Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1041/2025 16.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-1/2025 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2(077)-1/2025 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Cavabdeh1 Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci tarixli, 2(077)-117/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinə iddia qiymətinin 50 faizi miqdarında ödənilməli olan dövlət rüsumu haqqında qəbzi əlavə etməmiş, bunu məcburi köçkün olması ilə əsaslandırmışdır. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-1/2025 nömrəli qərardadı ilə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (hakim Sərdar Mehrəliyev) Cavabdeh1 Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-1/2025 nömrəli qərardadından şikayət vermişdir. Şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi bu nəticə qanunvericiliyin tələbinə uyğun deyildir. Belə ki, həm məcburi köçkün, həm də müharibə veteranı olduğuna görə "Dövlət rüsumu haqqında" AR Qanununun 9.1.20. maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azaddır. Yəni, məhkəməyə hər hansı rüsum ödəmədən iddia vermək hüququ vardır. Belə olan halda, eyni qanununun 8.6-cı maddəsi də birinci instansiyada ödənilmiş (yəni əgər ödənilmişdirsə) rüsumun 50%-nin ödənilməsini nəzərdə tutur. Yəni əgər birinci instansiya məhkəməsinə iddia ərizəsinin verilməsi üçün müharibə veteranı və ya məcburi köçkün üçün rüsum müəyyən edilməmişdirsə, apellyasiya şikayətinin verilməsi zamanı müəyyən edilməmiş rüsumun 50%-nin ödənilməsi qanunun mahiyyəti ilə uyğun gəlmir. Həmçinin, bu hüquqda çoxun azı əhatə etməsi prinsipinə də uyğun deyildir. Yəni necə ola bilər ki, birinci instansiya məhkəməsinə daha çox məbləğdə rüsumu ödəməkdən azad edən qanun, apellyasiya şikayətinin verilməsi zamanı daha az rüsumun ödənilməsini nəzərdə tutmasın. Bu normanın mühafizə məqsədinə uyğun deyildir. Bundan əlavə, məhkəmə praktikasında da çoxsaylı mülki işlər mövcuddur ki, həmin mülki işlər üzrə məcburi köçkün vəsiqəsi və ya müharibə veteranı vəsiqəsi ilə apellyasiya və kassasiya şikayətləri verilmiş və həmin şikayətlərə mahiyyəti üzrə baxılmışdır. Bu səbəbdən hesab edir ki, qərardad əsassızdır, ləğv edilməlidir və apellyasiya şikayəti baxılması üçün aidiyyəti üzrə göndərilməlidir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(077)-1/2025 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-1/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. Həmin Məcəllənin 361.3-cü maddəsinə əsasən apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə görə, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Şikayətin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, qanunvericiliklə məcburi köçkünlərin və müharibə veteranların məhkəmə qətnamələrindən apellyasiya şikayəti verilərkən dövlət rüsumundan azad olunması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Qeyd olunan Məcəllənin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(077)-1/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1041/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1041/2025
16.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver