Məhkəmə qərarları › İş №2(105)-1053/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1053/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1053/2024 03.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X12 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-464/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. "Bağçalı Evlər” MTK ilə X10 arasında bağlanmış xx.xx.2016-cı il tarixli Çoxmənzilli yaşayış Tikinti haqqında fərdi müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, "Bağçalı Evlər” MTK Abşeron rayon, Masazır kəndi, 3 nömrəli yaşayış binasında 2-ci blok, 6-cı mərtəbədə 3 otaqlı 52 nömrəli mənzilin tikintisini öz öhdəsinə götürür. Mənzilin 1 kv.m-nin qiyməti 380 manat həcmindədir. Mənzilin ümumi dəyəri 114,6 kv.m-dir. Müqavilənin qiyməti 43320 manatdır

2. Payçılıq vəziyyəti barədə "Bağçalı Evlər” MTK-dan verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışından görünür ki, X2 rayonu, Masazır qəsəbəsində yerləşən "Bağçalı Evlər” MTK-ya məxsus yaşayış kompleksində 3 nömrəli binada, 2-ci blokda, 6-cı mərtəbədə 3 otaqlı, sahəsi 114,6 kv.m olan 52 saylı mənzil almışdır. Sifarişli mənzilin ümumi dəyərini tamamilə ödəmişdir. Hazırda sifarişçinin MTK-ya mənzil üzrə borcu yoxdur.

3. Abşeron Rayon Məhkəməsinin 2(012)-251/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X5 cavabdeh X3 (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Bağçalı Evlər” Mənzil Tikinti Kooperativinə) qarşı cavabdehin və onun ailə üzvlərinin mülkiyyətində olan mənzilindən çıxarılmaları və qanunsuz sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddiası qismən təmin edilməsi, cavabdeh X1 Nəsimi Akif oğlunun mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsi, 3 №-li yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 52 nömrəli mənzildən çıxarılması,"Bağçalı Evlər” MTK ilə İddiaçı arasında Abşeron rayon, Masazır kəndi, 3 nömrəli yaşayış binasında 2-ci blok, 6-cı mərtəbədə 3 otaqlı 52 nömrəli mənzilə dair bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və onun adına olan xx.xx.2016-cı il tarixli maliyyə arayışın etibarsız hesab edilməsi, Müstəqil tələb irəli sürən 3-cü şəxs İddiaçı pul tələbinə dair iddiası qismən təmin edilməsi, Abşeron rayonu, Masazır qəsəbəsi, "Bağçalı Evlər” MTK-da yerləşən 3 nömrəli yaşayış binasının 2-ci blok, 6-cı mərtəbəsində yerləşən 3 otaqlı 52 nömrəli mənzilə çəkilmiş təmir xərclərə görə 14.994,6 manat məbləğində pul X4 alınaraq İddiaçı verilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" MTK-ya qarşı alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklər üzrə pul tələbi barədə iddiayla məhkəməyə müraciət etmiş və Abşeron rayonu Masazir qəsəbəsində yerləşən, "xxxx" MTK-ya məxsus yaşayış kompleksində 3 nömrəli binanın 2ci blokunda 6-cı mərtəbəsində 3 otaqlı 114.6 kvadratlı 52 saylı mənzilin alınmasına dair ödədiyi 43320 (qırx üç min üç yuz iyirmi) manat pulu Abşeron rayonu Masazir qəsəbəsində yerləşən, "xxxx" MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı vətəndaş X10 ilə Rusiya Federasiyasında 2014-cu ildə ailə həyatı qurmuşdur, həmin vaxtdan bir yerdə faktiki ər arvad kimi yaşamışlar. Həmin vaxtlar artıq üç ildən cox onunla ər arvad kimi Rusiya Federasiyasına öz evində yaşayırdı, 2016-ci ildə Azərbaycana gələrək Abşeron rayonu, Masazir qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus olan yaşayış kompleksində 3 nömrəli binada, 2-ci blokda 6-cı mərtəbədə 3 otaqlı sahəsi 114.6 kv.m olan 52 saylı mənzili şəxsi vəsaitiylə 43320 manata öz adına almışdır. Adı çəkilən evdə bir müddət yaşamışlar. Rusiyada cavabdeh X10 ilə 14 oktyabr 2017-ci ildə rəsmi nigah bağlamışlar.Bir müddət keçəndən sonra ailədə soyuqluq yaranmışdır, Bakıda aldığı mənzilin satılmasını ondan tələb etmişdir. O, buna razılıq vermədi, məlum oldu ki, cavabdeh Rusiyada narkotik alverilə məşquldur, ona qədər Rusiyada iki dəfə məhkum olunub, üç dəfə evlənərək boşanıb, Bakıda aldığı evi satdırıb pulunu narkotik alverinə sərf etməyi istəyirdi. Onda başa düşdü ki, cavabdeh həyat yoldaşı X10 onu aldadıb mənzilidə bu məqsədnən yəni, sonra aldığı mənzili satdırıb Rusiyaya getməyi planlaşdırıb. O, evi satmadı. Bir müddətdən sonra o, Rusiya Federasiyasında getdi, orada həbs olunub və onu məhkəməyə verərək heç bir əsas olmadan ona aid olan müqavilə ləğv edilmişdir. Bu hadisələrdən sonra X2 rayonu Masazir qəsəbəsində yerləşən "xxxx" Mənzil Tikinti Kooperativindən onun adına olan 27 noyabr 2016-cı il tarixli müqaviləyə əsasən aldığı evi adında olan müqavilə yenidən eyni ev X7 da satılmışdır. "xxxx" MTK arasında Mənzilə dair bağladığı 27 noyabr 2016-ci il tarixli Müqavilə əsasında aldığı ev X5 adına da verilmişdir. Bu qanunsuz və əsassızdır. Belə qanunsuz hərəkətə görə "xxxx" MTK-dan onun 43320 manat pulun alınaraq ona verilməsini tələb edir.

6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-464/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun tərəflərin özlərinə aid edilməsi qət edilmişdir (hakim Sevinc Quliyeva).

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı müqavilə üzrə borcun tutulmasını tələb etsə də, "Bağçalı Evlər” MTK ilə İddiaçı arasında Abşeron rayon, Masazır kəndi, 3 nömrəli yaşayış binasında 2-ci blok, 6-cı mərtəbədə 3 otaqlı 52 nömrəli mənzilə dair bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və onun adına olan xx.xx.2016-cı il tarixli maliyyə arayışın etibarsız hesab edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi var. Ona görə də Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə əsasən iddia tələbi əsassızdır və təmin edilməməlidir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3, 337.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 82.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-464/2024 saylı qətnaməsinin ləğv olunmasını və yeni qətnamə qəul edilməsini xahiş etmişdir.

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-464/2024-saylı qətnaməsini əsassız hesab edir, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini kobudcasına pozularaq qəbul olunduğundan qətnamə ləğv edilməlidir. Belə ki, o, X10 ilə Rusiya Federasiyasında 2014-cu ildə ailə həyatı qurmuşdur, həmin vaxtdan bir yerdə faktiki ər-arvad kimi yaşamışlar. Həmin vaxtlar artıq üç ildən çox onula ər-arvad kimi Rusiya Federasiyasında onun özünə məxsus evdə yaşamışdır, 2016-ci ildə Azərbaycana gələrək Abşeron rayonu, Masazir qəsəbəsində yerləşən "xxxx" MTK-ya məxsus olan yaşayış kompleksində 3 nömrəli binada, 2-ci blokda 6-cı mərtəbədə 3 otaqlı sahəsi 114.6 kv.m olan 52 saylı mənzili şəxsi vəsaiti ilə 43320 manata öz adına almışdır. Həmin evdə bir müddət yaşamışlar. Rusiyada cavabdeh X10 ilə 14 oktyabr 2017-ci ildə rəsmi nikah bağlamışlar. Bir müddət keçdikdən sonra ailədə soyuqluq yaratmış, Bakıda aldığı mənzilin satılmasını tələb etmişdir. O buna razılıq verməmişdir, məlum olmuşdur ki, cavabdeh Rusiyada narkotik alveri ilə məşğuldur, Rusiyada iki dəfə məhkum olunub, üç dəfə evlənərək boşanıb, onun Bakıda aldığı evi satdırıb pulunu narkotik alverinə sərf etmək istəmişdir. Onda başa düşmüşdür ki, cavabdeh həyat yoldaşı X10 onu aldadıb mənzili də bu məqsədlə satdırıb Rusiyaya getməyi planlaşdırmışdır. O isə evi satmamışdır. Bir müddətdən sonra o, Rusiya Federasiyasına getmiş və orda həbs olunmuşdur və onu məhkəməyə verərək heç bir əsas olmadan ona aid olan müqavilə ləğv edilmişdir. Bu hadisələrdən sonra X2 rayonu Masazir qəsəbəsində yerləşən "xxxx" Mənzil Tikinti Kooperativindən onun adına olan 27 noyabr 2016-cı il tarixli müqaviləyə əsasən aldığı evi adında olan müqavilə yenidən eyni ev X7 da satılmışdır. "xxxx" MTK arasında Mənzilə dair bağladığı, 27 noyabr 2016-ci il tarixli Müqavilə əsasında aldığı ev X5 adına da verilmişdir. Bu qanunsuz və əsassızdır. Belə qanunsuz hərəkətə görə "xxxx" MTK-dan onun 43320 manat pulunun alınaraq mənə verilməsinə dair Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə iddia qaldırmışdır. Əsassız olaraq iddiası təmin edilməmişdir. Qətnamə qəbul edilərkən Azərbaycan Respublikası MMnin 442-ci, 443-cü və 448-ci maddəsinin tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir ki, bu da işin faktiki halına uyğun deyildir.

11.Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər.

13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

14. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

16. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

24. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

27. Verilmiş apellyasiya şikayətindən görünür ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-464/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-464/2024 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

31. İddiaçının iddiasına görə alqı-satqı müqaviləsi üzrə ödədiyi pul vəsaiti ona geri qaytarılmalıdır. Lakin iddiaçı sözügedən pul məbləğini ödənilməsinə dair sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Digər tərəfədən, iş materiallarında olan qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən "Bağçalı Evlər” MTK ilə İddiaçı arasında Abşeron rayon, Masazır kəndi, 3 nömrəli yaşayış binasında 2-ci blok, 6-cı mərtəbədə 3 otaqlı 52 nömrəli mənzilə dair bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə və onun adına olan xx.xx.2016-cı il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamədə müəyyən edilir ki, mənzilin sahibi X8r və hazırkı iş üzrə "Bağçalı Evlər” MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə görünüş üçün, səhvən bağlanmış müqavilədir.

32. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı əvvəla qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri).

33. Məhkəmə kollegiyası nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

34. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

35. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır.

36. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X14rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

37. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-464/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar