Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1033/2024 07.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı cərimə, ziyanın və debitor borclarının silinməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(027)-1353/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba şəhəri, T.Əhmədov küçəsində 6/7-də yerləşən mənzilə qanunsuz yazılmış 600 manat cərimə və ziyanın silinməsi, ekspertizanın təyin edilməsi, limitə görə hesablanmış məbləğin, debitor borclarının silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, AR Konstitusiyasının 1,7,13,14,24- 26,29,57-ci maddələrinə dövlətin yeganə mənbəyi xalqdır, hüquqi dövlətdir, təbii ehtiyatlardan xalqın rifahı naminə istifadə olunmalıdır, hər kəsin mülkiyyət, hüquq və azadlıqları, mülkiyyətindən istədiyi kimi istifadə etmək hüququ vardır, lakin onlar hüquqlarından tam istifadə edə bilmir. Belə ki, Quba şəhəri, T.Əhmədov küçəsində yerləşən mənzilə gələn sayğacın işləməməsinə görə 15 dekabr 2017-ci il tarixində müəssisənin əməkdaşları tərəfindən qaz sayğacına müdaxilə olunmadığını bildirərək yenisi ilə əvəzləyiblər, lakin sonradan Xaçmaz RQİS-dən 600 manat cərimə və ziyanın yazıldığı bildirilib, müvafiq instansiyalar və məhkəmələrə müraciətdən sonra cərimə və ziyanın qanunsuz yazıldığı barədə məktub göndərilib, lakin dəfələrlə müraciət etməyinə baxmayaraq konkret həmin cərimənin və ziyanın silinməsi barədə ona rəsmi arayış verilmir, məhkəmənin qərarına görə silindiyi bildirilir, Sumqayıt Apellyasiya Məhkəməsinin 04 iyul 2018-ci il tarixli qətnaməsində həmin hadisədən qabaq verilmiş iddiaya görə debitor borcunun silinməsi göstərilib, Azəriqazın etibarnamə ilə nümayəndəsi B.Seyfullayev məhkəməyə göndərilən məktubunda xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən cərimə və ziyana görə saldoda 600 manatın silindiyi bildirilir, lakin qətnamə üzrə silinməsi və ya akta görə konkret göstərilmir, digər məktublarda göstərilən faktlar və tarixlər bir-birini təkzib edir, əksinə olaraq həmin vəziyyətdən icra hakimiyyətinin göstərişi ilə onlar təzyiq kimi istifadə olunur. 27 sentyabr 2022-ci il tarixində icranın göstərişinə əsasən təxribat törətmək üçün müəssisənin əməkdaşları qaz xəttinin kəsilməsi üçün evinin üstünə göndərilib, onun müdaxiləsindən təxribatları baş tutmayıb. Bundan başqa Azəriqaz tərəfindən sayğacların sıfırlanması 01 yanvar tarixindən aparılmalı olduğu halda, sayğacı göstərişi göndərilsə də, yalnız 20 gündən sonra sıfırlanır, həmin məbləğ də limitdən artıq kimi hesablanır, limitdən artıq ödəmələrə görə hesablanmış məbləğ də qanunsuz olduğuna görə silinməlidir. Onlar tərəfindən dəfələrlə qanunsuz olaraq törədilmiş əməllərə müəssisənin hüquşünasları tərəfindən hüquqi qiymət verilməmiş, əksinə olaraq onların cinayət əməlləri müdafiə olunur. AR Nazirlər Kabinetinin qərarına görə əhaliyə qaz ikitərəfli müqavilə əsasında verilməlidir, sayğaclara və xətlərə görə hüquqi şəxs məsuliyyət daşıyır. Müqaviləyə əsasən də əhaliyyə keyfiyyətli qaz verilməli olduqları halda, ingilislərin səmt qazını təmizləyib ödənişsiz qayda verilməsinə baxmayaraq Azəriqaz tərəfindən qaza hava vurularaq sayğaclarda artıq məbləğlərin, partlayışların, zəhərlənmələrin yaradılmasına gətirib çıxarır, buna görə onların iştirakıyla ekspertiza təyin olunmalıdır, AR MPM-nin 265ci maddəsi ilə qərardad çıxarılaraq prokuroluğa göndərilməlidir. Ona görə də həmin vəzifəli sayılan şəxlər məsuliyyətə cəlb olunmalı, barələrində qanuni tədbir görülməli, 15 dekabr 2017-ci il tarixində qanunsuz yazılmış cərimənin və ziyanın ödənilməsi barədə konkret arayışın verilməsi təmin edilməlidir. Həmçinin qüvvədə olan qanunvericiliyə görə debitor borcları silinməlidir. Quba Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(027)-1353/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı cərimə, ziyanın və debitor borclarının silinməsi tələbinə dair iddiası üzrə icraata 600 manat cərimə ziyanının silinməsi hissəsində xitam verilməsi qərara alınmışdır (hakim Aydın Babayev). Qərardad onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı 600 manat cərimənin silinməsi tələbinə dair iddiası Quba rayon Məhkəməsinin 2(027)-1089/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsilə təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qətnaməsilə qeyd edilən qətnamə dəyişdirilmədən saxlanmışdır. Buna görə Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Quba Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(027)-1353/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Aydın Babayev). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(027)-1353/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-1353/2023 nömrəli, xx.xx.2023-ci il tarixli qətnaməsi ona xx.xx.2024-ci il tarixində verilmişdir. Quba Rayon Məhkəməsinin qərardadı maddi və prossesual hüquq normalarının pozuntusuyla qəbul olunmuşdur. Qətnamənin xx.xx.2023 tarixində telefonuna elektron imza ilə göndərildiyi bildirilsə də, faktiki göndərilməsi təsdiq olunmayıb, dəfələrlə qətnamənin göndərilməsi barədə rəsmi müraciətlərdən sonra saxta çıxarış çıxardaraq göndərilib. Qətnamə vaxtında göndərilməməsi də onun qanunsuz olduğuna sübutdur, onun telefonuna məhkəmədən heç bir sənəd daxil olmayıb, qüvvədə olan qanunvericiliyə görə də məhkəmə qərarları rəsmi qaydada göndərilir, bildirişdə qəbul edilmə barədə imza olmalıdır, lakin məhkəmə tərəfindən qanunun tələbləri pozulmuşdur. Qanuna görə qərar qəbul edilərkən tərəflər məhkəməyə dəvət olunur, sübutlar araşdırılır, lazım gələrsə ekspertiza təyin olunur. Məhkəmə tərəfindən AR MPM-nin maddələrinin tələblərini pozmuşdur, belə ki, məhkəmə tərəfindən çəkişmə prinsipinə əməl edərək analiz edəndən sonra qərar qəbul edir.X4 və Azadlıqları haqqında Konvensiyannın 6-cı maddəsində də deyilir ki, fərziyyələrlə qəbul edilmiş qərarlar onu göstərir ki, işə baxan hakim faktları gizlədir, bu da onu sübut edir ki, qərar əvvəlcədən hazırlanıb, sifarişi yerinə yetirərək qanunsuz qərar qəbul edilmişdir. AR MPM-nin maddələrinə əsasən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələsində işin hallarını tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. AR Konstitusiyasının 25-ci maddəsinə görə qanun və məhkəmə qarşısında hamı bərabərdir, ancaq reallıqda isə tam tərsinədir. AR MPM-nin 269-ci maddəsinə də qanunların və məcəllədə göstərilən normaların pozulmasıyla qəbul edilmiş qərarların ləğv olunmasına əsas verir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin və ona etirazın dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-1089/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdehnə qarşı cərimə, ziyanın silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli, təlabnamənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid **********00640 saylı abonent kodu üzrə 3024 m³ həcmində qaz itkisi hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X1 filialınını 24 may 2019-cu il tarixli AERA-23-254/19 nömrəli məktubunun surətindən görünür ki, Xaçmaz RQİİ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8, 4.9 və 5.4-cü bəndlərinin tələblərinə əməl edilməklə İddiaçı itirilmiş təbii qaza görə hesablanmış 604.80 manat məbləğində dəymiş ziyanın silinməsi üçün xx.xx.2019-cu il tarixli, 23/19Q-059 nömrəli “Göstəriş” verilmişdir. İş materiallarında olan Abonent saldosundan göründüyü kimi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid **********00640 saylı abonent koduna 2018-ci il üzrə itirilmiş qazın bərpası üçün 604.80 manat cərimə borcu hesablanmışdır, sonrakı illər, 2019, 2020, 2021, 2022, 2023-cü illər üzrə həmin borc saldoda öz əksini tapmamışdır. İş materiallarında olan Abonent saldosundan göründüyü kimi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə aid **********0640 saylı abonent koduna 06.2023-cü il üzrə ayın sonuna 1116.38 manat məbləğində debitor borc yaranmışdır. Birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğac cavabdeh tərəfindən yenisi ilə əvəz edilmiş və köhnə sayğacın yoxlanılması nəticəsində cavabdeh tərəfindən iddiaçıya 604.8 manat məbləğində vurlmuş ziyan hesablanmış və İddiaçı tələbi ilə hesablanmış 604,80 manat ziyan məbləği onun abonent hesabından silinmişdir. İddiaçı Cavabdehnə qarşı 600 manat cərimənin silinməsi tələbinə dair iddiası Quba Rayon Məhkəməsinin 2(027)-1089/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qeyd edilən qətnamə dəyişdirilmədən saxlanmışdır. Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı cərimə, ziyanın və debitor borclarının silinməsi tələbinə dair iddiası üzrə icraata 600 manat cərimə ziyanının silinməsi hissəsində xitam verilmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsi iddia tələbinin digər hissəsi ilə bağlı aşağıdakıları qeyd etmişdir. «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir; 139.1-ci maddəsinə əsasən Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. “Qazdan istifadə Qaydaları”nın (12 may 2011-ci il tarixli 80 №li Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş) 5-ci bəndinə əsasən qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qaydaların 2-ci bəndinə əsasən qaz paylayıcısının istifadə olunmuş qazın qaz sayğacının göstəricisinə əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırda təbii qazdan istifadəyə görə İddiaçı 1116,38 manat ödənilməmiş borcu vardır və şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, həmin məbləğ istifadə edilmiş qazın dəyəri olmaqla istehlakçı kimi İddiaçı tərəfindən tam ödənilməli olduğundan, limitə görə hesablanmış məbləğin və debitor borcların silinməsi tələbi təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gəldiyindən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 2(027)-1353/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1033/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1033/2024
07.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver