Məhkəmə qərarları › İş №2(105)-1048/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1048/2021

19.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1048/2021 19.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcunun silinməsi tələbinə dair mülki iş üzrə Xızı Rayon Məhkəməsinin 2(068)-126/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Xızı Rayon Məhkəməsinin 2(068)-126/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh Xaçmaz X5 İdarəsinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxx 2018-ci il tarixli, ******* saylı aktı əsasında İddiaçı məxsus Xızı rayonu, Şurabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə hesablanmış 1684,80 (bir min altı yüz səksən dörd manat səksən qəpik) manat məbləğində borcun silinməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakim B.Ələkbərov). Qətnamədən Cavabdeh İB apelyasiya şikayəti verərək Xızı Rayon Məhkəməsinin 2(068)-126/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xızı rayonu, Şurabad qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxx 2018-ci il tarixli, ******* saylı aktın ləğv olunması və həmin akta əsasında hesablanmış 1684,80 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Xızı rayonu, Şurabad qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır. xx xxxxxx 2013-cü il tarixdə Cavabdeh əməkdaşları tərəfindən yaşadığı ünvana G-4 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. xx xxxxxx 2019-cu il tarixdə Cavabdeh əməkdaşları gələrək, ona məxsus fərdi yaşayış evində quraşdırılmış həmin qaz sayğacını çıxarıb növbəti dövlət yoxlamasına göndərmiş və bununla əlaqədar olaraq qaz nəzarətçiləri akt tərtib etmişlər. Bundan sonra, Cavabdeh Qaz sayğacının yoxlanılması barədə xx xxxxx 2019-cu il tarixli aktına əsasən «xətalar normadan artıqdır, ilkin baxışda sayğac normaldır» rəyi verilmişdir. Daha sonra, yaşadığı ünvanda quraşdırılmış həmin G-4 markalı, ******* nömrəli qaz sayğacı dəyişdirilərək, smart tipli sayğacla əvəz olunmuşdur. Sonradan isə ona məlum olmuşdur ki, bundan bir müddət əvvəl, hər hansı bir rəy olmadan və saycağ çıxarılıb labarotoriyaya göndərilmədən xx xxxx 2018-ci il tarixdə, ******* saylı akt tərtib olunmuşdur. Həmin akt əsasında isə guya sayğacın qeydə almadığı qazın bərpası məqsədilə 8424 kub metr həcmində, yəni 1684,80 manat dəyərində qaz itkisi hesablanaraq onun abonent hesabına daxil edilmişdir. Həmin vaxt onun bundan məlumatı olmamış, ancaq fərdi yaşayış evinə smart tipli sayğac quraşdırılandan sonra, karta pul ödəyərkən xəbər tutmuşdur. O, bu barədə Cavabdeh İB-nin əməkdaşlarına müraciət etsə də, qaz nəzarətçiləri sayğaca və evində olan qazla işləyən məişət avadanlıqlarına baxış keçirildiyini, sayğacın mövcud cihazların saatlıq qaz sərfinə uyğun olmamasını ona bildirmişlər. Xaçmaz Qİİ-nin nəzarətçiləri xx xxxx 2018-ci il tarixdə mübahisəli aktı tərtib etdikdən sonra həmin sayğacı dəyişməmiş, ayda iki dəfə olmaqla sayğaca baxış keçirmiş, o, həmin sayğacın göstəricilərinə uyğun istifadə olunan qaza görə ödənişləri müntəzəm olaraq ödəmişdir. Həmin sayğac təxminən 8 ay sonra, yəni xx xxxxxx 2019-cu il tarixdə dəyişdirilmiş və yenisi ilə əvəz olunmuşdur. Bundan başqa, istifadə olunan qaz xəttinə quraşdırılmış qaz saygacı cavabdeh tərəfindən ona məxsus evin daxilində deyil, hasarın çöl tərəfində yerləşdirilmişdir. Bu səbəbdən də, həmin saygacın hər hansı bir ehtimal ediləcək kənar müdaxilədən qorunmasının və sayğacın mövcud cihazların saatlıq qaz sərfinə uyğun olmasının onun tərəfindən təmin edilməsi heç bir məntiqə sığmır. Belə olan halda onun hər hansı bir şəkildə ehtimal olunan uyğunsuzluğa görə məsuliyyət daşıması absurddur və göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə onların təqdim etdikləri sənədləri sübut kimi qəbul etməmiş, bununla da səhv nəticəyə gəlmişdir. “Cavabdeh“ X3 RQİİ-si ilə İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında o, təbii qazdan istifadə edir. Abonent üçün G-4 markalı, Elster tipli, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Həmin sayğaca Xaçmaz RQİİ-nin Xızı xidmət sahəsinin işçiləri tərəfindən abonentin iştirakı ilə xx.xx.2018-ci il tarixdə baxış keçirilmiş, abonentin qaz işlədici cihazlarının qaz sayğacının qaz qeydə alma gücünə uyğun olmadığı müəyyən edilmişdir. Beləki, layihə sənədlərinə əsasən abonentin evində istifadə olunan qaz işlədici cihazlar bir saat ərzində 6 m3-dan artıq təbii qazdan istifadə edə bilməzlər. G-4 markalı qaz sayğacı bir saat ərzində 6 m3-dan artıq keçən qazı qeydə almır. İddiaçı evində istifadə olunan qaz işlədici cihazlar isə bir saat ərzində 9,9 m3 təbii qaz istifadə edir. Belə ki, evdə işlək vəziyyətdə olan qaz piltəsi (RQ-4)-3,6 m3, 280 m2 həcmli kombi-3 m3, qeyristandart su qızdırıcı -1,8 m3, su qızdırıcı (pitiminutka) -1,5 m3 təbii qazdan istifadə edir. Bu isə o deməkdir ki, hər saatda sayğacdan keçən 3.9 m3 təbii qaz qeydə alınmır. Bütün bunlara görə abonent İddiaçı barəsində xx.xx.2018-ci il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* saylı akt tərtib edilmiş və həmin aktı iddiaçı imzalamışdır. Akta əsasən İddiaçı üçün 8424 m3 və ya 1684,80 manat məbləğində itirilmiş qazın ziyanı hesablanmışdır. Göründüyü kimi, layihədə nəzərdə tutulan miqdardan artıq qaz istehlakına görə iddiaçı məsuliyyət daşımış, onun həmin məsuliyyəti qaz istehlakçısı kimi müqavilə öhdəliklərindən əmələ gəlmişdir. Belə ki, qaz sayğacına müdaxilə nəticəsində itirilmiş təbii qaz, yəni, sayğacdan keçmiş, lakin sayğac tərəfindən qeydə alınmamış təbii qaz abonentin evində, onun qaz işlədici cihazlarında sərf edilmişdir. Buna görə də, əgər qaz paylayıcısı qaz sayğacına müdaxilə olunduğunu sübut edirsə, müdaxilə nəticəsində qazpaylayıcıya dəymiş ziyan abonentdən tələb olunmalıdır. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı apelyasiya şikayətinə etiraz edərək əlavə etdi ki, onun tərəfindən sayğaca müdaxilə olunmamışdır. Ona görə də apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apelyasiya baxışı zamanı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına öz nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan tərəflər arasında bağlanmış xx xxxxx 2013-cü il tarixli, 26-29- 166 nömrəli “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə müqavilənin surətindən görünür ki, bu müqavilə qaz paylayıcısı ilə istehlakçı fiziki şəxs arasında sonuncuya aid Xızı rayonu, Şurabad qəsəbəsində yerləşən fərdi evin təbii qaz təchizatı və onun istismarı ilə əlaqədardır. İşdə olan xx xxxxxx 2013-cü il tarixli, 357881 nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, İddiaçı yaşadığı Xızı rayonu, Şurabad qəsəbəsindəki fərdi yaşayış evinə G-4 markalı, ******* nömrəli qaz sayğacı quraşdırılmışdır. Yenə işdə olan Cavabdeh Xaçmaz X5 İdarəsinin əməkdaşları Həmid Həmidov və Abas Abasov tərəfindən tərtib edilmiş «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» xx xxxx 2018-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, Xızı rayonu, Şurabad qəsəbəsində istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və ******* nömrəli sayğacın mövcud qaz cihazlarının saatlıq qaz sərfinə uyğun olmaması aşkar olunmuş, sərfiyyata uyğun sayğacın dəyəri və dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. Yenə də işdə olan Cavabdeh İB Xaçmaz X5 İdarəsinin dəymiş ziyanın bərpasına dair xx xxxx 2018-ci il tarixli tələbnaməsindən və abonentin saldosundan görünür ki, xx xxxx 2018-ci il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ cəmi 8424 m3 - 1684,80 manat təşkil etmişdir. İşə əlavə olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx xxxxxx 2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı Xızı rayonu, Şurabad qəsəbəsindəki fərdi yaşayış evində mövcud olmuş G-4 markalı, ******* nömrəli qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Yenə də işə əlavə olunmuş Cavabdeh qaz sayğacının yoxlanılması barədə xx xxxxx 2019-cu il tarixli, MSK-29/1710-00756 nömrəli aktından görünür ki, Xızı rayonu, Şurabad qəsəbəsindəki fərdi yaşayış evində mövcud olmuş G-4 markalı, ******* nömrəli qaz sayğacına laboratoriyada baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xətalar normadan artıqdır, ilkin baxışda sayğac normaldır. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddianın təmin olunmamış hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, MPM-nin 372.6-cı madəsinə əsasən bu hissədə qətnamə hazırkı mərhələdə apelyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, Xızı Rayon Məhkəməsinin 2(068)-126/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, sayğacda xətaların normadan artıq olduğu aşkar edilmişdir. Cavabdeh sayğaca iddiaçı tərəfindən müdaxilə edildiyini əsas gətirərək itirilmiş qazın bərpası üzrə 1684,80 manat dəymiş ziyan hesablamışdır. İddiaçı isə sayğaca müdaxilə etmədiyini bildirib ona hesablanmış borcun silinməsini və dəyişdirilmiş sayğacın dəyərinin ona aid olmadığını iddia edir. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. Qanunun qeyd edilən maddəsinin 9-cu bəndinin tələblərinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarının 3.1.5-ci bəndinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Yuxarıdakı normaların tələblərindən də görünür ki, istehlakçı qaz sayğacının zədələnməsinə görə o vaxt məsuliyyət daşıyır ki, qaz paylayıcısı bu zədənin istehlakçının təqsiri üzündən baş verdiyini sübut etsin. Eləcə də qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilir. Beləliklə, cavabdeh sayğaca iddiaçı tərəfindən kənar müdaxilə edildiyini və və bu səbəbdən cavabdehə zərər vurulduğunu əsas gətirsə də məhkəməyə bunu təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X6 Məhkəməsi "X1rşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən tutarlı əsas gətirilməmiş, borcun iddiaçının günahı ucbatından yaranması sübut edilə bilməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçı barədə qeyd edilən borcun hesablanması əsassızdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin iddiaçının tələbinin qismən əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayətdə göstərilən dəlillər formal mülahizələrdir və apelyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün cavabdehin ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xızı Rayon Məhkəməsinin 2(068)-126/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün Cavabdeh İB-nin ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən:Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar