Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1050/2025 24.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı tərəf Sumqayıt Dövlət Universitetinə qarşı mülki iş üzrə (Açar sözlər: ərizənin yolverilməzliyi) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt Dövlət Universitetinə qarşı "hüquqi faktın müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(060)-4718/2025 nömrəli qərardadından ərizəçinin nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Ərizəçi məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti tərəfindən verilmiş FF11108 nömrəli tələbə biletində qeyd edilmiş şəxsin (X2) onunla (yəni Ərizəçi) ilə eyni şəxs olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(060)-4718/2025 nömrəli qərardadı ilə (hakim Pərvin İmamverdiyeva) Ərizəçi maraqlı şəxs Sumqayıt Dövlət Universiteti olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır.
3. Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil 30 iyun 2025-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4718/2025 saylı, 25 iyun 2025-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 2(060)-4718/2025 nömrəli qərardadı ilə (hakim Pərvin İmamverdiyeva) Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4718/2025 saylı, 25 iyun 2025-ci il tarixli qərardadından verdiyi şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Şikayətin dəlilləri
6. Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil şikayəti onunla əsaslandırılmışdır ki, o, məhkəmənin mövqeyi ilə razı deyildir. Belə ki, imtinaya səbəb kimi müvafiq sənədlərin təqdim edilməməsi olmamışdır. İmtinaya səbəb tələbə biletində qeyd olunmuş adla digər sənədlərdə adın fərqli olmasıdır. Soyadının dəyişməsinə səbəb ərizəçinin ailə həyatı qurmasıdır ki, bununla bağlı məhkəməyə nikah haqqında şəhadətnamə təqdim olunmuşdur. Ərizəçi adını, soyadını və ata adını dəyişdirməmişdir və bu barədə şəhadətnamə də yoxdur, olması da mümkün deyildir. Ərizəçinin adında səhvlik vardır. Tələbə biletində adı səhv yazılıb, bunun səbəbini isə ərizədə kifayət qədər əsaslandırıb. Hazırkı iş üzrə inzibati məhkəmədə iddia qaldırmağın heç bir mahiyyəti yoxdur. Sumqayıt Dövlət Universitetinin onun sorğusuna verdiyi cavab inzibati akt deyildir. Ərizələrinin təmin olunmamasının yeganə əsası sənəddə ərizəçinin adında olan səhvlikdir. Məhkəmənin hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbulundan imtina edilməli olması, ərizəçiyə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun izah olunması barədə mövqeyi ilə də yuxarıda qeyd olunan əsaslara görə razı deyil. Həmçinin, məhkəmənin “ərizəçi tələbə biletində müvafiq düzəlişlərin aparılması ilə bağlı belə sənədi vermiş orqanın (təşkilatın) özünə, hazırkı halda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Sumqayıt Dövlət Universiteti” Publik hüquqi şəxsinə müraciət etməli, onun müraciətinin icrasından imtina edildiyi təqdirdə, həmin orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmalıdır” fikiri ilə də razılaşmırlar. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.
Şikayətə qarşı etirazın dəlilləri
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
8. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(060)-4718/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(060)- 4718/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
10. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesb edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(060)-4718/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin mübahisəli qərardadı ilə Ərizəçi maraqlı şəxs Sumqayıt Dövlət Universiteti olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ərizəçiyə məxsus, Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti tərəfindən verilmiş FF11108 nömrəli tələbə biletində onun soyadı və ata adı fərqli olduğundan ondan “adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” şəhadətnamə tələb olunmuş, lakin həmin sənədi təqdim edə bilmədiyindən diplom və diploma əlavənin verilməsindən imtina edilmişdir. Bundan sonra ərizəçi qeyd edilən tələbə biletindəki şəxsin onunla eyni şəxs olması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin tələbi ali təhsil haqqında diplomun verilməsi məqsədinə yönəlmiş olsa da, bu məqsədə çatmaq üçün təqdim edilən hüquqi əhəmiyyətli fakt – yəni tələbə bileti verilmiş şəxslə onun eyni şəxs olması – hazırkı halda birbaşa hüquqi nəticə doğurmur. Bu faktın müəyyən edilməsi hüquqi nəticə doğuran əsas sənədin (diplomun) verilməsi üçün tələb olunan əsas şərt – adın, soyadın dəyişdirilməsi barədə rəsmi sənədin təqdim edilməsi ilə əvəz edilə bilməz. Qanunvericiliyin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, ərizəçinin mülki mühakimə icraatı qaydasında çatmaq istədiyi nəticə ona diplomun verilməsinə nail olmaqdır ki, müvafiq təhsil müəssisəsi tərəfindən imtinaya əsas müvafiq sənədlərin təqdim edilməməsi olmuşdur. Halbuki, belə sənədlərin məhkəmədəkənar qaydada əldə edilməsi mümkündür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: “1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 6.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüquqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər.” Məhkəmə həmçinin qeyd etmişdir ki, ərizəçi tələbə biletində müvafiq düzəlişlərin aparılması ilə bağlı belə sənədi vermiş orqanın (təşkilatın) özünə, hazırkı halda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Sumqayıt Dövlət Universiteti” Publik hüquqi şəxsinə müraciət etməli, onun müraciətinin icrasından imtina edildiyi təqdirdə, həmin orqana qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmalıdır. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(060)-4718/2025 nömrəli qərardadından şikayət verərək mübahisələndirmişdir. Şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, şikayətin dəlillərini əsassız hesab edir. Kollegiyanın qənatincə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, qərardad qəbul edildikdə maddi və prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyasının qənaətincə məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir.
11. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı: Ərizəçinin nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2(060)-4718/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.