Məhkəmə qərarları › İş №2(105)-1042/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1042/2024

03.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1042/2024 03.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun mübahisələndirilməsi, sübutetmə yükü) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X8 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(067)-255/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh tərəfindən aparılmış yoxlamanın nəticələrinə dair komissiyanın qərarının və xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında yazılmış 4147 manat borcun silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı ünvan ona məxsusdur. Kommunal xərclər onun adına gəlir. Evdə guya təbii qazdan qeyri qanuni istifadə olunması barədə akt yazılaraq onu 4147 manat cərimə etmişlər. Qaz xəttinə heç bir əlavə qoşulma aşkar edilməyib. Bunu qaz idarəsinin nəzarətçiləri də bilir. Onun sayğacında heç bir əlavə qoşulu olmadığı üçün Cavabdeh İB-nə müraciət etmişdir. Hər dəfə bir bəhanə gətirərək yayınmışlar, hətta küçənin nəzarətçilərinə dəfələrlə bildirmiş, hər ay istifadə etdiyi qaz sərfiyatını ödəmişdir. Ödəniş etməyi barədə qəbzləri var. Hal-hazırda sayğacda göstərildiyi göstərişə əsasən heç bir borcu yoxdur. Bu günə qədər nə borcu varsa hamısını nə deyiblər ödəmişdir, qəbzləri də var. Sonradan yaşadığı ünvana Cavabdeh İB-nin nümayəndələri akt tərtib etmişlər, akt yazılarkən onun xəbəri olmayıb. Sonradan ona bildiriş gəlmişdir ki, onun 4147 manat borcu var. Halbuki, borcu yoxdur. Evinə baxış keçirilsə evində olan sayğacın düzgün işlədiyini, həmin sayğaca heç nə qoşulmadığını sübut edə bilər. Heç bir əlavə qaz xəttindən istifadə olunmayıb.

3. Cavabdeh İB-nin nümayəndəsi X3 tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, abonentin qaz xətlərinə, qaz sayğacına və qaz işlədici cihazlarına 06 mart 2023-cü il tarixdə Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza Nəzarət şöbəsinin və Quba xidmət sahəsinin satış xidmətim işçiləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı İddiaçı evinin qaz xəttinin üzərində quraşdırılmış sayğacdan əvvəl, qaz xətinin dəmir dayağının içərisindən üfüqi istiqamətdə xəttə qoşulmuş rezin boru vasitəsi ilə evinə qaz xətti aparıldığı və təbii qazdan qanunsuz istifadə edildiyi aşkar edilmişdir. İddiaçı qanunsuz yolla təbii qazdan istifadə etməsi halının aşkarlanması video çəkilişlə həyata keçirilmiş, abonentin fərdi yaşayış evinə çəkilmiş qanunsuz qaz xəttinin görüntüləri tam aydın şəkildə video çəkilişində öz əksini tapmışdır (disk etiraza əlavə edilir). Bu hal aşkar olunan zaman abonent İddiaçı haqqında fərdi yaşayış evində sayğacdan kənar qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etməsi barədə “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” xx.xx.2023-ci il tarixli ******* saylı akt tərtib edilmiş, abonentin qaz sayğacının keçiricilik qabiliyyətinə uyğun olaraq abonent üçün 34560 m3 və ya hər kubmetr qaz üçün 12 qəpik hesabı ilə 4147,20 manat itirilmiş qazın ziyanı hesablanaraq bazadakı koduna işlənilmişdir. Sayğacdan kənar qanunsuz qaz xətti aşkar olunan zaman İddiaçı və ya onun ailə üzvlərindən heç kim qapını açmamış, qaz idarəsinin işçilərini həyətə buraxmamışlar. Həmin vaxt İddiaçı iddia ərizəsində də sayğacdan kənar qaz xətti vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etməsini etiraf etmişdir, lakin o, itirilmiş qazın bərpası üçün onun koduna hesablanmış qazın həcmindən və məbləğindən narazı idi. “Qazdan istifadə Qaydalarnın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 6.5 bəndinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz pavlayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Belə ki, “Qazdan qanunsuz istifadə halları nəticəsində dəymiş zərərin hesablanması üzrə təlimat”ın 3, 6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazpaylayıcı şəbəkədən ayrılmaqla qazın verilməsi dayandırılmalı, etibarlılığın və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olınayan müddətdə istifadə edilmiş qazın dəyərinin qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanmalıdır. İddiaçı evinin qaz xəttində quraşdırılmış qaz sayğacı G-4 tipli olduğu üçün onun nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün (12 aydan çox olmayan müddət) qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Təlimata uyğun olaraq 4m3 x 24 saat x 360 gün 34560 m3 itirilmiş qazın bərpası hesablanmışdır ki, bu da hər m3 üçün 12 qəpikdən 4147,20 manat edir. Göründüyü kimi, İddiaçı üçün sayğacdan kənar xətlə qanunsuz təbii qazdan istifadəyə görə ziyan Təlimata tam uyğun hesablanmışdır. 80 saylı Qərarın 1.3 bəndinə uyğun olaraq abonentlə qazpaylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqavilənin 2.2.5-ci bəndinə əsasən Qazpaylayıcı İstehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində, habelə abonentlə bağlanmış Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək hüququna malikdir. Bununla da aydın olur ki, iddiaçının tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır. İddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürdüyü fikirləridir. Yuxarıda göstərilənlərə görə İddiaçı iddia tələbi məhkəmə tərəfindən əsassız sayılmalı və təmin edilməməlidir.

5. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacda abonent təbii qaqzdan qeyri qanuni istifadə edir.

6. Abonentin saldosundan görünür ki, Müxlisə Qəribovaya məxsus (abonent kodu - **********00000) abunə hesabına akta görə 4147,20 manat borc hesablanmışdır.

7. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 1 ədəd disk “HP” markalı kompüterdə nümayiş etdirilərkən iddiaçının evinə kənar xətt çəkməklə təbii qazdan istifadə etməsi halı müəyyən olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

8. Xaçmaz Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(067)-255/2024 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) İddiaçı Cavabdeh İB-nə qarşı əsassız hesablanmış pul məbləğinin silinməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 14.2.6, 1097.1 və 1108.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.2, 217.4, 88, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(067)-255/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Onun tərəfindən məhkəməyə təqdim olunan sübutlar qiymətləndirilməmişdir. Bildirir ki, iş materiallarından da göründüyü kimi cavabdeh əsaslandırdığı halları sübut etmək üçün tutarlı və mötəbər sübutlar təqdim etməmişdir. Bundan əlavə aparılan hesabat da düzgün aparılmamışdır. Hallar bunlardan ibarətdir: Yeni qanunvericilkdə olan dəyişiklikə əsasən hesabat mövsümə uyğun olaraq 3 ay müddətinə aparılmalıdır; Hər ay bildiriş verilərkən sayğaca baxılmalıdır ki, qeyri-qanuni qoşulma var ya yox. Ümumiyyətlə əsaslı şəkildə bir ildə 2 dəfədən az olmayaraq qaz xəttlərinə baxış keçirilməlidir. Lakin məhkəmə tərəfindən bu halların heç biri nəzərə alınmamışdır. Ünvana yazılan hesaba Cavabdeh İB tərəfindən akt əsasında itirdikləri qazın bərpası üçün yazılmalıdır. Lakin Cavabdeh İB ona tam qanunsuz bir miqdarda bu məbləği hesablamış və məhkəmə buna qiymət verməmişdir. Bundan əlavə hesabat onun ünvanının Saldosunda olan keçmiş aylıq sərfiyyata uyğun yazılmalıdır. Saldodan göründüyü kimi ayda orta hesabla cəmi 20 və 30 manat təbii qazdan istifadə edir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. İddiaçının nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

14. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

16. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

17. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu: Maddə 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Maddə 21. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”: 3.2.1 və 3.2.2-ci bənd- qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. 6.5-ci bənd - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcısı şəbəkədən ayırmaqla qazın verilişin dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7-ci bənd - qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.

21. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı yaşadığı evə qeyriqanuni sayğacdan kənar qaz xəttinin qoşulması halı öz təsdiqini tapsa da, iddiaçı bunu inkar etmiş və kim tərəfindən çəkilməsi barədə məlumatının olmamasını bildirmişdir.

22. İş materialları ilə həqiqətən də iddiaçının qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulma faktı təsdiqini tapır, bununla bağlı aidiyyəti orqan həmin qoşulma faktının qarşısının alınması (xəttin kəsilməsi, dayandırılması və s.) ilə bağlı tədbir görməklə, müvafiq Akt tərtib etmişdir.

23. Mübahisənin bu hissəsi iş materiallarına əlavə edilmiş müvafiq sənədlərlə (dəymiş ziyanın bərpasına dair tələbnamə və Aktla, videogörüntü ilə) sübut olunur.

24. Birinci intansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

25. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktdan müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırılmış sayğacda «abonent təbii qaqzdan qeyri qanuni istifadə edir. Bundan başqa, məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 1 ədəd disk “HP” markalı kompüterdə nümayiş etdirilərkən iddiaçının evinə kənar xətt çəkməklə təbii qazdan istifadə etməsi halı müəyyən olunmuşdur. Məhkəmə hesab etmişdir ki, iddiaçının evində qaz sayğacından kənar xətt mövcud olduğundan iddia tələbi təmin oluna bilməz.

26. İddiaçı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(067)-255/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Kollegiya apellyasiya şikayətinin dəlliləri üzrə qiymətləndirmə apararaq, şikayəti qismən əsaslı hesab edir. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə tam razılaşmır və bununla bağlı aşağıda şərh olunanları qeyd edir:

28. Kollegiya ilk öncə qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətinin məzmunundan göründüyü kimi apellyator birinci instansiya məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilməməsini göstərsə də əsas etibarı ilə cərimənin hesablanması qaydasını mübahisələndirmişdir.

29. xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında Cavabdeh İB dəymiş ziyan həcminin hesablanması barədə tələbnaməyə əsasən abonentə məxsus qaz sayğacı G-4 tipli olduğu üçün onun nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün (12 aydan çox olmayan müddət) qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Təlimata uyğun olaraq 4m3 x 24 saat x 360 gün 34560 m3 itirilmiş qazın bərpası hesablanmışdır ki, bu da hər m3 üçün 12 qəpikdən 4147,20 manat edir.

30. Kollegiya bu qaydada hesabatla razılaşmır və qeyd edir ki, cavabdeh təşkilat tərəfindən tələbnamədə hesabat müddətinin hansı əsasdan 24 saat və 360 gün müddətlə aparıldığı müəyyən deyildir.

31. Apellyasiya kollegiyası hesab edir ki, qaz xəttinə qanunsuz qoşulma nəticəsində vurulmuş zərərə görə hesabat müddəti, Cavabdeh xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimata uyğun olaraq 90 gün olmaqla hesablanmalıdır.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı yaşadığı evə sayğacdan kənar qaz xəttinin qoşulması faktı təqdim edilmiş sübutlarla öz təsdiqini tapır, bu hissədə şikayətin dəlilləri əsassızdır. Bununla yanaşı, kollegiya vurulmuş zərərin hesablanması qaydası ilə razılaşmır və hesab edir ki, vurulmuş zərərin miqdarı Cavabdeh xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimata uyğun olaraq 90 gün üçün xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə (4 x 12 x 90=4320 kub.metr x 0,12 = 518,40; 4147,20- 518,40=3628,80) 518,40 manat müəyyən edilir ki, bu məbləğ abonentdən tutulmalıdır.

33. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır.

34. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

35. Sadalananlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yaranmış borc məbləğinin əsası barədə düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, silinməli borcun miqdarı 3628,80 manat məbləğində müəyyən edilməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı Qəribova Muxlısə Aynal qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(067)-255/2024 nömrəli qətnaməsi qismən ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin edilsin. İddiaçı (abonent kodu-**********00000) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış borcdan 3628,80 (üç min altı yüz iyirmi səkkiz manat səksən qəpik) manat silinsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar