Məhkəmə qərarları › İş №2(105)-1016/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1016/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1016/2025 05.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3700/2024 nömrəli, 28 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 3238,2 (üç min iki yüz otuz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 30 (otuz) manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 1848,6 (bir min səkkiz yüz qırx səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu olmaqla, iki müqavilə üzrə ümumilikdə 5136,8 (beş min yüz otuz altı manat səksən qəpik) manat borc və 76,68 (yetmiş altı manat altmış səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 4016 kodlu mətbəx mebeli üçün, 3238.2 (üç min iki yüz otuz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 336.8 (üç yüz otuz altı manat səksən qəpik) manat dəbbə, xx.xx.2023cü il tarixli müqaviləyə əsasən, kombi İmmergas üçün 1848.6 (bir min səkkiz yüz qırx səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 244.4 (iki yüz qırx dörd manat qırx qəpik) manat dəbbə olmaqla, ümumilikdə 5668 manat borcun və 76.68 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, 4016 kodlu mətbəx mebeli və kombi İmmergas almış və nəticədə mağazaya 5668 (beş min altı yüz altmış səkkiz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3379.2 (üç min üç yüz yetmiş doqquz manat iyirmi qəpik) manat (24 ay x 140.8 manat + 0 manat ilkin ödəniş) olan 4016 kodlu mətbəx mebeli üçün ümumilikdə, 3575 (üç min beş yüz yetmiş beş) manat olmaqla ondan, 3238.2 (üç min iki yüz otuz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 336.8 (üç yüz otuz altı manat səksən qəpik) manat dəbbə; digər xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən isə alqı-satqı qiyməti 1848.6 (bir min səkkiz yüz qırx səkkiz manat altmış qəpik) manat (18 ay x 102.7 manat + 0 manat ilkin ödəniş) olan kombi İmmergas üçün ümumilikdə, 2093 (iki min doxsan üç) manat olmaqla ondan, 1848.6 (bir min səkkiz yüz qırx səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 244.4 (iki yüz qırx dörd manat qırx qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 141 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədənkənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut sənədlər, tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qanunda təsbit edilmiş hüquqlarına əsasən cavabdeh qüsurlu malın lazımi keyfiyyətli mala dəyişdirilməsini satıcıdan tələb etmişdir. Buna baxmayaraq, satıcı "xxxx" MMC qüsurlu malı təmir etməkdə israr etmiş və qanunun tələblərinə riayət etməmişdir. Həmçinin, iddiaçının yanaşmasından məlum olur ki, mal həqiqətən qüsurludur. İşin hallarından da məlum olduğu kimi mətbəx mebelinin olduqca böyük bir hissəsi deffektlidir. Bu da qanunun tələbindən də göründüyü üzrə cavabdehə hüquq verir ki, o satıcıdan lazımi keyfiyyətdə olmayan malın müqaviləyə uyğun əşya ilə əvəzlənməsini tələb etsin. Birinci instansiya məhkəməsi qeyd olunan normaların tələblərini pozaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında lazımi qaydada həyata keçirməmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan normaların tələblərini pozaraq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. İşin hallarından da göründüyü kimi iş üzrə ekspert rəyi almaq olduqca vacibdir. Çünki alğı-satqı müqaviləsinin predmeti olmuş mətbəx mebelinin hansı hissələrinin qüsurlu olması və ümumilikdə neçə mebelin neçə faizinin yararsız olmasını yalnız onun rəyi ilə müəyyən etmək mümkündür. Lakin birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamış və iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ödənilməmiş 3238,2 manat pulun tutulması hissəsində ləğv edilməli və həmin hissədə iddianın qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni Cavabdeh alqı-satqı müqavilələri üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə müqavilələrin şərtlərini əhəmiyyətli dərəcədə pozması ilə əsaslandırmışdır. Cavabdeh bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qətnamənin mübahisələndirilən hissəsində, yəni iddia tələbinin təmin edilən hissəsində hüquqi qiymət verilməsini zəruri hesab edir. İşdən göründüyü kimi 3379.2 manat dəyərində 4016 kodlu mətbəx mebeli və 1848.6 manat dəyərində kombi “İmmergas” alınması üçün "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilələrinin bağlanması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi alqı-satqı müqaviləsi üzrə pulun ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 600.1, 600.4, 581-ci maddələri təşkil edir. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (Mülki Məcəllənin 600.1., 600.4-cü maddələri). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, mətbəx mebelinə tərəflərin (həmçinin iddiaçının cəlb etdiyi mütəxəssislərin) iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı mətbəx mebelində qüsurlar (qapıların tinlərində rəngin getməsi, petlələrin bağlandığı yerlərdə çatların olması, qapılarda simmetrikliyin itməsi və sair) olduğu müəyyən edilmişdir. Qeyd edilən qüsurların aradan qaldırılmasının mümkünlüyünün və çəkiləcək xərclərin miqdarının müəyyən edilməsi məhkəməəmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Belə ki, ekspertiza tədqiqatına təqdim edilmiş mebelə dəymiş ziyanın müəyyən edilməsi həmin sahə üzrə ixtisaslaşmış mütəxəssis tərəfindən müəyyən edilə bilər. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə ekspertizanın keçirilməsi mümkün olmamışdır. İşdən göründüyü kimi cavabdeh tərəfindən alınmış mətbəx mebelində bəzi qüsurlar olmuş, bununla əlaqədar iddiaçı tərəfindən ona mebelin təmir edilməsi təklif edilmiş, lakin cavabdeh bununla razılaşmamış, ona yeni mətbəx mebelinin təqdim edilməsini tələb etmişdir. Satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər (Mülki Məcəlləsinin 581.1-581.4-cü maddəsi). Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olubolmamasından asılı olmayaraq, satıcıdan öz seçimi alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını, əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etsin (Mülki Məcəllənin 587.1.1 maddəsi). Mülki Məcəllənin 5.3. və 425.1. maddələrinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 14.2., 77.1. və 88-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı). Göründüyü kimi tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinin şərtinə əsasən iddiaçı cavabdehə keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gəlməyən mal satmaqla üzərinə düşən öhdəliyi lazimi qaydada yerinə yetirmədiyindən, mövcud müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 587.1.1-ci maddəsinin tələbi baxımından əşyanın alış qiyməti azaldılaraq xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 4016 kodlu mətbəx mebeli üçün ödənilməmiş 3238,2 manat puldan 500 manat çıxılmaqla (3238,2-500=2738,2 manat), 2738,2 manat məbləğində pul iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır. Apellyasiya şikayətinin digər dəlili, yəni xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, kombi “İmmergas” üçün 1848.6 manat ödənilməmiş hissənin tutulması hissəsinə gəldikdə isə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə ona lazımi keyfiyyətdə olmayan əşyanın verilməsini təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Əksinə apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi hazırda həmin məhsuldan istifadə etmələrini bildirmişdir. Digər tərəfdən mülki işin 19-cu səhifəsindəki bildirişdən müəyyən olunur ki, qeyd olunan müqavilə üzrə məhsul tam qüsursuz halda cavabdehə təhvil verilmiş və o, bunu öz imzası ilə təsdiq etmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə razılaşmayaraq hesab edir ki, bu hissədə iddianı təmin etməkdə məhkəmə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 3238,2 manat pulun ödənilməmiş hissənin tutulması hissəsində ləğv edilməli və həmin hissədə iddianın qismən təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməli, ödənilməmiş hissənin məbləği 2738 (iki min yeddi yüz otuz səkkiz) manat 20 (iyirmi) qəpik müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə təmin olunan hissədə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 dekabr 2024-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 3238,2 manat pulun ödənilməmiş hissənin tutulması hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ödənilməmiş hissə 2738 (iki min yeddi yüz otuz səkkiz) manat 20 (iyirmi) qəpik məbləğində pul tutulsun. Mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar