Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1040/2025 22.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ərazi aidiyyəti) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, e-2(077)- 248/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı QSC kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli, 40013238 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 573,78 manat borcun və 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Şuşa Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, e-2(077)-248/2025 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
3. Cavabdeh məhkəməyə vəsatət verərək, mülki işin baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatəti onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq, hazırda Gəncə şəhərində yaşayır.
4. Şuşa Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, e-2(077)-248/2025 nömrəli qərardadı ilə (hakim Sərdar Mehrəliyev) İddiaçı QSC-nin Cavabdeh qarşı “borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işin aidiyyəti üzrə baxıması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsi barədə cavabdehin vəsatətinin təmin edilməməsi qərara alınmışdır.
5. Cavabdeh Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)- 248/2025 saylı qərardadından şikayətlə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini, mülki işin aidiyyəti üzrə baxıması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
6. Şuşa Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, e-2(077)-248/2025 nömrəli qərardadı ilə (hakim Sərdar Mehrəliyev) Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-248/2025 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün Azərbaycan Respublikası MPM-nin 269.3-cü maddəsinin tələbinə uyğun olaraq mülki işin materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
7. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Şikayətin dəlilləri
8. Şikayət onunla əsaslandırılmışdır ki, 1992-ci ildə Şuşa rayonu işğal olunduqdan sonra öz doğma dədə-baba diyarından didərgin düşərək ailəsi ilə birlikdə Gəncə şəhərində yerləşən 1500 ailəlik yeni qəsəbədə yaşayır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 2-cü maddəsinin 1-ci abzasına əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Məhkəmə bütün bu halları nəzərə almamışdır.
Şikayətə qarşı etirazın dəlilləri
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
10. Şikayətdən görünür ki, apellyator Şuşa Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, e-2(077)-248/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Şuşa Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, e-2(077)-248/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
12. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Şuşa Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, e-2(077)-248/2025 nömrəli qərardadı ləğv edilməli və mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Cavabdeh işin aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməsinə dair vəsatətin təmin edilməməsinə dair mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı QSC mülki prosessual qanunvericiliyinin tələbinə uyğun olaraq hazırkı iddia ərizəsi ilə Cavabdeh “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş yaşayış yeri üzrə Şuşa Rayon Məhkəməsinə düzgün olaraq müraciət etmişdir. Odur ki, mülki işin aidiyyətinin dəyişdirilməsi barədə cavabdeh tərəfindən verilmiş vəsatət əsassız hesab edilməlidir. Məhkəmə qərardadı ilə razılaşmayan cavabeh şikayət vermiş, şikayətin dəlili olaraq göstərmişdir ki, o, məcburi köçkün kimi faktiki olaraq Gəncə şəhərində yerləşən 1500 ailəlik yeni qəsəbədə yaşayır. Məhkəmə kollegiyası vəsatətin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh 1992-ci ildə Şuşa rayonu işğal olunduqdan sonra ailəsi ilə birlikdə Gəncə şəhərində yerləşən 1500 ailəlik yeni qəsəbədə məskunlaşaraq yaşayır. Hamıya məlum olan haldır ki, məcburi köçkünlər rəsmi qeydə alındıqları ünvan üzrə yaşamamaqla müxtəlif ərazi vahidlərində məskunlaşmış, bu məskunlaşma səlahiyyətli orqan tərəfindən qeydə alınmışdır. Ümumi məhkəmə təcbürəsində formalaşmış mövqeyə görə prosessual qənaət prinsipinə uyğun olaraq və məhkəməyə əlçatanlığının təmin edilməsi üçün məcburi köçkünlərin iştirak etdiyi işlər üzrə ərazi aidiyyəti ilə bağlı məsələlər məhkəmələr tərəfindən yoxlanılarkən onların məskunlaşdıqları yer nəzərə alınmaqla qiymət verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağılabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər. Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməməklə, şikayət təmin edilməli, Şuşa Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, e-2(077)-248/2025 nömrəli qərardadı ləğv edilməli və mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0.3, 400-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı:
Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Şuşa Rayon Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, e-2(077)-248/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "borcun ödənilməsi" tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.