Məhkəmə qərarları › İş №2(105)-1037/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1037/2023

04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1037/2023 04.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X10 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-122/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə X11 arasında imzalanmış 29 oktyabr 2014-cü il tarixli, 100850- 039/14 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən X6 illik 21 faiz dərəcəsi ilə 24 ay müddətinə 103000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. 29 oktyabr 2014-cü il tarixli, 100850-039/14 nömrəli ipoteka müqaviləsinə əsasən 29 oktyabr 2014-cü il tarixli, 100850-039/14 nömrəli kredit müqaviləsinin təminatı olaraq, X2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 1-ci dalandakı 0,01602 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 90 kv.m yaşayış, 67.6 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka qoyulmuşdur.

3. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X11 bank ilə bağlanmış 29 oktyabr 2014 il tarixli 100850-039/14 nömrəli kredit müqaviləsinə əsasən 21 faiz dərəcəsilə, 24 ay müddətinə 103000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Belə ki, 12 yanvar 2022 il tarixə borcalanın banka borcu 93331,7 ABŞ dolları əsas borc və 44947,82 ABŞ dolları faiz borcu olmaqla, cəmi 138279,52 ABŞ dolları təşkil edir.

4. AZ-İ 930397 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2018-ci il tarixdə ölmüşdür.

5. Ölüm haqqında xx.xx.2018-ci il tarixli akt qeydindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə ölmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-yə ipotekaya qoyulmuş Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 1-ci dalandakı 0,01602 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 90 kv.m yaşayış, 67.6 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi, həmin evin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması, satışdan əldə edilən puldan İddiaçı ASC-yə olan 93331,70 ABŞ dolları məbləğində əsas kredit borcu, 44947,82 ABŞ dolları faiz borcu olmaqla, cəmi 138279,52 ABŞ dolları məbləğində kredit borcunun və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 526,79 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 1-ci dalandakı 0,01602 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 90 kv.m yaşayış, 67.6 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X11 arasında 29 oktyabr 2014-cü il tarixli, 100850-039/14 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən X6 illik 21 faiz dərəcəsi ilə 24 ay müddətinə 103000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, X2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 1-ci dalandakı 0,01602 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 90 kv.m yaşayış, 67.6 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evi 29 oktyabr 2014-cü il tarixli, 100850-039/14 nömrəli ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. X1 və ipotekaqoyan X4 vəfat etmişlər. İddiaçı ASC tərəfindən verilmiş sorğuya cavab olaraq, Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 167 saylı arayışdan görünür ki, hazırda X2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 1-ci dalan, ev 4-də mərhumun nəvəsi 1987-ci il təvəllüdlü Cavabdeh yaşayır. Bu da Cavabdeh mirası faktiki qəbul etməsini təsdiq edir. Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan, kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Kredit müqavilələri üzrə öhdəliklər yerinə yetirilmədiyi üçün bank tərəfindən “İpoteka haqqında” Qanunun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2021-ci il tarixli, 001/007/6262/2021 nömrəli bildiriş ipotekaqoyanın vərəsəsinə xx.xx.2021-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni xx.xx.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirmədiyinə görə İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

8. İş materiallarında olan Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 167 saylı arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, dalan 1, 4 saylı fərdi yaşayış evi mərhum X3 məxsusdur. Hal-hazırda mərhumun evində nəvəsi-1987-ci il təvəllüdlü Cavabdeh yaşayır.

9. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC kredit müqaviləsi üzrə öhdəliklər barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bilidirşin dövlət qeydiyyatına alınması barədə İddiaçı ASC tərəfindən DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə müraciət edilmişdir.

10. İş materiallarında olan xx.xx.2006-cı il tarixli, MH ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, dalan 1, 4 saylı fərdi yaşayış evi X3 məxsusdur. İş materiallarında olan xx.xx.2014cü il tarixli, RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, X3 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, dalan 1, 4 saylı fərdi yaşayış evi 29 oktyabr 2014-cü il tarixli, 100850-039/14 nömrəli kredit müqaviləsinin təminatı kimi İddiaçı ASC-nin xeyrinə ipoteka qoyulmuşdur.

11. İş materiallarında olan “X7 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli hesabatından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, dalan 1, 4 saylı fərdi yaşayış evinin bazar dəyəri 77700 manat, likvid dəyəri isə 69000 manatdır.

12. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6845 saylı rəyindən görünür ki, X5 29 oktyabr 2014-cü il tarixli 100850-039/14 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixə 94936,65 ABŞ dolları əsas borc və 32950,93 ABŞ dolları faiz borcu olmaqla, cəmi 127887,58 ABŞ dolları borc təşkil edir.

13. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-122/2023 nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia qismən təmin edilərək, tutmanın İddiaçı ASC-nin xeyrinə ipotekaya qoyulmuş Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 1-ci dalandakı 0,01602 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 90 kv.m yaşayış, 67.6 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinə yönəldilərək açıq hərracda satılması, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 90000 manat müəyyən edilməsi, satışdan əldə edilən puldan İddiaçı ASC-yə olan 93331,70 ABŞ dolları məbləğində əsas borcun və 32950,93 ABŞ dolları faiz borcu olmaqla, cəmi 126282,63 ABŞ dolları məbləğində kredit borcunun (ödəniş anında manata olan məzənnə ilə), ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat, iddia ərizəsinin verilməsi üçün köçürülmüş 526,79 manat dövlət rüsumunun Cavabdeh (X8) tutularaq İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin hərracda satıldıqdan sonra bir ay müddətində Cavabdeh (X8) Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 1-ci dalandakı 0,01602 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 90 kv.m yaşayış, 67.6 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması, Cavabdeh (X8) 200 manat pulun tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 317, 319, 385.1, 427.3, 445.1, 448.1, 449.4, 1305, 1151, , “İpoteka haqqında” Qanunun 39.3.3, 59.3-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77, 119.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

15. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı üç illik iddia müddətinin keçməsini bildiyi gündən üç illik iddia müddətini ötürmüşdür. Belə ki, əvvəlki qaldırılan iddia ərizəsi baxılmamış saxlanılmışdır və iddiaçı hazırki iddia ərizəsinin kredit müqaviləsinin müddəti bitdikdən üç il sonra qaldırmışdır. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı ərizəni rədd edərkən əsaslandırma apara bilməmişdir. Məhkəmə sübutlara düzgün hüquqi qiymət verməmiş, həmçinin ilkin satış qiyməti ilə bağlı əsassız nəticəyə gəlmişdir, qiymətləndirmə rəyinə düzgün hüquqi qiymət verməmiş və bunu qanuna uyğun olmayaraq əsaslandırmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 269. Girov və ipoteka hüququ anlayışı (...) 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

Maddə 317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi (...) 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. (...)

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)

Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)

Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)

Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. (...)

Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

21. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əsas anlayışlar 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

Maddə 4. İpoteka ilə təmin edilən tələbin həcmi 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; (...)

Maddə 39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması (...) 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; (...)

Maddə 41. İpoteka predmetinin satış üsulları 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.

Maddə 59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi

(...) 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli, 01 nömrəli Qərardadı Bənd 11. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. Bənd 21. ...kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - satışdan əldə edilən puldan İddiaçı ASC-yə olan 93331,70 ABŞ dolları məbləğində əsas borc və 32950,93 ABŞ dolları faiz borcu olmaqla, cəmi 126282,63 ABŞ dolları məbləğində kredit borcu (ödəniş anında manata olan məzənnə ilə), ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat, iddia ərizəsinin verilməsi üçün köçürülmüş 526,79 manat dövlət rüsumunun Cavabdeh (X8) tutularaq İddiaçı ASC-yə ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilməli, satışdan əldə edilən pul vəsaitindən İddiaçı ASC-yə olan 93331,70 ABŞ dolları məbləğində əsas kredit borcu, 32950,93 ABŞ dolları faiz borcu olmaqla, cəmi 126282,63 ABŞ dolları məbləğində kredit borcu (ödəniş anında manata olan məzənnə ilə) və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat xərc və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 526,79 manat dövlət rüsumu İddiaçı ASC-yə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə X11 arasında 29 oktyabr 2014-cü il tarixli, 100850-039/14 nömrəli kredit müqaviləsi bağlanmışdır. İddiaçı sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə borcu yaranmışdır. 29 oktyabr 2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təminat üsulu kimi eyni tarixli ipoteka müqaviləsi bağlanmış və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, 1-ci dalandakı 0,01602 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 90 kv.m yaşayış, 67.6 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış ev bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

27. İddiaçı bank ilk dəfə X11 və X3 qarşı iddia ilə xx.xx.2016-cı il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-88/2019 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır.

28. Məhkəmə kollegiyası işin hallarının araşdırılması ilə əlaqədar qeyd olunan işi birinci instansiya məhkəməsindən tələb etmiş və işə baxış keçirilərkən məlum olmuşdur ki, həmin məhkəmə icraatında borcalan və ipotekaqoyanın ölməsi halı aşkar edilmiş, şəxslərin hüquqi varislərinin müəyyən edilməsi üçün iş üzrə icraat xx.xx.2018-ci ildə dayandırılmışdır. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi iddiaçının ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. Ötən müddət ərzində borcalan və ipotekaqoyanın hüquqi varisləri müəyyən edilməmişdir.

29. Daha sonra iddiaçı hazırkı xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbini Cavabdeh qarşı yönəltmişdir.

30. İş materiallarından aydın olur ki, ipotekaqoyan X3 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 1-ci küçə, dalan 1, 4 saylı fərdi yaşayış evində onun nəvəsi - 1987-ci il təvəllüdlü Cavabdeh yaşayaraq nənəsinin miras əmlakını qəbul etmişdir.

31. İlk öncə məhkəmə kollegiyası borc tələbinin əsaslı olması ilə bağlı qeyd edir ki, iddiaçı bank ilə X11 arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan pul məbləğini X6 versə də, X11 müqavilə üzrə öhdəliyi lazımı qaydada icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır.

32. Birinci instansiya məhkəməsi borc məbləğinin düzgün hesablanıbhesablanmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6845 saylı rəyindən müəyyən olunmuşdur ki, X5 29 oktyabr 2014-cü il tarixli 100850-039/14 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixə 94936,65 ABŞ dolları əsas borcu və 32950,93 ABŞ dolları faiz borcu olmaqla, cəmi 127887,58 ABŞ dolları borc təşkil edir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən müəyyən edilir ki, iddiaçı bank tərəfindən kredit müqaviləsi üzrə tələb edilən borc məbləğinin hüquqi əsasları vardır. Həmin rəy Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır.

34. Lakin ekspert rəyi ilə müəyyən edilir ki, bank tərəfindən tələb edilən əsas borcun məbləği tələbdən çox, faiz borcu isə tələbdən azdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Odur ki, əsas borc məbləği tələbə uyğun, faiz borcu isə ekspert rəyinə uyğun hesablanmalıdır.

35. İpoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ipoteka müqaviləsi kredit müqaviləsinin təminat üsullarından biridir. Borclu öhdəliyi icra etmədikdə kreditor borcun ipoteka predmetinə yönəldilməklə, ipoteka predmetinin satışı nəticəsində əldə edilən vəsait hesabına borcun ödənilməsini tələb edə bilər.

36. İş materiallarından görünür ki, X4 ipoteka müqaviləsini imzalayaraq həmin müqavilədən yaranan öhdəlikləri qəbul etmişdir.

37. Beləliklə də, əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının - ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia tələbi əsaslıdır.

38. İpoteka hüququ məhdud əşya hüququ olmaqla ipoteka saxlayana (əsas öhdəlik üzrə kreditora) əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riski reallaşdığı (borclunun ölümü də daxil olmaqla hər hansı səbəbdən) təqdirdə ipoteka predmetinin dəyərindən mənafeyinin üstün qaydada təmin edilməsi imkanını tanıyır. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə uyğun olaraq, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Lakin vərəsələr icra vaxtı çatmış əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikləri təqdirdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun ipoteka qoyana qarşı tələb irəli sürmək hüququ yaranır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli qərarı)

39. Hazırkı halda cavabdeh ipotekaqoyana məxsus fərdi yaşayış evinə sahiblik etməklə orada yaşayır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. (Mülki Məcəllənin 1151 və 1255-ci maddəsi).

40. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur.

41. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

42. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

43. “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

45. İşdən görünür ki, ipoteka müqaviləsinin 3.2-ci bəndinə əsasən ipoteka predmetinin likvid dəyəri 90000 manatdır. Məhkəmə tərəfindən təyin edilmiş ekspertizasının nəticəsində təqdim edilmiş “X7 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli hesabatı ilə fərdi yaşayış evinin likvid dəyəri 69000 manat müəyyən edilmişdir.

46. Birinci instansiya məhkəməsi düzgün olaraq həmin rəylə razılaşmayaraq qeyd etmişdir ki, 8 il ərzində evin dəyərinin bu məbləğdə azalması ilə razılaşmır və ipoteka predmetinin likvid dəyərinin tərəflərin ipoteka müqaviləsi ilə razılaşdırdığı məbləğdə, yəni 90000 manat məbləğində olması qənaətinə gəlir.

47. Cavabdeh isə apellyasiya şikayətində likvid dəyərinin düzgün müəyyən olunmadığını qeyd etsə də, həmin halı əsaslandırmamış, buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir.

48. İddia tələbinin ipoteka predmetinin satışından əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi hissəsində məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının tələbi satışdan əldə edilən puldan İddiaçı ASC-yə olan 93331,70 ABŞ dolları məbləğində əsas kredit borcu, 44947,82 ABŞ dolları faiz borcu olmaqla, cəmi 138279,52 ABŞ dolları məbləğində kredit borcunun və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 526,79 manat dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi barədə olmuşdur.

49. Birinci instansiya məhkəməsi isə iddiaçının tələbi ipoteka predmetinin satışından əldə olunan vəsaitin borca yönəldilərək iddiaçıya ödənilməsi barədə olsa da, iddia tələbindən kənara çıxaraq satışdan əldə edilən puldan İddiaçı ASC-yə olan 93331,70 ABŞ dolları məbləğində əsas borc və 32950,93 ABŞ dolları faiz borcu olmaqla, cəmi 126282,63 ABŞ dolları məbləğində kredit borcu (ödəniş anında manata olan məzənnə ilə), ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat, iddia ərizəsinin verilməsi üçün köçürülmüş 526,79 manat dövlət rüsumunun Cavabdeh (X8) tutularaq İddiaçı ASC-yə ödənilməsi qənaətinə gəlmişdir.

50. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edilən hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, həmin hissədə qətnamə ləğv edilməli, iddiaçının tələbinə uyğun qətnamə çıxarılmalıdır.

51. İddia tələbinin ipoteka predmetlərinə tutma yönəldikdən sonra cavabdehin 1 ay müddətində çıxarılması və fərdi yaşayış evinin boşaldılması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehin müvafiq olaraq fərdi yaşayış evindən çıxarılması hissəsində də əsaslıdır.

53. İddia müddəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi iddiaçı bank ilk dəfə borclu X11 və ipoteka qoyan X3 qarşı iddia ərizəsi ilə xx.xx.2016cı il tarixdə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə icraatında borcalan və ipotekaqoyanın ölməsi halı aşkar edilmiş, şəxslərin hüquqi varislərinin müəyyən edilməsi üçün iş üzrə icraat xx.xx.2018-ci il tarixdə dayandırılmışdır. Daha sonra, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi iddiaçının ərizəsinə əsasən baxılmamış saxlanılmışdır. Ötən müddət ərzində borcalanın hüquqi varisləri müəyyən olunmamış, ipotekaqoyanın hüquqi varisi isə xx.xx.2021-ci il tarixdə müəyyən olunmuşdur və hazırkı iddia ərizəsi xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur.

54. Göründüyü kimi iddiaçı ilk dəfə iddia müddətini ötürmədən məhkəməyə müraciət etmiş, məhkəmə icraatının gedişatı zamanı cavabdehlər vəfat etmiş, daha sonra ipotekaqoyanın hüquqi varisi xx.xx.2021-ci ildə müəyyən edildikdən 4 ay sonra yenidən məhkəməyə müraciət olunmuşdur.

55. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.

56. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir.

57. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

58. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-122/2023 nömrəli qətnaməsi qismən - satışdan əldə edilən puldan İddiaçı ASC-yə olan 93331,70 ABŞ dolları məbləğində əsas borc və 32950,93 ABŞ dolları faiz borcu olmaqla, cəmi 126282,63 ABŞ dolları məbləğində kredit borcu (ödəniş anında manata olan məzənnə ilə), ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat, iddia ərizəsinin verilməsi üçün köçürülmüş 526,79 manat dövlət rüsumunun Cavabdeh (X8) tutularaq İddiaçı ASC-yə ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, satışdan əldə edilən pul vəsaitindən İddiaçı ASC-yə olan 93331,70 ABŞ dolları məbləğində əsas kredit borcu, 32950,93 ABŞ dolları faiz borcu olmaqla, cəmi 126282,63 ABŞ dolları məbləğində kredit borcu (ödəniş anında manata olan məzənnə ilə) və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat xərc və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 526,79 manat dövlət rüsumu İddiaçı ASC-yə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-122/2023 nömrəli qətnaməsi qismən - satışdan əldə edilən puldan İddiaçı ASC-yə olan 93331,70 ABŞ dolları məbləğində əsas borc və 32950,93 ABŞ dolları faiz borcu olmaqla, cəmi 126282,63 ABŞ dolları məbləğində kredit borcu (ödəniş anında manata olan məzənnə ilə), ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat, iddia ərizəsinin verilməsi üçün köçürülmüş 526,79 manat dövlət rüsumunun Cavabdeh (X8) tutularaq İddiaçı ASC-yə ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi qismən təmin edilsin. Satışdan əldə edilən pul vəsaitindən İddiaçı ASC-yə olan 93331,70 ABŞ dolları məbləğində əsas kredit borcu, 32950,93 ABŞ dolları faiz borcu olmaqla, cəmi 126282,63 ABŞ dolları məbləğində kredit borcu (ödəniş anında manata olan məzənnə ilə) və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 40 manat xərc və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 526,79 manat dövlət rüsumu İddiaçı ASC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar