Məhkəmə qərarları › İş №2(105)-1070/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1070/2024

29.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1070/2024 29.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə ərazi aidiyyətinin müəyyən edilməsi məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə əsassız olaraq hesablanmış 672,38 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində su və kanalizasiya xidmətindən istifadəyə görə borc hesablandığı, həmin ərazinin Abşeron rayonu ərazisində yerləşdiyini əsas gətirərək mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2818/2024 saylı qərardadı ilə (hakim Gülnarə Tağızadə) mülki iş baxılması üçün aidiyyətı üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin 03 may 2024-cü il tarixli, 2(012)-3215/2024 nömrəli qərardadı ilə (hakim Habil Əhmədov) mülki işin ərazi aidiyyəti üzrə hansı məhkəmədə baxılmalı olmasını müəyyən edilməsi üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, mülki işə Sumqayıt Şəhər Məhkəməsində baxılmalıdır. İşin faktiki hallarından göründüyü kimi iddiaçının tələbi istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı olmaqla, iş materiallarına əlavə olunan iddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən o ünvan 3 ünvandada yaşamaqdadır. Mülki Prosessual Məcəllənin 36.9cu maddəsinin tələbinə əsasən isə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının seçiminə əsasən yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. İddiaçı isə öz seçiminə uyğun olaraq iddiasını yaşdığı yerin məhkəməsinə vermişdir ki, bununla da iddiaçının ərazi aidiyyəti üzrə məhkəməyə düzgün müraciət etməməsi halı istisna olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsi isə qərardadında hər hansı bir əsaslandırma aparmadan və ərazi aidiyyəti ilə bağlı hər hansı bir prosessual normaya istinad etmədən işi əsassız olaraq ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasəmn bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Cavabdeh ASC-yə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki iş ərazi aidiyyətı üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 36.9 45.4, 263 və 264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki iş ərazi aidiyyətı üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar