Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1032/2021 17.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X4, iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi X6, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-83/2020 saylı qətnaməsindən iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi C.V.Dosiyevin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-83/2020 saylı qətnaməsi ilə (hakim C.İ.Səfiyeva) iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi C.V.Dosiyev apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-83/2020 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı “Qaz İxrac” İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X9 balans və istismarında olan 1020/720 mm diametrli 37 atmosfer təzyiqli “Qarabağ KS-Digah-Şimal DRES” İ sinif yeraltı magistral qaz kəmərinin Abşeron rayonu Digah qəsəbəsindən keçən hissəsində, kəmərin mühafizə zonasında, magistral qaz kəmərindən 15 metr məsafədə daş hasar və 30 metr məsafədə yaşayış evi inşa edilmişdir. Qeyd edilən ərazidə magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş və inşası davam etdirilən tikililər barədə müvafiq tədbirlər görülməsi üçün xx.xx.2012-ci il tarixli AP-927/4-14 saylı; xx.xx.2013-cü il tarixli GB-71/4-14 saylı; xx.xx.2013-cü il tarixli GB-327/4-14 saylı; xx.xx.2013-cü il tarixli GB850/4-14 saylı məktublarla müvafiq olaraq Abşeron Rayon İcra Hakimiyyətinə, Abşeron Rayon Prokurorluğuna, Abşeron Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin fövqaladə halların xəbərdar edilməsi Baş İdarəsinə, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz görülməsi və X7 Agentliyinə, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinə rəsmi müraciətlər edilmişdir. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz görülməsi və X7 Agentliyinin xx.xx.2013-cü il tarixli 25/2401572 saylı məktubuna əsasən qeyd olunan ərazidə (kəmərin mühafizə zonasında) texniki təhlükəsizlik qaydaları tələblərinin pozulması faktları təsdiqlənmiş və məhkəmə orqanlarına müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir. Qeyd olunan magistral qaz kəmərinin (“Qarabağ KS-Digah-Şimal DRES”) və eləcə də Abşeron rayonu ərazisindən digər yüksək təzyiqli qaz kəmərlərinin mühafizə zonasında tikintisi aparılmış və aparılmaqda olan özbaşına tikililərlə bağlı müvafiq tədbirlərin görülməsinə dair, daha dəqiqliklə magistral qaz kəmərlərinin bütövlükdə Abşeron rayonu ərazisindən küçən hissəsində insan tələfatı ilə nəticələnə biləcək partlayış, yanğın, qəza və dağıntıların, hər hansı bədbəxt hadisənin vaxtında qarşısının alınması və magistral qaz kəmərlərinin normal iş rejiminin təmin edilməsi üçün kəmərlərin mühafizə zonasında yerləşən bu və s. kimi tikili sahiblərinin şəxsiyyətinin (ad, soyad, ata adı və təvəllüdü), sonuncunun poçt ünvanlarının müəyyən edilməsi məqsədi ilə əlaqədar ətraflı araşdırma aparılmasına dair aidiyyatı şəxslərə müvafiq göstərişlər verməsi, aparılmış və icra edilmiş araşdırmaların nəticəsi barədə müraciət müəllifi qismində Abşeron MQKS-yə qısa müddətdə cavab verilməsinin təmin edilməsi məqsədi ilə Abşeron rayon İcra Hakimiyyəti Başçısının adına MV-190/01/OH saylı məktubla xx.xx.2017-ci il tarixində təkrarən müraciət olunmuşdur. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 673-1 №-li məktubundan görünür ki, nöqsanların araşdırılması üçün icra hakimiyyəti əməkdaşları tərəfindən işçi qrupu yaradılmış, işçi qrupu qaz kəmərinin mühafizə yerində baxış keçirmiş və magistral xətt boyunca 37 halda mühafizə rejiminin pozulması faktı aşkar edilmişdir. Həmin 37 ədəd qanunsuz tikili siyahısının 13-cü sırasında vətəndaş Cavabdeh1 məxsus fərdi yaşayış evi də göstərilmişdir. xx.xx.2017-ci il tarixdə Abşeron rayonu Digah qəsəbəsi ərazisində, 1020/720 mm diametrli 37 atmosfer təzyiqli “Qarabağ KS-Digah-Şimal DRES” İ sinif yeraltı magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh1 tərəfindən kəmərdən 15 metr məsafədə daş hasar və 30 metr məsafədə yaşayış evinin inşa edilmiş olması barədə 1 saylı XİXnin əməkdaşları tərəfindən AKT tərtib edilmiş, lakin adı çəkilən vətəndaş ünvanda olmadığından ona xəbərdarlıq məktubunun verilməsi mümkün olmamışdır. Ona görə də, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X9 balans və istismarında olan 1020/720 mm diametrli 37 atmosfer təzyiqli “Qarabağ KS-Digah-Şimal DRES” İ sinif yeraltı magistral qaz kəmərinin Abşeron rayonu Digah qəsəbəsindən keçən hissəsində, kəmərin mühafizə zonasında Cavabdeh1 tərəfindən inşa edilmiş daş hasar və fərdi yaşayış evinin onun hesabına əvəzi ödənilmədən sökülməsi, mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun Cavabdeh1 tutularaq “Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi xx.xx.2019-cu il tarixli ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş və məhkəmə tərəfindən ərizə təmin edilərək sonuncu cavabdeh qismində tanınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi C.V.Dosiyev verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi C.V.Dosiyev apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətinə etiraz edib, rədd edilməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin ediməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etməkdən imtina etdikdə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X9 balans və istismarında olan 1020/720 mm diametrli 37 atmosfer təzyiqli “Qarabağ KS- Digah-Şimal DRES” İ sinif yeraltı magistral qaz kəmərinin cavabdehlər tərəfindən daş hasar alınmış torpaq sahəsindən ara məsafəsi 6,70 metr təşkil etməklə, mühafizə zonası düşür. Lakin, bunla belə nəzərə almaq lazımdır ki,cavabdehlər mübahisəli ərazidəki tikilinin özbaşına yox, Məmmədli kənd Bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 121 saylı Qərarı əsasında aparmışlar. Hansı ki, həmin qərarla Cavabdeh2 bəlidəyyənin fondundan, ev tikib yaşamaq üçün 0,05 ha. torpaq sahəsi ayrılmışdır. Bələdiyyənin həmin qərarı hal-hazırda qüvvədədir və ləğv edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən maddi və prosesual hüquq normalarının tətbiqində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Abşeron MQKS-nin nümayəndələri Rüfət Hüseynquliyev, Samir Məmmədov və Mirseymur Həsənov tərəfindən tərtib edilmiş xx.xx.2017-ci-ci il tarixli aktdan müəyyən edilir ki, Abşeron rayonu Digah qəsəbəsi ərazisində, 1020/720 mm diametrli 37 atmosfer təzyiqli “Qarabağ KS-Digah-Şimal DRES” İ sinif yeraltı magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 15 metr məsafədə daş hasar və 30 metr məsafədə yaşayış evinin inşa edilmişdir. Aslanov X8 rayonu Digah qəsəbəsi ərazisində, 1020/720 mm diametrli 37 atmosfer təzyiqli “Qarabağ KS-Digah-Şimal DRES” İ sinif yeraltı magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 15 metr məsafədə daş hasar və 30 metr məsafədə yaşayış evini ləğv edərək magistral qaz kəmərindən 50 metr kənarlaşması barədə xəbərdar edilmişdir. Magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş və inşası davam etdirilən tikililər barədə müvafiq tədbirlər görülməsi üçün xx.xx.2012-ci il tarixli AP-927/4-14 saylı; xx.xx.2013-cü il tarixli GB-71/4-14 saylı; xx.xx.2013-cü il tarixli GB-327/4-14 saylı; xx.xx.2013-cü il tarixli GB-850/4- 14 saylı məktublardan müəyyən edilir ki, Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi tərəfindən Abşeron rayon İcra Hakimiyyətinə, Abşeron Rayon Prokurorluğuna, Abşeron Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin fövqaladə halların xəbərdar edilməsi Baş İdarəsinə, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz görülməsi və X7 Agentliyinə, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinə rəsmi müraciətlər edilmişdir. Məhəmmədli kənd bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli qərarından çıxarışdan görünür ki, Abşeron rayonunun Məhəmmədli kəndində yaşayan Cavabdeh2 ərizə ilə bələdiyyəyə müraciət edərək ev tikmək üçün ailə vəziyyətini yaxşılaşdırmaqdan ötəri torpaq sahəsi istəmiş və vətəndaş Cavabdeh2 vəziyyətini nəzərə alaraq ona bələdiyyə fondundan 0,05 ha torpaq sahəsinin ayrılması, ev tikib yaşaması üçün göstərilən torpaq sahəsi növbəlik əsasında vətəndaş Cavabdeh2 verilməsi qeyd edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(012)-1329/2019 saylı qərardadı ilə Cavabdeh1 inşa etdiyi daş hasar və fərdi yaşayış evinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X9 balans və istismarında olan 1020/720 mm diametrli 37 atmosfer təzyiqli “Qarabağ KS-Digah-Şimal DRES” İ sinif yeraltı magistral qaz kəmərinin Abşeron rayonu Digah qəsəbəsindən keçən hissəsində kəmərin mühafizə zonasına düşüb-düşməməsini müəyən etmək məqsədi ilə rəy verilməsindən ötrü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə tapşırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2019-cu il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, elektron kadastr məlumat bazasına əsasən kameral şəraitdə iş araşdırılarkən məlum oldu ki, Cavabdeh1 tərəfindən daş hasara alınmış 0,0496 ha torpaq sahəsi SOCAR “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X9 1 saylı Xətti İstismar Xidmətini rəis müavini X2 tərəfindən göstərilmiş (dəmir lövhə) SOCAR “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X9 balans və istismarında olan 1020/720 mm diametrli 37 atmosfer təzyiqli “Qaradağ JS-Digah_Şimal DRES” İ sinif Abşeron rayonunun, Digah qəsəbəsindən keçən yeraltı magistral qaz kəmərinin mühafizə zonasında yerləşməsi müəyyən edilir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(012)-1329/2019 saylı qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X9 balans və istismarında olan 1020/720 mm diametrli 37 atmosfer təzyiqli “Qarabağ KS- Digah-Şimal DRES” İ sinif yeraltı magistral qaz kəmərinin Abşeron rayonu Digah qəsəbəsindən keçən hissəsində kəmərin mühafizə zonasında cavabdehlər tərəfindən tikilmiş mübahisəli hasar və fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Məhəmmədli kənd Bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 10 (21) saylı qərarı ilə Cavabdeh2 ayrılmış 0,05 ha torpaq sahəsi olub-olmaması müəyyən etmək məqsədi ilə rəy verilməsindən ötrü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə tapşırılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2019-cu il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, Məhəmmədli kənd Bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 10 (21) saylı qərarı ilə Cavabdeh2 ayrılmış 0,05 ha torpaq sahəsinə aid daşınmaz əmlaka dair hüquq müəyyənedici (dövlət aktı, şəhadətnamə, çıxarış) və texniki sənədlər (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü və s.) təqdim olunmamış, lakin elektron kadastr məlumat bazasına əsasən kameral şəraitdə iş araşdırılarkən məlum olmuşdur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X9 balans və istismarında olan 1020/720 mm diametrli 37 atmosfer təzyiqli “Qarabağ KSDigah-Şimal DRES” İ sinif yeraltı magistral qaz kəmərinin cavabdehlər tərəfindən daş hasar alınmış torpaq sahəsindən ara məsafəsi 6,70 metr təşkil etməsi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.11-ci bəndinə görə Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərin aparılması qadağandır: Həmin Qaydaların 7-ci bəndinə görə boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə “50 metr” keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Məmmədli kənd Bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 121 saylı Qərarından çıxarışdan müəyyən edilir ki, Cavabdeh2 bəlidəyyənin fondundan, ev tikib yaşamaq üçün 0,05 ha. torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 14.3-cü maddəsinin tələblərinə görə əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 139.1-cü maddəsinin tələblərinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən isə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1 və 146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 178.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İstinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi qanunverici torpaq sahəsi üzərində hüquqların yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqular, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə kollegiyası nəzərə alır ki, cavabdehlər Cavabdeh1 və Aslanova X1 Bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli 121 saylı Qərarı əsasında onlara bələdiyyənin fondundan ev tikib yaşamaq üçün 0,05 ha. torpaq sahəsi ayrılmışdır. Bələdiyyənin həmin qərarı hazırda qüvvədə olmasına baxmayaraq cavabdehlərin hüquqları rəsmi olaraq Dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ile təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"na əsasən, magistral qaz kəmərlərinin, mühafizə zonalarında hər hansı bir tikinti quraşdırma işlərinin aparılması qəti qadağandır. "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın 2-ci maddəsinin 7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə terzinden asılı olmayaraq istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə «50 m» keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin qaydaların 2.11-ci bəndinin "a" hissəsinə əsasən, boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti ve ya quraşdırma işlərini aparması qadağandır. Həmin bəndin 8-ci sətrinin 2-ci cümləsinə əsasən boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən «Dövlət Neft Şirkətinin yerli orqanları» tərəfindən təyin edilir ve müvafiq icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Həmin qaydaların 2.13-cü bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında onların normal istismarini pozan və yaxud boru kəmərlərinin zədələnməsinə gətirib çıxara bilən bütün növ işlərin görülməsinə yol verilmir. Həmin qaydaların 2.23-cü bəndinin tələblərinə əsasən, magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Belə bir razılaşma isə qaz kəmərlərini istismar edən Dövlət Neft Şirkəti və ya onun yerli orqanları ilə iş üzrə cavabdeh arasında mövcud olmamışdır. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə, qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fıziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsini 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, mübahisə predmeti olan tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər. Ona görə də, cavabdeh tərəfindən mühafizə zonasında inşa edilmiş tikili həm özünün,həm də ətrafdakılar üçün yüksək təhlükə mənbəyi hesab olunmalıdır. Cavabdeh tərəf həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi təmin edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X9 balans və istismarında olan 1020/720 mm diametrli 37 atmosfer təzyiqli “Qarabağ KS-Digah-Şimal DRES” İ sinif yeraltı magistral qaz kəmərinin Abşeron rayonu Digah kəndindən keçən hissəsində, kəmərin mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş daş hasar və fərdi yaşayış evi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən əvəzi ödənilmədən sökülməli və mühafizə zonasından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi C.V.Dosiyevin verdiyi apelyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-83/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X9 balans və istismarında olan 1020/720 mm diametrli 37 atmosfer təzyiqli “Qarabağ KS-Digah-Şimal DRES” İ sinif yeraltı magistral qaz kəmərinin Abşeron rayonu Digah kəndindən keçən hissəsində, kəmərin mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş daş hasar və fərdi yaşayış evi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən əvəzi ödənilmədən sökülsün və mühafizə zonasından çıxarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu tutulub “Qaz İxrac” İdarəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-1032/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1032/2021
17.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver