Məhkəmə qərarları › İş №2(105)-1069/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1069/2023

30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1069/2023 30.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilələrin ləğvi, texnikaların saz vəziyyətdə geri qaytarılması və pul tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli, 2(026)-304/2016 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Qobustan Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli qətnaməsi ilə (hakim Q.Hacıyev) iddianın təmin edilməsi, "xxxx" ASC ilə Cavabdeh Nəbi oğlu ilə bağlanmış 10 iyul 2012-ci il tarixli 881-L/12 saylı lizinq müqaviləsinin ləğv edilməsi, cavabdehdən 22884,17 (iyirmi iki min səkkiz yüz səksən dörd) manat məbləğində əsas borcun, 13356 (on üç min üç yüz əlli altı) manat məbləğində cərimə borcunun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu və lizinq obyekti olan 1 ədəd SR-2035 markalı kombayn saz vəziyyətdə alınıb "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" ASC Cavabdeh qarşı müqavilənin ləğvi, texnikaların saz vəziyyətdə geri qaytarılması və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 mart 2005-ci il tarixli 58 saylı qərarı ilə təsdiq olunmuş "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması qaydalarına müvafiq olaraq iddiaçı ilə cavabdeh arasında bağlanmış 10 iyul 2012-ci il tarixli 881-L/12 saylı müqaviləyə əsasən cavabdeh dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 1 ədəd SR-2035 markalı kombayn lizinqə götürdüyünü, cavabdehin müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə 01 yanvar 2016-cı il tarixədək 32847,17 manat ödəməli olduğu halda cavabdeh tərəfindən 9200 manat ödəniş edildiyini, cavabdehə öhdəliyin icrası üçün 06 yanvar 2016-cı il tarixli ASC-2-38 saylı pretenziya göndərildiyini, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini, bu səbəbdən də cavabdehin 22884,17 manat əsas borcu və 13356 manat cərimənin məbləği borcu yarandığını, cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1-ci maddələrinin tələblərini pozduğunu, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməli olduğunu, digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıdığını göstərərək Cavabdeh Nəbi oğlundan ödəniş qrafiki üzrə 22884,17 manat məbləğində əsas borc, 13356 manat məbləğində cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə verilməsi və lizinq obyekti olan 1 ədəd SR-2035 markalı kombaynın saz vəziyyətdə geri alınması barədə qətnamə çıxarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Qədirov X1 Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxararkən onun 2014-cu ildən həbsdə olmağını nəzərə almamışdır. O, özündən asılı olmayan səbəblərə görə 2014-cü ilin aprel ayından həbsdə olduğundan "xxxx" ASC ilə arasında olan öhdəliyin icrası yarımçıq qalmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehin nümayəndəsi Vəkil Babalı oğlu apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qubustan Rayon Məhkəməsinin 28 iyun 2016cı il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırmadan (xəbərnamə) əldə etmədən, onun iştirakı olmadan iddia tələbinə baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, məhkəmə bildirişini rəsmi qaydada verməlidir (Mülki Prosessual Məcəllənin 134.1.1. və 134.1.4. maddələri). Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (Mülki Prosessual Məcəllənin 138.1. və 138.3. maddələri). “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarı). Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir (Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsi). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehin müqavilə üzrə öhdəliyi icra etməməsi ilə əsaslandırmış və gəldiyi nəticənin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 445.2.1., 465.2., 748-1.12.4., maddələrinə istinad etmişdir. Aşağı instansiya məhkəməsinin gəldiyi nəticə Cavabdeh Nəbi oğlu tərəfindən mübahisələndirmiş və bu nəticənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili üzrə dəyərləndirmə apararaq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 748-1.12.4. maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Müqavilə üzrə müəyyən edilmiş əmlakı iddiaçı cavabdehin istifadəsinə vermiş, cavabdeh isə həmin əmlakı qəbul etmiş, lakin müqavilə üzrə öhdəliyi icra etməyərək, lizinq müqaviləsinə əlavə kimi müəyyən edilmiş ödəniş qrafiki üzrə ödənişlər etməmiş, nəticədə müqavilədən irəli gələn öhdəliyi iddiaçının tələb etmək hüququ yaranmışdır. Mülki Məcəllənin 748-7.1. maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1. maddəsi). Mülki Məcəllənin 386.1. maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 747.1. maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər (Mülki Məcəllənin 442, 443.1, 448.1 və 465.2-ci maddələri). Qeyd etmək lazımdır ki, tərəflər arasında bağlanmış lizinq müqavilələri üzrə cavabdehə lizinqə verilmiş, iddiaçı razılaşma üzrə öhdəliyin icrasının təmin edilməsindən ötrü məhkəməyə müraciət edərkən tələbini əsaslandıran cədvəl məlumatlarına istinad etmişdir. Həmin cədvəl məlumatlarına istinad edilməklə tələb edilən məbləğin iddiaçı tərəfindən düzgün hesablandığı öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliyi icra etmədiyinə görə tərəflər arasında bağlanmış 10 iyul 2012-ci il tarixli 881-L/12 saylı lizinq müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə Cavabdeh Nəbi oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə 22884 (iyirmi iki min səkkiz yüz səksən dörd) manat 17 (on yeddi) qəpik məbləğində əsas borc tutulmalı, lizinq obyekti olan 1 ədəd SR-2035 markalı kombayn "xxxx" ASC-yə qaytarılmalıdır. Məhkəmə kollegiyası 13356 manat məbləğində cərimə pulunun tutulması hissəsinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (Mülki Məcəlləsinin 462.1. maddəsi). Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair» 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehdən tutulmalı olan cərimə iddiaçının tələbində qeyd etdiyi məbləğdə deyil, 2000 (iki min) manat məbləğində tutulmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh Nəbi oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 28 iyun 2016-cı il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Cavabdeh Nəbi oğlu arasında bağlanmış 10 iyul 2012-ci il tarixli 881-L/12 saylı lizinq müqaviləsi ləğv edilsin. Lizinq obyekti olan 1 ədəd SR-2035 markalı kombayn Cavabdeh Nəbi oğlundan alınaraq "xxxx" ASC-yə geri qaytarılsın. Cavabdeh Nəbi oğlundan 22884 (iyirmi iki min səkkiz yüz səksən dörd) manat 17 (on yeddi) qəpik əsas və 2000 (iki min) manat cərimə borcu və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat alınaraq "xxxx" ASC verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar