Məhkəmə qərarları › İş №2(105)-1017/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1017/2024

04.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1017/2024 04.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-610/2024 nömrəli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Saatlı Rayon İcra Hakimiyyəti başçısının Əlisoltanlı kənd ərazisindəki qaçqın və köçkünlərin məskunlaşdığı inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 229 nömrəli, 22 noyabr 2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Saatlı rayonu, Əlisoltanlı kəndi ərazisindəki qaçqın və köçkün şəhərciyində müvəqqəti olaraq qeydiyyatdadır və hal-hazırda Sumqayıt şəhərində yaşayır.

2. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyi 8 saylı Mənzil Kommunal Sahəsinin 1361 nömrəli, xx.xx.2023cü il tarixli arayışından görünür ki, İddiaçı 42-ci məhəllə, yataqxana 11, otaq 12 ünvanında Cəbrayıl rayonundan məcburi köçkün kimi məskunlaşmışdır. 1993-cü ildən tək yaşayır.

3. Cavabdeh ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli abonent kartından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 42-ci məhəllə, ev-11/A ünvanında yerləşən 12 saylı mənzilə sudan istifadəyə görə 4 nəfər ailə tərkibi nəzərə alınmaqla 668.22 manat məbləğində borc hesablanmışdır.

4. Belə ki, mülki iş materiallarında olan Cavabdeh ASC Sumqayıt Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesab fakturadan görünür ki, dövr borcu 8 manat, dövr üzrə əvvəlki qalıq borcu 660 manat 22 qəpik olmaqla ümumillikdə 668 manat 22 qəpik məbləğində pul ödənilməlidir. Sonuncu ödəniş tarixi xx.xx.2023-cü il tarixdə olmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ASC tərəfindən onun adına açılmış **********20 abonent kodu əsasında Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11-də yerləşən 1 otaqdan ibarət 12 saylı otağa su sərfiyyatı ilə bağlı hesablanmış 668 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cəbrayıl rayonundan məcburi köçkün düşməklə 1993-cü ildən Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11-də yerləşən 1 otaqdan ibarət 2 saylı otaqda məskunlaşmışdır. Otaqda onun tək yaşamağına baxmayaraq cavabdeh təşkilat tərəfindən bu otaqda guya 4 nəfərin yaşadığı qeyd olunmuş və uzun illər ərzində adamsayı hesabı ilə hesablama aparılmaqla 4 nəfərə görə borc hesablanmışdır. O, bu illər ərzində sayğac göstərici əsasında ödənişləri həyata keçirmiş, lakin 4 nəfər şəxs qeydiyyatı üzrə adamsayı ilə aparılmış əsassız hesablamalar nəticəsində 668 manat borcun olması ona bildirilmişdir. Halbuki bu otaqda heç vaxt 4 nəfər yaşamamış və onun tək yaşamağı barədə ərazi MİS-dən rəsmi arayış da alınmışdır. Belə hesab edir ki, cavabdehin bu hərəkəti tam qanunsuzdur. Ona görə də 4 nəfər say hesabı əsasında hesablanmış 668 manat borc silinməlidir.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddiaçıya məxsus ünvanda 1 yanvar 2004-cü ildə İddiaçı adına kod açılaraq su təchizatı və kanalizasiya xidmətlərindən istifadə olunmuşdur. 2011-ci il tarixdən məlum Fərmana uyğun olaraq bütün borclar sıfırlanmışdır. Ona görə də iddiaçı tərəfindən 2016-cı ilə kimi heç bir ödəniş həyata keçirilməmişdir. Bu ünvanda 14 aprel 2017-ci il tarixdə sayğac quraşdırılmışdır. Sayğac quraşdırıldıqdan sonra ödənişləri isə qismən həyata keçirməyə başlamışdır. Lakin 2022-ci il və 2023-cü il tarixlərdə artıq ödənişləri olmuşdur. Onlar da borcdan çıxılmışdır. Eyni ünvanda 2017-ci il tarixdən sayğac quraşdırılan tarixə kimi 210 manat 47 qəpik borc vardır. İddiaçı bildirir ki, ünvanda tək yaşayır. Lakin ASC-yə onun tək yaşaması və məcburi köçkün olması barədə sənəd təqdim edilmədiyi üçün nəzərə almamışlar. 2021-ci il tarixdə isə artıq ünvanda sayğac olmuşdur. Sayğac quraşdırıldıqda isə ailə tərkibinin heç bir önəmi olmur. Çünki göstəricilərə uyğun olaraq da hesabat aparılır. Əvvəlki borclar sayğac quraşdırıldıqdan sonra yaranan borca əlavə olunur. Əvvəl adam başına yəni dörd nəfər üzrə hesabat aparılmış və cərimə yazılmışdır.

