Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-108/2025 13.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair” mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(029)-421/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(029)-421/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 3 il ərzində kirayədə yaşamaq üçün birdəfəlik 9.000 (doqquz min) manat kompensasiya ödənilməklə onların ünvan 1 evdən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir (hakim Əli Cəlilov). Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərə 3 il ərzində kirayədə yaşamaq üçün birdəfəlik 8000 (səkkiz min) manat kompensasiya ödəməklə onların ünvan 1 evdən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçının qardaşı, ikinci Cavabdeh3 iddiaçının qardaşı arvadı və üçüncü Cavabdeh2 isə iddiaçının qardaşı oğludur. Cavabdehlər hazırda iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda qeydiyyatdadırlar və həmin ünvanda yaşayırlar. Bağışlama müqaviləsinə əsasən iddiaçının atası Qusar rayonu, Qusar şəhəri, M.Vəliyev küçəsində, 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 50.5 kv.m yaşayış, 27,6 kv.m yardımçı olmaqla ümumi 78.1 kv.m sahədən ibarət olan 14 nömrəli fərdi yaşayış evini iddiaçıya bağışlamışdır. Həmin ev paylı mülkiyyət deyil və tam pay olaraq İddiaçı mülkiyyətindədir. İddiaçı hesab edir ki, cavabdehlərə 8000 manat kompensasiya ödəməsi müqabilində onların ünvan 1 evdə yaşamaq (həmin evdən istifadə) hüquqlarına xitam verilməlidir. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı məhkəmənin kompensasiya məbləğinin artırılması ilə bağlı təklifinə müsbət yanaşaraq kompensasiya məbləğini 9000 manat məbləğinə artırmışdır. İş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə İddiaçı ona məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlərin istifadə hüquqlarına tərəfindən 9000 manat məbləğində kompensasiya ödənilməklə xitam verilməsi və onların evdən çıxarılması tələbi ilə bağlı dəlillərini müzakirə edərək hesab edir ki, cavabdehlərin həmin məbləğdə pul müqabilində istifadə hüquqlarına xitam verilməsi onların mənafeyini pozmamaqla davamlı olaraq həmin evə oxşar bir evdə yaşamalarının təmin olunması üçün kifayətdir. İstifadə hüququna xitam verilməsi müqabilində cavabdehlərə təklif olunan 9000 manat məbləğində kompensasiya hazırkı bazar qiymətinə uyğundur, kompensasiyanın bu məbləği istifadəçilərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə həmin evlə müqayisədə oxşar şəraitli evdə yaşamaq imkanı verə bilər. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(029)-421/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi mülkiyyət hüququndan sui-istifadə olmaqla, cavabdehlərin yaşayış və sosial vəziyyətlərinin çətinləşdirilməsinə yönəlmişdir. Yaşayış evini bağışlama yolu ilə əldə etmiş iddiaçı həmin evdən cavabdehlərin istifadə hüququna xitam verilməsi tələbini irəli sürməklə, əldə etdiyi mülkiyyət hüququndan bəxşiş verənin ailə üzvlərinə qarşı pis niyyətlə istifadə etmiş olur. Ona görə də hesab edir ki, iddia tələbi və onun təmininə dair şikayət olunan qətnamə əsaslı deyildir. Məhkəmənin (hakimin) iddianın təmin edilməsi qənaətinə gəlməsinə səbəb – iş üçün mühüm əhəmiyyəti olan halların tam araşdırılmaması, yaşayış evinin bağışlanması zamanı və ondan sonrakı müddətlərdə tərəflərin davam etmiş münasibətlərinə düzgün qiymət verilməməsi və həmçinin, kompensasiya məbləğinin təyinində mühüm yanlışlığa yol verilərək maddi hüquq normalarının düzgün tətbiq edilməməsi olmuşdur. Belə ki, İddiaçı onun doğma bacısıdır, digər cavabdehlər Cavabdeh3 onun həyat yoldaşı, Cavabdeh2 isə oğludur. Yəni digər cavabdehlər iddiaçının gəlini və qardaşı oğludur. Göründüyü kimi, iş üzrə tərəflər ailə üzvləri olmaq etibarilə sözügedən fərdi yaşayış evində qeydiyyatda olub birgə yaşayırlar. Daha dəqiq deyilsə, cavabdehlər həmin evdə daimi yaşayır, iddiaçı isə çox vaxt Rusiya Federasiyasında olmaqla orada yaşayıb işləyir. Həmin ev onun və iddiaçının ataları olan Dalik Ağarəhimova məxsus olmuşdur. O və bacısı İddiaçı həmin evdə anadan olub, orada böyümüşlər. Cavabdeh Salihat həmin evə xx.xx.1996-cı il tarixdə gəlin gəlmişdir. O dövrdə evin əvvəlki mülkiyyətçisi olan atası sağ olmuş, sonuncu 7 avqust 2012-ci ildə vəfat etmişdir. Cavabdeh Nail xx.xx.2000-cü il tarixdə həmin evdə anadan olmuşdur. X5 evi qızı (iddiaçı) İddiaçı bağışlayanda, evin əvvəlki mülkiyyətçisi və iş üzrə tərəflər həmin evdə birgə yaşamışlar, bağışlamadan sonra da evə dair artıq mövcud olmuş tərəflərə aid istifadə hüququ faktiki əvvəlki vəziyyətində saxlanılmışdır. Bağışlama müqaviləsi də bu şəkildə, yəni evdə olan ailə üzvlərinin evdən istifadə hüquqlarına toxunulmadan rəsmiləşdirilmişdir. Həmçinin evin məhz iddiaçının adına bağışlanmaqla rəsmiləşdirilməsinin zərurəti həmin dövrdə onun (Cavabdeh1) həbsdə olmasından irəli gəlmişdir. O, razılıq ərizəsini və etibarnaməni də bacısının adına cəzaçəkmə müəssisəsindən vermişdir. Bütün ailə üzvlərinin hüquqlarının saxlanılması şərtilə evin iddiaçıya bağışlanması baş tutmuşdur. Göründüyü kimi, mübahisəli evə bağışlama yolu ilə mülkiyyət hüququnu iddiaçı əldə edərkən cavabdehlər həmin evdə qeydiyyatda olmaqla birgə yaşamış və evin bağışlanması zamanı orada yaşamaq hüquqlarına xitam veriləcəyinə dair öhdəlik götürməmişlər. Tam əksinə, evdən istifadə hüquqları saxlanıldığına görə evə mülkiyyət hüququnun iddiaçının adına rəsmiləşdirilməsinə cavabdehlər etiraz etməmiş, gələcəkdə də bir yerdə yaşamaqda davam etmələri ilə bağlı ümumi razılıq olmuşdur. İddiaçı da yeni mülkiyyətçi olaraq, evi əvəlki mülkiyyətçidən bu şəkildə qəbul etmişdir. Yəni iddiaçı həmin evə mülkiyyət hüququnu “cavabdehlərin həmin evdə qeydiyyatda olmaqla yaşadıqları və mülkiyyət hüququ ona keçəndən sonra da orada yaşamağa davam edəcəkləri” kimi məhdudiyyətlə qəbul etmişdir. Bu baxımdan da iddiaçı sözügedən evlə bağlı mülkiyyət hüququndan cavabdehlərin həmin evdə yaşamaq hüquqlarına xələl gətirməməklə, hüquqdan sui-istifadəyə yol verməməklə istifadə etməlidir. Ona görə də mübahisəli fərdi yaşayış evindən cavabdehlərin istifadə hüququna xitam verilməsinə dair iddiaçı tərəfindən irəli sürülən dəlillərin heç bir hüquqi əsası yoxdur. Eləcə də, iddiaçının guya cavabdehlər tərəfindən ona həmin evdə yaşamağa imkan verilməməsi, mülkiyyətçi hüquqlarını həyata keçirməsinə maneçilik törədilməsi barədə dəlillərinin heç bir faktiki əsası yoxdur. Buna baxmayaraq, məhkəmə qətnamə çıxararkən hesab etmişdir ki, mülkiyyətçi tələb etdiyi halda, müəyyən kompensaiya verməklə, cavabdehi evdən çıxara bilər. Göründüyü kimi, məhkəmənin bununla bağlı mövqeyi hazırkı iş üçün keçərli və əsaslı deyildir. Belə mövqe o halda qəbuledilən olardı ki, cavabdehlər onlara təklif olunan kompensasiya məbləği ilə razılaşmış olsunlar. Razılaşma olmadıqda isə məhkəmənin müəyyən etdiyi kompensasiya məbləği bir tərəfin mövqeyinə uyğun yox, ağlabatan olmalıdır. Yəni kompensasiya məbləği mübahisəli evin yerləşdiyi ərazidə bu cür evlərin dəyəri, həmin evlərin orta kirayə haqqı və s. diqqətəlayiq meyarlar nəzərə alınmaqla müəyyən edilməlidir. Bu baxımdan məhkəmə kompensasiya ödənilməklə cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsi kimi düzgün olmayan qənaətə gəlirdisə, onda heç olmasa kompensasiya məbləğini ədalətli şəkildə müəyyən etməli və bunun üçün iddiaçının mövqeyini deyil, cavabdehlərin də düşdükləri əlverişsiz vəziyyəti və kompensasiya məbləğinin düzgün müəyyən olunmasına təsir edən meyarları nəzərə almalı idi. Xatırladır ki, eyni tərəflər arasında eyni iddia tələbi ilə bağlı artıq qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. İddia tələbində yalnız təklif olunan kompensasiyanın məbləği fərqli olmuşdur. Əvvəllki iş üzrə rayon məhkəməsinin qətnmaməsinin ləğv və iddianın rədd edilməsinə dair qanuni qüvvəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-1697/2023 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, əvvəllər cavabdehlərə qeyd olunan evə istifadə hüquqlarına xitam verilməsi üçün 10 min manat kompensasiya təklif olunmuş (i/v 87), lakin cavabdehlər bununla razı olmamışlar. Cavabdehlərin apellyasiya instansiyası məhkəməsinə birgə göndərdikləri ərizələrində isə 20-25 min manat civarında kompensasiya məbləği təklif olunmasını ədalətli hesab etmişlər... Göründüyü kimi, tərəflərin yaşayış evi ilə bağlı mənafeləri baxımından apellyasiya məhkəməsi kompensasiyanın 10 min manatdan az olmamaq şərti ilə, 20-25 min manat civarında təklif olunmasının ədalətli hesab edilə biləcəyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib iddianı rədd etmişdir. Nəzərə almaq lazımdır ki, apellyasiya məhkəməsinin həmin qətnaməsi ilə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir. Qətnamə məhkəməyə təqdim edilmiş, etiraz və vəsatətlərdə ona istinad edilmişdir. Lakin məhkəmə bunu nəzərə almamışdır... Bundan başqa qeyd edilməlidir ki, məhkəmə (hakim) təklif olunan kompensasiya məbləğinin müəyyən edilməsində evin dəyəri ilə bağlı iddiaçının dolayı yollarla əldə etdiyi qiymətləndirmə rəyinə önəm vermişdir. Məhkəmə özü tərəfindən təyin edilmiş qiymətləndirmə ekspertizasının rəyini bir kənara qoyub, iddiaçının sifarişi ilə verilən və aşkar şəkildə yanlış olan qiymətləndirici rəyinə istinad etməklə qətnamə qəbul etmişdir. Halbuki, bu, kobud prosessual pozuntudur. Çünki həmin rəyin qərəzli olduğu və cavabdehləri iddiaçının təklifinə razılaşmağa vadar etmək hədəsi ilə təşkil edildiyi barədə əvvəlcədən məhkəməyə bildirilmiş və sübutlar təqdim edilmişdir. Nəticədə məhkəmə cüzi kompensasiya müqabilində onların ata-baba yurdunda yaşamaq hüquqlarına xitam verməklə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Əslində onlar təklif edilən kompensasiyanın məbləğindən asılı olmayaraq həmin evdə qalıb yaşamaq istəyirlər... Göstərilənlərə əsasən qətnamənin ləğv edilərək iddianın rədd olunmasını xahiş edir. Apellyasiya baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Onların vəkili-nümayəndəsi Nümayəndə2 da məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin və onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edərək, cavabdehlərə 9.000 manatdan artıq kompensasiya verməyə imkanının olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin izahatında bildirdi ki, cavabdehlər iddiaçının mülkiyyət hüquqlarını pozurlar, iddiaçının evinə gəlib-getməsinə və orada yaşamasına imkan vermirlər. İş materiallarından göründüyü kimi, hazırda mübahisəli evin orta bazar qiyməti 37.000 manat, bu cür evdə aylıq kirayə haqqı isə 170 manatdır. Məhkəmə isə kirayə haqqını 250 manatdan götürməklə 3 illik kirayə haqqına bərabər olan 9.000 manat məbləğində kompensasiya müəyyən etmişdir. Cavabdehlərin bundan artıq məbləğdə kompensasiya tələb etmələrinin heç bir qanuni əsası yoxdur. Hesab edir ki, birinci instansiya məhkəməsi düzgün və əsaslı qətnamə qəbul etmişdir. Cavabdehin apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin hazırkı iş üzrə xx.xx.2024cü il tarixli, e-2(029)-421/2024 nömrəli qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İşin müəyyən olunmuş hallarından görünür ki, ünvan 3 ünvanında 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 78.1 kv.m, yaşayış sahəsi 50.5 kv.m, yardımçı sahəsi 27.6 kv.m olan 3 otaqlı fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 isə qeyd olunan ünvanda yaşamaqla, həmin evdən istifadə hüquqları vardır. Cavabdeh1 iddiaçının qardaşı, Cavabdeh3 iddiaçının qardaşı arvadı, Cavabdeh2 isə iddiaçının qardaşı oğludur (digər cavabdehlərin oğludur). İddiaçı iddia edir ki, mülkiyyətində olan fərdi yaşayış evinə gəlib orada yaşamasına cavabdehlər imkan vermirlər, ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hazırda iddiaçının evə dair mülkiyyət hüququ ilə cavabdehlərin istifadə hüquqları toqquşur və iddiaçı cavabdehlərə müvafiq kompensasiya verilməsi yolu ilə mülkiyyət hüququnu məhdudlaşdıran halı aradan qaldırmaq istəyir. Cavabdehlər isə iddia tələbi ilə razılaşmırlar. Əvvəla, onlar iddiaçının mübahisəli evə gəlməsinə və orada yaşamasına heç bir maneçilik törətmədiklərini, başqa yaşayış yerləri olmadığına görə həmin evin hətta bir otağından istifadə etməklə orada yaşamağa razı olduqlarını bildirirlər. Digər tərəfdən isə, əgər iddiaçı hər bir halda onların mübahisəli evdən kompensasiya müqabilində çıxmalarını istəyirsə, onda onlara evdən istifadə hüquqlarına adekvat olan, ədalətli əvəz meyarlarına cavab verən və hazırkı bazar qiymətləri nəzərə alınmaqla onların müəyyən davamlı müddət ərzində özlərini heç olmasa eyni səviyyəli (eyni şəraitli) başqa yaşayış yeri ilə təmin etmələrinə imkan verən kompensasiya ödəməsini tələb edirlər. Cavabdehlər iddiaçının təklif etdiyi və birinci instansiya məhkəməsinin də yetərli hesab etdiyi 9000 (doqquz min) manat kompensasiya məbləği ilə razılaşmırlar. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsi vurğulamışdır ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. Konstitusiya Məhkəməsinin həmin (12 iyul 2016-cı il tarixli) Qərarındakı hüquqi mövqeyinə görə, birinci instansiya məhkəməsi iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair" 27 may 2008-ci il tarixli və "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 26 sentyabr 2007-ci il tarixli qərarlardakı hüquqi mövqeyə əsasən, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Göründüyü kimi, qanunvericilik yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən həmin yaşayış sahəsindən istifadə hüququ olan şəxslərə onların istifadə hüquqlarına xitam verilməsi üçün “bazar qiyməti ilə müvafiq kompensasiyanın” verilməsi qaydasını müəyyən edərkən nəzərdə tutmuşdur ki, veriləcək kompensasiyanın məbləği həmin istifadəçilərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə mövcud olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməlidir. Birinci instansiya məhkəməsi cavabdehlərə təklif olunan 9.000 manat kompensasiya məbləğini yetərli hesab edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, AECS (X2 Service) adlı qiymətləndirici təşkilat (MMC) tərəfindən verilmiş 12 iyun 2024-cü il tarixli hesabata (rəyə) əsasən Qusar şəhərində cavabdehlərin hazırda yaşadıqları iddiaçıya məxsus evin indiki bazar qiyməti 37.700 manat, oxşar şəraitli evlərin aylıq kirayə haqqı isə 170 manat civarında müəyyən olunur. Həmin hesabat (rəy) məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuşdur. Lakin buna qədər məhkəmə özü əmlakın qiymətləndirilməsi ekspertizasının təyin olunması haqqında qərardad qəbul edərək, ekspertizanın keçirilməsini "xxxx" MMC-yə tapşırmışdır. Bu qiymətləndirici tərəfindən verilmiş 27 may 2024-cü il tarixli rəyə əsasən sözügedən evin bazar dəyəri 49.000 manat, oxşar şəraitli evlərin aylıq kirayə haqqı 300 manat müəyyən olunmuşdur. Məhkəmənin bu iki qiymətləndirici rəyindən nə üçün əvvəlkini ("xxxx" MMC tərəfindən veriləni) qəbul etməməsi və iddiaçı tərəfindən təqdim olumuş sonrakına (AECS MMC tərəfindən verilənə) üstünlük verməsi başa düşülmür. Halbuki, aylıq kirayə haqqı 300 manat hesabı ilə götürüldükdə iddiaçının təklif etdiyi 9.000 manat kompensasiya məbləğinin cavabdehlərin oxşar şəraitli başqa yaşayış sahəsi ilə uzunmüddətli (azı 3 illik) təminatı üçün yetərli olmadığı görünür. Digər tərəfdən, nəzərə almaq lazım gəlir ki, cavabdehlər 3 nəfərdən ibarət bir ailədir və ailənin övladı olan Cavabdeh2 2000-ci il təvəllüdlüdür (24 yaşı var). Belə olduğu halda həmin ailənin yaşayacağı evin azı 2 yataq otağı olmalıdır. Bu hesabla cavabdehlər ən minimal yaşayış şəraiti ilə özlərini təmin etmək üçün azı 3 otaqlı evdə (və ya mənzildə) yerləşməlidirlər. Qusar şəhərində bu cür evlərin (mənzillərin) aylıq kirayə haqqının 300 manatdan aşağı olması inandırıcı görünmür. Sözügedən fərdi yaşayış evi 25 ilə yaxın müddətdir ki, cavabdehlərin bir ailə kimi daimi yaşayış yerləridir. İddiaçı isə həmin evin mülkiyyətçisi olsa da, 10 ildən artıq müddətdir ki, orada yaşamır. İddiaçı evi əvəzsiz (ödənişsiz) əqd əsasında (bağışlama yolu ilə) əldə etmiş, heç bir xərc çəkmədən həmin daşınmaz əmlaka sahib olmuşdur. Cavabdehlər üçün uzun illər yaşadıqları və özlərinin daimi yaşayış yerləri hesab etdikləri evdən başqa yerə köçmək həm də mənəvi cəhətdən çətinlik yaradır. Məhkəməyə cavabdehlər tərəfindən iddiaçıya öz evinə gəlməyə və orada yaşamağa imkan verilməməsini təsdiqləyən heç bir sübut təqdim olunmamışdır. Cavabdeh1 apellyasiya şikayətində son 3 il ərzində evdə təmir işləri apararaq, həyətdə köməkçi sahələr inşa edərək evin yaşayış şəraitini xeyli yaxşılaşdırdığını göstərmişdir... Qeyd olunan hallar cavabdehlərin daha yüksək məbləğdə kompensasiya tələb etmələrinə haqq qazandırır. Bundan əlavə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla bağlı iddiaya dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(029)-312/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 3 il ərzində kirayədə yaşamaq üçün birdəfəlik 4.000 (dörd min) manat kompensasiya ödənilməklə onların ünvan 1 evdən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir (hakim Əli Cəlilov). Həmin qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-1697/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(029)-312/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bu baxımdan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023cü il tarixli 2(105)-1697/2023 nömrəli qətnaməsində gəldiyi nəticələr hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Həmin qətnamədə qeyd olunur ki, məhkəmə kollegiyası tərəfindən iddiaçının nümayəndəsinə cavabdehlərə davamlı surətdə və üç il müddət daxilində başqa yerdə əvvəlki evdə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verilməsi məqsədi ilə 4.000 manat kompensasiya məbləğinin həddən artıq aşağı olması bildirilməklə, 15.000 manat məbləğində kompensasiya verilməsi təklif olunmuşdur. Lakin iddiaçının nümayəndəsi bununla əlaqədar iddiaçının adından həmin təklifə razı olmadığını bildirmişdir. Göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)-1697/2023 nömrəli qətnaməsi ilə hazırkı iş üzrə tərəflər arasında mübahisə predmeti olan kompensasiyanın məbləği artıq 15.000 (on beş min) manat həcmində müəyyən edilmişdir. Bu isə o deməkdir ki, hazırkı işdə cavabdehlərə təklif edilən kompensasiyanın məbləği 15.000 manatdan az ola bilməz. Apellyasiya instansiyası məhkəməsi kompensasiyanı həmin məbləğdə müəyyən edərkən nəzərə almışdır ki, cavabdehlər – xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh2 anadan olduqları vaxtdan, Cavabdeh3 isə gəlin köçdüyü 1996-cı ildən Qusar şəhəri, M.Vəliyev küçəsi, 14 saylı evdə yaşayırlar. Cavabdeh1 apellyasiya şikayətində göstərmişdir ki, onun ailəsi müxtəlif cinsdən olan 3 nəfərdən ibarətdir, onlara yaşayış üçün ən azı 2 yataq otağı olan ev lazımdır. Qusar şəhərində belə evlərin aylıq kirayə haqqı 450- 500 manat təşkil edir... Cavabdeh apellyasiya şikayətində daha sonra qeyd etmişdir ki, son 3 ildə evdə təmir işləri aparmış, həyətdə köməkçi sahələr inşa etməklə yaşayış şəraitini xeyli yaxşılaşdırmışdır. Hazırda həmin evin bazar qiyməti 100.000 manat civarındadır... İnternet saytlarında olan elanlara əsasən, Qusar şəhəri istirahət-turizm zonasına aid olduğundan orada müxtəlif fərdi yaşayış evlərinin 1 günlük kirayə haqları 50 manatdan 100 manatadək təşkil edir... Birinci instansiya məhkəməsində Cavabdeh3 izahatında 16- 17 min manat verildiyi təqdirdə evdən çıxmağa razı olduqlarını bildirmişdir. Cavabdehlər apellyasiya instansiyası məhkəməsinə birgə göndərdikləri ərizələrində isə 20-25 min manat civarında kompensasiya məbləği təklif olunmasını ədalətli hesab etmişlər... Nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsinin qəbul olunduğu vaxtdan təxminən 1 il müddət keçmiş və bu müddətdə daşınmaz əmlak bazarında qiymətlərin (o cümlədən kirayə haqlarının) aşağı düşməsi halı baş verməmişdir. Ona görə də məhkəmə kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2(105)-1697/2023 nömrəli qətnaməsindəki mövqeyinə uyğun olaraq hesab edir ki, hazırkı iş üzrə cavabdehlərə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi əvəzində təklif olunan kompensasiyanın məbləği 15.000 manatdan az olmamalıdır. Məhkəmə kollegiyası tərəfindən iddiaçıya və onun vəkili-nümayəndəsinə iddia tələbinin təmin olunması üçün cavabdehlərə qeyd edilən məbləğdən az olmayan kompensasiya verilməsinin zəruri olması, əks təqdirdə iddianın təmin edilməsinin mümkün olmayacağı bəyan edilmişdir. Lakin, əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı və hazırkı məhkəmə iclasında iştirak edən onun vəkili-nümayəndəsi həmin məbləğdə kompensasiya verməyə imkan olmadığını bildirmişlər. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçı cavabdehlərə məhkəmə kollegiyası tərəfindən təklif edilən 15.000 (on beş min) manat kompensasiya məbləğini verməyə razı olmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia tələbi rədd edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermiş, gəldiyi nəticə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmamışdır. Habelə, birinci instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla bağlı iddiaya dair mülki iş üzrə qanuni qüvvəyə minmiş əvvəlki qətnaməsində gəldiyi nəticələri əsassız olaraq nəzərə almamışdır. Beləliklə də, məhkəmə qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. İş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(029)-421/2024 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair” iddiası təmin edilməsin. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-108/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-108/2025
13.01.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver