Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1086/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Ağayeva Elnarə Nəriman qızının katibliyi, ilkin iddiaçının nümayəndəsi vəkil X4, qarşılıqlı iddiaçının nümayəndəsi Vəkil, qarşılıqlı iddia üzrə cavabdeh X1 iştirakı ilə, İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı kompensasiya ödəmək yolu ilə mənzilə yaşayış-istifadə hüququna xitam verilmə tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və cavabdeh X2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğvi tələbinə dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(060)-2949/2020 saylı qətnaməsindən ilkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) ilkin iddianın rədd edilməsi, iddiaçı-cavabdeh İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, cavabdeh-iddiaçı Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. İlkin İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh qətnamədən apellyasiya şikayətləri vermişlər. İŞİN HALLARİ İlkin İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mikrorayon, 31 saylı evin 4 saylı mənzilindən 5000 (beş min) manat kompensasiya verilməklə Cavabdeh yaşayış-istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 31 saylı evin 4 saylı mənzili 30.07.2011-ci il tarixli, ******* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin çıxarışına əsasən onun mülkiyyətindədir. Mənzil iki otaqdan ibarətdir. Cavabdeh onun atasıdır. 2009-cu il mart ayında Sumqayıt şəhər məhkəməsinin qətnaməsi ilə valideynlərinin nikah qeydi pozulmuşdur. Nikahları ləğv olunsa da, onlar ailə kimi məcbur olub mülkiyyətində olan mənzildə yaşamışlar. Lakin, bu illər ərzində cavabdeh mənzildə onlarla aqressiv rəftar etmişdir. Onun anası və özü 2014-cu ildə cavabdehin hərəkətlərinə dözmərək yaşadıqları mənzildən çıxmışlar. 2019-cu ildə isə qardaşı cavabdehlə mübahisə etdiyindən məcbur olub ailəsi ilə birlikdə yaşadıqları mənzildən çıxımşdır. O, mülkiyyətində olan mənzildən cavabdehə görə istifadə edə bilmir. Qarşılıqlı iddiaçı Cavabdeh ilkin İddiaçı və cavabdeh X2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağışlama müqaviləsinin etibarsız hesab olunması, 30.07.2011-ci il tarixli, ******* saylı çıxarışın ləğv olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin ilk mülkiyyətçisi Rusiya Federasiyasına köçkmüş X9muşdur. 1992-ci ildə iddiaçı övladının xəstəliyi ilə bağlı Lerik rayonundan Sumqayıt şəhərinə köçməyə məcbur olmuşdur. Göstərilən mənzili X8 etibarnamə əsasında almışdır. Lakin etibarnamənin müddəti bitdiyindən yenidən Rusiya Federasiyasına gedib 20.05.1994-cü il tarixli İ 852 reyestr nömrəli etibarnamə almışdır. Etibarnamə əsasında mənzili iddiaçı öz adına rəsmiləşdirə bilmədiyindən Sumqayıt şəhər 5- saylı DNK-da 29.04.1995-ci il tarixdə 3M-3/374 reystr nömrəli bağışlama müqaviləsinə əsasən mənzili rəsmi nikahda olan arvadı X5 bağışlamışdır. Sonradan soyadını götürmüş Rəfiqə mənzilə dair mülkiyyət hüququnu qeydiyyatdan keçirərək ona çıxarış almışdır. Bir müddətdən sonra İsmayılova Rəfiqə övladları ilə birlikdə onların təhsil alması üçün Türkiyə Respublikasına getmişlər. Türkiyə Respublikasından qayıtdıqdan sonra münasibətləri pisləşmişdir. Onun məlumatı olmadan X3 aralarındakı nikahın ləğv olunması üçün Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş və aralarındakı nikah ləğv olunmuşdur. 2011-ci ildə qərara gəlmişdir ki, mənzili hal hazırki cavabdeh İddiaçı oğluna bağışlasın. Beləki Xırdalan şəhərində biznes fəaliyyəti ilə məşğul olan Ceyhunun maddi təminatı baxımından bu addımı atmışlar. Lakin İddiaçı həmin evdə yaşamamış, Xırdalan şəhərində mülkiyyətində olan evdə yaşamışdır. Həmin mənzildə digər övladları Elşən Rövşən oğlu yaşamışdır. Bağışlama müqaviləsi bağlanarkən o, notarial qaydada razılıq ərizəsi vermişdir. Razılıq ərizəsinin kökündə də qeyd etdiyi hal durur. Övladlarını maddi cəhətdən daim təmin etmişdir. Fikirləşmişdir ki, onsuz da, onlarla birlikdə yaşayıb ömrünü onların himayəsi altında başa vurar. Hal-hazırda ona məlum olmuşdur ki, övladları onun kimi fikirləşmirlər. Onlar yaşının bu vaxtında onu mənzilsiz qoymaq istəyirlər. Hal-hazırda cavabdehin ona təklif etdiyi kompensasiya hesabına normal yaşamaqları üçün mənzil ala bilmir, bu halda yeganə yaşayış yeri evsiz eşiksiz insanlar üçün nəzərdə tutulmuş obyektlərdə olacaq. Yeganə çıxış yolu bağışlama müqaviləsinə verdiyi razılığın və müqavilənin özünün etibarsız hesab olunmasıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin İddiaçı Sumqayıt şəhər məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, ilkin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edərək, ilkin iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ilkin iddia tələbinin rədd edilməsi hissəsində qanunsuz və əsassız qəbul edildiyinə görə ləğv edilməlidir. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, iş üçün əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan əsassız qətnamə qəbul etmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh Sumqayıt şəhər məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsinə dair hissəsinin dəyişdirilmədən saxlanılması və onun qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə hərtərəfli, tam və obyektiv deyildir. İşin faktiki halları tam araşdırılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin iddiaçının nümayəndəsi vəkil X6 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, qarşılıqlı iddiaçının apellyasiya şikayətini isə qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, ilkin iddiaçının apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddia üzrə cavabdeh X3 ilkin iddiaçının apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, qarşılıqlı iddiaçının apellyasiya şikayətini isə qəbul etməyərək, onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, ilkin iddiaçının apellyasiya şikayət təmin, qarşılıqlı iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İlkin iddia tələbini rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni ilkin iddiaçının iddia tələbinin əsassız olması ilə, qarşılıqlı iddia tələbinin rədd edilməsini isə qarşılıqlı iddia ərizəsində sadalanan halların heç birinin bağışlamadan imtinanı nəzərdə tutan Mülki Məcəllənin 673-cü maddəsində sadalanan yeddi konkret halların heç birinə uyğun gəlməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilkin İddiaçı qətnaməni yalnız ilkin iddia tələbinin təmin olunmaması hissəsində, qarşılıqlı iddiaçı Cavabdeh isə qətnaməni qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində mübahisələndirmişlər. İlikin iddiaçı ilkin iddia tələbinin təmin olunmaması hissəsində mübahisələndirməklə yanaşı şikayətinin dəlillərindən biri də məhkəmə iclası barədə məlumatlandırılmaması barədədir. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə icraat 30.10.2020-ci il tarixdə təzələnərək 24.11.2020-ci il tarixə saat 15:00 təyin edilmiş olsa da, lakin həmin vaxta keçirilmiş məhkəmə iclası barədə İddiaçı məlumatlandırmadan (xəbərnamə) əldə etmədən, onun iştirakı olmadan iddia tələbinə baxaraq qətnamə qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, məhkəmə bildirişini rəsmi qaydada verməlidir (Mülki Prosessual Məcəllənin 134.1.1. və 134.1.4. maddələri). Məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir (Mülki Prosessual Məcəllənin 138.1. və 138.3. maddələri). “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir. Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin ədalətli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır. Belə halda, işdə iştirak etməyə cəlb olunmamış və barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-cı il tarixli qərarı). Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmə əsaslarından biri məhkəmənin işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etməsidir (Mülki Prosessual Məcəllənin 387.2.4. maddəsi). Göründüyü kimi hər iki tərəf qətnaməndən (ilkin İddiaçı ilkin iddia tələbi, qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbi hissəsində) apellyasiya şikayəti vermişlər. Hər iki tərəfin apellyasiya şikayətinin verdiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, məhkəmə aktı bütövlükdə yoxlanılmalıdır. İşdən göründüyü kimi ilkin iddiaçının tələbi 5000 (beş min) manat kompensasiya verilməklə Cavabdeh yaşayış-istifadə hüququna xitam verilməsi, qarşılıqlı iddiaçının tələbi isə bağışlama müqaviləsinin etibarsız hesab olunması, və onun əsasında verilmiş 30.07.2011-ci il tarixli, ******* saylı çıxarışın ləğv olunması barədədir. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia tələbi ilkin iddianı özündən asılı etdiyindən ilk öncə qarşılıqlı iddia tələbinə daha sonra ilkin iddia tələbinə hüquqi qiymət verilməlidir. Qarşılıqlı iddiaçı Cavabdeh bağışlama müqaviləsinin etibarsızlığı və onun əsasında verilmiş çıxarışın ləğvini cavabdeh İddiaçı bizneslə məşğul olduğundan onun maddi təminatı baxımından onlarla birlikdə yaşayıb ömrünü onların himayəsi altında başa vuracağını fikirləşdiyindən mənzilin ona bağışlanmasına razılıq verdiyini, lakin övladının onun kimi fikirləşmədiyini onu yaşının bu vaxtında mənzilsiz qoymaq istədiklərini əsas gətirərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirsə də, qətnamə maddi və prosesual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Qarşılıqlı iddia tələblərindən bir hissəsi bağışlama müqaviləsinin (əqdin) etibarsızlığı və əsası kimi bunun aldadılma nəticəsində bağlanmış əqdlər təşkil etdiyindən, birinci instansiya məhkəməsi mübahisəyə aldatmanın nəticəsində (Mülki Məcəllənin 339.2. maddəsi) bağlanmış əqdin etibarsızlığı nəzərdə tutan maddi hüquq normasını tətbiq etməli olduğu halda, bağışlamadan imtinanın nəticəsini nəzərdə tutan Mülki Məcəllənin 673.1 və 673.2-ci maddələrini tətbiq etməklə səhv nəticəyə gəlmişdir. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn tələbin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). Bağışlamanın etibarsızlığını tələb olunan qarşılıqlı iddianın qanuni əsasını da Mülki Məcəllənin 339.2-ci maddəsi təşkil edir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Mülki Məcəllənin 339.2. maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır (Ə.Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli qərarı). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.1., 337.2. maddələri). Lakin hazırki işdə əqdin etibarsızlığına əsas olan hallar, yəni mübahisələndirilən əqdin bağlanması zamanı mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtlərin pozulması halları mövcud deyil. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisəli mənzil Rəfiqə İsmayılovanın mülkiyyətində olmuş və o, həmin mənzili oğlu İddiaçı bağışlayarkən qarşılıqlı iddiaçı Cavabdeh da razılığını almışdır. Mülki Məcəllənin 666.1. maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama müqaviləsi mövcud olan əqdlərdən biri olmaqla əmlaka mülkiyyət hüququnun və ya bəzi əmlak hüquqlarının hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır (Konstitusiya Məhkəməsi Plenumunun 19.12.2012-ci il tarixli qərarı). Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisəli mənzilin bağışlama müqaviləsinin etibarsızlığı üçün əsaslar öz təsdiqini tapmadığından, qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qarşılıqlı iddia tələbinə müddətin tətbiqi barədə qiymət verilməsini zəruri hesab edir. Mülki Məcəllənin 354.2. maddəsinə əsasən həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunan maddədə nəzərdə tutulan müddət əslində iddia müddəti deyil, kəsici müddətdir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi də tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. Bu baxımdan məhkəmə kollegiyası Mülki Məcəllənin 354.2. maddəsinin hazırkı mübahisəyə tətbiqi ilə bağlı qeyd edir ki, bağışlama müqaviləsinin bağlanması qarşılıqlı iddiaçıya məhz 2011-ci ilin 30 iyulunda məlum olduğundan, sonuncu həmin maddədə nəzərdə tutulmuş 1 illik kəsici müddəti ötürməklə 23 iyun 2020-ci ildə məhkəməyə müraciət etdiyindən, qarşılıqlı iddia tələbi bu əsasla da təmin edilə bilməz. Məhkəmə kollegiyası iddia tələbinin çıxarışın ləğv edilməsi hissəsinə gəldikdə isə hesab edir ki, qeyd olunan çıxarış bağışlama müqaviləsi əsasında verildiyindən və həmin müqavilə də məhkəmə kollegiyası tərəfindən etibarsız hesab edilmədiyindən, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhkəmə kollegiyası ilkin iddia tələbinə gəldikdə isə qeyd edir ki, ilkin iddia tələbi kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və tələbin qanuni əsasını isə Mülki Məcəllənin 228.2. maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddədə nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirilməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumu 26.09.2007-ci il tarixli qərarı). Göründüyü kimi qanunverici hər hansı şəxs və şəxslər tərəfindən tanınmış, xüsusi mülkiyyət hüququ əsasında mənsub olan yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi qaydasını müəyyənləşdirərkən mülkiyyətçinin iradəsini əsas götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsaiti ehtiva edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2. maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (MPM-nin 14.1. maddəsi). Məhkəmə kollegiyası işin tam, hərtərəfli araşdırılması və obyektin nəticəyə gəlinməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş və “B+Ş Audit” Konsaltinq MMCnin A-01/61 №li, 16 iyun 2021-ci il tarixli qiymətləndirmə hesabatı ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilin orta bazar qiymətinin 38.000 manat, likvid dəyərinin 33.000 manat, aylıq kirayə haqqının 250-300 manat olduğu müəyyən edilmişdir. Apellyasiya baxışında ilkin iddiaçının nümayəndəsi Salman Qasımov yazılı ərizə ilə məhkəməyə müraciət edərək, əvvəlki təklif etdiyi kompensasiyanın məbləğini artıraraq 8000 (səkkiz min) manat məbləğində kompensasiya verdiyini bildirmiş və daha sonra həmin məbləği 10000 (on min) manata qədər artıraraq təklif olunan məbləğin bazar qiymətlərinə uyğun ağlabatan hesab etmişdir. Hazırki iş üzrə iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləği ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu məbləği bazar qiymətlərinə uyğun olmaqla, hər iki tərəfin mənafeyinə, o cümlədən, mənzildən istifadə hüququna xitam verilən cavabdehin sonrakı vəziyyəti, yəni onun başqa yaşayış sahəsi ilə təmin olunması üçün yetərli olmaqla kompensasiyanın məbləği istifadə hüququna mütənasibdir. Kompensasiyanın da verilməsində məqsəd Cavabdeh özünə yaşayış sahəsi qurmaqdan ötrü ilkin iddiaçının hesabına müəyyən müddətə başqa ərazidə yaşayışının təmin edilməsi mümkün olsun. Odur ki, məhkəmə kollegiyası ilkin iddiaçı tərəfindən təklif edilən 10000 (on min) manat kompensasiyanın məbləğini hazırkı bazar qiymətlərinə uyğun hesab edir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, Cavabdeh 10000 (on min) manat kompensasiya verilməklə Sumqayıt şəhəri, 10-cu mikrorayon, 31 saylı evin 4 saylı mənzilindən istifadə hüququna xitam verilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilkin iddiaçının apellyasiya şikayəti təmin, qarşılıqlı iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 119.1. maddəsi). Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğdə pul vəsaiti qarşılıqlı iddiaçı Cavabdeh alınaraq “B+Ş Audit” Konsaltinq MMC-nin (bank "xxxx" ASC, filialın kodu 502672, VÖEN **********, hesab nömrəsi AZ15ACAB********************) hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İlik İddiaçı apellyasiya şikayət təmin edilsin, qarşılıqlı iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 10-cu mikrorayon, 31 saylı evin 4 saylı mənzilindən 10000 (on min) manat kompensasiya verilməklə Cavabdeh istifadə hüququna xitam verilsin. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğvinə dair qarşılıqlı iddia tələbi rədd edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat alınaraq “B+Ş Audit” Konsaltinq MMC-nin (bank "xxxx" ASC, filialın kodu 502672, VÖEN **********, hesab nömrəsi AZ15ACAB********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1086/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1086/2021
22.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver