Məhkəmə qərarları › İş №2(105)-1054/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1054/2024

21.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1054/2024 21.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(012)-1399/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ASC Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 888,6 manat borcun (abonent kodu: **********150) və 30 manat dövlət rüsumunun tutularaq, İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə, xx.xx.2023-cü il tarixə 888,6 manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan 1 ünvanında normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş və sonuncu dəfə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir.

3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

4. Abşeron Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(012)-1399/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) ərizə təmin edilmiş, Cavabdeh su təchizatı və tullantı sularının axıdılmasına görə 888.6 (səkkiz yüz səksən səkkiz manat altmış qəpik) manat pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 918.6 (doqquz yüz on səkkiz manat altmış qəpik) manat pul vəsaitinin alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC-nin Abşeron Sukanal İdarəsi ilə bağlanmış xx.xx.2018-ci il tarixli, 38694822 saylı müqavilə əsasında cavabdehə tələbata uyğun lazımi miqdarda tərkib və keyfiyyətinə görə 2874-82 saylı Dövlət Standartlarının tələblərinə uyğun, içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması təmin edilmiş, cavabdeh isə bunun müqabilində istifadə edilmiş suyun və kanalizasiya xidmətlərinin dəyərini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh tərəfindən öhdəliklər icra edilmədiyindən istifadə edilmiş suyun və kanalizasiya xidmətlərinin dəyərinə görə 888,6 manat borc yaranmışdır.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1, 136.4, 139.1, Mülki Məcəlləsinin 425.1, 425.2, 430.1, 442., Mülki Prosessual Məcəllənin 119.1, 284-cü maddələrinə istinad edərək işə sadələşdirilmiş icraat qaydasında baxmış və iddianı təmin etmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1054/2024 nömrəli qərardadı ilə apellyasiya şikayətinə iddia icraatı qaydasında açıq məhkəmə iclasında baxılması qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(012)-1399/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında su təchizatı və tullantı sularına görə heç bir müqavilə bağlanmamış, yaşadığı ünvana sayğac quraşdırılmamış və cavabdehin güman etdiyi borcun ona heç bir aidiyyəti yoxdur. Ona bəlli olmayan müqavilə öhdəlikləri üzrə məsuliyyət daşımamalıdır. Digər baxımdan, cavabdeh 2018-ci ildə quraşdırılmış sayğac üzrə müqaviləyə istinad edirsə, bu 5 il müddətində ona nə üçün bir dəfə də olsa bildiriş göndərməmiş, məlumat verməmişdir. Məhkəmə müqavilə öhdəlikləri bölməsinə istinad etsə də belə bir müqavilənin olub-olmaması hallarını araşdırmamış, nəticədə düzgün olmayan qətnaməni qəbul etmişdir. İcra qurumu vasitəsilə bilgilər əldə etdikdən sonra, qətnaməni rəsmi qaydada məhkəmədən almış, həmin zaman bilmişdir ki, aidiyyəti olmayan ünvan üzrə guya ki, bu vaxta qədər istifadə etdiyi su və tullantı sularına dair onun 888.60 manat borcu yaranmışdır. Abşeron rayon Sukanal İdarəsi tərəfindən hesab faktura əldə etmişdir. Yəni ki, mübahisə barədə zamanında məlumatı olsaydı etiraz və digər sənədləri elektron qaydada məhkəməyə təqdim edərdi. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər həqiqəti əks etdirmir. Hazırda apellyasiya şikayəti əsasında da müəyyən etmək olar ki, qeyri-ixtiyari ünvana dair açılmış abunə kodunun ona aidiyyəti yoxdur.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 10 İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, mübahisəli ünvanı tanımır. ünvan 2şayır. Bu məsələ ilə bağlı "xxxx" ASCyə yaxınlaşmış, demişlər ki, səndə belə bir ünvan olmuş və borc yazılmışdır.

12. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, hər bir istehlakçı su təchizatı ilə təmin olunmaq üçün müraciət edəndə şəxsiyyət vəiqəsi, evin çıxarışını əsasında abonent kodu açılaraq, sayğac quraşdırılır. Xırdalan şəhəri, Quşçuluq massivi, ev 15/8 ünvanına aid abonent kodu xx.xx.2018-ci il açılmaqla, arayış təqdim olunmadığından ortalama 4 nəfər olmaqla hesabat aparılmışdır. 2018-ci ilin aprel ayından 2023-cü ilin iyul ayına kimi həmin ünvanda hesabat getmiş, 860 manat məbləğində borc yaranmış, yalnız bir dəfə 139,3 manat məbləğində ödəniş olmuş, qalan borc məbləği ödənilməmişdir. Buna görə məhkəmədə iddia qaldırılmış, məhkəmə qətnaməsi ilə ödənilməmiş borc məbləğinin cavabdehdən tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti vermiş, həmin ünvanda evi omadığını bildirmişdir. Qeyd etmək istəyir ki, belə hallar praktikada tez-tez baş verir. Başqasının adına olan ev alınanda abonent kodu da onun adı açılır. Cavabdehlə bağlanmış müqavilə mövcuddur. Hazırda müqaviləni təqdim edə bilmir. Növbəti məhkəmə iclasına gətirə bilər.

İşdə olan sübutlar

13. Abonent kartından görünür ki, abonent kodu **********150 olan, ünvan 1 ünvanına xx.xx.2018-ci il tarixli, 38694822 saylı müqavilə əsasında 888,6 manat borc hesablanmışdır.

14. »Azərsu» ASC-nin Cavabdeh ünvanlandığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

15. Mülki iş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.

17.“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının qanunu

Maddə 30. Verilən suyun həcminin hesablanması

1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

2. Suölçən cihazlar quraşdırılmadan yeni obyektlərin istifadəyə verilməsi qadağan olunur. Maddə 61. Xidmət haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri

1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

18. Mülki Prosessual Məcəllə

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

19. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(012)-1399/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(012)- 1399/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

21. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC-nin Abşeron Sukanal İdarəsi ilə bağlanmış xx.xx.2018-ci il tarixli, 38694822 saylı müqavilə əsasında cavabdehə tələbata uyğun lazımi miqdarda tərkib və keyfiyyətinə görə 2874-82 saylı Dövlət Standartlarının tələblərinə uyğun, içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması təmin edilmiş, cavabdeh isə bunun müqabilində istifadə edilmiş suyun və kanalizasiya xidmətlərinin dəyərini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh tərəfindən öhdəliklər icra edilmədiyindən istifadə edilmiş suyun və kanalizasiya xidmətlərinin dəyərinə görə 888,6 manat borc yaranmışdır.

22. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında xx.xx.2018-ci il tarixli, 38694822 saylı müqavilə bağlanmasını qeyd etsə də həmin müqavilə iddiaçı təşkilat tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməmiş, məhkəmə tərəfindən tələb edilərək iş materiallarına əlavə edilməmişdir.

23. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə yazılı müqavilənin olması müəyyən edilməmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında tərəflər arasında yazılı müqavilənin təqdim edilməsi iddiaçı təşkilatın nümayəndəsinə təklif edilmiş, müqavilənin növbəti məhkəmə iclasında təqdim ediləcəyi bildirilsə də müqavilə təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə yalnız cavabdehin adına olan abonent kartı adlı sənəd təqdim edilmişdir ki, həmin abonent hesabınan açılmasına əsas olan müvafiq sənədlər də (istehlakçının su təchizatı xəttinə qoşulmasına dair ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ünvanda yerləşən daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənəd və s. ) məhkəməyə təqdim edilə bilməmişdir.

24. Bundan başqa “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının qanunu 61-ci maddəsinin tələbinə müvafiq olaraq, müqavilənin olubolmamasından asılı olmayaraq, cavabdehin su təchizatı obyektlərindən hər hansı bir şəkildə istifadə etməsi faktının sübut olunması iddiaçıya təklif olunmuş, buna müvafiq olaraq cavabdehin su obyektindən istifadə etmə yeri kimi qeyd olunan ünvan 1 ünvanına yerində baxış təyin olunaraq, iddiaçı təşkilata həmin ünvanın təqdim edilməsi təklif ediliş, lakin iddiaçı tərəfindən mübahisəli ünvan müəyyən edilmədiyindən yerində baxış üçün təqdim edilməmişdir. Cavabdeh isə ona aid belə bir ünvanın olmasını inkar etmişdir.

25. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən cavabdehə hər hansı bir yazılı müqavilə əsasında su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsinə dair yazılı müqavilənin olması, o cümlədən müqavilə olmadan cavabdehin su təchizatı obyektlərindən hər hansı bir şəkildə istifadə etməsi faktı sübut olunmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdein iddiaçı qarşısında su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə öhdəliyinin yaranması öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi isə işin qeyd edilən hallarını aydınlaşdırmadan, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədən düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(012)-1399/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(012)-1399/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kasssiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar