Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1033/2022 25.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili: Vəkil, Üçüncü şəxs: X6 iştirakları ilə, İddiaçı Abşeron Rayon Masazır Bələdiyyəsinin Cavabdeh, üçüncü şəxslər Abşeron rayon İcra Hakimiyyətinə və X7 qarşı qanunsuz quraşdırılmış darvazaların sökülməsi və daş hasarının əvvəlki vəziyyətinə salınmasının cavabdehə həvalə edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddianın təmin edilməsi, Abşeron rayon Masazır kəndi, Qaçaq Nəbi küçəsində Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən qanunsuz və lazımi icazə almadan quraşdırdığı ikinci dəfə iki dəmir darvaza (böyük və balaca) sökülməsi, daş hasarın əvvəlki vəziyyətinə salınması Cavabdeh həvalə edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Abşeron Rayonu Masazır Bələdiyyəsinin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1orpaq sahəsindən qanunsuz və lazımi icazə almadan quraşdırdığı ikinci dəmir darvazanın sökülməsi, daş hasarın əvvəlki vəziyyətinə salınmasının Cavabdeh həvalə edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, ünvan 1orpaq sahəsindən qanunsuz və lazımi icazə almadan quraşdırdığı ikinci dəfə iki dəmir darvazanın (böyük və balaca) sökülməsi, daş hasarın əvvəlki vəziyyətinə salınmasının Cavabdeh həvalə edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Masazır bələdiyyəsinin özünün inzibati ərazi vahidində növbəti baxışı zamanı məlum olmuşdur ki, Masazır kəndi, Qaçaq Nəbi küçəsində yaşayan Cavabdeh özünün mülkiyyətində olan torpaq sahəsindən lazımi icazə almadan daşla hörülmüş divarı sökərək orada yaşadığı həyətdən ikinci qapı quraşdıraraq və həmin qapı vasitəsi ilə Masazır bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən qeyri-qanuni istifadə etməyə çalışmışdır. Cavabdehin lazımi icazə almadan qanunsuz quraşdırdığı qapının sökülərək, daş divarın əvvəlki vəziyyətinə salınması xahiş edilmişdir. Bununla bağlı cavabdehə xəbərdarlıq məktubu da ünvanlanmışdır. Lakin cavabdeh qanunsuz quraşdırdığı dəmir darvazanı sökməmiş və daş hasarı əvvəlki vəziyyətinə salmamışdır. Masazır Bələdiyəsinin ərazisində 1 ədəd 0.0172 ha torpaq sahəsinin sahibkarlıq məqsədilə müsabiqə yolu ilə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq satılmasına etiraz edilməməsinə dair Abşeron Rayon İcra Hakimiyyətinin 21 noyabr 2018-ci il tarixli rəyi vardır. Həmçinin cavabdeh qanunsuz açdığı dəmir darvaza vasitəsi ilə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsi məqsədilə etmiş və həmin ərazidə qanunsuz hasarlama işlərini həyata keçirməyə çalışmışdır. Bələdiyyənin vaxtında məsələyə müdaxilə edilməsi nəticəsində cavabdeh bu hərəkətləri etməkdən çəkinmişdir. Torpaq sahəsinin lazımi icazə almadan zəbt edilməsi bələdiyyə mülkiyyətinin pozulması deməkdir. Masazır bələdiyyəsi cavabdehin qanunsuz əlavə darvaza açmaqla bələdiyyənin öz mülkiyyəti üzərində idarəetməni həyata keçirilməsinə maneəçilik törədir. Məsələ ilə bağlı Abşeron rayon Polis İdarəsinə də müraciət olunmuşdur. Lakin sonradan məlum olmuşdur ki, vətəndaş X10 vətəndaş R.N.Həsənov ilə bağlı polis idarəsinə şikayət etmişdir. Şikayətlə bağlı Abşeron RPİ-nin TŞ tərəfindən araşdırma işləri aparılmışdır və bununla bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında 7 avqust 2021-ci il tarixdə qərar qəbul edilmişdir. Aparılan təhqiqatdan məlum olmuşdur ki, vətəndaş Cavabdeh özünə aid olmayan torpaq sahəsinə hər hansı bir dövlət qurumuna müraciət etmədən evə giriş-çıxış üçün bir-birindən məsafəli şəkildə iki qapı qoymaqla bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə məhdudiyyət yaratmışdır. O da məlum olmuşdur ki, bu torpaq sahəsinin cavabdehə hər hansı bir aidiyyəti yoxdur. Araşdırma zamanı o da məlum olmuşdur ki, cavabdeh tərəfindən qapı açılmış həmin torpaq sahəsi bələdiyyə hesabında olsa da, faktiki olaraq həmin torpaq sahəsi ilə bağlı başqa bir vətəndaşın adına sənədləşmə işləri aparılmışdır. Həmçinin cavabdeh sözügedən torpağı vətəndaş X4 alqı-satqı müqaviləsi ilə almışdır. Həmin ərazidə 3 darvaza vardır və həmin darvazaların açılmasına görə cavabdeh tərəfindən İcra Hakimiyyətindən icazə alınmalıdır. Darvazanın biri əraziyə açılır və bununla bağlı polisə də müraciət olunmuşdur. Sözügedən torpaq X13 Komitəsi tərəfindən Masazır Bələdiyyəsinə ayrılmışdır. Cavabdeh bələdiyyə mülkiyyətinə qapı açarkən müvafiq icra hakimiyyətinə müraciət etməli və bununla bağlı rəsmi razılıq almalı idi. Lakin cavabdehin həyata keçirtdiyi quraşdırılmış dəmir darvazalar qanunsuzdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, 2009-cu ildə X1 olan Abşeron rayonu Masazır kəndi, Qaçaq Nəbi küçəsində yerləşən 0.10 ha torpaq sahəsindən 0.05 ha torpaq sahəsini və həmin torpaq sahəsində tikdirdiyi evlə birlikdə 85000 ABŞ dollarına almışdır, aldığı torpaq sahəsi avtobus marşurut xəttinin işlədiyi əsas küçə yolunun kənarında yerləşmişdir. Torpaq sahəsini və torpaq sahəsində yerləşən evi ona F.B.Quliyevin adından E.A.Xəlilov satmışdır. O, torpaq sahəsini aldıqdan sonra müəyyən etmişdir ki, torpaq sahəsi 0.05 ha deyil bir qədər azdır, o, torpaq sahəsinin sərhəddini küçə yolu tərəfdə olan istiqamətdə artıraraq torpaq sahəsinin çatmayan hissəsini bərpa etmək istəyərkən Abşeron RİH-nin və Masazır bələdiyyəsinin nümayəndələri buna imkan verməmiş və onun torpaq sahəsi ilə küçə yolu arasında olan təxminən 3-metr enində olan məsafənin yolun mühafizə zonası və piyada yolu olduğunu bildirmişlər. 2018-ci ildə onun sahibliyində olan torpaq sahəsinə və torpaq sahəsində yerləşən evinə ƏMDK yanında DƏDRX-nin 4-saylı Abşeron Ərazi İdarəsindən Texniki Pasport və Çıxarış verilərkən onun torpaq sahəsi dəqiqliklə ölçülmüş və 0.05 ha deyil, 0.0457 kvm olduğu göstərilmişdir. O, 2019-cu ildə mülkiyyətində olan torpaq sahəsində oğluna ev tikdirmək istəmiş və bu məqsədlə Abşeron RİH-nə müraciət edərək tikdirəcəyi evin eskiz layihəsini təqdim etmişdir. Abşeron RİH-nə etdiyi müraciətə müsbət cavab verilmiş və tikdirəcəyi evin eskiz layihəsi təsdiq edilmişdir. O, 2019-cu ildə mülkiyyətində olan torpaq sahəsində oğluna Abşeron RİH-i tərəfindən təsdiq olunmuş eskiz layihə əsasında ev tikdirmiş, ev tikilərkən küçə yolu tərəfdən tikdirdiyi evin qarşısından həyətə girmək üçün avtomobil yolu açmış və evin tikintisi üçün həyətə tikinti materialları gətirən yük avtomobilləri məhz həmin giriş yolundan istifadə etmişlər. Tikdirdiyi evin tikintisi qurtardıqdan sonra həyətə giriş üçün açdığı yola kubik daşları yığmışdır ki, imkanı olanda müasir tipli dəmir darvaza qoydursun. Bir müddətdən sonra həmin kubik daşlarını götürərək dəmir darvaza qoydurmuşdur. Heç bir özbaşına tikintidən söhbət getmədiyi halda birinci instansiya məhkəməsinin hakiminin qərarında belə bir qanun normasına istinad etməsi anlaşılan deyil. Özbaşına tikilmiş bina və qurguların məhkəmənin qərarı əsasında sökülməsindən gedir. İddiaçı tərəfin mübahisələndirdiyi darvaza nə bina, nədə qurgu adlandırmaq olmaz. Məhkəmə hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə işin faktiki hallarına uygun gəlməyən onun hüquqlarını pozan qətnamə qəbul etmişdir. Cavabdeh, nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər, apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Üçüncü şəxs E.A.Xəlilov apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə iddiaçının və üçüncü şəxs Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv olunmalı, apellyasiya şikayəti isə təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaqda darvazanın açılmasının icazə olmadan iddiaçının torpağına qanunsuz müdaxilə edilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyətinin 13.12.2021-ci il tarixli məktubundan görünür ki, sorğuda məhkəmənin icraatında olan iddiaçı Abşeron rayon Masazır bələdiyyəsinin Cavabdeh və İİİ şəxs Abşeron Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki iş üzrə Masazır kəndi, Y.Məmmədəliyev küçəsi, ev 17 ünvanında Cavabdeh verilmiş ******* saylı, 04.12.3018-ci il tarixli reyestrdən çıxarışla mülkiyyətində olan Qaçaq Nəbi küçəsi ünvanında ikinci dəmir darvazanın olub-olmadığı, həmin darvazanın açılmasına icazənin olub-olmaması və ikinci dəmir darvazanın layihə sənədlərinə uyğun olubolmaması barədə mütəxəssis rəyinin təqdim olunması xahiş olunur. Bildirilir ki, yuxarıda qeyd olunan mülki iş üzrə cavabdeh R.N.Həsənovun mülkiyyətində olan torpaq sahəsində Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmış eskiz əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmiş və eskiz layihədə küçəyə hansı istiqamətdən qapıların açılması razılaşdırılmışdır. Qeyd olunan eskiz layihəsi Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş eskiz layihədə nəzərdə tutulan qapılardan əlavə Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh küçəyə qapı açılmasına icazə verilməmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Abşeron rayon Masazır kəndi, Qaçaq Nəbi küçəsində cavabdeh R.N.Həsənovun mülkiyyətində olan torpaq sahəsində qanunsuz və lazımi icazə almadan ikinci dəfə iki dəmir darvazanın (böyük və balaca) quraşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. İşin faktiki hallarından göründüyü kimi heç bir özbaşına tikilidən söhbət getmədiyi halda məhkəmə özbaşına tikintidən yaranan münasibətləri tənzimləyən normalarına istinad etmişdir. Cavabdeh tərəfindən Abşeron rayon İcra Hakimiyyəti ilə razılaşdırılmaqla tikilmiş 2 mərtəbəli tikintiyə giriş çıxışı təmin etmək üçün quraşdırdıgı darvazanı özbaşına tikinti adlandırmaq olmaz. Cavabdehin bələdiyyə vasitəsilə əldə etdiyi torpaq sahəsində yerləşən Abşeron Rayon İcra Hakimiyyəti ilə razılaşdırmaqla tikdiyi tikiliyə maneəsiz girişçıxış hüququnu müvafiq bələdiyyə təmin etməli oldugu halda cavabdehin mülkiyyət hüququna mane olan hərəkətlər etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə istinad edərək, qeyd edir ki, əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İş materialları ilə müəyyən edilir ki, heç bir özbaşına tikintidən söhbət getmədiyi halda birinci instansiya məhkəməsi qərarında belə bir qanun pozmasına istinad etməsi məhkəmə kollegiyası düzgün hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Birinci instansiya məhkəməsinin istinad etdiyi yuxarıdakı qanun norması göründüyü kimi özbaşına tikilmiş bina və qurğuların məhkəmənin qərarı əsasında sökülməsindən gedir. Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma Məcəlləsində binanın və qurgunun anlayışı verilmişdir. Göründüyü kimi, iddiaçı tərəfin mübahisələndirdiyi darvazanı nə bina, nə qurğu adlandırmaq olar. Birinci instansiya məhkəməsi qətnamənin əsaslandırma hissəsində yenə də işin faktiki hallarına uyğun olmayan qanun normasına istinad etmiş və nəticədə yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının tələbi Abşeron rayon Masazır kəndi Qaçaq Nəbi küçəsində məhz cavabdehin mülkiyətində olan torpaq sahəsindən qanunsuz və lazımi icazə almadan quraşdırdığı darvazanın sökülməsini tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ bəndlərinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh X3 apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 20 dekabr 2021-ci il tarixli 2(012)- 4963/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Abşeron Rayon Masazır Bələdiyyəsinin Cavabdeh, üçüncü şəxslər Abşeron rayon İcra Hakimiyyətinə və X7 qarşı qanunsuz quraşdırılmış darvazaların sökülməsi və daş hasarının əvvəlki vəziyyətinə salınmasının cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1033/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1033/2022
25.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver