələbnamədə hesablama ilə ziddiyyət təşkil edir və cavabdeh belə hesablamanı hansı qaydalara və əsaslara uyğun olaraq hesablamasını sübut edən dəlilləri məhkəməyə təqdim edə bilməmişdir. xx.xx.2022-ci il tarixli, ******* saylı akta əsasən tərtib olunmuş tələbnamədə hansı cihazlara görə cərimə hesablandığı göstərilmədiyi üçün həmin tələbnamə məhkəmə tərəfindən sübut kimi qəbul edilməmişdir.
6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 425.1, 425.2, 430.1, 442, Mənzil Məcəlləsinin 135.1, 136.4, 139.1ci, “Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.2, 4.8, 4.9-cu bəndinə istinad edərək iddianı təmin etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Azəriqaz” İB tərəfindən tərəfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(012)-699/2024 nömrəli qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, iddianı qiymətləndirməmiş və prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyriqanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarla rəsmiləşdirilmişdir: akt № ******* - xx.xx.2022-ci il, akt № ******* - xx.xx.2022-ci il, ******* - xx.xx.2022-ci il, ******* - xx.xx.2022-ci il, ******* xx.xx.2023-cü il, ******* - xx.xx.2023-cü il, ******* - xx.xx.2023-cü il, ******* - xx.xx.2023-cü il. Daha sonra həmin aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmiş, həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda məhkəmə iddia tələbini qismən təmin edərək, eyni zamanda səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, məhkəmə əsassız yerə iddia tələbini qismən təmin etmişdir. İddiaçı aid olan **********91290 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İddia tələbinin qismən təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacdan kənar xəttə qoşularaq istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsiin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
11. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin sayğacdan kənar əlavə xətlə təbii qazdan qeyriqanuni istifadə etdiyi aşkarlanmış, sayğacdan kənar xəttin ləğv olunması, dəymiş ziyanın hesablanıb ödənilməsi qərara alınmışdır. Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, G-4 markalı qaz sayğacının nominal qaz sərfi 4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 8640 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Əsas xx.xx.2022-ci tarixli, ******* saylı akt olmuşdur. 12.Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkarlanmış, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün, Kombinin maksimal saatlıq qaz sərfi 3.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün qəbul edilməklə 6768 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Əsas xx.xx.2022-ci tarixli, ******* saylı akt olmuşdur. 13.Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacdan xənar xətt aşkarlanmış, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə 20304 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Əsas xx.xx.2022-ci tarixli, ******* saylı akt olmuşdur. 14.Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacdan xənar xəttin istifadə edildiyi aşkarlanmış, dəymiş ziyanın hesablanması qərara alınmışdır. Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlı qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə 4176 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Əsas xx.xx.2022-ci tarixli, ******* saylı akt olmuşdur. 15.Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin qaz sayğacına baxış keçirilən zaman kənar xəttdən istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlı qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə 3888 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Əsas xx.xx.2022-ci tarixli, ******* saylı akt olmuşdur. 16.Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin qaz sayğacına baxış keçirilən zaman kənar xəttdən istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlı qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə 3960 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Əsas xx.xx.2023-cü il tarixli, ******* saylı akt olmuşdur. 17.Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin sayğacdan kənar xəttdən istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlı qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə 3960 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Əsas xx.xx.2023-cü il tarixli, ******* saylı akt olmuşdur. 18.Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin sayğacdan kənar xəttdən istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ3-ün maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, kombinin maksimal saatlı qaz sərfi 3.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə 3096 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Əsas xx.xx.2023-cü il tarixli, ******* saylı akt olmuşdur. 19.Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman abonentin sayğacdan kənar xəttdən istifadə etdiyi aşkarlanmış, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlı qaz sərfi 2.6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlı qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə 3312 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Əsas xx.xx.2023-cü il tarixli, ******* saylı akt olmuşdur.
20. Abonent kodu **********91290 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, aktlara əsasən hesablanmış, abonentin 2022-ci ilə aid olan borcu 5261,88 manat, 2023-cü ilə aid olan borcu isə 1719.36 manat, ümumilikdə cəmi 6981.24 manat göstərilmişdir. 21.Mülki iş materiallarına əlavə olunmuş fotoşəkillərdən görünür ki, dəmir boru vasitəsilə iddiaçının ünvanında qaz xəttinə qoşulma halı müəyyən edilmişdir. İstehlakçının qaz təsərrüfatının inventor aktında əsasən hasarlb üstübdıb gedıb daşıyıcı qaz xəttinin üzərində qoyulmuş 1 ədəd diametri 15mm olan əlavə xəttin ağzının toxacla bərkidilməsi müəyyən edilmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 25 iyun 2023-cü il tarixədək olan redaksiyası:
6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
23.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 25 iyun 2023-cü il tarixədən sonrakı redaksiyası:
6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.
24. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
25. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(012)-699/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisələndirilən, yəni iddia tələbinin rədd edilməsi hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, cavabdeh təşkilat qanunsuz qoşulma halında itirilmiş qazın həcminin müəyyən edilməsi zamanı səhvlərə yol vermiş, birinci instansiya məhkəməsi də həmin səhvi təkrarlamışdır. Buna görə də apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(012)-699/2024 nömrəli qətnaməsi dəyişdirilməlidir.
27. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, 25 iyun 2023-cü il tarixədək qüvvədə olan “Qazdan istifadə qaydaları”nda qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması şərtləri ilə bağlı konkret normalar nəzərdə tutulmayaraq, həmin tarixədək olan qaydalarda qanunsuz qoşulma halında yalnız dəymiş zərərin ödənilməsinin qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb edilməli olması qeyd olunmuş, lakin zərərin hansı qaydada hesablanmalı olmasına dair şərtlər və qaydalar qanunvericilikdə öz əksini tapmamışdır. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli, 218 nömrəli qərar ilə “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndi yeni redaksiyada verilmişdir ki, yuxarıda qeyd edilən həmin norma ilə qanunsuz qoşulma halında itirilmiş qazın həcminin müəyyən edilməsinin meyarları və qaydası müəyyən edilmişdir. İş materiallarında olan aktlardan görünür ki, cavabdeh təşkilat yalnız xx.xx.2022-ci tarixli, ******* saylı akt üzrə xx.xx.2022-ci il tarixli tələbnamə əsasında qaz sərfinin 4 m3/saat, orta günlük iş rejimi 24 saat qəbul etməklə, digər aktlarda isə istehlakçının istifadə etdiyi qaz qurğularının maksimal saatlıq qaz sərfini əsas götürməklə itirilmiş qazın bərpası üçün hesabat aparmışdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, həmin aktlardan göründüyü kimi istehlakçının istifadə etdiyi qaz qurğularının maksimal saatlıq qaz sərfi 31 mart 2022-ci il tarixli akt üzrə 4,7 m3/saat, 31 oktyabr 2022-ci il tarixli akt üzrə 4,7 m3/saat, 30 noyabr 2022-ci il tarixli akt üzrə 5,8 m3/saat, 30 dekabr 2022-ci il tarixli akt üzrə 5,4 m3/saat, 31 yanvar 2023-cü il tarixli akt üzrə 5,5 m3/saat, 28 fevral 2023-cü il tarixli akt üzrə 5,5 m3/saat, 31 mart 2022ci il tarixli akt üzrə 4,3 m3/saat, 30 aprel 2023-cü il tarixli akt üzrə isə 4,6 m3/saat müəyyən edilmişdir. Hərçənd ki, borunun qaz buraxma qabiliyyətinin 4 m3/saat olması nəzərə alındıqda, bütün qaz qurğularının maksimal saatlıq qaz sərfinin cəminin 4 m3/saat çox olan hissəsinin itirilmiş qazın həcminin hesablanması zamanı nəzərə alınması əsassız hesab olunur. 29.Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh təşkilat tərəfindən qaz qurğularının orta günlük iş rejiminin 24 saat qəbul edilməklə itirilmiş qazın həcminin müəyyən edilməsi də əsassız olmuşdur. Belə ki, bütün qaz qurğularının günün 24 saatı fasiləsiz olaraq işləməsi ağlabatan olmamaqla, inadırıcı da deyildir. Məhz buna görədir ki, 25 iyun 2023-cü il tarixdən qüvvədə olan “Qazdan istifadə Qaydaları”nın yeni redaksiyasındakı 6.5-3-cü bənddə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı nəzərə alınmaqla qaz paylayıcısına vurulmuş zərərin hesablanmalı olması nəzərdə tutulmuşdur.
30. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, xx.xx.2022-ci il tarixli akt üzrə zərər məbləği (4 m3/saat x12 saat x 90 gün=4320 m3) 518,4 manat, xx.xx.2022-ci il tarixli akt üzrə zərər məbləği (4 m3/saat x12 saat x 60 gün=2880 m3) 345,6 manat, xx.xx.2022-ci il tarixli akt üzrə zərər məbləği (4 m3/saat x12 saat x 180 gün=8640 m3) 1036,8 manat, xx.xx.2022-ci il tarixli akt üzrə zərər məbləği (4 m3/saat x12 saat x 30 gün=1440 m3) 172,8 manat, xx.xx.2022-ci il tarixli akt üzrə zərər məbləği (4 m3/saat x12 saat x 30 gün=1440 m3) 172,8 manat, xx.xx.2023-cü il tarixli akt üzrə zərər məbləği (4 m3/saat x12 saat x 30 gün=1440 m3) 172,8 manat, xx.xx.2023-cü il tarixli akt üzrə zərər məbləği (4 m3/saat x12 saat x 30 gün=1440 m3) 172,8 manat, xx.xx.2023-cü il tarixli akt üzrə zərər məbləği (4 m3/saat x12 saat x 30 gün=1440 m3) 172,8 manat və xx.xx.2023-cü il tarixli akt üzrə zərər məbləği (4 m3/saat x12 saat x 30 gün=1440 m3) 172,8 manat olmaqla, ümumilikdə 2937,6 manat müəyyən edilməklə, artıq hesablanmış (6981,24-2937,6=4043,64) 4043,64 manat zərər məbləği iddiaçının abonent hesabından silinməlidir.
31. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(012)-699/2024 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 4043,64 (dörd min qırx üç manat, 64 qəpik) zərər məbləği abonent kodu **********91290 olan İddiaçı məxsus abunə hesabından silinməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(012)-699/2024 nömrəli qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilsin. İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 4043,64 (dörd min qırx üç manat, 64 qəpik) zərər məbləği abonent kodu **********91290 olan İddiaçı məxsus abunə hesabından silinsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.