Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1079/2024 25.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X4 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-195/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 16 may 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent kodu **********01070 olan İddiaçı təbii qazdan istifadə qaydalarına zidd olaraq sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edir.
2. Dəymiş ziyanın bərpasına dair 31 may 2023-cü il tarixli tələbnamədən görünür ki, İddiaçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyriqanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. İddiaçı itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən 1 ədəd PQ-4 maksimal saatlıq sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddət 360 gün, 2 ədəd iran sobası maksimal saatlıq qaz sərfi 3 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, 1 ədəd axımlı su qızdırıcı maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 45792 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi xx.xx.2023-cü il tarixli, ******* saylı akt göstərilmişdir.
3. İddiaçı adına olan abonent saldosundan (abonent kodu **********01070) görünür ki, cavabdehin hesabına ümumilikdə 5495,04 manat məbləğində borc hesablanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 may 2023-cü il tarixli, ******* nömrəli aktına əsasən qanunsuz hesablanmış 5495.40 manatlıq əlavə ziyan 228.96 manat saxlanmaqla qalan məbləğin silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsində qardaşı ev tikib. Həmin evdə velideynləri ilə birlikdə yaşayırlar. Lakin evin hüquqi sənədi yoxdur. Atası ona bildirib ki, qaz xəttinə kənar qoşulmasına görə 45792 kub.m yəni 5495.40 manatlıq əlavə ziyan yazılıb. O, başa düşməyib. Atası bildirib ki, qardaşı onlardan xəbərsiz 10 gün əvvəl kənar xətt qoşub. Buna görə də bu qədər ziyan yazılıb. O, qaz idarəsinə müraciət edib. Nəzarətçi orada olan zaman sayğacın son göstəricisini yazıb. Belə bir məsələ olsa idi o bunu mütləq görərdi. Ona görə də sayğacın son göstəricisinin qeyd olunduğu gündən bu zərər hesablanmalı idi. Amma onlar bir il hesabat dövri götürüblər. Ona bildiriblər ki, artıq onlar heçnə edə bilməzlər. Məhkəməyə müraciət olunmalıdır. Hesab edir ki, Cavabdeh bu aktı əsassızdır. Qanunsuz hesablanmış borc qismən silinməli, zərər 15 günlük hesablanmalıdır. Bu isə 228.96 manat deməkdir.
6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək göstəmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, xx.xx.2023-cü il tarixində ”Azəriqaz” X3 RQİİ-nin ünvan 2 ünvanda yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı xx.xx.2023-cü il tarxli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarxli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. xx.xx.2022-ci il tarxli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2023-cü il tarixdə Ağsu RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Şamaxı XS-nin abonent bazasındakı **********01070 nömrəli abonent koduna 45792 m3 – 5495.04 (beş min dörd yüz doxsan beş manat dörd qəpik) manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş 5495.04 (beş min dörd yüz doxsan beş manat dörd qəpik) manat məbləğ sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. X1 ilə Şamaxı Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qazdan istifadə qaydaları haqqında Qərarın 6.5-ci bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə, qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Odur ki, Şamaxı rayonu Mələcək kəndində qeydiyyatda olan Şamaxı şəhəri Ələşrəf Əlizadə küçəsi 1 saylı ünvanda yaşayan İddiaçı əsassız hesablanmış 5495.04 (beş min dörd yüz doxsan beş manat dörd qəpik) manat cərimə məbləğinin silinməsi tələbinə dair iddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 saylı evdə yaşayan (abonent kodu **********01070) İddiaçı məxsus mənzilə xx.xx.2023-cü il tarixdə qaz sayğaclarının işlək vəziyyətdə olmasına nəzarət etmək məqsədi ilə Ağsu RQİİ-nin Şamaxı XS-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı abonent İddiaçı kənar xətt vasitəsilə qazdan qeyri-qanuni istifadə etməsi aşkar olunmuş və bu barədə xx.xx.2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmişdir. Bundan başqa İddiaçı barəsində digər akt mövcud deyildir.
8. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-195/2024 nömrəli qətnaməsi ilə (hakim Natiq İsmayılov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh Ağsu X5 İdarəsinin Şamaxı Xidmət Sahəsi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 16 may 2023-cü il tarixli, ******* saylı aktına əsasən qanunsuz hesablanmış 4907.52 manat pulun İddiaçı abunə hesabından silinməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının məhz 360 gün sayğacdan kənar təbii qazdan istifadə etməsi hallarına dair hər hansı bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin məhkəmə sorğusu əsasında məhkəməyə göndərilmiş məktubdan isə görünür ki, iddiaçının evində olan qaz sayğacına “Qazdan istifadə Qaydaları”na müvafiq olaraq (yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə) baxış keçirməli və nəticəsini aktla rəsmiləşdirməli olduğu halda bunları etməmişdir. Ona görə də, iddiaçıya hesablanmış cərimə məbləği 1 (bir) ay müddətinə hesablanmalıdır. Bu isə (1.2x24x30=864 m3 x 0,12=103,68 manat, 2.6 x 24x30=1872 m3 x 0,12=224,64 manat, 3 x 24 x 30=2160 m3 x 0,12=259,20 manat) 103,68 +224,60 + 259,20 = 587,52 manat təşkil edir.
10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20, 21.1-ci bəndləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbinin təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixində Cavabdeh və Ağsu RQİİ-nin ünvan 2 ünvanda yaşayan İddiaçı məxsus fərdi yaşayış evinə baxış keçirərkən, mənzildə sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə təbii qazdan istifadə edildiyini aşkar etmiş, bununla bağlı xx.xx.2023-cü il tarxli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. xx.xx.2023cü il tarixli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. xx.xx.2022-ci il tarxli, ******* nömrəli ”Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən xx.xx.2023-cü il tarixdə Ağsu RQİİ-nin istehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək İddiaçı Şamaxı XS-nin abonent bazasındakı **********01070 nömrəli abonent koduna 45792 m3 – 5495.04 (beş min dörd yüz doxsan beş manat dörd qəpik) manat məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur abonent İddiaçı abonent koduna hesablanaraq vurulmuş 5495.04 (beş min dörd yüz doxsan beş manat dörd qəpik) manat məbləğ sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Lakin göründüyü kimi məhkəmə qanunsuz qətnamə çıxararaq abonentin qeyri-qanuni qazdan istifadəyə görə dəyərinin qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. İş materiallarında cavabdeh tərəfindən qazdan qeyri-qanuni istifadə edilməsi tam sübuta yetrilmiş, lakin sonda məhkəmə yenə də əsassız bir qətnamə çıxarmışdır. Qətnamə çıxarılarkən tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın təmin edilməsinə kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh İB-yə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
18. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın
19. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
20. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
21. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
22. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
24. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
25. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
28. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. Belə ki, işdə olan “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 16 may 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent kodu **********01070 olan İddiaçı təbii qazdan istifadə qaydalarına zidd olaraq sayğacdan kənar istifadə olunduğu aşkar olunmuş və dəymiş ziyanın bərpasına dair 31 may 2023-cü il tarixli tələbnaməsinə əsasən itirilmiş qazın bərpası üzrə tələblərdə qaz işlədicilərindən 1 ədəd PQ-4 maksimal saatlıq sərfi 1.2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddət 360 gün, 2 ədəd iran sobası maksimal saatlıq qaz sərfi 3 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, 1 ədəd axımlı su qızdırıcı maksimal saatlıq qaz sərfi 2.6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış 45792 kub metr əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyət kimi 5495,04 manat məbləğində borc yazılmışdır.
32. İşdə olan abonent saldosundan görünür ki, göstərilən akt tərtib edilməmişdən öncə sayğaca sonuncu baxış 2023-cü ilin aprel ayında olmuş və mexaniki sayğac göstəricisinin 4548 olduğu barədə qeyd aparılmışdır.
33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin borcun qismən silinməsi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, 31 may 2023-cü il tarixli dəymiş ziyanın tələbnaməsinə əsasən hesabat müddətinin 360 gün nəzərə alınması qəbul edilə bilməz.
34. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
35. Qazdan istifadə qaydalarına uyğun olaraq iddiaçının qazdan istifadə edilməsi, onun təbii qazdan istifadə edilməsi ilə bağlı sayğac ilə təmin oluması və sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdehliyi istehlakçıya münasibətə Cavabdeh daşıdığından və iddiaçının yaşayış sahəsinə istehlak edilən təbii qazın sərfiyyatının ölçmək üçün quraşdırılmış mexaniki qaz sayğacına hər ay nəzarət etməsini təmin etməli olduğundan, vurulmuş zərərin 360 gün müddət üçün 5495,04 manat məbləğində hesablanıb tələb edilməsi əsassızdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının yaşayış sahəsində istehlak edilən təbii qazın sərfiyyatını ölçmək üçün quraşdırılmış mexaniki qaz sayğacına sonuncu baxış tarixindən sonrakı bir ay müddət üçün birinci instansiya məhkəməsi tərəfindən aparılmış hesablama əsaslıdır.
37. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.
40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
41. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətlərinin təmin edilmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-195/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.