Məhkəmə qərarları › İş №2(105)-103/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-103/2025

09.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-103/2025 09.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilərək, vərəsəlik üzrə payın müəyyən olunması tələbinə dair mülki iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, X31 və X5 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13, X10 və X18 cəlb olunmaqla) Cavabdeh qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(027)- 1185/2024 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. JN-068F, kodd 30317018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Quba rayon AİK-nın xx.xx.1998-ci il tarixli qərarı ilə ünvan 1i ərazisində yerləşən 0.23-ha torpaq sahəsi X6, X7, Cavabdeh verilmişdir.

2. JN-0482, kodd 30317018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Quba rayon AİK-nın xx.xx.1999-cu il tarixli qərarı ilə ünvan 1i ərazisində yerləşən 0.48-ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6, X7, Cavabdeh verilmişdir.

3. Abşeron TİB tərəfindən X8 verilmiş 028 qeydəalma nömrəsilə 77 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 99.3 kv/m ha, yaşayış sahəsi 30.9 kv/m, yardımçı sahəsi 68.4 kv/m olan 2 otaqlı fərdi yaşayış evi X6 adına qeydiyyata alınmışdır.

4. AZ-İ 476857 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 10 nömrə ilə qeydiyyata alınmışdır.

5. AZ-İ 908183 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 20 nömrə ilə qeydiyyata alınmışdır.

6. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Quba rayonu, Qəçrəş kəndi ünvanında qeydiyyatda olan Cavabdeh xx.xx.2017-ci il tarixdə vəfat etmiş X9 vərəsəsidir və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK Quba rayon Şöbəsi tərəfindən xx.xx.2004 tarixdə X11 verilmiş seriya nömrəsi JN-068F, kod 30317018 saylı şəhadətnaməyə əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.23 ha olan torpaq sahəsinin X11 çatan hissəsidir.

7. xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Quba rayonu, Qəçrəş kəndi ünvanında qeydiyyatda olan Cavabdeh xx.xx.2005-ci il tarixdə vəfat etmiş X6 vərəsəsidir və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK Quba rayon Şöbəsi tərəfindən xx.xx.2004 tarixdə X8 verilmiş seriya nömrəsi JN-068F, kodd 30317018 saylı şəhadətnaməyə əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.23 ha olan torpaq sahəsinin X8 çatan hissəsidir.

8. xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Quba rayonu, Qəçrəş kəndi ünvanında qeydiyyatda olan Cavabdeh xx.xx.2005-ci il tarixdə vəfat etmiş X6 vərəsəsidir və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Abşeron TİB tərəfindən X8 verilmiş 028 qeydəalma nömrəsilə 77 nömrəli kitabda qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 99.3 kv/m ha, yaşayış sahəsi 30.9 kv/m, yardımçı sahəsi 68.4 kv/m olan 2 otaqlı fərdi yaşayış evindən ibarətdir.

9. xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Quba rayonu, Qəçrəş kəndi ünvanında qeydiyyatda olan Cavabdeh xx.xx.2005-ci il tarixdə vəfat etmiş X6 vərəsəsidir və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK Quba rayon Şöbəsi tərəfindən xx.xx.2002 tarixdə X8 verilmiş seriya nömrəsi JN482, KOD:30317018 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.48 ha olan torpaq sahəsinin X8 çatan hissəsinən ibarətdir.

10. xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Quba rayonu, Qəçrəş kəndi ünvanında qeydiyyatda olan Cavabdeh xx.xx.2017-ci il tarixdə vəfat etmiş X9 vərəsəsidir və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak DTXK Quba rayon Şöbəsi tərəfindən xx.xx.2002 tarixdə X11 verilmiş seriya nömrəsi JN482, KOD:30317018 olan dövlət aktına əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.48 ha olan torpaq sahəsinin X11 çatan hissəsinən ibarətdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh X33 Xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş: -X6 adına ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 99,3 kv.m, yaşayış sahəsi 30,9 kv.m, yardımçı sahəsi 68,4 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə tam hissədə paya dair 2V-260 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin (V-2304/2012 nömrəli vərəsəlik işi); - Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə (seriya JN-068 kod ********) əsasən X6 və X7 ümumi birgə mülkiyyətində olmuş ünvan 1i ünvanında yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin onlara çatan hissəsinə paya dair 2V-261 reyestr nömrəli və 2V-262 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin (V-2304/2012 və V-193/2021 nömrəli vərəsəlik işləri); - Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına (seriya JN-0482 kod ********) əsasən X6 və X7 ümumi birgə mülkiyyətində olmuş ünvan 1i ünvanında yerləşən 0,48 ha torpaq sahəsinin onlara çatan hissəsinə tam hissədə paya dair 2V-351 reyestr nömrəli və 2V-352 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin (2304 və 193 nömrəli vərəsəlik işləri) etibarsız hesab olunması; - Quba rayonu, Qəçrəş kəndi ünvanında yerləşən ümumi sahəsi 99,3 kv.m, yaşayış sahəsi 30,9 kv.m, yardımçı sahəsi 68,4 kv.m olan 2 otaqlı fərdi yaşayış evi və 0,23 ha torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və bu barədə ona verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması və - Abşeron TİB tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə (sənədin nömrəsi 028, tarixi xx.xx.1989-cu il) əsasən X6 adına olmuş ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 99,3 kv.m, yaşayış sahəsi 30,9 kv.m, yardımçı sahəsi 68,4 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin üzərində ½ hissədə, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə (seriya JN-068 kod ********) əsasən X6 və X7 ümumi birgə mülkiyyətində olmuş, ünvan 1i ünvanında yerləşən, 0,23 ha həyətyanı torpaq sahəsinin 2/3 hissəsi üzərində ½ hissədə, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına (seriya JN-0482 kod ********) əsasən X6 və X7 ümumi birgə mülkiyyətində olmuş ünvan 1i ünvanında yerləşən 0,48 ha torpaq sahəsinin 2/3 hissəsi üzərində 1/2 hissədə onun vərəsəlik payının müəyyənləşdirilərək ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh qardaşıdır. X2 xx.xx.2005-ci il tarixdə, anaları X15 xx.xx.2017-ci il tarixdə Quba rayonunun Qəçrəş kəndində vəfat etmişlər. Onların vəfatından sonra aşağıdakı əmlaklar miras qalmışdır: 1. X6 adına, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 99,3 kv.m, yaşayış sahəsi 30,9 kv.m, yardımçı sahəsi 68,4 kv.m olan 2 otaqlı fərdi yaşayış evi 2. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X6 və X7 ümumi birgə mülkiyyətində olmuş, ünvan 1i ünvanında yerləşən, 0,23 ha həyətyanı torpaq sahəsinin 2/3 hissəsi (1/3 hissəsi Cavabdeh aiddir); 3. Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X6 və X7 ümumi birgə mülkiyyətində olmuş ünvan 1i ünvanında yerləşən 0,48 ha torpaq sahəsinin 2/3 hissəsi (1/3 hissəsi Cavabdeh aiddir). Qeyd edir ki, 0,23 ha torpaq sahəsi atasının adına olan fərdi yaşayış evinin həyətyanı sahəsidir. Bildirir ki, ailədə 3 qardaş, 2 bacı olublar, yaşca ən böyük olmuşdur. O və qardaşı Aydın, eləcə də bacıları Mehparə və Mehriban ailə qurduqdan sonra valideynlərindən ayrı yaşamışdılar, Zaur isə valideynlərlə birlikdə yaşayıb. Buna baxmayaraq, atasının vəfatından sonra analarının qayğısına həmişə evin böyük övladı kimi ən çox özü qalmışdır, o, xəstələnəndə qulluğunda özü olmuş, müalicə xərcini özü çəkmişdir, evin, təsərrüfatın idarə olunmasında iştirak etmişdir, ata evinin həyətyanı sahəsindəki ağacların demək olar ki, hamısını əkib-becərmiş, həyətdə əlavə təsərrüfat təyinatlı tikililəri, o cümlədən tövləni tikmişdir. Anası da vəfat edəndən sonra, yenə də qeyd olunan əmlakların idarə olunmasında iştirak etmişdir. Anası vəfat edəndən sonra Zaur söz verdi ki, valideynlərindən qalan əmlakların sənədlərini tapıb, hər birinin, o cümlədən onun payını adına keçirilməsi üçün nə lazımdırsa edəcəkdir, yəni notariusa müraciət edib vərəsəlik işi açdıracaqdır. Hətta demişdir ki, özü notariusa müraciət edəndə onu da xəbərdar edəcək ki, birlikdə ərizə versinlər. Lakin hər dəfə ondan bu barədə soruşanda deyirdi ki, sənədləri tapa bilmir, “darıxma, narahat olma məşğul olacam”. Nəhayət, bu ilin yanvar ayının ortalarında eşidib ki, Zaur bütün əmlakı notarial qaydada öz adına keçirib. Bu barədə ondan soruşsa da, etiraf etməyib. Məcbur olub Quba Regional “Asan Xidmət” Mərkəzində olan notariat ofisinə müraciət edib və məlum olub ki, həqiqətən də Zaur əmlakları vərəsəlik qaydasında öz adına sənədləşdirib. Notariat ofisindən rəsmi məlumat istəsə də, ona bildirildi ki, yalnız vəkil sorğusu və ya məhkəmə qaydasında sənədləri əldə edə bilər. Ona görə də vəkilə müraciət edib və “Asan Xidmət” Mərkəzində fəaliyət göstərən notariat ofisindən vəkil sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli, 469 nömrəli məktubla göndərilmiş vərəsəlik işlərindən aydın oldu ki, qardaşı Zaur ona bildirmədən fərdi ev və 0,23 ha torpaq sahəsi ilə bağlı xx.xx.2021-ci il tarixli, 0,48 ha torpaq sahəsi ilə bağlı xx.xx.2021-ci il tarixli ərizələrlə notariusa müraciət edərək, miras əmlakı qəbul etməsini bildirib, ona qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Asan xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X17 tərəfindən ona vərəsə qismində: - X6 adına ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 99,3 kv.m, yaşayış sahəsi 30,9 kv.m, yardımçı sahəsi 68,4 kv.m olan 2 otaqlı fərdi yaşayış evinə tam hissədə paya dair 2V-260 reyestr nömrəli, 12. 03.2021- ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə (V-2304/2012 nömrəli vərəsəlik işi); - Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə (seriya JN-068 kod ********) əsasən X6 və X7 ümumi birgə mülkiyyətində olmuş ünvan 1i ünvanında yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin onlara çatan hissəsinə paya dair 2V-261 reyestr nömrəli və 2V-262 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr (V- 2304/2012 və V-193/2021 nömrəli vərəsəlik işləri) verilmişdir. Habelə, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına (seriya JN-0482 kod ********) əsasən X6 və X7 ümumi birgə mülkiyyətində olmuş ünvan 1i ünvanında yerləşən 0,48 ha torpaq sahəsinin onlara çatan hissəsinə tam hissədə paya dair Quba Regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X19 tərəfindən 2V-351 reyestr nömrəli və 2V-352 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr (2304 və 193 nömrəli vərəsəlik işləri) verilmişdir. Həmçinin, vəkil araşdırması ilə məlum olmuşdur ki, Cavabdeh qeyd olunan şəhadətnamələri əldə etdikdən sonra onları daşınmaz əmlakın dövlət reyestri xidmətinə təqdim edib miras əmlak üzərində özünün mülkiyyət hüququnun qeydə alınmasına nail olmuşdur. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsindən vəkil sorğusuna verilmiş Məlumatın təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-2387/2024 nömrəli məktubdan görünür ki, fərdi yaşayış evi və 0,23 ha torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququnun qeydə alınmasına dair xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış verilmiş, 0.48 ha torpaq sahəsi üzərində isə elektron kadastr uçotu sistemində azalma olduğu üçün onun ərizəsinin icrasına imtina verilmişdir.

13. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, O Rusiyada yaşayan vaxtlarda yaxşı pul qazanıb, kiçik qardaşına çox köməklik göstərib, atası və anası xəstələnəndə həmişə onlara maddi yardım göstərib, onların digər maddi ehtiyaclarını ödəyib.

14. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən şəxs X13 izahatında bildirmişdir ki, hazırda qardaşları arasında mübahisə gedən əmlak onların valideynlərinə məxsus olub. Onlar rəhmətə gedəndən sonra təsərrüfatı kiçik qardaşı Zaur idarə edib. Atası vəfat edəndən sonra, təsərrüfat anasına keçib. Onun yanında da Zaur yaşamışdır. Bütün maddi və mənəvi xərclərini Zaur ödəmişdir. O və digər bacı və qardaşları bir qonaq kimi gedib-gəliblər. Ata evində Zaur qalıb. O valideynlərindən qalan özünə düşən miras əmlakdan qardaşı Zaurun xeyrinə imtina etmişdir və öz payını Zaura verilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən X10 izahatında bildirmişdir ki, valideynlərindən qalan özünə düşən miras əmlakdan qardaşı Zaurun xeyrinə imtina etmişdir və öz payını Zaura verilməsini xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən X18 izahatında bildirmişdir ki, sözü gedən yaşayış evi ata yurdudur. Atası rəhmətə gedəndən sonra təsərrüfatı anası idarə etmişdir. O evdə kiçik qardaşı Zaur qalmış. Ata və analarına ən çox Zaur baxmışdır. Onlar azdançoxdan köməklik etmiş, lakin ən çox Zaur baxmışdır. valideynlərindən qalan miras-əmlaka sahiblik etməyə onun haqqı çatır. Digər vərəsələrin evləri və ayrıca təsərrüfatları vardır. O da öz növbəsində özünə düşən paydan kiçik qardaşı Zaurun xeyrinə imtina etmişdir.

17. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(027)-1185/2024 nömrəli qətnaməsi ilə (hakim Aydın Babayev) iddia qismən təmin olunmuş, Quba Regional “Asan xidmət” mərkəzinin notariat ofisi tərəfindən Cavabdeh verilmiş xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli, “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə”lərin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr asasında aparılmış Quba rayonu, Qəçrəş kəndi ünvanında yerləşən ümumi sahəsi 2 otaqlı fərdi yaşayış evi və 0,23 ha torpaq sahəsinə dair Cavabdeh mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması, X3 və X4 miras qalmış Quba rayonu, Qəçrəş kəndində yerləşən ümumi sahəsi 99,3 kv.m, yaşayış sahəsi 30,9 kv.m, yardımçı sahəsi 68,4 kv.m olan 2 otaqlı fərdi yaşayış evinin 1/3 hissəsinə İddiaçı, 2/3 hissəsinə Cavabdeh vərəsəlik hüququ və ünvan 1i ünvanında yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin və Quba rayonu, Qəçrəş kəndində yerləşən 0,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/9 hissəsinə İddiaçı və 4/9 hissəsinə Cavabdeh vərəsəlik hüququnun tanınması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

18. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1, 1133.1, 1134.1, 1145, 1146, 1157, 1159.1.1, 1243.2, 1243.3, 1246, 1291, 1321, 1325-ci maddələri və “Notariat haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(027)-1185/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, iddiaçının atası X14 xx.xx.2005-ci il tarixdə, anası X15 isə xx.xx.2017-ci il tarixdə vəfat etmişlər. Mirası nə faktiki, nə də hüquqi qəbul etməyən İddiaçı illər sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. O zamandan iddiaçı mirası faktiki və ya notariat orqanına ərizə verməklə qəbul etməmişdir. Halbuki, iddiaçı miras əmlakı, o cümlədən vərəsəliklə bağlı noratusa müraciət edilməsi barədə məlumatlı olmuşdur. Məhkəmə isə iddiaçının heç bir sübuta söykənməyən ifadələrini həqiqət kimi qəbul etmişdir. Məhkəmədə ifadə vermiş 3-cü şəxslərin ifadələri iddiaçının mirası faktiki qəbul etməməsi və qeyd olunanlar barədə məlumatlı olmasını təsdiq etmişlər. Bundan başqa, İddiaçı atasının vəfatından sonra anasının qayğısına qalması, o, xəstələnəndə qulluğunda olduğu, müalicə xərcini çəkdiyi, evin, təsərrüfatın idarə olunmasında iştirak etdiyi, ata evinin həyətyanı sahəsindəki ağacları əkib-becərdiyi, həyətdə əlavə təsərrüfat təyinatlı tikililər tikdiyini, habelə anası vəfat edəndən sonra, yenə də qeyd olunan əmlakların idarə olunmasında iştirak etdiyinə dair göstərdiklərinin heç biri məhkəmədə təsdiqini tapmamışdır. Göstərilənlərin əksinə iddiaçının nə valideynlərinə, nə də miras əmlaka münasibətdə heç bir hərəkəti, fəaliyyəti olmamışdır. İş materialları, o cümlədən 3-cü şəxslərin ifadələri ilə sübuta yetirilib ki, Cavabdeh isə iddiaçıdan fərqli olaraq mirası həm faktiki, həm də notariat orqanına ərizə verməklə qəbul etmiş, həmişə valideynlərinin yanında olmuş, onlara qulluq etmiş, bütün müalicə xərclərini borcla, kreditlə də olsa tək çəkmişdir. Bütün təsərrüfatı da təkbaşına idarə etmiş, oradakı hər əmlaka əziyyəti özü çəkmişdir. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Bildirir ki, tərəflərin atası X14 hələ sağ ikən iş üzrə mübahisəli Quba rayonu, Qəçrəş kəndində yerləşən 0,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,11 ha hissəsini qonşusu X1 barədə razılaşmış, bundan sonra qeyd olunan torpaq sahəsinin 0,11 ha hissəsi Quba rayon DNK-da xx.xx.2005-ci il tarixdə 4-ə-1002 saylı alqı-satqı müqaviləsi ilə satılmış və Zeynalabdin Həsənovun adına xx.xx.2006-cı il tarixli dövlət aktı verilmişdir. Bundan sonra Zeynalabdin Həsənov torpaq sahəsini aldıqdan sonra orada tikililər inşa etmişdir. Həmin dövrdəki bir çox sənədlər, o cümlədən bu alqı-satqıya dair müqavilə itdiyi üçün əldə edilməsi mümkün olmamışdır. Mübahisələndirdiyi torpaq sahəsinin 0,11 ha-nın satılması barədə məlumatlı olan iddiaçı bu faktı məhkəmədən gizlətmişdir. Hesab edir ki, işə baxan hakim işin faktiki, həqiqi hallarını araşdırmaqda maraqlı olmamış, təqdim edilmiş dəlillərin müqayisəli təhlilini aparmamış və əsassız qətnamə qəbul etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə tərəflər arasında barışıq əldə olunduğunu, barışıq sazişi imzalandığını və barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı barışıq sazişində olan şərtlərin ona aydın olduğunu bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iddiaçı ilə barışdığını bildirdi və barışıq sazişinin şərtlərinin ona aydın olduğunu, iş üzrə icraata xitam verilməsini xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 barışıq sazişinin şərtlərinin onlara aydın olduğunu bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi.

25. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X18, Mehriban Bayramova və Mehparə Çobanova öz paylarından qardaşları Cavabdeh xeyrinə imtina etdiklərini bildirmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.

26. Məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X33 Xidmət Mərkəzində fəaliyyət göstərən Notariat ofisinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəməyə ünvanladığı 04 yanvar 2025-ci il tarixli məktub ilə məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

27. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 370. İddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

29. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. (...)

30. Maddə 261. İcraata xitam verilmə əsasları 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: (...) 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; (...)

31. Maddə 262. İcraata xitam verilmə qaydası və nəticələri 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. (...)

32. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir (...)

33. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

34. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: (...) 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;

Apellyasiya baxışının hədləri

35. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. İşə apellyasiya qaydasında baxılarkən tərəflər barışıq sazişinin təsdiq edilməsi barədə ərizəni və barışıq sazişini məhkəməyə təqdim edərək, aralarında bağlanmış barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər.

37. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında barışıq əldə edildiyindən, ərizələr təmin edilməli, barışıq sazişi təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və barışıq sazişi təsdiq edilməklə iş üzrə icraata xitam verilməlidir.

38. Azərbaycan Respublikası MPM-in 370.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır.

39. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur.

40. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsəsən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, barışıq sazişi tərəflərin iradə ifadəsi ilə verildiyindən təsdiq edilməlidir.

42. Kollegiya həmçinin qeyd edir ki, MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir.

43. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 384, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı və Cavabdeh tərəfindən verilmiş ərizə qəbul edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(027)-1185/2024 nömrəli qətnaməsi ləğv edilsin. Tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış 09 yanvar 2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin: 1) Cavabdeh xx.xx.2021-ci il tarixli, ********** qediyyat nömrəli çıxarış ilə hal-hazırda mülkiyyətində olan Quba rayonu, Qəcrəş kəni ünvanında yerləşən 0,23 ha həyətyanı torpaq sahəsinin 0,12 ha hissəsini (əmlakın sol hissəsində yaşayış evinin yerləşmədiyi boş torpaq sahəsini) 10 (on) iş günü müddətində iddiaçıya bağışlamağı öhdəsinə götürür. 2) İddiaçı hazırkı iş üzrə mübahisəli əmlaklara dair hər hansı tələbinin qalmadığını və bundan sonra da olmayacağını bildirir. İddiaçı Cavabdeh qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və s. tələbinə dair 2(105)-103/2025 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə)verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar