Məhkəmə qərarları › İş №2(105)-1016/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1016/2022

11.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1016/2022 11.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 453 (dörd yüz əlli üç) manat 60 (altmış) qəpik borcun abonent kodu **********00001 olan İddiaçı məxsus abunə hesabından silinməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh X1rşı qaz sayğacının yoxlanılması haqqında aktın qanunsuz hesab edilməsi və həmin akt əsasında qanunsuz hesablanmış cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 30.04.2020-ci il tarixli aktın ləğv edilməsi və həmin akta görə onun adına hesablanmış 459.20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 30.04.2020-ci il tarixli akt qəbul edilmiş və həmin akt əsasında ona 459.20 manat cərimə yazılmışdır. Cərimənin yazılmasına səbəb sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. O isə həmin akt ilə qəti şəkildə razılaşmır. Çünki akt özbaşına tərtib edilmiş, onun iştirakı təmin edilməmiş və ona nə şifahi, nə də ki, rəsmi məlumat verilmişdir. Qeyd edilən aktın əsli ona təqdim edilmədiyi üçün o, iddia ərizəsinə surətini əlavə etmişdir. Abşeron rayonu Xırdalan şəhəri Cavabdeh İB-nin ona təqdim etdiyi sənədlərin içərisinə əlavə edilmiş fotoşəkildə qeyd edilən sayğac onun evinə aid deyil. O, məsələyə ciddi yanaşılması və aydınlıq gətirilməsi ilə bağlı Bakı Regional Qazın Satışı Departamentinə ərizə ilə müraciət edərək, onun adına tərtib edilmiş 459.20 manat pulun əsassız olduğunu bildirmiş və silinməsini xahiş etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən mənzildə guya sayğacsız təbii qazdan qeyri-qanuni istifadə olunması aşkar olunaraq bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.04.2020-ci il tarixli, ******* nömrəli akt tərtib olunaraq 453.60 manat dəymiş ziyan hesablandığı bildirilmiş və ona bu barədə 28.12.2020-ci il tarixli məktub göndərilmişdir. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən ona verilmiş cavab məktubu onu qane etmədiyi üçün o, məhkəməyə hazırki iddia ərizəsi ilə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehin nümayəndəsi Ç.N.Dibirov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. İddiaçının iddia tələbinin əsasını qaz xəttinə qeyri-qanuni qoşulma nəticəsində baş vermiş itirilmiş təbii qazın dəyərinin ödənilməsi üçün müvafiq tədbirlər nəticəsində hesablanmış borcun silinməsi təşkil edir. **********00001 saylı abonent kodu verilmiş ünvana Cavabdeh İB-nin səlahiyyətli əməkdaşları qaz xətlərinə və onların üzərinə quraşdırılmış sayğaclara baxış keçirərkən həmin fərdi yaşayış evini qazla təchiz edən qaz xəttinin üzərində təbii qazdan sayğacsız qeyri-qanuni istifadə halı aşkar etmişlər. İddiaçının qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə də lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Bu qanunazidd, qərəzli və təqsirli hərəkət nəticəsində Cavabdehnə böyük məbləğdə ziyan dəymişdir. ******* saylı, 30.04.2020-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında tərtib edilmiş 30.04.2021-ci il tarixli tələbnaməyə əsasən itirilmiş təbii qazın həcmi 4536 m3 təsdiq edilmişdir. Bu əsasla da Cavabdeh İB-nə qanunazidd təqsirli hərəkət nəticəsində dəymiş ziyan 453.60 manat hesablanmışdır. İddia ərizəsində isə sözügedən akt əsasında 459.20 manat borcun hesablandığı qeyd edilmişdir. Məhkəmə qanunun tələblərini nəzərə almadan qanunsuz qətnamə qəbul etmişdir. Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli 2(012)-5196/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərək, borcun qanuna uyğun hesablanmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi Ç.N.Dibirovun apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan Azəriqaz İB-nin 28.12.2020-ci il tarixli SOCAR**********30560046X02451 saylı məktubundan görünür ki, Bakı Regional Qazın Satışı Departamentinə ünvanlanmış **********00001 saylı istehlakçı hesabında yaranmış borcun araşdırılması barədə 22.12.2020-ci il tarixli ərizəyə baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Abşeron rayonu, Hökməli qəsəbəsi ünvanında yerləşən mənzildə sayğacsız təbii qazdan qeyriqanuni istifadə olunması aşkar olunaraq bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.04.2020-ci il tarixli ******* nömrəli akt tərtib olunaraq 453.60 manat dəymiş ziyan hesablanmışdır. Hazırda istifadədə olan mexaniki qaz sayğacı vasitəsi ilə istifadə edilmiş təbii qaza görə 5.60 manat olmaqla, 25.12.2020-ci il tarixə istehlakçı hesabında ümumilikdə 459.20 manat borc mövcuddur və İddiaçı tərəfindən ödənilməlidir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.04.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. İşə əlavə olan Azəriqaz İB-nin 30.04.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ2-in maksimal saatlıq qaz sərfi 0.6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 4536 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq 30.04.2020-ci il tarixli ******* saylı akt olmuşdur. İş materiallarında olan Azəriqaz İB-nin 30.04.2020-ci il tarixli aktından görünür ki, İddiaçı yaşadığı ünvan üzrə sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə edildiyinə görə təbii qaz təchizatı dayandırılmışdır. Abonent kodu **********00001 olan, İddiaçı adına olan abonent saldosundan görünür ki, ünvan 3 ünvanında 28.04.2020-ci il tarixdə Natek Enerji G-4 Mexanika tipli 40011715 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1) Aktlara əsasən hesablanmış abonentin 2020-ci ilə aid olan borcu 453.60 manat göstərilmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim olunmuş diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillə cavabdeh tərəfindən təqdim olunmuş fotolar müqayisə olunmuş, iddiaçı tərəfindən verilmiş fotoşəkildə olan darvaza və onun yanında quraşdırılmış sayğac Azəriqaz tərəfindən verilmiş fotoşəkillə tamamilə fərqli olmaqla tamamilə başqa ərazidir. Eyni zamanda, iddiaçı tərəfindən təqdim olunmuş diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus darvazanın yanında 1-ci sayğac işıq sayğacıdır və ondan sağda isə qaz sayğacı mövcuddur. Həmçinin, videoya baxışda görünür ki, qaz sayğacının qəfəsliyi ilə bağlı kənar qoşulma boruları aşkar edilməmişdir. Görüntüdə qəfəslik açılmış və sayğacın nömrəsi iddiaçıya məxsus olduğunu tam şəkildə sübut etmişdir. Sağyac işlək vəziyyətdədir və eyni zamanda, evə keçən borular göstərilmiş, boruda əlavə qoşulma müşahidə olunmamışdır. Asan-Sumqayıt tərəfindən verilmiş 01.05.2016-cı il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Y/M 6-cı küçə 5A saylı evdə qeydiyyatdadır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş «Qazdan istifadə Qaydaları»na (bundan sonra – Qaydalar) müvafiq olaraq qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (4.2). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (4.9). Sayğacın mexanika tipli olduğunu, ona nəzarət edilməsi qaz idarəsinin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, vəziyyətin bu hala gəlib çıxmasma səbəb birbaşa qaz idarəsidir və qaza və qaz qurğularına nəzarət edən işçilərdir. Belə ki, qaz paylayıcı şəbəkə öz vəzifə borclarını dürüst yerinə yetirməyərək Azərbaycan Respublikasının Nazirlər Kabineti «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı qərarının aşağıdakı bəndlərini kobud şəkildə pozmuşdur:- 2.1.3. İstehlakçının istismarda olan qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq, texniki baxış keçirilməsini təmin etmək və nəticələrini 2 (iki) nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini mütləq İstehlakçıya təqdim etmək; 2.1.5. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq; 2.1.10. İstehlakçının qaz sayğacını, onun texniki pasportunda göstərilmiş müddətdə ödənişsiz qaydada növbəti dövlət yoxlanılmasından keçirmək; 2.1.12. İstehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, Paylayıcının İstehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı İstehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və Paylayıcı ilə müvafiq müqavilə bağlanmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə İstehlakçıya yazılı bildiriş göndərmək; Məhkəmə belə qənaətə gəlir ki, qaz paylayıcı şəbəkə istismarda olan qaz sayğacını qanunun tələb etdiyi müddətdə yoxlasaydı bu hal ortaya çıxmazdı. Yoxlanmadığı və vəzifə səlahiyyətlərinə soyuq yanaşıldığı üçün sayğacda yaranan nasazlıq vaxtında aşkar edilməmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçıya məxsus sayğac onun mənzilindən kənarda quraşdırılmışdır. Göründüyü kimi, sayğacın abonentə aid mənzilin bayır hissəsində quraşdırılması həmin sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasını qeyri-mümkün edir. Məhkəmə 30.04.2020-ci il tarixli ******* saylı akt ilə bağlı qeyd edir ki, iddiaçıdan ödənilməsi tələb olunan 459.20 manat borc məbləği yuxarıda qeyd olunan akt əsasında təbii qazdan istifadə qaydalarının pozulması nəticəsi kimi hesablansa da, məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş 30.04.2020-ci il tarixli ******* saylı aktı sübut növü kimi qiymətləndirərək nəzərə almışdır. Belə ki, 30.04.2020-ci il tarixli ******* saylı akt hüquqmüəyyənedici sənəd olmadığından prosessual sənəd kimi qəbul edilir, həmin akt tərəflər üçün hər hansı bir hüquq və vəzifələr yaratmamaqla, yalnız abonentə məxsus qaz sayğacında olan qüsurun mövcud olmasını təsdiqləyən sənəddir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. İcra haqqında Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə əsasən, hal şahidi iştirak etdiyi icra hərəkətləri faktını, bu hərəkətlərin məzmun və nəticələrini müvafiq icra hərəkəti aktında öz imzası ilə təsdiq etməlidir. Hal şahidinin hansı icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək üçün dəvət olunduğunu, bu hərəkətlərin hansı icra sənədi əsasında həyata keçirildiyini bilmək, habelə həyata keçirilən icra hərəkətlərinə dair iradlarını bildirmək hüququ vardır. Hal şahidinin iradları onun özü və ya icra məmuru tərəfindən müvafiq icra hərəkətləri aktında qeyd olunur. Azərbaycan Respublikası MPM-nin 402-1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 20 dekabr 2021-ci il tarixli 2(012)- 5196/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar