Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1065/2024 24.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: elektrik enerjisi ilə təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi, sübutetmə yükü) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 136/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası, Xaçmaz rayonu, Muxtardır kəndində xx.xx.1979-cu il tarixdə anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır.
2. Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsinin qeydiyyat vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Sumqayıt şəhər 4-cü məhəllə küçəsində yerləşən 2 otaqlı yaşayış sahəsi 2740 kv.m, köməkçi sahəsi 1740 kv.m-dan ibarət olan ev 21/24, mənzil 1 nömrəli yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında 31 mart 2002-ci il tarixli müqavilə əsasında vətəndaş İddiaçı adına qeydə alınmışdır.
3. Abunə haqqında məlumatdan görünür ki, iddiaçı yaşadığı Sumqayıt şəhəri, 4-cü məhəllə, ev(Bina):0440, mənzil:0374 ünvanında yerləşən mənzildə istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəmişdir. Həmin məlumatda bağlanan aktlar qrafasından müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə inteqrasiya dövr borcu 253.51 manat, yeni tarif fərqi 0.13 qəpik, xx.xx.2017-ci il tarixdə limitdən artıq sərfiyyat 1.80 manat, xx.xx.2023-cü il tarixlərdə EİQ pozulması 109.53 manat, aktın yeni tarifi 194.64 manat, EİQ pozulması 664 manat 30 qəpik məbləğlər hesablanmışdır.
4. Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 50-01/385 nömrəli, xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı ünvan 3 ünvandakı mənzil məlumat bazasında xx.xx.2000-ci il tarixində **********00374 kodla qeydiyyata alınmışdır. Abonentin mənzilinə xx.xx.2007-ci il tarixdə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilmişdir. Enerjitəchizatı təşkilatının əməkdaşları tərəfindən mənzilin sayğacına baxış keçirərkən kənar xətt aşkar etmişlər. Kənar xətt vasitəsi ilə iki ədəd kondisionerin qidalandığı məlum olmuşdur. Bu fakt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən İstifadə Qaydaları”-na uyğun olaraq, xx.xx.2023-cü il tarixdə 033476 saylı aktla rəsmiləşdirilmişdir. İtirilmiş enerjisinin bərpası məqsədi ilə akta görə 8760 kvts (968.47 AZN) sərfiyyat abonentlə qarşılıqlı hesablaşmaya daxil edilmişdir. Mənzilin xx.xx.2023-cü il tarixinə enerjitəchizatı təşkilata 986.81 manat borcu vardır. "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 033476 nömrəli aktdan görünür ki, mənzilə məxsus elektrik sayğacına baxış zamanı məlum olmuşdur ki, kənar xətt vasitəsi ilə iki ədəd kondisioner qidalandırılır.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/10177 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanına dair elektrik enerjisindən istifadəyə dair sayğac göstəriciləri ilə bağlı “Abunə haqqında” məlumatların düzgünlüyü məhkəmə tərəfindən nəzərə alınmaqla xx.xx.2015-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “sayğac oxunması” zamanı yaranmış borc məbləği 957,21 manat, aktlar üzrə borc məbləği 1223,91 manat, cavabdeh tərəfindən edilmiş ödənişlər 1194,31 manat və qalıq borc məbləği isə 986.81 manat müəyyən edilmişdir. Bildirilmişdir ki, ekspert qarşısında qoyulmuş birinci sual üzrə elektrik sayğacına müdaxilənin olubolmamasının müəyyən edilməsi məhkəmə-mühasibat ekspertizasının predmetinə aid olmadığından borc məbləğinin müəyyən edilməsi hazırki tədqiqatla yalnız ikinci sual üzrə “Abunə haqqında” cədvəldə (C.İ.V-36) qeyd edilən sayğac göstəricilərinə əsasən aparılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanına dair elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 968.47 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı həmin ünvanda qeydiyyatdadır. Hal-hazırda da həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə cavabdeh "xxxx" ASC tərəfindən 968.47 manat məbləğində borc hesablanmışdır. O bununla bağlı cavabdeh "xxxx" ASC-yə müraciət edərək, həmin borcun hansı əsaslarla yarandığını öyrənmişdir. Oradan ona bildirilmişdir ki, guya sayğaca müdaxilə olunmuşdur. Onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Ona yazılan cərimə əsassızdır. O elektrik enerjisindən istifadəyə görə sayğac üzrə ödənişləri vaxtlı-vaxtında ödəmişdir. Sayğac üzrə cavabdeh təşkilata heç bir borcu yoxdur. Lakin cavabdeh "xxxx" ASC tərəfindən ona bildirilir ki, onun 968.47 manat borcu vardır. Onun cavabdeh "xxxx" ASC-yə heç bir borcu yoxdur. Ona görə də hesab edir ki, əsassız olaraq hesablanmış borc silinməlidir.
8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-136/2024 nömrəli qətnaməsi ilə (hakim A.Behbudova) iddia qismən təmin edilərək, İddiaçı məxsus ünvan 1 (saldo üzrə Sumqayıt şəhəri, 4-cü məhəllə, ev(Bina):0440, mənzil:0374) ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 253.51 (iki yüz əlli üç manat əlli bir qəpik) manat məbləğində borcun **********00374 saylı abunə hesabından silinməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının yaşadığı ünvan 1 "xxxx" ASC-nin elektron məlumat bazasında **********00374 saylı kod üzrə qeydiyyata alınmışdır. İddiaçı 968,47 manat borcun silinməsini tələb etsə də, abunə haqqında arayışın bağlanan aktlar bölməsində “inteqrasiya dövrü borcu” hissədə 253.51 manat (mənşəyi bilinməyən) borc olduğu qeyd edilmişdir. Məhkəmə qeyd edib ki, 253.51 manat borc məbləği əsassız hesablandığından həmin məbləğ iddiaçıdan tələb edilə bilməz. Məhkəmə, həmçinin qeyd edib ki, kənar xəttin olması video-görüntü əsasında sübut olunmuşdur. Qalan 714,96 manat (968,47 manat – 253,51 =714,96) cavabdehin istehlak etdiyi elektrik enerjisinə görə hesablanmış borc olduğuna görə iddia həmin hissədə təmin edilməməlidir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın müvafiq bəndlərinə, Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 425, 560.3.2-ci maddələrinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5, 9.4-cü maddələrinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 124.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
11. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan İddiaçı qətnamədəm apellyasiya şikayəti vermişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyi qismən əsassızdır. Belə ki, iddiaçı yaşadığı ünvanda elektrik enerjisindən isfadəyə görə sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmişdir. Sayğac üzrə cavabdeh təşkilata heç bir borcu yoxdur. Cavabdeh təşkilatın ondan tələb etdiyi borc əsassız hesablanmış məbləğdir. İşə baxan məhkəmə iddia tələbini tam təmin etməməkdə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə qətnaməsində qeyd olunur ki, video görüntüdən kənar xəttin olması müəyyən olunur. Məhkəmə bu hissədə düzgün nəticəyə gəlməmişdir. Çünki həmin video görüntüdən kənar xəttin olması müəyyən olunmur. Video görüntüdən görünür ki, cavabdeh orqanın əməkdaşları iddiaçının evinə gedən elektrik enerjisinə dair xətti ayırır və çəkilişlə çölə çıxıb kondisionerin işlək vəziyyətində olduğunu göstərirlər. Bu o demək deyil ki, evə kənar xətt çəkilib. İddiaçı tərəfindən məhkəməyə video görüntü təqdim edilərək bildirildi ki, evdə olan kondisioner hər kəsin bildiyi “YUPES” vasitəsilə işləyib. Bunu işlətməkdə məqsəd elektrik xəttində hər hansı bir texniki nasazlıq, qısa qapanma və s. olduğu halda həmin əmlakların qorunmasıdır. Hər kəsə də məlumdur ki, həmin o “YUPES” adlanan cihaz özündə elektrik enerjisi saxlayır və işıq söndüyü halda yarım saat özündə enerji saxlayır və bununla da ona qoşulu olan cihaz işləyir. Bunu məhkəmə iclasında iştirak edən şahid də təsdiq etmişdir. Maraqlıdır ki, məhkəmə həmin video görüntünü nəzərə almamışdır. Yalnız cavabdehin təqdim etdiyi və kənar xəttin olması görünməyən video görüntüyə baxmış və belə nəcəyə gəlmişdir ki, guya kənar xətt vardır. Halbuki həmin videogörüntülərdə hər hansı kənar xəttin olması müəyyən edilmir. Məhkəmə cavabdeh tərəfin formal sübutlarını mötəbər sübut kimi qəbul etmiş və əsassız nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-136/2024 nömrəli qətnaməsi dəyişdirilməli, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, məhkəmə qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində əsassızdır. Cavabdeh müəssisə tərəfindən onun abunə ünvanına cərimə borcu əsassız hesablanmışdır. Belə ki, mübahisəli ünvanda elektrik enerjisindən hər hansı formada sayğacdankənar qaydada istifadə edilmir. Cavabdehin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən elektrik xətti enerjidən ayrılmış vəziyyətdə yoxlama aparılmış və işıqlar sönülü vəziyyətdə sayğac görüntüyə alınmış, sayğacda qalan elektrik enerjisinin hesabatı bildirilmiş, buna dair videogörüntü məhkəməyə təqdim edilmişdir. Əslində isə bu hal cavabdehin əməkdaşları tərəfindən təkzib edilmişdir. Belə ki, hətta cavabdehin əməkdaşları bildiriblər ki, sayğacda elektrik sərfiyyatının qalması normal haldır. Yəni bu hal hansısa kənar qoşulma halını təstiq etmir. Cavabdeh təşkilat tərəfindən təqdim edilən videogörüntüdən də sayğacda əlavə xəttin olması görünmür. Bundan başqa mübahisəli ünvana dair tərtib olunan aktda kənar xəttin ayrılması qeyd edilsə də, onlara bu zaman hər hansı bir məlumat, xəbərdarlıq edilməmiş əksinə hər hansı kənar xəttin olmaması bildirilmişdir. Cavabdehin əməkdaşları sayğacdan kənar istifadəni elektrik enerjisinin verilməsinin dayandırıldığı halda kondisionerin işləməsi ilə əlaqələndirmişdir ki, bu halı qəbul etmir. Belə ki, kondisionerin işləməsinə səbəb UPS aparatı olmuşdur. Həmin aparat vasitəsilə elektrik avadanlıqları enerjidən ayrıldıqdan sonra müəyyən müddət işləyə bilir. Qeyd olunan ünvanda ailə üzvləri ilə birgə yaşayır və bu zamana qədər müntəzəm olaraq sərfiyyat üzrə ödənişləri vaxtında və tam həcmdə icra etmişdir. Bu səbəbdən onun abunə hesabına cərimə borcunun hesablanmasını əsassız və qanunsuz hesab edir. Göstərilənlərə əsasən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, apellyasiya şikayəti əsassızdır. İddiaçı hazırkı tələbində əsassız hesablanmış borcun silinməsini tələb edib ki, elektrik enerjisinə münasibətdə bu tip borclar ya məcburi köçkünlərin dövrdən əvvəlki borcları ya da köhnə Barmek borclarıdır. İddiaçının da 253,51 manat məbləğində inteqrasiya dövrü borcu, yəni “Barmek” dövrünə aid borc məbləği olub ki, həmin borc da məhkəmə qaydasında silinmişdir. İddiaçı onun ünvanına dair cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş akt əsasında yazılmış borcu mübahisələndirməmişdir. İddiaçının ünvanında ASC-nin əməkdaşları tərəfindən baxış zamanı elektrik enerjisindən sayğacdan kənar xətt vasitəsilə istifadə edildiyi müəyyən edilmiş və fakt müvafiq aktla rəsmiləşdirilmişdir. Bundan sonra akt əsasında qaydalara uyğun hesabat aparılmış və iddiaçıya qanunsuz istifadə nəticəsində 968 manat borc hesablanmışdır. Hesablanan borc məbləği itirilmiş elektrik sərfiyyatının dəyəridir. Həmin borc "xxxx" ASC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
16. «Elektrik enerjisidən istifadə Qaydaları»nın (NK-ın 2005-ci il 2 fevral tarixli 18 nömrəli)
4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. 8 .14. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 8.18. İstehlakçı, o cümlədən məişət abonenti tutduğu ərazidən, binadan köçdükdə, öz fəaliyyətini dayandırdıqda və ya ləğv edildikdə o, on gün əvvəl enerjitəchizatı müəssisəsinə elektrik enerjisinin alqı-satqı müqaviləsinin ləğv olunması barədə müraciət etməli və sonuncu günə qədər istifadə etdiyi elektrik enerjisinin haqqını ödəməlidir. Yeni istehlakçının, o cümlə-dən məişət abonentinin elektrik şəbəkəsinə qoşulması və sənədləşdirilməsi bu Qaydalara uyğun aparılır. 8.19. İstehlakçı (məişət abonenti istisna olmaqla) elektrik enerjisinin alqı-satqı müqaviləsindəki enerji sərfinin göstəricilərini artırmaq və ya azaltmaq istədikdə, o bu barədə enerji-təchizatı müəssisəsinə bir ay əvvəl müraciət etməlidir. Enerjitəchizatı müəssisəsi istehlakçının müraciətinə on gün ərzində baxır və razılıq verdikdə elektrik enerjisinin alqı-satqı müqaviləsində uyğun dəyişikliklər edir. 8.20. Yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlayır. Yaşayış binasının mənzil kirayəçisi, yaxud mülkiyyətçisi ilə, həmçinin xüsusi yaşayış evinin mülkiyyətçisi (məişət abonenti) ilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanılır, enerjitəchizatı müəssisəsi onların adına şəxsi hesab açır. 8.34. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar 10.18. Elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi aşağıdakıları yerinə yetirməyə borcludur: 10.18.9-1. Elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 560.1. mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Maddə 560.2 Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi;
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya instansiyasında ləğv olunması əsaslarından biri maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsidir. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər..
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-136/2024 nömrəli qətnaməsini iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirərək, qətnamənin bu hissədə dəyişdirilməsi və iddia tələbinin tam təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.
22. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı ona əsassız akt yazıldığını və müqabilində hesablanmış borcun silinməsini, qarşı tərəf isə əksinə, iddiaçının sayğacdan kənar çəkilmiş xəttdən qanunsuz istifadə etdiyini bildirir.
23. Kollegiyanın araşdırması zamanı müəyyən olundu ki, “tərəflər arasında “Enerji təchizatı müəsisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısı barədə” müqavilə bağlanılmışdır.
24. Araşdırılan işdən görünür ki, iddiaçı ərizəsində qeyd olunan borcun yaranma mənbəyi kimi guya iddiaçının ünvanında elektrik enerjisindən qanunsuz qoşulma faktının müəyyən edilməsini göstərmişdir.
25. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli borc məbləği cavabdeh tərəfindən iddiaçıya məxsus yaşayış sahəsində istifadə olunan elektrik enerjisi ilə bağlı aparılan yoxlamanın nəticəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, NDM 031196 nömrəli akta əsasən hesablanmışdır.
26. İddiaçının da tələbinin dəlili məhz həmin aktın əsassız olaraq tərtib olunması ilə bağlıdır.
27. Kollegiya iş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə razılaşmır və əlavə olaraq bildirir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvan 1 ünvanda elektrik enerjisindən istifadə qaydalarına riayət olunması vəziyyəti yoxlanılarkən, ərazidə kənar xəttin olmasının aşkar olunduğunu bildirilsə də, həmin xəttin mövcudluğu, vardırsa iddiaçı, yaxud digər şəxslər tərəfindən istifadə edildiyini dəqiq müəyyən etmək mümkün deyil.
28. Belə ki, apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya işin obyektiv və tam araşdırılmasına nail olmaq məqsədilə təqdim edilmiş “CD” disklərə tərəflərin iştirakı ilə baxış keçirmiş, lakin mübahisəli ünvana sayğacdan kənar xəttin çəkildiyini ümumiyyətlə müəyyən etmək mümkün olmamışdlr. Əksinə, mənzilin daxilində olan kondisionerin elektrik şəbəkəsindən ayrılandan sonra qidalandırıcı UPS vasitəsilə bir neçə dəqiqə işlədiyi müəyyən edilmişdir.
29. Kollegiya tərəfindən göstərilən xüsusatlara aydınlıq gətirmək məqsədilə cavabdeh tərəfin nümayəndəsi sorğu-sual edilmiş, sonuncu kənar xəttin mövcudluğunu sayğacdan çıxan xətdə amperin aşağı olması (0,5 amper) ilə əlaqələndirmişdir və bildirmişdir ki, normalda evdə kondisioner, soyuducu işlədiyi halda bu 1 kilovat gücündən aşağı olmamalıdır.
30. Kollegiya qeyd edir ki, əgər doğrudan da cavabdeh tərəfin bu dəlili sözügedən mənzilə sayğacdan kənar xəttin çəkilməsi ehimalına gəlirsə, onda bu yalnız onların izahatlarına söykənməməli və mötəbər sübutlar əsasında təsdiq olunmalıdır. Lakin kollegiya tərəfindən təklif olunmasına baxmayaraq, cavabdeh tərəfindən etirazının əsasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
31. Göründüyü kimi, cavabdeh elektrik enerjisinin satışına dair müqaviləni fiziki şəxs olan iddiaçı ilə bağlamış və istehlak olunan elektrik enerjisinə görə iddiaçının hər hansı bir məbləğdə borcu olmasına və elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyinə dair iddia tələbinə etirazının əsası kimi məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Təqdim edilmiş video-disk isə natamam olmaqla iş üzrə iddia tələbini inkar etməyə kifayət qədər əsas vermir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
33. Kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
34. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
35. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı)
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və 714,96 manat məbləğində borcun **********00374 saylı abunə hesabından silinməsi barədə yeni qətnamə qəbul edilməlidir.
37. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Kollegiya hesab edir ki, iddia tələbi təmin edildiyindən qeyd оlunаn məhkəmə xərci (dövlət rüsumu və ekspertiza xərci) cavabdehə аid edilməlidir.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 385.1.1, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qətetdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-136/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı məxsus olan ünvan 1 ünvana aid **********00374 saylı abunə hesabından 714,96 (yeddi yüz on dörd manat 96 qəpik) manat məbləğində borc silinsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (iki yüz) manat "xxxx" ASC-dən alınıb AZ.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.