Məhkəmə qərarları › İş №2(105)-1059/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1059/2023

14.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1059/2023 14.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh, Qusar rayon Notariat ofisinə (üçüncü şəxslər X17 və X18 cəlb olunmaqla) qarşı miras əmlaka vərəsəlik hüququnun tanınaraq həmin əmlakdan vərəsəlik payının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras əmlak, mirasın qəbul olunması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X30 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh, üçüncü şəxslər X23 və X11 iştirakı ilə Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-93/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Reyestr nömrəsi 44, inventar nömrəsi 4038 (2940) olan müqavilənin surətinə əsasən, ünvan 1 ünvanda yerləşən mənzil X13 tərəfindən satın alınmışdır.

2. Reyestr nömrəsi 44, inventar nömrəsi 4038 (2940) olan texniki pasportun surətinə əsasən, ünvan 2 ünvanda yerləşən mənzil X13 adına qeydiyyata alınmışdır.

3. Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, X14 ilə X6 nikahları xx.xx.1959-ci il tarixdə 17 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra qadın “Pirəliyeva” soyadını qəbul etmişdir.

4. Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən, X15 ilə X3 nikahları xx.xx.1995-ci il tarixdə pozulmuşdur.

5. Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən, X13 xx.xx.2014-cü ildə ölmüşdür.

6. Qusar rayon İcra Hakimiyyətinin Mənzil İstismarı Müəssisəsindən verilmiş 19 avqust 2021-ci il tarixli 276 saylı arayışa əsasən, xx.xx.2014-cü ildə vəfat etmiş X13 vəfat etdiyi günədək ünvan 3 ünvanında yaşamışdır və vəfatından sonra aşağıdakı vərəsələri qalmışdır: X23, İddiaçı, X18 və Cavabdeh.

7. Qusar rayon Polis X2 ünvanlanmış xx.xx.2021-ci il tarixli 149-19425p-3221 saylı məktubun surətinə əsasən, xx.xx.2021-ci il tarixdə Qusar rayon Prokurorluğuna Qusar şəhəri Heydər Əliyev prospekti ev 146 mənzil 23-də yaşayan qardaşı Cavabdeh anası X4 evdən qovması barədə ünvanladığı müraciətini, araşdırma aparılması üçün Qusar RPŞ-nə göndərilmişdir. Araşdırma zamanı alınmış izahatlardan məlum olmuşdur ki, X22 ilə qardaşı Cavabdeh arasında olan mübahisə mülki xarakterlidir. X1 mülki qaydada Məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmişdir.

8. Qusar rayon Notariat ofisindən verilmiş 19 avqust 2021-ci il tarixli X-893 saylı məktuba əsasən, X9 digər birinci növbə varisləri mövcuddur. Mövcud olan digər varislər öz paylarına dair münasibətlərini bildirmədikləri üçün tam şəkildə pay bölgüsünün aparılması mümkün deyildir. Mülki məcəllənin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Bu səbəbdən pay bölgüsünün aparılması və mübahisənin həlli üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.

9. Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2018-ci il tarixli arayışa əsasən, Cavabdeh xx.xx.1969-cu il tarixdə Qusar rayonu Urva kəndində anadan olmuşdur. X7, anası X5r. İşdə olan Qusar rayon İcra Halimiyyətinin Mənzil İstismarı Müəssisəsindən verilmiş 26 aprel 2021-ci il tarixli 164 saylı arayışdan görünür ki, Cavabdeh Qusar şəhəri Heydər Əliyev küçəsi 146 saylı binanın 23 saylı mənzilində yaşayır və kommunal xərcləri şəxsən özü ödəyir.

10. Qusar rayon İcra Hakimiyyətinin Mənzil İstismarı Müəssisəsindən verilmiş 25 noyabr 2022-ci il tarixli 308 saylı arayışa əsasən, Cavabdeh Qusar şəhəri Heydər Əliyev küçəsi 146 saylı binanın 23 saylı mənzilində yaşayır.

11. Qusar rayon İcra Hakimiyyətinin Mənzil İstismarı Müəssisəsindən verilmiş 20 dekabr 2022-ci il tarixli 27/1 saylı cavab məktubuna əsasən, İddiaçı 1974-cü ildən Heydər Əliyev prospekti 146 saylı binanın 23 saylı mənzilində passport qeydiyyatına düşmüşdür, hal-hazıra kimi həmin ünvanda qeydiyyatdadır və qeyd olunan ünvanda yaşamır.

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehlər Cavabdeh, Qusar rayon Notariat ofisinə (üçüncü şəxslər X17 və X18 cəlb olunmaqla) qarşı “miras əmlaka vərəsəlik hüququnun tanınaraq həmin əmlakdan vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X7nun mülkiyyətinə verilmiş Qusar şəhəri keçmiş T.İsmayılov küçəsi ev 157, 23 saylı mənzilə (indiki H.Əliyev prospekti ev 146, 23 saylı mənzil) dair onun vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

13. Həmçinin iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin həcmini artırılması barədə məhkəməyə ərizə təqdim edərək, mərhum X7nun mülkiyyətinə verilmiş Qusar şəhəri keçmiş T.İsmayılov küçəsi ev 157, 23 saylı mənzilə (indiki H.Əliyev prospekti ev 146, 23 saylı mənzil) dair onun vərəsəlik hüququnun tanınması və mərhum X7nun mülkiyyətinə verilmiş Qusar şəhəri keçmiş T.İsmayılov küçəsi ev 157, 23 saylı mənzilə (indiki H.Əliyev prospekti ev 146, 23 saylı mənzil) dair vərəsələrin miras payları müəyyən olunmaqla həmin miras müvafiq qaydada bölüşdürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

14. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar rayon İcra Hakimiyyətinin 25 oktyabr 1995-ci il tarixli 215 saylı sərəncamına əsasən Qusar şəhəri keçmiş T.İsmayılov küçəsi ev 157, 23 saylı mənzil (indiki H.Əliyev prospekti ev 146, 23 saylı mənzil) X7nun mülkiyyətinə verilmişdir. X32 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun aşağıdakı 4 nəfər qanun üzrə birinci dərəcəli vərəsləri qalmışdır: O özü yəni, İddiaçı, qardaşı X23, qardaşı X18, qardaşı Cavabdeh. Mərhum X32 vəfat edənədək o yuxarıda qeyd etdiyi mənzildə atası və anası X8 ilə birlikdə yaşamış və orada qeydiyyatda olmuşdur. Anası ilə atası rəsmi olaraq boşansalar da, faktiki olaraq birlikdə yaşamışlar. Bundan başqa, onun övladları da həmin ünvanda yaşamaqla orada qeydiyyatda olmuşlar. İş üzrə cavabdeh, qardaşı Cavabdeh isə mərhum atası vəfat edənədək həmin ünvanda yaşamamış, atası onu həmin mənzilə buraxmamışdır. Mərhum atası vəfat etdikdən sonra o, bir müddət həmin mənzildə yaşamaqda davam etmiş, anasının qayğısına qalmağa başlamışdır. Lakin, sonradan qardaşı Cavabdeh anasının və onun iradəsinə zidd olaraq zorla həmin ünvana köçməklə orada yaşamağa başlamış, onunla və anası ilə mütəmadi olaraq mübahisələr etməyə başlamışdır. O, mübahisənin daha da dərinləşməməsi üçün həmin mənzildən çıxmaq məcburiyyətində qalmış və mənzildən çıxdıqdan sonra orada X22 və qardaşı Cavabdeh, həmçinin sonuncunun ailə üzvləri yaşamağa başlamışlar. O, həmin mənzildən çıxsa da, mütəmadi olaraq həmin mənzilə gedərək anasına baş çəkmiş, onunla birlikdə mənzilin idarə olunmasında iştirak etmişdir. Yuxarıda qeyd etdiyi kimi 4 qardaşdırlar, mərhum atasının qanun üzrə birinci dərəcəli vərəsələri də onlar 4 nəfərdirlər. Anaları isə mərhum atası ilə rəsmi qaydada boşandıqlarından onun qanun üzrə birinci dərəcəli vərəsləri sırasına daxil deyildir. Qardaşı Cavabdehlə aralarında olan narazılığın əsas səbəbi mərhum atasından miras qalmış yuxarıda qeyd etdiyi mənzilin vərəsələr arasında bölüşdürülməsi barədə fikir ayrılığı olmuşdur. Belə ki, Cavabdeh həmin mənzilin yalnız ona verilməli olduğunu bildirərək mənzilə dair digər vərəsələrin miras paylarının müəyyən olunmasına etiraz edir. X22 da, bildirmişdir ki, mənzil qanuna müvafiq qaydada bölünməlidir. Buna görə Cavabdeh anası ilə də mübahisə etmiş, onu döyərək evdən qovmuşdur. Artıq xeyli müddətdir ki, qardaşı Nəriman anası Mehristanı həmin mənzilə buraxmır, anası məcbur olaraq qardaşı Alim Pirəliyevin yanında Qusar rayonu Urva kəndində yaşayır. Nəriman müharibə veteranıdır və həmin adından sui-istifadə edərək dəfələrlə onları hədələmiş, heç bir dövlət orqanının onlara mənzildən vərəsəlik payını verə bilməyəcəyini, buna heç kimin ixtiyarının olmadığını bildirmişdir. O, miras payına dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Qusar rayon Notariat ofisinə müraciət etmiş, lakin həmin notariat ofisi tərəfindən miras qoyan mərhum X32in başqa vərəsələri olduğuna görə vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olmadığı bildirilərək, pay bölgüsünün aparılması və mübahisənin həlli üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bu barədə həmin notariat ofisi tərəfindən 19 avqust 2021-ci il tarixli X-894 saylı məktub verilmişdir. Ona görə də hesab edir ki, mərhum X7nun miras əmlakına dair onun vərəsəlik hüququ tanınmalıdır.

15. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-93/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X9 miras kütləsinə daxil olan Qusar şəhəri Heydər Əliyev prospekti ev 146, 23 saylı mənzilə (keçmiş T.İsmayılov küçəsi ev 146 mənzil 23) dair İddiaçı, Cavabdeh, X16 və X11 vərəsəlik hüquqlarının tanınması və hər birinin miras payının ¼ hissə müəyyən edilməsi qət edilmişdir. (hakim Əli Cəlilov)

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vərəsələrin heç biri mülki qanunvericiliyin vərəsəlik hüquq münasibətlərini tənzimləyən hüquq normaları ilə müəyyən edilmiş müddət daxilində mirasın qəbul edilməsi ilə bağlı müvafiq notariat orqanına ərizə ilə müraciət etməmişlər, bununla da mirasın qəbul edilməsinin formal üsulu ilə qəbul edilməsi müddəti bütün vərəsələr tərəfindən ötürülmüşdür. Bununla belə, İddiaçı mərhum X32 vəfat etdikdən sonra həmin mənzildə yaşamaqla ona sahiblənmək və mirası qəbul etmək niyyətini ifadə etmiş, həmçinin miras qoyan şəxs vəfat etməmişdən uzun müddət əvvəl də həmin mənzildə yaşamış və pasport qeydiyyatına alınmışdır. Həmçinin, Cavabdeh də həmin evə köçərək orada yaşamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirən hərəkətlər etmişdir. Bundan başqa, miras qoyan Pirəli Pirəliyevin digər vərəsələri, iş üzrə üçüncü şəxslər Alim Pirəliyev və Ədalət Pirəliyev də miras qoyan Pirəli Pirəliyev vəfat etdikdən sonra həmin mənzilə gəlib getmişlər, mirasa sahiblənmək və ona yiyələnmək istəklərini nümayiş etdirmişlər, lakin sonradan mirasla bağlı mübahisələr yarandığından Cavabdeh başqa heç bir vərəsə həmin mənzilə gedə bilməmişlər və mənzildə yalnız Cavabdeh yaşamışdır. Həmin şəxslərin həmin mənzilə sahiblənə bilməmələri məhz vərəsələr arasındakı ixtilaflar olmuşdur. Bununla da, miras qoyan şəxs vəfat etdikdən sonra onun bütün vərəsələri mirası onun qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmişlər.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1, 1151.2, 1159.1.1, 1243, 1246, 1291, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

18. Cavabdeh apellyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-93/2023 saylı qətnaməsinimn ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Şikayətin dəlilləri:

20. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edilənlərlə bağlı qeyd edir ki, məhkəmə belə nəticəyə gəlməkdə haqlı olmamışdır. Belə ki, məhkəmədə izahatında göstərmişdir ki, 2006-cı ildən başlayaraq həmin mənzildə o, yaşamış, anası və digər qardaşlar Asfandiyarı həmin evdən qovmuşlar. Buna da səbəb onun içki içməsi olmuşdur. İddiaçı həmin mənzildə yaşamamış, Qusar şəhəri, 123 saylı evdə ailəsi ilə yaşamışdır. Digər vərəsələr də atalarının vəfatından sonra mübahisəli mənzildə yaşamamış, heç oraya gəlib getməmişlər. Lakin məhkəmə bütün bu halları nəzərə almamış, heç bir tutarlı sübut olmadan digər vərəsələrin də həmin mənzilə gəlib getməklə mirası onun qəbul edilməsinin faktiki üsulu ilə qəbul etdikləri qənaətinə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

21. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh X10 apellyasiya şikayətini əsassız sayır, aşağıda göstərilənlərə görə şikayətin təmin edilməməsini, Qusar rayon məhkəməsinin 26 yanvar 2023cü il tarixli 2(029)-93/2023 saylı qətnaməsini dəyişdirilmədən saxlanılmasını zəruri sayır.

22. Qusar rayon məhkəməsi 26 yanvar 2023-cü il tarixdə mülki işə mahiyyəti üzrə baxıb qətnamə çıxararkən işi hərtərəfli, tam və obyektiv tədqiqinə lazımı şərait yaratmış, təqdim edilmiş sübutları obyektiv, qərəssiz, hərtərəfli və tam araşdırıb qiymətləndirərək qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamə çıxarmışdır. Cavabdeh yuxarıda göstərilən halların, yəni məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırıİmaması və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsini konkret olaraq nədən ibarət olmasını aydınlaşdırmamış, hansı halların və nəticələrin işin hallarına uyğun gəlməməsini açıqlamamış, sadəcə olaraq MPM-nin 385.1.2-ci və 385.1.4-cü maddələri köçürməklə kifayətlənmiş, həmin maddələrin tətbiq edilməsi hallarını MPM-nin 388ci və 390-cı maddələrinin tələblərinə riayət etməmişdir.

23. Qusar rayon məhkəməsi 26 yanvar 2023-cü il tarixdə mülki işə mahiyyəti üzrə baxıb qətnamə çıxararkən məhkəmə tərəfindən AR MPM-nin 386-cı maddəsində göstərilən maddi hüquq normaları və MPM-nin 387-ci maddəsində göstərilən prosessual hüquq normaları pozulmamış, faktlar nöqtəyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsi qətnaməsinin ləğv olunması üçün əsaslar Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində göstərilir, Cavabdeh apellyasiya şikayətində, həmin maddədə göstərilən hallarının sübutunu tapmamışdır.

24. Hesab edir ki, Qusar rayon məhkəməsi 26 yanvar 2023-cü il tarixdə mülki iş üzrə qətnaməsi tam əsaslı və qanunidir, məhkəmə tərəfindən maddi və ya prosessual hüquq normalarının pozulmasına və ya düzgün tətbiq edilməməsinə yol verilməyib, qətnamə apellyasiya qaydasında ləğv oluna bilməz, AR MPM-nin 367-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayətinə etiraz edir, hesab edir ki, Cavabdeh apellyasiya şikayəti rədd edilməli, Qusar Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli 2(029)-93/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

25. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verib şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, atası öləndən 8 il sonra sonra qardaşları vərəsəlik məsələsini qaldırıblar. X31 vəsiyyətnaməni onun adına yazmışdır. Asfandiyarla anasını sandığı açıb sənədləri dəyişməyə cəhd edən anda tutmuşdur. Üstünə şər atırlar ki, guya anasını döymüşdür, əslində elə bir şey olmayıb. 1973-cü ildən mübahisə predmeti olan evdə yaşayır. 1993-cü ildə Qarabağa döyüşə getmiş, axtarışda olmuş, 1999-cu ildən 2007-ci ilə kimi 8 il həbsdə qalmışdır. Atası öləndə də mübahisəli evdə o, yaşayırdı.

26. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli evdə yaşamışdır, əvvəl atasının yanında qalırdılar. Atası Cavabdehı evdən qovmuş, Nəriman həbsdən çıxandan sonra onu bağ evinə göndərmişdir. Atası öləndən sonra mübahisəli evdən çıxmışdır.

27. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X23 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

28. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X18 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlar Cavabdeh deyil, atalarına məxsus olan əmlakı istəyirlər. O, özü 1991-ci ildən həmin evdən çıxmışdır.

29. Cavabdeh Qusar rayon Notariat ofisinin notariusu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.

30. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

31. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdeh Qusar rayon Notariat ofisinin notariusunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

32. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

33. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

34. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

35. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

36. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

37. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

38. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

39. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

40. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

47. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya baxışının hədləri

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

49. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

50. Verilmiş apellyasiya şikayətindən görünür ki, Cavabdeh Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-93/2023 saylı qətnaməsinimn ləğv edilməsi, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

51. Ona görə də kollegiya oğlu Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia rədd olunmalıdır.

53. Kollegiya qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.

54. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı).

55. Məhkəmə kollegiyası hesab edir ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edibetməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır.

56. İddiaçı isə MM-nin 1246-cı maddəsinin tələblərinə uyğun olaraq, mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda olduğunu X7nun vəfat etdiyi xx.xx.2014-cü il tarixindən başlayaraq bəyan etməmiş, notariat kontoruna müraciət etməmişdir. Cavabdeh isə mübahisəli mənzildə 1973-cü ildən yaşaması, kommunal xərcləri ödəməsi iş materiallarında olan xx.xx.2021 və xx.xx.2022-ci il tarixli arayışlarla öz təsdiqini tapır.

57. Kollegiya həmçinin vurğulayır ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

58. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.

59. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

60. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).

61. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı atasına məxsus əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi ilə bağlı öz mövqeyini sübut edə bilməmiş və bununla əlaqədar hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi iddiaçı atasının ölümündən sonra mirasın açılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmək üçün müvafiq addımları atmayaraq bununla bağlı qanunvericiliklə müəyyən edilmiş bütün müddətləri buraxmışdır.

62. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə səhvə yol vermişdir.

63. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.

64. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-93/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi rədd edilməlidir.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-93/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh, Qusar rayon Notariat ofisinə (üçüncü şəxslər X17 və X18 cəlb olunmaqla) qarşı miras əmlaka vərəsəlik hüququnun tanınaraq həmin əmlakdan vərəsəlik payının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar