Məhkəmə qərarları › İş №2(105)-1080/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1080/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1080/2025 04.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: sadələşdirilmiş icraat- pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmli Aytən Kamil qızının katibliyi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2(012)-3166/2025 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. 05 mart 2024-cü il tarixli, 05/24 saylı alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən 2020-ci il istehsallı, “SYM X Pro 125cc” markalı, LXMAEAA303LXA36420 ban nömrəli nəqliyyat vasitəsi qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

2. 05 mart 2024-cü il tarixli, 05/24 saylı girov müqaviləsindən görünür ki, 05 mart 2024-cü il tarixli, 05/24 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC qarşısında öhdəliklərinin təminatı olaraq əsas müqavilənin predmeti olan 2020-ci il istehsallı, “SYM X Pro 125cc” markalı, qara parıltılı rəngli, LXMAEAA303LXA36420 ban nömrəli nəqliyyat vasitəsini İddiaçı MMC-yə girov kimi təqdim etmiş və tərəflərin qarşılıqlı razılığı ilə girov predmeti 4150 manat dəyərində qiymətləndirilmişdir.

3. 22 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixinə nəqliyyat vasitəsinin nisyə alqı-satqı müqaviləsi üzrə əsas borcu 1350 manat, cərimə borcu 1231,65 manat və gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində hesablanmaqla 16,87 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1350 manat məbləğində əsas borcun, 246,33 manat məbləğində cərimə məbləğinin, gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində hesablanmaqla 16,87 manat pulun, cəmi 1613,2 manat və ödənilmiş 36,14 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, tələbin “SYM X Pro 125cc” markalı, 2020-ci il istehsal tarixli, LXMAEAA303LXA36420 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilməsi, həmin yönəldilmə nəticəsində əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslanıb ki, satıcı İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli Nisyə Alqı-Satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı xüsusi mülkiyyətində olan və hazırkı müqavilənin Əlavələrində (təhvil-təslim aktlarında) öz əksini tapmış nəqliyyat vasitəsini ona məxsus texniki sənədləri ilə birlikdə alıcının mülkiyyətinə verir, alıcı isə nəqliyyat vasitəsini dəyərini hazırkı müqavilənin və onun əlavələrinin şərtlərinə uyğun olaraq satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin əlavələrinə əsasən 4500 manat məbləğində “SYM X Pro 125cc” markalı, 2020-ci il istehsal tarixli, LXMAEAA303LXA36420 ban nömrəli nəqliyyat vasitəsi Cavabdeh istifadəsinə verilmişdir. Bunun müqabilində cavabdeh ilkin ödəniş olaraq 350 manat, daha sonra isə 3800 manat pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin tərəflərindən cavabdehə dəfələrlə alqı-satqı müqaviləsi üzrə öhdəliklərin icrasına dair şifahi qaydada və xx.xx.2025-ci il tarixində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da bu günə qədər cavabdeh ödənişləri ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin nisyə alqı-satqı müqaviləsi üzrə əsas borcu 1350 manat təşkil etməkdədir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən alıcı ödənişi gecikdirdiyi və ya ümumiyyətlə ödəmədiyi təqdirdə alıcı satıcıya ödənişin gecikdirildiyi hər gün üçün ümumi borc məbləğinin 1 faizi məbləğində cərimə sanksiyası ödəyir. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 1231,65 manat təşkil etsə də tərəflərindən güzəşt faizi tətbiq edilərək əsas borc məbləğinin 20%- i həcmində,cəmi 246,33 manat dəbbə pulu tələb edilməkdədir. Cavabdeh qanunsuz hərəkətlərinin qarşısı alınmalı və şirkətə vurulmuş maddi ziyanın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməlidir. Cavabdeh XəlilovCamal Kərəm oğlu ilə bağlanmış xx.xx.2024-cü il tarixli girov müqaviləsinə əsasən 2020-ci il istehsallı, “SYM X Pro 125cc” markalı, LXMAEAA303LXA36420 nəqliyyat vasitəsi cavabdeh tərəfindən İddiaçı MMCyə girov kimi təqdim edilmişdir. Həmin müqavilənin 4.2-ci və 4.3-cü maddələrinə əsasən girov qoyan öhdəliklərini yerinə yetirmədiyi təqdirdə nəqliyyat vasitəsinin təbii aşınması nəzərə alınaraq müvafiq günə müəyyənləşmiş qiymət həcmində girov saxlayanın girov predmetini satmaq və ya öz adına keçirmək yolu ilə ödənişi yönəltmək hüququ vardır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.

6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2(012)-3166/2025 nömrəli qətnaməsi ilə (hakim E.Məmmədov) iddia qismən təmin edilərək, Cavabdeh 1350 manat məbləğində əsas borc, 10 manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində hesablanmaqla 16,87 manat pul olmaqla, cəmi 1376,87 manat pul vəsaiti və ödənilmiş 36,14 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, tələbin “SYM X Pro 125cc” markalı, 2020-ci il istehsal tarixli, LXMAEAA303LXA36420 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilməsi və girov predmetinin ilkin satış qiymətinin 4150 (dörd min yüz əlli) manat müəyyən edilməsi qət edilmiş, iddia tələbi yönəldilmə nəticəsində əldə edilən pul vəsaitinin borc məbləğini ödəmədiyi halda qalıq borcun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində rədd edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədiyi üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir və hesab edir ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən hesablanmış 246,33 manat məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 10 manat məbləğində olmalıdır. mCavabdeh nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın girov predmetinə yönəldilməsi tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Bundan başqa iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 05 mart 2024-cü il tarixli, 05/24 girov müqaviləsindən görünür ki, 2020-ci il istehsallı, “SYM X Pro 125cc” markalı, qara parıltılı rəngli, LXMAEAA303LXA36420 ban nömrəli nəqliyyat vasitəsi tərəflərin qarşılıqlı razılığı ilə 4150 manat qiymətləndirilmişdir. Məhkəmə 05 mart 2024-cü il tarixli, 05/24 girov müqaviləsində göstərilən qiymət ilə razılaşaraq hesab edir ki, girov qoyulmuş əşyanın ilkin satış qiyməti 4150 manat müəyyən edilməlidir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295, 385.1, 442, 443.1, 445.1, 448.1, 467-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 217.3, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı MMC qətnamədən apellyasiya şikayəti verərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddia qismən təmin olunmuş və Cavabdeh nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün tutmanın girov predmetinə yönəldilməsi ilə tələbin təmin olunması qərara alınmışdır. Lakin məhkəmə iddia tələbinin yönəldilmə nəticəsində əldə edilən pul vəsaitinin borc məbləğini ödəmədiyi halda qalıq borcun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsi ilə bağlı qeyd edib ki, girov qoyulmuş əşyanın dəyəri tələb olunan pul məbləğindən bir neçə dəfə çox olduğundan həmin hissədə iddia rədd edilməlidir. Həmin hissədə məhkəmə səhvə yol vermişdir. Belə ki, tərəflər arasında müqaviləyə əsasən girov predmeti iddiaçıya keçmədiyinə görə, başqa sözlə, cavabdehin istifadəsində qaldığına görə, hazırda tutmanın yönəldildiyi nəqliyyat vasitəsinin cari vəziyyəti naməlumdur. Buna görə də, hesab edir ki, iddia tam təmin edilməli və yönəldilmə nəticəsində əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə edilməlidir. Göründüyü kimi məhkəmə qətnamə qəbul edilən zaman maddi hüquq normalarını düzgün tətbiq etməmiş və iş üzrə sübutları, xüsusi ilə iddiaçı tərəfindən təqdim olunmuş 05 mart 2024-cü il tarixli, 05/24 saylı girov müqaviləsini və eyni tarixli alqı-satqı müqaviləsinin əlavələrində göstərilən müddəaları tam, obyektiv və hərtərəfli araşdırmamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazı

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. Maddə 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi apellyator Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-3166/2025 nömrəli qətnaməsini yalnız iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirmiş və iddianın tam təmin edilməsini xahiş etmişdir.

16. Ona görə də kollegiya iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiaları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-3166/2025 nömrəli qətnaməsi qismən, “iddia tələbi yönəldilmə nəticəsində əldə edilən pul vəsaitinin borc məbləğini ödəmədiyi halda qalıq borcun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilməli və bu hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

18. Hər şeydən öncə apellyasiya kollegiyası işin yuxarıda sadalanan ardıcıllığını bir daha diqqətə çəkərək qeyd edir ki, hazırkı iş üzrə iddia tələbinin qismən təmin edən məhkəmə qətnaməsindən cavabdeh tərəf şikayət verməmiş, qətnamə yalnız iddiaçının dəlilləri həcmində apellyasiya araşdırmasının predmetidir.

19. Araşdırılan işdən müəyyən olundu ki, tərəflər arasında 05 mart 2024-cü il tarixli, 05/24 saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən 2020-ci il istehsallı, “SYM X Pro 125cc” markalı, LXMAEAA303LXA36420 ban nömrəli nəqliyyat vasitəsini qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

20. Eyni zamanda 05 mart 2024-cü il tarixli, 05/24 saylı girov müqaviləsindən görünür ki, 05 mart 2024-cü il tarixli, 05/24 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı MMC qarşısında öhdəliklərinin təminatı olaraq əsas müqavilənin predmeti olan 2020-ci il istehsallı, “SYM X Pro 125cc” markalı, qara parıltılı rəngli, LXMAEAA303LXA36420 ban nömrəli nəqliyyat vasitəsini İddiaçı MMC-yə girov kimi təqdim etmiş və tərəflərin qarşılıqlı razılığı ilə girov predmeti 4150 manat dəyərində qiymətləndirilmişdir.

21. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmiş, işə baxan məhkəmə mübahisəni yuxarıda göstərilən formada həll etmiş, qətnamədən qismən narazı qalan iddiaçı yuxarıda göstərilən formada qətnamədən apellyasiya şikayəti vermişdir.

22. Apellyatorun hazırda yeganə dəlili- borcun tam ödənilməsi təmin olunmadığı halda qalan borcun cavabdehdən tutulmasının rədd edilməsinin ləğvindən ibarətdir ki, kollegiya şikayəti bu hissədə əsaslı hesab edir və mövqeyini bu cür şərh edir.

23. İşə baxan birinci instansiya məhkəməsi bu hissədə iddia tələbini rədd edərkən mövqeyini onunla əsaslandırıb ki, girov qoyulmuş əşyanın dəyəri tələb olunan pul məbləğindən bir neçə dəfə çox olduğundan həmin hissədə iddia rədd edilməlidir.

24. Kollegiya bu barədə işə baxan məhkəmənin mövqeyini əsaslı hesab etmir və qeyd edir ki, tərəflər arasında mövcud girov müqaviləsinin məzmunundan görünür ki, mübahisə predmeti olan moped daimi olaraq cavabdehin sahiblik və istifadəsində olmuşdur.

25. Həmin moped tərəflər arasında razılaşmaya əsasən ilkin olaraq 4150 manat məbləğində qiymətləndirilmişdir ki, bu məbləğ həqiqətən də hazırda iddiaçının tələb etdiyi məbləğdən bir neçə dəfə çoxdur. Lakin sözügedən mopedin hazırda texniki cəhətdən sazlığı, istifadəyə yararlılığı kimi amillər bəlli olmadığından həmin əmlakın real satış məbləğini öncədən müəyyən etmək mümkün deyildir.

26. Bu səbəbdən də kollegiya belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2(012)-3166/2025 nömrəli qətnaməsi qismən, “iddia tələbi yönəldilmə nəticəsində əldə edilən pul vəsaitinin borc məbləğini ödəmədiyi halda qalıq borcun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilməli və bu hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

27. Sonda məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti vermək hüququ istisna edilir.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-3166/2025 nömrəli qətnaməsi qismən “iddia tələbi yönəldilmə nəticəsində əldə edilən pul vəsaitinin borc məbləğini ödəmədiyi halda qalıq borcun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi yönəldilmə nəticəsində əldə edilən pul vəsaitinin borc məbləğini ödəmədiyi halda qalıq borcun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi hissəsində təmin edilsin. Qətnamənin Cavabdeh 1350 manat məbləğində əsas borc, 10 manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faiz məbləğində hesablanmaqla 16,87 manat pul olmaqla, cəmi 1376,87 manat pul vəsaiti və ödənilmiş 36,14 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, tələbin “SYM X Pro 125cc” markalı, 2020-ci il istehsal tarixli, LXMAEAA303LXA36420 ban nömrəli nəqliyyat vasitəsinə yönəldilməsi və girov predmetinin ilkin satış qiymətinin 4150 (dörd min yüz əlli) manat müəyyən edilməsi hissəsində mübahisələndirilməməsi nəzərə alınsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar