Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1037/2024 16.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı Hacəhməd oğlunun iştirakı ilə, İddiaçı Hacəhməd oğlunun cavabdeh Qusar rayonu Hil Bələdiyyəsinə qarşı Qusar rayonu Hil Bələdiyyəsinin 34 saylı sərəncamının ləğv edilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-172/2005 nömrəli, 17 may 2005-ci il tarixli qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏNETDİ Qusar Rayon Məhkəməsinin 17 may 2005-ci il tarixli qətnaməsi ilə (hakim T.Məmmədov) iddia tələbi təmin edilərək, Hil Bələdiyyəsinin sabiq sədri tərəfindən verilmiş 02 noyabr 2004-cü il tarixli, 34 saylı sərəncamın ertibarsız sayılaraq ləğv edilməsi, Hil Bələdiyyəsinin 29 mart 2003-cü il tarixli (protokol №9) qərarı ilə iddiaçının ailəsinə verilmiş 3,41 hektar torpaq sahələrinin onun adına sənədləşdirilməsi qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1537/2023 nömrəli 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – İ.Dəmirov (sədrlik edən və məruzəçi), F.Məmmədov və L.Rəhimli) apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 mart 2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1537/2024 nömrəli, 21 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş apellyasiya şikayətinin mümkünlüyü məsələsinin həlli üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qusar Rayon Məhkəməsinin 2(029)-172/2005 nömrəli, 17 may 2005-ci il tarixli qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Qanunun mənasına görə birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan işdə iştirak edən şəxslər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilərlər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. İş materiallarından görünür ki, apellyasiya şikayəti vermiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi birinci instansiya məhkəməsində tərəf olmamışdır. Apellyasiya şikayətini apellyasiya qaydasında baxılması üçün göndərərkən birinci instansiya məhkəməsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin həmin qətnamənin alıb-almamasını ətraflı araşdırmamış, şikayətin prosessual müddət ötürülməklə verilməsi məsələsini müzakirə etməmişdir. Halbuki 5 saylı Xaçmaz Ərazi İdarəsi birinci instansiya məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsinin qəbulundan 18 ilə yaxın müddətin keçməsindən sonra apellyasiya şikayəti verilmişdir. Mövcud qətnamənin qəbulundan bu qədər uzun müddət keçdikdən sonra şikayətin verilməsi apellyasiya şikayətinin mümkünlüyü şərtlərinin daha dəqiq yoxlanılmasını tələb edir. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir. MPM-nin 357.1-ci maddəsindən göründüyü kimi birinci instansiya məhkəməsinin o qətnaməsindən apellyasiya şikayəti verilə bilər ki, həmin qətnamə qanuni qüvvəyə minməmiş olsun. Bu baxımdan baxılan iş üzrə apellyasiya şikayətinin qəbul olunmasının mümkünlüyü onu ehtiva etmiş olur ki, qətnamə ötən 18 il ərzində qanuni qüvvəyə minməmişdir. Halbuki, tərəflərin izahatlarından göründüyü kimi cavabdeh Hil bələdiyyəsi iddiaçının torpaq sahəsindən ötən müddət ərzində istifadə etməsini qəbul etmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judicata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Mülki Prosessual Məcəllənin 363.1.3. maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6. maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin icraata qəbul edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2023-cü il tarixli 2(105)-1537/2023 nömrəli qərardadı ləğv edilməli, Qusar Rayon Məhkəməsinin 2(029)-172/2005 nömrəli, 17 may 2005-ci il tarixli qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Qeyd olunan halları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq birinci instansiya məhkəməsi qətnaməni işdə iştirak etmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinə göndərilməsini və həmin orqana çatdırılmasını bir daha ətraflı yoxlamalı, zərurət yaranarsa poçt xidmətinə sorğu verib yoxlamalı, eləcə də qətnamənin qəbulundan keçən bu müddət ərzində icra edilib-edilməməsi müzakirə edilməli və nəticəsi barədə əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 366, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARAALDİ Apellyasiya şikayətinin icraata qəbul edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2023-cü il tarixli 2(105)-1537/2023 nömrəli qərardadı ləğv edilsin. Qusar Rayon Məhkəməsinin 2(029)-172/2005 nömrəli, 17 may 2005-ci il tarixli qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1037/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1037/2024
16.05.2024 · Sair mülki iş - Digər - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver