Məhkəmə qərarları › İş №2(105)-73/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-73/2025

19.08.2025 · Sair mülki iş - Digər - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-73/2025 19.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, iddiaçının vəkili Vəkil2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) torpaq sahəsinin servitutla yüklü edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-242/2024 nömrəli, 15 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Kazımov) İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) torpaq sahəsinin servitutla yüklü edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) torpaq sahəsinin servitutla yüklü edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin onun xeyrinə servitutla yüklü edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-548/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-21/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmaqla, faktiki olaraq ümumi istifadədə olan torpaq sahəsinin nəticə olaraq Cavabdeh sahibliyinə qaytarılması qət edilmişdir. Belə olan halda Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin sərhədləri İddiaçı məxsus xx.xx.2009-cu il tarixli, ******* saylı çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsinə və evə keçidi tamamilə məhdudlaşdırır. Beləliklə, istinad edilən çıxarışla və məhkəmə qərarı ilə müəyyən edilir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə və evə keçid tamamilə məhdudlaşır və onun mülkiyyət hüquqları pozulur. Bu pozuntunun aradan qaldırılması üçün Cavabdeh mülkiyyətində olan torpaq sahəsi servitutla yüklü edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı 2009-cu il tarixli dövlət reyestrindən çıxarışa istinad edilərək, iddiaçı İddiaçı oğlunun mülkiyyətinə torpaq sahəsi verildiyi və həmin torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evi tikildiyi, bu zaman torpaq sahəsinə giriş-çıxış üçün yol müəyyən edildiyi, həmin yolun üstündə qapı qoyulduğu, torpaq sahəsinə ünvan verildiyi, həmin yolun ünvana uyğunlaşdırılaraq bütün kommunal xətlərin ünvan və yola görə müəyyənləşdirildiyi müəyyən edilmişdir. Sonradan həmin ərazidə 2011-ci il tarixdə Cavabdeh torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsin cavabdehin adına reyestr qeydiyyatı aparılarkən, torpaq sahəsinin ümumi istifadədə olan yol olmasına əhəmiyyət verilməmişdir. Bu səbəbdən də cavabdehlə aralarında uzun illər məhkəmə çəkişmələri olmuş, torpaq sahəsinə bir neçə dəfə baxış keçirilmiş və ekspert rəyləri verilmişdir. Bu zaman servitutla yüklü edilməsi göstərilən iddiaçıya məxsus torpaq sahəsinin iddiaçının evinə yeganə giriş yolu olduğu müəyyən edilmişdir. Bu səbəbdən də hazırki iddia tələbi qaldırılmışdır. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən mütəxəssis rəyinə istinad edərək, iddiaçının öz mülkiyyətində olan torpaq sahəsinə başqa giriş-çıxış yolunun mövcud olması qənaətinə gəlinmişdir. Məhkəmə baxışı zamanı verilmiş mütəxəssis rəyi ilə tanış olduqdan sonra vəsatət verilərək, iş üzrə rəy vermiş mütəxəssis S.Əhmədovun məhkəmə baxışına dəvət edilərək rəyin qeyd hissəsi üzrə məhkəməyə izahat verməsi xahiş edilmişdir. Çünki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə başqa giriş-çıxış yolunun mövcud olmasının müəyyən edildiyi göstərilsə də, həmin yol kimi göstərilən torpaq sahəsinin dövlət reyestrində aparılmış qeydiyyatı barədə məlumat verilməmişdir. Bu mühüm xüsusatın müəyyənləşdirilməsi üçün rəy vermiş mütəxəssis məhkəmə iclasına dəvət edilərək rəyin qeyd hissəsi üzrə dinlənilməsi zəruri olsa da, məhkəmə vəsatəti təmin etməyərək, işin obyektiv araşdırılmasından yayınmışdır. Qeyd edilən xüsusatın araşdırılacağı təqdirdə müəyyən edilir ki, mütəxəssis rəyinin qeyd hissəsində yol kimi göstərilən torpaq sahəsi başqa bir şəxsin adına reyestrdə qeydiyyatı olan torpaq sahəsidir. Hazırki iddia tələbi iddiaçıya məxsus üzərində evin olduğu torpaq sahəsi hər bir tərəfdən mülkiyyət hüquqları ilə digər şəxslərin müəliyyətində olan torpaq sahələri ilə əhatə olunduğu üçün həmin torpaq sahələrindən cavabdehə məxsus torpaq sahəsinin servitutla yüklü edilməsi xahiş edilmiş, bu zərurətin torpaq sahəsi və evə verilmiş ünvan və kommunal xətlərin artıq mövcudluğu ilə əsaslandırılmışdır. Məhkəmə tərəfindən iddia tələbinin təmin edilməməsi halında istinad etdiyi maddi hüquq norması olan Mülki Məcəllənin 152.1. və 152.4. maddələri düzgün tətbiq edilməmişdir. Hazırki qətnamə iddiaçının mülkiyyətindən istifadə etmək hüququnu tamamilə məhdudlaşdırır. Məcəllənin 152.5. maddəsinin tələbi də mülkiyyətçiyə verilmiş hüquqların qonşuların və ya üçüncü şəxslərin hüquqlarının pozulması halında məhdudlaşdırılmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 izahatında bildirmişdir ki, iddiaçının nümayəndəsi Nümayəndə 3 sot torpaq satmış, cavabdehlə isə tanışlıq münasibətləri olmuş, cavabdehdən borc almış və borcun müqabilində torpağı cavabdehə satmışdır. Evinin (yarımçıq tikilinin) arxasındakı yolla birlikdə torpağı Cavabdeh satmışdır. Qaraj evin altında, həyətin içində yerləşir və həmin qaraj yola baxmır. Nümayəndə verilən yol qarajın qarşısından keçir və yolun qaraja heç bir aidiyyəti yoxdur. Onun inşa etdiyi tikilinin arxasında iddiaçı ev tikmişdir. İddiaçının evi tərəfdən maşın yolu çıxdığından, həmin tərəfdə onun yolu olmamışdır. O, evi tam tikib qurtarmamış, evinin qarşısı əsas yola baxır. O, iddiaçıya yol verən zaman başqa qonşu da həmin yoldan istifadə etmək üçün ondan icazə istəmişdir. O, həmçinin göstərmişdir ki, Nümayəndə evini tikdiyi yerdən onun yolu olmamışdır. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini sübutetmə yükü üzərinə düşən iddiaçı tərəf iddia tələbində qeyd edilən mülkiyyətində olan torpaq sahəsinə və həmin torpaq sahəsində tikdiyi evə başqa giriş-çıxış yolunun olmadığını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş üzrə Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi torpaq sahəsinin servitutla yüklü edilməsi barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 255.1, 255.4-cü maddələri nəzərdən keçirilə bilər. Məlumdur ki, servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər (Mülki Məcəllənin 255.1, 255.4-cü maddələri). Qanunun mənasına görə servitut dedikdə bir mülkiyyətçinin daşınmaz əmlakının digər daşınmaz əmlakın mülkiyyətçisinin xeyrinə yüklülüyü anlaşılır. Servituta əsasən bir mülkiyyətçinin daşınmaz əmlakına mülkiyyət hüququnun məhdudlaşdırılması hesabına digər daşınmaz əmlakın mülkiyyətçisinə həmin əmlakdan göstərilən məhdudiyyətlər çərçivəsində istifadə etmək hüququ verilir. Hər şeydən əvvəl servitut daşınmaz əmlak mülkiyyətçinin digər mülkiyyətçinin daşınmaz əmlakından istifadə etmədən ödənilə bilməyən ehtiyaclarının təmin edilməsi üçün təyin edilə bilər. Beləliklə, şəxsin öz daşınmaz əmlakına mülkiyyət hüququnu tam həyata keçirməsi üçün digərinin daşınmaz əmlakından istifadə etməsi vahid çıxış yolu olarsa, həmin əmlak servitutla yüklü edilə bilər. Əgər mülkiyyətçinin öz daşınmaz əmlakından istifadə etməsi üçün yaranmış ehtiyacı bir neçə digər mülkiyyətçilərin daşınmaz əmlakı hesabına təmin edilə bilərsə, servitut bu məqsəd üçün daha əlverişli olan, az məsrəflər hesabına başa gələn daşınmaz əmlaka qoyulmalıdır. Məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 01 iyul 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 3-21-3-34/2-189928/2024 nömrəli xx.xx.2024-cü il tarixli mütəxəssis məktubuna əsasən qeyd olunur ki, TEKUİS (torpaqların elektron kadastr uçot informasiya sistemi) məlumatlarında bələdiyyə müllkiyyətinə verilən torpaqların daxilində yerləşən torpaq sahəsi olaraq qeyd olunmuşdur. Elektron məlumat bazasında həmin torpaq sahəsinə gedən yol barəsində heç bir məlumat aşkar olunmadığından sualın cavablandırılması mümkün olmamışdır, lakin sözügedən gediş-gəliş yolu necas elektron məlumat bazasına əsasən digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş (çıxarışla) torpaq sahələri ilə üst-üstə düşmür. Məhkəmə kollegiyası tərəfindən mübahisəli torpaq sahəsinə yerli baxış zamanı müəyyən edildi ki, cavabdeh tərəfindən iddiaçının istifadəsində olan fərdi yaşayış evinə giriş-çıxış üçün nəzərdə tutulan yolun həmin evin yerləşdiyi ərazinin avtomobil yoluna çıxan istiqamətdə olduğu qeyd edilsə də iddiaçı buna etiraz edərək göstərilən həmin yolun ümumi istifadədə olan yol olmadığını, qeyd olunan yolun digər qonşunun mülkiyyətində olan torpaq sahəsinə aid olduğunu və özü üçün yol kimi istifadə etdiyini bildirmişdir və həmin yerdən iddiaçıya məxsus yaşayış evinə hər hansı giriş-çıxış yolunun olmadığını qeyd etmişdir. Mübahisəli evə digər giriş-çıxış yolu ilə bağlı isə müəyyən edildi ki, iddiaçının tələb etdiyi torpaq sahəsi məhz cavabdehin mülkiyyətində olmaqla bir tərəfindən sərhədləri tikilmiş yaşayış evinin divarları ilə, digər magistral yola baxan hissəsi mişar daşı ilə, məhəllə daxili hissəyə baxan hissəsi isə daş hasarla qismən bağlanmış, qalan hissəsi isə hansı ki, iddiaçının evinə getmək üçün yol kimi nəzərdə tutduğu torpaq sahəsində isə hasar mövcud olmamaqla açıq sahədir və həmin sahəyə digər qonşunun giriş qapısı mövcuddur. Göründüyü kimi iddiaçının istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi ərazinin avtomobil yoluna çıxan istiqamətdə giriş-çıxış yolu olduğu və həmin yolun qonşuluqda yerləşən digər şəxslərin sənəd üzrə mülkiyyətlərinə çıxarışla verilmiş torpaq sahələri ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edildiyindən, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar