Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1045/2021 01.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: Cəbrayıl Böyük oğlu İbadullayev, Cavabdehin nümayəndəsi: X1 iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi C.B.İbadullayev tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh ASC tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, X2 qəsəbəsi, Səməd Vurğun küçəsi, yataqxana – 1, otaq 9 ünvanına hesablanmış 117 (yüz on yeddi) manat 70 (yetmiş) qəpik məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh ASC-nə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, X2 qəsəbəsi, Səməd Vurğun küçəsi, yataqxana – 1, otaq 9 ünvanında yerləşən mənzilə quraşdırılmış su sayğacına müvafiq su sərfiyyatı ilə bağlı əsassız hesablanmış 297 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, X2 qəsəbəsi, Səməd Vurğun küçəsi, yataqxana – 1, otaq 9 ünvanında yerləşən yaşayış sahəsində əvvəllər Ağdam rayonundan məcburi köçkün olan Şiriyeva Şəfiqə yaşamışdır ki, o da məcburi köçkünlər üçün nəzərdə tutulmuş güzəştlərdən istifadə etmişdir. O, ailə üzvlərilə həmin yaşayış sahəsinə köçdükdən sonra cavabdehin əməkdaşları 297 manat borcun olduğunu bildirmiş və bir neçə dəfə mənzilə verilən suyu kəsmişlər. O, məcbur qalaraq 160 manat məbləğində pul köçürmüşdür. Lakin buna baxmayaraq yenə də ondan borc çıxılır. Qeyd olunan pul məbləği olduqca absurddur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi C.B.İbadullayev apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edilməlidir. İstehlak edilmiş su sərfiyyatının məbləği tərəfindən hər ay ödənilmişdir, əvvəlki sakinin adına hesablanmış borc məbləğinin ondan tələb edilməsi tamamilə əsassızdır. O, həmin ünvana köçüb yaşadığı gündən karta pul köçürərək sudan istifadə etmişdir. Məhkəmə tərəfindən bu amillər nəzərə alınmamış, yalnız 117 manat hissəsi silinmişdir. Halbuki tətbiq edilmiş borc məbləği tam silinməli və tərəfindən ödənilmiş məbləğ cavabdeh tərəfindən ona geri qaytarılmalıdır. Məhkəmə tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(060)-4215/2020 saylı qətnaməsinin iddia qalan hissədə təmin edilməsin hissəsində ləğv edilməsinə və iddianın tam şəkildə təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi C.B.İbadullayev apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə oxşar izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi Y.A.Xankişiyev apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, məhkəmə tərəfindən heç bir qanun pozuntusunun olmamasını bildirdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi hakimi, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərək, həmin hissədə borcun qanuna uyğun hesablanmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qismən qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi C.B.İbadullayevin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1986-cı ildə anadan olmuş, hazırda Sumqayıt şəhəri, X2 qəsəbəsi, Səməd Vurğun küçəsi, yataqxana – 1, otaq 9 ünvanında yaşayır. İşdə olan abonent kartında cavabdehin 2016, 2017, 2018 və 2019-cu illər üzrə su və kanalizasiya xidmətlərinə görə yaranmış borcları öz əksini tapmışdır. Abonent kartından görünür ki, iddiaçının yekun olaraq 117,70 manat borcu qalmışdır. Abonent kartında Sumqayıt şəhəri, X2 qəsəbəsi, Səməd Vurğun küçəsi, yataqxana – 1, otaq 9 ünvanına dair cavabdehlə Şəfiqə Siriyeva arasında su təchizatı və tullantı sularının axıdılması xidmətinin həyata keçirilməsi üçün xx.xx.2008-ci il tarixli, 30449202 saylı müqavilə bağlandığı qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən su təchizatı və kanalizasiya müəssisəsi (bundan sonra - STKM) – mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəyyən ərazi (zona) hüdudlarında su təchizatını və tullantı sularının axıdılmasını təmin edən hüquqi şəxsdir (1.2.1). Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək İstehlakçıların vəzifələrindən biridir (4.1.3.). Suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılmasının pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir (7.1.). Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 kub metr suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,06 manat müəyyən edilmişdir. Tarif (qiymət) Şurasının xx xxx 2016-cı il tarixli 6 nömrəli Qərarı ilə əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 1 kub metr suyun qiyməti 0,35 qəpik, həmin miqdarda tullantı sularının axıdılmasına görə 0,15 qəpik müəyyən edilmişdir. “Sudan istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin məhkəmə tərəfindən işin tam araşdırılmaması barədə gətirdyi dəlili qəbul etmir. Belə ki, işdən göründüyü kimi, iddiaçının yaşadığı ünvana 2016-cı ildə su sayğacı quraşdırılmışdır. İddiaçı Sumqayıt şəhəri, X2 qəsəbəsi, Səməd Vurğun küçəsi, yataqxana – 1, otaq 9 ünvanında 2018-ci ildən yaşamağa başlamışdır. Cavabdeh isə iddiaçının yaşadığı ünvana su və kanalizasiya xidmətlərindən istifadəyə görə 2016-cı ilə qədər 3 nəfərlik, 2016-cı ildən sonra 2 nəfərlik ailə tərkibinə uyğun hesablama aparmışdır. Yəni, hesablanmış borc iddiaçı həmin mənzilə köçməzdən əvvəl yaranmış borcdur. Eyni zamanda borc sayğac əsasında deyil, ailə tərkibinə uyğun hesablanmışdır. Cavabdehin nümayəndəsi isə həmin borcun hesablanması üçün əsas olmuş halları sübut edə bilməmiş, iddiaçıdan əvvəl həmin ünvanda yaşamış şəxslərin ailə tərkibi ilə bağlı hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir.Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahmisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi İbadullayev Cəbrayıl Böyük oğlunun apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə xx xxxxxx 2020-ci il tarixli 2(060)- 4215/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1045/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1045/2021
01.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver