Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1092/2025 18.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2, İddiaçı1 və Əliyeva (Alkan) Xanım Rauf qızının cavabdeh 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 (Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: X10, X21, X11 və X12) qarşı mülki iş üzrə (vərəsəlik mübahisələri – mirasda məcburi pay hüququnun tanınması, vərəsənin əvəzlənməsi) X2 (sədrlik edən və məruzəçi), X17 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-1329/2025 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. AZ-İİ 462776 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2015-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 432 nömrə ilə qeyd edilmişdir.
2. xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyeva Mənzər Qəzənfər qızı xx.xx.2024-cü ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-ci il tarixdə 450 nömrə ilə qeyd edilmişdir.
3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4011/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia tələbi təmin edilmiş, X6, Alkan (Əliyeva) Xanım Rauf qızının, İddiaçı1 və Əliyeva (Mehdiyeva) Xədicə Rauf qızının iddaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanına olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir.
4. xx.xx.2022-ci il tarixli vəsiyyətnamədən görünür ki, Əliyeva Mənzər Qəzənfər qızı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küç, ev 3, 25 saylı mənzili X7 vəsiyyət etmişdir.
5. İşdə olan 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinin Notariat ofisinin xx.xx.2024-cü il tarixli 3020 saylı, xx.xx.2024-cü il tarixli 3021 və xx.xx.2025-ci il tarixli, 539 saylı məktublarından görünür ki, İddiaçı2, İddiaçı1 və X13 vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.
6. xx.xx.2024-cü il tarixli **********018 nömrəli və xx.xx.2024-cü il tarixli **********019 nömrəli ərizələrdən görünür ki, İddiaçı2, İddiaçı1 mərhum nənənləri Əliyeva Mənzər Qəzənfər qızından miras qalmış əmlakdan onlara çatası hissəyə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün notariat ofisinə müraciət etmişdirlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar İddiaçı2, İddiaçı1 və X18 cavabdeh 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, X21, X11 və X8 qarşı məhkəməyə müraciət edərək, iddiaçıların məcburi pay hüququnun tanınması və onlara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində yerləşən notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
8. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı2 və İddiaçı1 atası X22 xx.xx.2015-ci il tarixində, iddiaçıların nənəsi Əliyeva Mənzər Qəzənfər qızı isə xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Belə ki, Əliyeva Mənzər Qəzənfər qızı tərəfindən 03 (üç) iyun 2022-ci il tarixli vəsiyyətnamə ilə ünvan 2 ünvanında yerləşən 25 saylı mənzili X7 (iddiaçıların bibisi) vəsiyyət edilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində notariat ofisinə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət edilmişdir. 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində yerləşən notariat ofisinin xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən, iddiaçılara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin qeyri-mümükün olması bildirilmişdir. Lakin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli qərarından aydın olur ki, iddiaçılar qanun üzrə vərəsələrdə birinci dərəcəli vərəsə olduğundan və mirasda məcburi pay anlayışının qanun üzrə vərəsələrin payını qorumaqdan ibarət olduğundan hesab edirlər ki, cavabdehin vərəsəlik hüququ haqqında şəhadətnamə verməməsi əsassızdır. Göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır.
9. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 və məhkəməyə etiraz təqdim edərək iddianı qəbul etmədiyini bildirmiş və göstərib ki, anası X4 xx.xx.2024-cü ildə ürək xəstəliyindən vəfat etmişdir. O sağlığında bütün əmlakını ona vəsiyyət etmiş və onun ərizəsi əsasında vərəsəlik işi açılmışdır. Onu da qeyd edir ki, onun qardaşı X22 – iddiaçıların atası onun anasından qabaq, 2015-ci ildə dünyasını dəyişmişdir. Lakin mərhum qardaşı R.Əliyevin uşaqları – oğlu İddiaçı1 və qızı İddiaçı2 notariusa V-525 xx.xx.2024-cü il tarixli, **********018 və **********018 nömrəli ərizələr təqdim etmiş və həmin ərizələrdən belə məlum olur ki, Sumqayıt Asan Xidmət Mərkəzinin notariat ofisində (notarius Əmirəliyev Əmirəli) bu şəxslər miras qoyan anası M.Əliyevanın qanun üzrə vərəsələri sayılaraq həmin vərəsələr sırasına daxil edilmişlər. Halbuki bu şəxslər miras qoyan anası M.Əliyevanın qanun üzrə vərəsələri hesab oluna bilməzlər, belə ki, anası M.Əliyeva sağlığında vəsiyyətnamə qoymuşdur, digər tərəfdən bu şəxslərin atası olan R.Əliyev miras qoyandan qabaq dünyasını dəyişmişdir. O, belə bir ərizələrin təqdim olunmasından xəbər tutan kimi həmin şəxslərin miras qoyanın vərəsəsi kimi qəbul edilməsinin yolverilməzliyi barədə ərizə ilə müraciət etmiş və cavabdeh orqan da haqlı olaraq həmin şəxsləri vərəsə siyahısına daxil etməkdən imtina emişdir. İddiaçılar iddia tələbində özlərini miras qoyanın qanun üzrə 1-ci növbə vərəsələri kimi qələmə verməklə onların miras əmlakda məcburi paylarının olmasını iddia edir və AR Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli Qərarına istinad edirlər. Halbuki həmin qərar 1-ci növbə qanun üzrə vərəsələrin miras əmlakdakı məcburi pay hüquqlarını tənzimləyir və konkret halda iddiaçılar miras qoyanın qanun üzrə birinci növbə vərəsələri hesab olunmur. AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Əgər miras qoyan vəsiyyətnamə verməsəydi və miras qoyanın oğlu olan iddiaçıların atası R.Əliyev miras qoyandan sonra dünyasını dəyişsəydi bu halda miras əmlakda onların pay məsələsinə baxıla bilərdi, lakin konkret halda notariat ofisi düzgün hərəkət edərək iddiaçılara vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Onu da qeyd edir ki, miras qoyan anası M.Əliyeva sağlığında iddiaçılara qarşı onların miras kütləsinə daxil olan mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə iddia qaldırmış və xx.xx.2024-cü il tarixli məhkəmə qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçılar həmin qətnamədən apellyasiya şikayəti vermiş və həmin iş üzrə icraat hüquqi varisliyin müəyyən edilməsi səbəbi ilə dayandırılmışdır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Onun etirazının dəlilləri də digər etirazın dəlilləri ilə analoji qaydada tərtib edilmişdir. Etirazda iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-1329/2025 nömrəli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddia tələbi təmin edilməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəf AR Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə istinad edərək, X20 Qəzənfər qızının nəvələri olan vərəsələrin miras qoyanın mirasında məcburi pay almaq hüququna malik olduğunu iddia edirlər. Həmin maddənin məzmununa görə bu sonuncuların (birinci növbə) nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmə qeyd edib ki, sözügedən maddə vəsiyyət üzrə vərəsəlik zamanı meydana gələn münasibətləri deyil, Mülki Məcəllənin Qanun üzrə vərəsəlik adlı 63-cü fəslində yer almaqla qanun üzrə vərəsəlik zamanı yaranan münasibətləri tənzimləyir və bu halda növbəlilik qaydasında bərabər pay hüquqlu vərəsələrin dairəsini müəyyən edir. Məcburi payı tələb etmək hüququ olan şəxsin ölməsi halında həmin hüququn vərəsəlik üzrə keçməsi qaydaları isə Mülki Məcəllənin 1194-cü maddəsi ilə tənzimlənir. Maddənin məzmununa görə məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Göründüyü kimi, vərəsənin (vərəsələrin), o cümlədən məcburi pay üzrə vərəsənin (vərəsələrin) vərəsəlik hüquqları miras əmlakın bölüşdürüldüyü andan deyil, mirasın açıldıgı andan yaranır. Hazırki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X20 Qəzənfər qızının ölümündən sonra vəsiyyət üzrə vərəsəlik açılmışdır. Belə ki, Əliyeva Mənzər Qəzənfər qızı özünə məxsus mirası qızı X7 vəsiyyət etmişdir. X20 Qəzənfər qızının mirasından məcburi pay almaq hüququ olan mərhumun oğlu, iddiaçıların atası X22 isə xx.xx.2015- ci il tarixində, yəni miras qoyan M.Əliyevadan əvvəl ölmüş, mirası açıldığı vaxt - xx.xx.2024-cü il tarixində sağ olmamışdır. Məhkəmə hesab edib ki, iddiaçıların atası X22 onun anası Əliyeva Mənzər Qəzənfər qızının mirası açılarkən sağ olmadığından onun məcburi payı tələb etmək hüququ yaranmamış, dolayısı ilə həmin hüquq hazırki iş üzrə iddiaçılara da keçməmişdir. Bu səbəbdən də məhkəmə iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1159.1.3, 1151, 1153, 1193, 1194, 1202.1, 1203.1, 1255-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014-cü il tarixli qərarına, “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı2 qətnamədən apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-1329/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə lazımi qaydada araşdırma aparmamış və iş üzrə yanlış nəticəyə gələrək iddianı təmin etməmişdir. Belə ki, məcburi pay, adından da göründüyü kimi “məcburilik” xüsusiyyəti ilə təmin olunaraq miras qoyanın birinci növbə qanun üzrə vərəsələrinin miras əmlakdan istisna edilə bilməyəcək şəkildə və ehtiyacdan asılı olmayaraq minimum həcmdə ayrılan miras hissəsidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır. Uşaqlar dedikdə enən xətt üzrə uşaqlar nəzərdə tutulur. Nə maddədə, nə də Plenum qərarında ölənin övladlarının məcburi pay hüququ vardır yazılmamışdır. Həmçinin məcburi pay hüququ institut kimi qanun üzrə birinci növbə vərəsələrin hüquqlarını qorumaq üçün vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli qərarından aydın olur ki, iddiaçılar qanun üzrə birinci dərəcəli vərəsədirlər və mirasda məcburi pay anlayışı qanun üzrə vərəsələrin payını qorumaqdan ibarət olduğundan hesab edir ki, iddiaçıların iddiasının təmin olunmaması əsassızdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı üçüncü şəxs Səidə Muxtarova tərəfindən yazılı etiraz verilmişdir. Etirazın dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə analoji qaydada tərtib olunmuş və sonda iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)- 1329/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 fevral 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1193-cü maddəsində mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi müəyyən edilərkən Məcəllənin 1159.1.1 və 1159.1.2-ci maddələrində bərabər pay hüquqlu vərəsələr kimi nəzərdə tutulmuş övladlığa götürənlər və övladlığa götürülənlərin məcburi pay hüququ olan vərəsələr qismində göstərilməməsi onların mirasdan məcburi pay hüququnun olmaması kimi qəbul edilməməlidir. Bu nöqteyinəzərdən qeyd etdi ki, Mülki Məcəllənin 1159.1.1-ci maddəsində iddiaçının birinci növbə vərəsə olduğu qeyd olunub, lakin həmin Məcəllənin 1193-cü maddəsində “nəvələr” sözünün ayrıca qeyd edilməməsi onların mirasda məcburi pay hüququnun olmaması kimi başa düşülməməlidir. Bu baxımdan hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxsin də mirasda məcburi pay hüququ vardır. Bununla yanaşı, Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici Mülki Məcəllənin birinci növbə vərəsələri nəzərdə tutan 1159.1.1-ci maddəsinin məqsədlərindən çıxış edərək məcburi pay hüququ olan şəxslərin dairəsini təsbit etmişdir. Bu isə onu göstərir ki, Məcəllənin 1159-cu maddəsinin müddəaları 1193-cü maddəyə münasibətdə müəyyənləşdirici norma kimi çıxış edir. Bütün bu qeyd olunanlar onu göstərir ki, 1193-cü maddədə yazılan “uşaqlar” ifadəsi ilə 1159-cu maddədə qeyd olunan anlayış nəzərdə tutulur, sadəcə həmin maddədə “nəvələr” yox, “uşaqlar” sözü yazılmışdır. Ən sonuncu qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli qərarında göstərilmişdir ki, qanun üzrə vərəsəlik məcburilik əlamətinə malik olmadığından miras qoyan vəsiyyətnamə vasitəsi ilə qanun üzrə vərəsələrini (birinci növbə vərəsələr istisna olmaqla) vərəsəlikdən tam və ya qismən kənarlaşdırmaq səlahiyyətinə malikdir. Həmin qərarda eyni zamanda qeyd edilmişdir ki, Mülki Məcəllənin 1193-cü maddəsi ilə ailə birliyinin və maraqlarının qorunmasına xidmət edən mirasda məcburi pay institutu vasitəsi ilə birinci növbə qanun üzrə vərəsələrin vərəsəlik hüquqları miras qoyanın ölümlə bağlı sərəncamlarına qarşı təminat altına alınmış, onun belə sərəncamlarla ən yaxın ailə üzvlərini vərəsəlik hüququndan tamamilə məhrum etməsinin qarşısı alınmışdır. Məcburi pay, adından da göründüyü kimi “məcburilik” xüsusiyyəti ilə təmin olunaraq miras qoyanın birinci növbə qanun üzrə vərəsələrinin miras əmlakdan istisna edilə bilməyəcək şəkildə və ehtiyacdan asılı olmayaraq minimum həcmdə ayrılan miras hissəsidir. Göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1193-cü maddəsində “vəsiyyət edənin uşaqları” ifadəsinin olduğunu qeyd edərək işə formal yanaşmışdır. İddiaçının nümayəndəsi sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
18. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçılar İddiaçı1 və Əliyeva (Alkan) Xanım Rauf qızı, cavabdeh 1 saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X10, X21, Həşimova (Aşımova) Səbinə Arif qızı və X12 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur.
21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli; Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə 5 oktyabr 2012-ci il tarixli Qərarları;
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1170.1 Vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Maddə 1176.1. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Maddə 1201. Əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər. Maddə 1203.1. Məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. 52. Maddə 1203.2. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır Maddə 1255. Vərəsələr mirasqoyanın ölümü ilə mirası qanun əsasında əldə edirlər.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin “bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 372.2.Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-1329/2025 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(060)-1329/2025 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tələb iki hissədən - 1) məcburi payın tanınması (müəyyən edilməsi) və 2) vərəsəlik şəhadətnaməsinin verilməsinin notariusa həvalə edilməsindən ibarətdir.
29. Baxılan işin mübahisəsiz hallarından müəyyən edilir ki, iddiaçıların atası Rauf Əliyev xx.xx.2015-ci il tarixdə, onun anası, yəni iddiaçıların nənəsi Mənzər Əliyeva (miras qoyan) isə xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Göründüyü kimi oğul (R.Əliyev) anasından (miras qoyandan) 9 il əvvəl vəfat etmişdir.
30. Miras qoyan X15, Səbinə, Fuad və Rauf adlı övladları (birinci növbə vərəsələri ) olmuş, onlardan Rauf Əliyev yuxarıda qeyd olunduğu kimi 2015-ci ildə vəfat etmiş, bundan sonra sonuncunun Xədicə, Ələkbər və Xanım adlı vərəsələri qalmışdır.
31. İşin digər mübahisəsiz hallarından müəyyən edilir ki, miras qoyan Mənzər Əliyeva 3 iyun 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən 25 saylı mənzilə dair qızı Səidə Muxtarovanın adına vəsiyyətnamə qoymuşdur. Vəsiyyətnamə ləğv və ya etibarsız hesab edilməmiş və mübahisə predmeti deyildir.
32. Məlum olduğu kimi, Mülki Məcəllənin 1193-cü maddəsinə görə, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
33. Məhkəmə kollegiyası əvvəlcə bu normada nəzərdə tutulan məcburi payın mahiyyətinə və məqsədinə, daha sonra isə onun bölüşdürülməsi və həcminin müəyyənləşdirilməsi qaydasına nəzər salmağı vacib hesab edir.
34. Qeyd olunur ki, vərəsəlik hüququnda mövcud olan institut kimi məcburi pay– sosial-iqtisadi və əxlaqi əhəmiyyətə malik olmaqla vərəsəlik hüququnun mühüm hissəsini təşkil edir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (məcburi pay üzrə vərəsələrə) münasibətdə sosial təminat rolunu oynayır.
35. Göründüyü kimi, Mülki Məcəllə ilə şəxsin mülkiyyətinin bir hissəsi üzərində vəsiyyətnamə əsasında sərəncam vermək hüququ, həm də ailə üzvlərinin mirasdan məcburi pay almaq hüququ təmin edilmişdir.
36. Məlum olduğu kimi, sərəncam hüququ, mülkiyyət haqqının ən mühüm komponentlərindən biri kimi mülkiyyətçiyə öz əmlakının hüquqi müqəddəratını həll etmək imkanı verir. Bu baxımdan hər kəs öz mülkiyyətində olan əmlaka sərəncam verməkdə sərbəstdir.
37. Bununla belə, mülkiyyət hüququ əhatə etdiyi səlahiyyətləri həyata keçirmək baxımından mütləq deyil. Bu imkan başqa şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər.
38. Bu məhdudiyyətlərdən biri də mülkiyyətçinin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) miras əmlakdan almalı olduqları minimum aktivdir – məcburi paydır. Belə məhdudlaşdırmanın müəyyən edilməsi vəsiyyət edənin ailə üzvlərinin qanuni maraqlarının müdafiəsinə xidmət edir.
39. Lakin, o da qeyd olunmalıdır ki, miras əmlakdan vərəsələrə çatası pay, o cümlədən məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyinə görə, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirilir. Məhz bu halda, mirasın açıldığı andan mirasda məcburi pay almaq hüququ olan şəxsin (şəxslərin) vəsiyyətnamə üzrə vərəsədən (vərəsələrdən) məcburi payın ödənilməsini tələb etmək hüququ yaranır və vəsiyyətnamə üzrə miras payı almış bütün vərəsələr həmin məcburi payı ödəməyə borcludurlar. Belə ki, Mülki Məcəllənin 1194-cü maddəsinə müvafiq olaraq məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.
40. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda mülki qanunvericilik mirasın açıldığı vaxt baxımından vərəsənin ölümünə münasibətdə iki qayda nəzərdə tutmuşdur: vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə (irsi transmissiya – MM, 1252ci maddə); qanun üzrə vərəsə miras açılmamışdan əvvəl ölərsə (vərəsənin əvəzlənməsi (bəzən buna təmsiletmə də deyilir) - 1159-cu maddə).
41. Hər iki institut “vərəsəlik hüququnun özünün” miras kimi vərəsəlik qaydasında keçməsini tənzimləklə irsi xarakter daşısa da, müəyyən əlamətlərinə görə fərqlənir. Belə ki, irsi transmissiya həm vəsiyyət, həm də qanun üzrə vərəsəlik zamanı tətbiq edilə bildiyi halda, vərəsənin əvəzlənməsi yalnız qanun üzrə vərəsəlik zamanı mümkün ola bilər; irsi transmissiyada vərəsənin ölməsi halında ona çatacaq pay bütün vərəsələri arasında bölüşdürüldüyü halda, vərəsənin əvəzlənməsi yalnız düzünə xətt üzrə qan bağı əsasında müəyyən edilə bilər
42. Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında formalaşdırdığı mövqeyə əsasən, Mülki Məcəllənin 1193-cü maddəsində müəyyən edilmiş mirasda məcburi pay almaq hüququ olan şəxslərdən miras açıldığı an sağ olmuş, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən ölmüş şəxsin bu hüququ qanun və ya vəsiyyət üzrə vərəsələrinə keçir. Miras açıldığı andan sonra məcburi pay hüququ olan şəxs öldükdə, onun vərəsəsi (vərəsələri) vəsiyyətnamə üzrə miras qoyanın məcburi vərəsəsi statusunda deyil, yalnız məcburi pay hüququna malik olmuş şəxsin vərəsəsi kimi tələb etmək hüququnu əldə edir. Belə ki, miras qoyan (vəsiyyət edən) öldüyü vaxt məcburi pay almaq hüququ olan şəxs sağ olduğuna görə, həmin hüquq onun əmlakının aktivində əmlak hüququ kimi yaranmış olur. Bununla yanaşı, Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi pay vərəsəlik qaydasında keçdiyindən, həmin Məcəllənin 1159.1-ci maddəsində müəyyən edilmiş birinci növbə vərəsələrdən digər ailə üzvləri, həmçinin vəsiyyət edənlə qohumluq əlaqəsi olmayan şəxslər də məcburi payı tələb etmək hüququna malik ola bilərlər.
43. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 1194-cü maddəsinin “Bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur.
44. Beləliklə apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı yekunlaşdıran kollegiya belə qənaətə gəlir ki, iddiaçıların atası Rauf Əliyev mirasda məcburi pay almaq hüququ olan şəxslər dairəsinə aid olsa da, o miras qoyandan (anası Mənzər Əliyevadan) əvvəl öldüyünə, konkret halda miras açıldığı an sağ olmadığına görə, onun məcburi payı tələb etmək hüququ da yaranmamış və sonda iddiaçılar Mülki Məcəllənin 1194-cü maddəsinin “bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəasının təsiri altına düşməyən şəxslər dairəsinə aid olmaqla, həmin hüquq hazırkı iş üzrə iddiaçılara da keçməmişdir. Bu baxımdan iddia tələbinin rədd edilməsi barədə işə baxan məhkəmənin gəlmiş olduğu nəticə əsaslı və qanunidir.
45. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-1329/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.