8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-610/2024 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbinin qismən təmin edilərək Cavabdeh ASC tərəfindən Sumqayıt şəhəri, 42-ci məhəllə, ev-11/A ünvanında yerləşən 12 saylı mənzilə sudan istifadəyə görə əsassız hesablanmış 393.57 manat məbləğində borc abonentin hesabından (abonent kodu 1**********20) silinməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 2 ünvanında sudan istifadəyə görə 4 nəfər ailə tərkibi nəzərə alınmaqla 393.57 manat məbləğində borc hesablanmışdır. Lakin həmin ünvanda arayışa əsasən müəyyən edilir ki, iddiaçı tək yaşamışdır. Hesablanmış borc iddiaçının ünvanda dörd nəfər şəxsin su sərfiyatından istifadə etməsi kimi hesabat aparıldığından 393.57 manat məbləğində borc əsassız və silinməlidir.

10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun 30.1, 59.1, 59.3, 61, 62-ci bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3”nın 4.1.3-cü bəndlərinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilib, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “X3”nın 7.4-cü bəndinə uyğun olaraq, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. İş materialarından da göründüyü kimi ünvanda xx.xx.2004-cü il tarixdə X1 adına kod açılaraq “su təchizatı və kanalizasiya xidmətlərindən” istifadə olunmuşdur. Ünvanda 4 nəfər ailə tərkibinə uyğun olaraq hesabat aparılmış və xx.xx.2017-ci il tarixdə sayğac quraşdırılmışdır. Lakin iddiaçı tərəfindən ailə tərkibində dəyişiklik olması, ünvanda tək yaşaması və məcburi köçkün olması barədə sənəd təqdim olunmadığından hesabat sayğac quraşdırılan tarixədək 4 nəfərailə tərkibinə uyğun olaraq aparılmışdır. Lakin məhkəmə qətnamə qəbul edərkən bu halı nəzərə almamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilib, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

18. Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. (...)

19. Maddə 136. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın tərkibi 136.1. Dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələrində sosial kirayə müqaviləsi və ya kirayə müqaviləsi üzrə yaşayan kirayəçinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: (...) 136.1.3. kommunal xidmətlərə görə haqq.

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu:

20. Maddə 5. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi prinsipləri

1. Su təchizatı və kanalizasiya müəssisələri öz vəzifələrini həyata keçirərkən aşağıdakı prinsiplərə əsaslanırlar: a) su təchizatı, tullantı sularının axıdılması və tullantıların atılması xidmətlərinin göstərilməsində öz xərcinin çıxarılması; b) istehlakçıların müvafiq keyfiyyətli və lazımi miqdarda su ilə, ilk növbədə içməli su ilə təmin olunması; c) su ehtiyatlarından səmərəli istifadə olunması; ç) tullantı suları və tullantıların təmizlənməsi və atılmasının etibarlı sisteminin yaradılması.

2. Su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.

3. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər X3 ilə tənzimlənir. X3 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “X3”

21. 4.1. İstehlakçıların vəzifələri aşağıdakılardır: (...) 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək; 7.4. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. 7.5. Suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir.

22. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının 31 yanvar 2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,3 manat müəyyən edilməklə, miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

24. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

25. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

28. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. İddiaçı əsassız olaraq hesablanmış 668 manat məbləğində borcun silinməsi barədə tələbini qeyd olunan mənzildə tək yaşadığı halda verilmiş suyun və axıdılmış tullantı sularının dəyərinin 4 nəfər olmaqla hesablanması ilə əsaslandırmışdır.

32. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Suölçən cihazlar quraşdırılmadan yeni obyektlərin istifadəyə verilməsi qadağan olunur.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “X3”nın 6.5-ci bəndinə əsasən, istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir.

34. Həmin Qaydaların 7.4-cü bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir.

35. Cavabdeh-iddiaçı tərəfindən ailə tərkibində dəyişiklik olması, ünvanda tək yaşaması və məcburi köçkün olması barədə sənəd təqdim olunmadığından hesabatın sayğac quraşdırılan tarixədək 4 nəfər ailə tərkibinə uyğun olaraq aparıldığını göstərsə də, iddiaçının əvvəllər həmin ünvanda 4 nəfərdən ibarət ailə tərkibində yaşaması barədə iddiaçıya məlumat verməsinə dair sübutu məhkəməyə təqdim etməmişdir.

36. İşdən göründüyü kimi cavabdehin iddiaçı tərəfindən istehlak edilən suyun sərfinə görə yaranmış borca dair hesablamanı düzgün aparmaması təsdiqini tapır. Düzgün hesablanmamış suyun dəyərinin isə istehlakçı tərəfindən ödənilməsinin tələb edilməsi əsassızdır.

37. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.

38. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-610/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar