Məhkəmə qərarları › İş №2(105)-1066/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1066/2024

23.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1066/2024 23.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli 2(105)-2265/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) ərizənin təmin edilməsi, Cavabdeh su təchizatı və tullantı sularının axıdılmasına görə 398,7 (üç yüz doxsan səkkiz manat yetmiş qəpik) manat pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı ASC Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun tutulması tələbinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 398,7 manat borcun (abonent kodu: **********014) və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı təşkilat tərəfindən Cavabdeh su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə, xx.xx.2024-cü il tarixə 398,7 manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan 1 ünvanında ona məxsus evdə xx.xx.2020-ci il tarixdə quraşdırılmış CSS-20 tipli, 19074432 nömrəli, C178367 plomblu su sayğacının göstəricisinin uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına bildiriş və xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Həsənli X1 Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, mülki iş materiallarında olan sənədlər və sübutlar əsasında iddia tələbinin təmin olunmaması barədə məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia predmeti üzrə Mülki Məcəllənin borc və öhdəliyə aid qüvvədə olan normaları sadalasa da (MM-nin 135.1, 136.4, 139.1, 425, 430.1 və 442-ci maddələri) bu normaların məzmunu ilə yanaşı, cavabdehin iddia etdiyi müqaviləyə əsasən yaranmış borcun ödənilməməsi səbəbləri zamanında müəyyən edilə bilərdi. Hansı səbəblərdən su təchizatı üzrə istifadəyə görə borclu bağlanmış müqavilə üzrə (belə bir müqavilə olsa da, iddia olunan sayğac və cavabdeh tərəfindən verilmiş kod ona məxsus deyildir) üzərinə götürdüyü öhdəliyi icra edə bilməməsi halları araşdırılmamışdır. Hazırda isə belə bir şablon cümlə “cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilsə də” qətnamədə əks olunmuşdur. Ona isə nə məhkəmə, nə də ki, iddiaçı tərəfindən heç bir bildiriş və xəbərdarlıqlar edilməmişdir. Bu məlumatı isə o yalnız mübahisələndirilən qətnaməni aldıqdan sonra bilmişdir. Prosessual normadan məlum olur ki, məhkəmə tərəfindən məhkəmə mübahisəsinin olmasına dair proses iştirakçısı kimi tərəf qanunda nəzərdə tutulmuş qaydada məlumatlandırılmalıdır. Bu mübahisə barədə ona heç bir məlumat verilməmiş, yaşadığı və qeydiyyatda olduğu ünvana məhkəmə tərəfindən rəsmi qaydada bildiriş göndərilməmişdir. Bu baxımdan, iddiaçının iddia etdiyi müqavilə üzrə yaranmış borcun ödənilməməsi barədə məlumatı olmamışdır. Qətnaməni poçt vasitəsi ilə rəsmi qaydada məhkəmədən ona göndərilmişdir. Həmin zaman bilmişdir ki, guya by vaxta qədər istifadə etdiyi su və tullantı sularına dair onun 398.70 manat borcu yaranmışdır. Abşeron rayon Sukanal İdarəsi tərəfindən akt əldə etmişdir. Yəni ki, mübahisə barədə zamanında məlumatı olsaydı etiraz və digər sənədləri elektron qaydada məhkəməyə təqdim edərdi. Məhkəmə prosessual normaları pozmuşdur. İddia predmeti üzrə mühüm əhəmiyyəti olan faktiki hallar, yəni ki, cavabdehin istinad etdiyi “suların axıdılması xidmətlərinə görə” xx.xx.2020-ci i tarixdə quraşdırılmış CSS-20 tipli, ********* nömrəli, C178367 plomblu su sayğacının göstəricisinə uyğun olaraq yaranmış borcun, öhdəliyinin borclu tərəfindən hansı səbəblərdən pozulması və ya icra edilməməsi, kimi faktiki hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Azərbaycan Respublikası MPMnin 388-ci maddəsinə uyğun olaraq işin faktiki halları tam araşdırılmadığından, MPM-nin 385.1.2-ci maddəsinə görə qətnamənin ləğv olunması üçün qanuni əsasdır. Məhkəmə tərəfindən rəsmi qeydiyyatda olduğu və hazırda da yaşadığı ünvana bildirişlər gəlsəydi, yaxud məhkəmə mübahisəsi barədə məlumatı olsaydı süni olaraq yaradılmış və tələb olunan borcun ona aiddiyyəti olmamasını kiçik iddialar üzrə verilmiş iddia tələbinə etiraz verməklə zamanında münasibətini bildirərdi. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər həqiqəti əks etdirmir. Bu sənədlər bitkin xarakter daşımasa da, araşdırma aparılmamış, qətnamədə bu sübutlar barədə heç bir norma göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinin (qətnamə üş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır) tələbi pozulduğundan, yəni ki, cavabdehin guya ki, ünvanında quraşdırdığı su sayğacı üzrə istehlakçı kimi istifadəyə görə ödənilməmiş borc barədə “xəbərdarlıq” məktubları, bildirişlər, (tarixi, nömrəsi barədə) məlumatlar qətnamədə göstərilmədiyindən məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir və MPM-nin 385.1.4-cü maddəsinə əsasən qətnamənin ləğvinə səbəb olur. Hazırda apellyasiya şikayəti əsasında da müəyyən etmək olar ki, yaşadığı ünvana dair quraşdırılmış su sayğacına görə heç bir borc yoxdur, onunla bağlanan müqavilə üzrə isə heç bir hərəkət olunmayıb, yəni sayğac quraşdırılmayıb. Bu fakt iddiaçı və onun iştirakıyla yerində yoxlanılmış və sayğacların yoxlanılmasına dair sənəd tərtib olunaraq bir surəti ona təqdim olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən istehlakçı Cavabdeh İddiaçı ASC ilə bağlanmış müqaviləyə əsasən, göstərilən xidmətlərdən istifadə etməsinə baxmayaraq, həmin xidmətlərin göstərilməsinə görə dəyərini tam və vaxtında ödəməməklə müqavilə öhdəliklərini pozması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan cavabdeh qətnamədən apellyasiya şikayət verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı iş üzrə iddia tələbi su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun tutulması barədədir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 59.1-ci maddəsinə əsasən müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu Qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir (bənd b.) Həmin Qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. (a; b). Mənzil Məcəlləsinin 135.1., 136.4-cü maddələrinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş İddiaçı ASC-nin 14 sayğaclı abonentin yoxlanılması bildirişində qeyd edilmişdir ki, Cavabdeh iş əmrində onun adına olan **********014 nömrəli koddan heç bir məlumatı olmadığını bildirdi. Onun yaşadığı mənzildə 19074432 nömrəli sayğac və həmin sayğaca aid atası Pərviz Həsənovun adına **********010 nömrəli kod vardır və həmin koddan istifadə olunur. 19074432 nömrəli sayğac səhvən hər iki kodda qeyd olunmuşdur. İş əmrində qeyd olunan **********0014 nömrəli kodda olan ünvan hal-hazırda tapılmadı. İddiaçı ASC “Abşeron Sukanal” İdarəsinin xx.xx.2024-cü il 13-16-8/-915 nömrəli məktubuna əsasən Abşeron Rayon Məhkəməsinin 2(105)-2265/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi Cavabdeh tərəfindən tam icra olunmuş və İddiaçı ASC-yə borcu yoxdur. Göründüyü kimi hazırda cavabdehin iddiaçıya borcu mövcud deyil. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Beləliklə, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun tutulmasına dair iddia tələbi rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar