Məhkəmə qərarları › İş №2(105)-1044/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1044/2021

29.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1044/2021 29.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi: X3, İddiaçının nümayəndəsi və vəkili: X2, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili: X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı borc tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) ilkin iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “borc” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 94.605 (doxsan dörd min altı yüz beş) manat borc, gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 7.095,37 (yeddi min doxsan beş) manat 37 (otuz yeddi) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manatın iddiaçı Cavabdeh xeyrinə tutulması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İlkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış xx xxxx 2019-cu il, xx xxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2018-ci ilin əvvəllərində "qida əlavələrinin satışı" ilə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan vaxtı yaxın münasibətdə olduğu və Abşeron rayonunda obyektinin bir hissəsini icarəyə götürüb işlətdiyi Şahin Rzayevdən 30.000 ABŞ dolları borc götürmüş və hər ay ona 3.000 ABŞ dolları pul ödəmişdir. 2018-ci ilin axırlarında artıq onun işində problemlər yaranmağa başlamış, yəni satış getməmişdir. Ş.Rzayev ondan əsassız olaraq pul tələb etməyə başlamış və bildirmişdir ki, 30.000 ABŞ dolları əsas borcu və 20.000 ABŞ dolları da faiz borcu olmaqla, ümumilikdə ona 50.000 ABŞ dolları, manatla 85.000 manat pul borcu vardır. O, etiraz edərək ondan əsassız faiz tələb etdiyini bildirmişdir. Lakin Ş.Rzayev onunla razılaşmayıb ona hədə - qorxu və təzyiqlər etməyə başlamışdır. Sonra Şahin ona demişdir ki, borc tapıb pulunu ödəyə bilmirsə, onun Əntiqə adlı tanışı var, həmin şəxs faizə pul götürüb verə bilər, o da borcu qaytarar. Ş.Rzayev 20.000 ABŞ dolları faiz pulu da ondan borc verdiyi pul kimi almaq üçün hər cür qanunsuz yollara əl atırdı. O, da hədə qorxu və təzyiqlərdən yaxa qurtarmaq üçün onunla razılaşmışdır. Bundan başqa Əntiqə adlı qadın da guya 50.000 ABŞ dolları pulu faizə götürdüyündən 5650 ABŞ dolları faiz pul da hesablanmış, həmin faiz pulu 50.000 ABŞ dollarının üzərinə gəlmişlər, ümumilikdə 55.650 ABŞ dolları, manatla 94.605 manat borc hesablanmışdır. xx xxxx 2019-cu il tarixdə onlar Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat ofisinə getmişlər, özləri ilə gətirdikləri 21.000 ABŞ dollarını orada manata dəyişdirmişlər və sonra Cavabdeh ilə aralarında Sumqayıt şəhər 4 saylı notariat ofisində xx xxxxx 2019-cu il tarixədək 35700 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. O, danışdıqları kimi sənədlərin hamısına imza etmiş, lakin ona pul verilməmişdr. Gəlib avtomaşına əyləşəndə Cavabdeh 35.700 manat pulu Ş.Rzayevə vermişdir. Bundan sonra səhərisi günü, yəni xx xxxx 2019-cu il tarixdə Cavabdeh ilə yenidən Sumqayıt şəhər 4 saylı notariat ofisinə gəlmişlər və xx xxxxx 2019-cu il şübhə doğurmasın deyə bir gün əvvəl verilən 35700 manat pulun 32130 manatına ikinci kredit müqaviləsi bağlanmışdır. Üçüncü dəfə isə yenə şübhə doğurmasın deyə səhərisi gün deyil, xx xxxx 2019-cu il tarixdə Cavabdeh ilə aralarında Sumqayıt şəhər 4 saylı notariat ofisində xx.xx.2019-cu il tarixədək 26775 manat məbləğində formal kredit müqaviləsi bağlanmışdır. O, həmin müqavilələri Ş.Rzayev ona təzyiq etdiyinə və hədə-qorxu gəldiyinə görə imzalamağa məcbur olmuşdur. 2019-cu ilin aprel ayının 05-dək bu məbləğdə pulu ödəmək mümkün deyildir. O, Ş.Rzayevin hədə qorxu və təzyiqlərindən qurtarmaq üçün 2019-cu ilin may ayının axırlarında Rusiya Federasiyasına getmişdir. Sonra Cavabdeh ona qarşı pul tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət etməsindən xəbər tutmuşdur. Həmin müqavilələrin aldatma yolu ilə həmçinin də, onun ağır vəziyyətə düşməsi nəticəsində bağlanmasını sübut etmək üçün məhkəmədə iştirak etmək məqsədilə Azərbaycan Respublikasına gələrkən, Azərbaycan Respublikası Dövlət sərhəd keçid məntəqəsində saxlamışlar və Sumqayıt Şəhər Məhkəməsinə gətirmişlər. Həmin məhkəmənin xx xxxx 2020-ci il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsilə təqsirli bilinərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “borc” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə İddiaçı ona qarşı aralarında Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış xx xxxx 2019-cu il, xx xxxx 2019-cu il və xx xxxx 2019-cu il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə ilkin iddiasının rədd edilməsi, qarşılıqlı iddiasının təmin olunaraq cavabdeh İddiaçı 94605 manat borc pulun və gecikdirilmiş vaxt üçün illik beş faizin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı ona qarşı iddia qaldıraraq aralarında Sumqayıt şəhəri 4 saylı notariat kontorunada bağlanmış xx xxxx 2019-cu il, xx xxxx 2019-cu il, xx xxxx 2019cu il tarixli kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Onun iddia tələbini tamamilə qanunsuz və əsassız hesab edir, ona qarşı öz qarşılıqlı iddiasını irəli sürür. Bildirir ki, o, ilk dəfə, xx.xx.2019-cu il tarixdə cavabdeh İddiaçı ilə Sumqayıt şəhəri 4 saylı notariat ofisində xx.xx.2019-cu il tarixədək 35700 manat məbləğində, növbəti dəfə xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixədək 32130 manat məbləğində, sonuncu dəfə isə xx.xx.2019-cu il tarixdə xx.xx.2019-cu il tarixədək 26775 manat məbləğində kredit müqaviləsi bağlamışlar. Yuxarıda qeyd olunan kredit müqavilələri üzrə cavabdeh İddiaçı öhdəliklərini yerinə yetirməyərək, müqavilə şərtlərində göstərilən tarixlərdə ona olan borcunu ödəməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlkin iddia üzrə İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən bir çox maddi və prosessual normaların tələbləri pozulmuşdur. Məhkəmə onun vəkilin və nümayəndəsi Ə.H.Məmmədovun məhkəmə iclasında iştirakını təmin etməməklə qanunsuzluga yol vermişdir. Qətnamə çıxan günü onun nümayəndəsi və vəkili Bakı şəhəri, nəsimi rayon Məhkəməsində prosesdə olmuş. Məhkəmə Ə.Məmmədovun iştirakı olmadan işə tələm-tələsik baxmış, onun iddia tələbi rədd etmişdir. Əgər vəkili iştirak etsəydi iddianı dəyişdirib, müqavilələrin etibarsız hesab edilməsi tələbi ilə deyil, müqavilələrinin ləğv edilməsi ilə ərizə yazaraq məhkəməyə müraciət edəcəkdi. Eyni zamanda digər sübutlar da məhkəməyə təqdim olunacaqdı. Məhkəmə onun hüquqlarını, prosessual hüquq normalarını pozmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(060)- 4173/2020 saylı qətnaməsini ləğv edərək, ilkin iddia üzrə iddiaçı kimi onun iddianın təmin, qarşılıqlı iddia üzrə iddiaçı kimi Cavabdeh qarşılıqlı iddiasının rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı, nümayəndələri L.İ.Şıxaliyeva və Ə.H.Məmmədov apellyasiya şikayətini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdeh və nümayəndəsi N.H.İbrahimov apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, qarşılıqlı iddia ərizəsinə oxşar izahat verdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə maraqlı tərəf 4 saylı DNK-nun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilkin iddia ərizəsini rədd edərkən, iddiaçının öz tələbini sübuta yetirməməsinə, qarşılıqlı iddia tələbini təmin edərkən, mübahisə olunan pulun cavabdeh tərəfindən qaytarılmamasının sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan xx.xx.2019-cu il tarixli notariat qaydada təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, Cavabdeh (borc verən) İddiaçı (borc alan) 35.700 (otuz beş min yeddi yüz) manat məbləğində pul borc verir. “Borc alan” krediti xx.xx.2019-cu il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli notariat qaydada təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, Cavabdeh (borc verən) İddiaçı (borc alan) 32.130 (otuz iki min bir yüz otuz) manat məbləğində pul borc verir. “Borc alan” krediti xx.xx.2019-cu il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. İşə əlavə olan xx.xx.2019-cu il tarixli notariat qaydada təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, Cavabdeh (borc verən) İddiaçı (borc alan) 26.775 (iyirmi altı min yeddi yüz yetmiş beş) manat məbləğində pul borc verir. “Borc alan” krediti xx.xx.2019cu il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 354-cü maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. İşin hallarından göründüyü kimi, mübahisələndirilən kredit müqavilələri xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə bağlanılmış, ilkin iddia üzrə iddiaçı isə araşdırılan tələblə xx xxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin şərh olunan normalarına istinadən hesab edir ki, müqavilənin etibarsızlığı ilə bağlı hissədə iddiaçının subyektiv hüququnun qüvvədə olma müddəti keçmişdir, Məhkəmə eyni zamanda qeyd edir ki, Mülki Məcəllənin 354-cü maddəsində nəzərdə tutulan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Məhkəmə eyni zamanda qeyd edir ki, mülki qanunvericiliyə görə mülki hüquqi forma olmaqla əqd ümumilik təşkil edən dörd ünsürdən – subyekt tərkibindən (əqddə iştirak edən şəxslərdən), əqd iştirakçısının iradə və yaxud iradə ifadəsinin vəhdətindən (subyektiv tərəf), əqdin formasından və məzmunundan ibarətdir. Əqd onu təşkil edən bu ünsürlərdən hər hansı birinin qüsurlu olmasına görə etibarsız hesab edilə bilər. Məhkəmə hesab edir ki, müddət keçmədiyi halda belə, mübahisələndirilən əqdin etibarsız hesab edilməsi üçün hüquqi əsasların mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilmədi. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibəti yaranmış, borclu razılaşdırılmış müddətdə həmin borcdan heç bir ödəniş etməyərək öhdəliyini icra etməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında borc müqaviləsi ilə bağlı münasibətlər yarandığından mübahisə Mülki Məcəllənin 21-ci fəslində təsbit olunmuş «Öhdəliklərin icrası» və «Borc» müqaviləsi ilə bağlı müddəalar çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəyə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə mülki qanunvericiliyin şərh olunan maddələrində ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Eləcə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borcludan gecikdirilmiş vaxt üçün illik 5% faiz tutulması hissədə tələbi əsaslı hesab edir. Odur ki, ödənilməmiş 94605 manat borc məbləğinə gecikdirilmiş vaxt üçün (18ay müddət üçün) illik 5% hesablanmaqla 7095,37 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmuu halda tədqiq edərək bu nəticəyə gəlir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 94ş605 manat borc və gecikdirilmiş vaxt üçün illik beş hesablanmaqla 7.095,37 manat iddiaçı Cavabdeh xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası ilkin iddia üzrə İddiaçı işə onun və nümayəndəsinin iştirakı olmadan baxılması barədə gətirdiyi dəlilə qiymət verərək, hesab edir ki, həmin dəlil əsassızdır. Belə ki, iş materiallarnıdan görünür ki, ilkin iddia üzrə İddiaçı nümayəndəsi L.İ.Şıxaliyeva və vəkili Ə.H.Məmmədov iş üzrə keçirilmiş hazırlıq iclası, məhkəmə iclaslarında iştirak etmişlər, izahat vermişlər (i.v.29-30, 38-41). Məhkəmə prosesi zamanı ilkin iddia üzrə İddiaçı bildirdi ki, həqiqətən cavabdehdən göstərilən məbləğdə borc pul almış, həmin pulu başqa şəxsə borclu olduğu üçün vaxtında qaytara bilməmişdir, hazırda borcun hissə-hissə qaytarmasının razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası ilkin iddia üzrə iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(060)-4173/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar