Məhkəmə qərarları › İş №2(105)-1093/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1093/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1093/2021 04.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Telman Qədir oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı Şahbazova Aygün Əskər qızının nümayəndəsi və vəkili Vəkil, cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı1 cavabdeh “xxxx” ASC-yə qarşı aktın ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli, 2(067)1002/2018 saylı qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli, 2(067)-1002/2018 saylı qətnaməsi ilə iddiaçı Şahbazova Aygün Əskər qızının cavabdeh “xxxx” ASC-yə qarşı istehlakçının hüquqlarının müdafiəsi, aktın ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, “xxxx” ASC-nin əməkdaşları tərəfindən 18 noyabr 2016-cı il tarixdə tərtib olunmuş 006509 saylı aktın ləğv edilməsi, “xxxx” ASC “Şimal” RETSİ üzrə istifadə edilmiş elektrik enerji haqqının hissə-hissə ödənilməsi barədə 24 noyabr 2016-cı il tarixli, 0036 saylı “Razılaşma protokolu”nun etibarsız hesab edilməsi və “xxxx” ASC-dən 13790 manat pulun alınaraq Şahbazova Aygün Əskər qızına qaytarılması qət edilmişdir (hakim F.B.Mirzəquliyev). Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi N.V.Əhmədov apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli, 2(067)-1002/2018 saylı qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-607/2020 saylı, 20.02.2020-ci tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iddia ərizəsinin mahiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan iddiaçı Şahbazova Aygün Əskər qızı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2020-ci il tarixli, 2(012)3935/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-607/2020 saylı, 20.02.2020-ci il tarixli qərardadının ləğv edilməsi, İddiaçı1 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı istehlakçının hüquqlarının müdafiəsi, aktın ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair işin apellyasiya qaydasında mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İ Ş İ NH A L L A R İ : İddiaçı Şahbazova Aygün Əskər qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş 18 noyabr 2016-cı il tarixli, 006509 saylı aktın ləğv edilməsi, X10nin işçiləri olan R.Məmmədov və M.Novruzov tərəfindən hakimiyyətdən sui-istifadə və enerji verilişinin dayandıralacağı hədəsi altında onun adından müvafiq səlahiyyət almamış qadaşı Əkbər Şahbazova imzalatdırdıqları 24 noyabr 2016-cı il tarixli, 0036 saylı “xxxx” ASC tərəfindən iki nəfərin əvəzinə bir nəfərin eyni imzaları əksini tapmış "Razılaşma protokolu”nun etibarsız hesab edilməsi, istehlakçı olaraq ona qanunsuz ödətdirilmiş 13.790 manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılması, cavabdeh tərəfin qanunsuz hərəkətləri nəticəsində ona və ailəsinə vurulmuş və 2000 manat həcmində kompensasiya kimi dəyərləndirdiyi mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq ona verilməsi, cavabdehin əməkdaşlarının hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 201.2.2 və 309-cu maddələri ilə nəzərdə tutulmuş ictimai-təhlükəli əməlin əlamətləri olduğundan xüsusi qərardad çıxarılmaqla bu barədə prokurora məlumat verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X11 apelyasiya şikayətini müdafiə edib göstərdi ki, iddiaçı əvvəllər təyinatına uyğun olmadan əhali kodundan istifadə edib. Sonradan 2017-ci ildə oraya qeyri-əhali kodu açılmışdır. Bu zaman əhali kodunda 1721 manat borc olmuşdur. Həmin 1721 manat borcu protokola görə qeyri-əhali koduna keçirmişlər. Yəni əhali kodundan qeyri-əhali koduna cəmi 1721 manat borc keçib. Akta görə 7029 manat olub. Hal-hazırda həmin əhali kodu passivləşdirilib və orada heç bir əməliyyat aparmaq mümkün deyil. Həmin borc da razılaşma protokolu əsasında keçirilib. Tərəflər arasında razılaşma protokolu imzalanıb və İddiaçı1 da həmin protokolu imzalayaraq həmin borcu qəbul edib. Həmin borc ödənilib. Bu gün ödənilmiş borcun geri qaytarılmasına dair iddia tamamilə əsassızdır. Hal-hazırda qeyri-əhali kodunda İddiaçı1 604 manat 97 qəpik borcu var (10 mart 2021-ci il tarixə). Hesab edir ki, iddia tələbi əsassızdır. Akt tərtib olunanda 6 min manata yaxın borc mövcud idi. O borc ödənilib. Akta görə də 7029 manat yazılıb, bununla bağlı hesablaşma aparılıb və hesablaşmadan 5 il müddət keçib. İndiyə qədər heç bir mübahisə olmayıb. Aktın ləğv olunması və borcun silinməsi ilə bağlı heç bir iddia tələbi irəli sürülməyib. Əksinə, razılaşma protokolu imzalanıb və həmin borc ödənilb. 13 min manat borcun mövcud olması barədə heç bir sənəd yoxdur. Təkcə akt mövcuddur ki, akta görə də borcun məbləği 7 min manatdır. Razılaşma protokolunda borca dair heç bir şey qeyd olunmayıb, razılaşma protokolu sadəcə əhali kodunun qeyri-əhali koduna keçirilməsi üçün imzalanıb. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli, 2(067)-1002/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Şahbazova Aygün Əskər qızının nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, vətəndaş mübahisəli məbləği məcburiyyət qarşısında qaldığı üçün ödəyib. Əks təqdirdə işığı kəsəcəkdilər və iddiaçının qardaşının məhsulları yararsız hala düşə bilərdi. Halhazırda iddiaçının qardaşı işıqdan sahibkar kimi istifadə edir. Mübahisə əhali yaxud qeyriəhali kodu ilə bağlı deyil. Cavabdehlər iddiaçının maqnitlə sayğaca müdaxilə etdiyini iddia edirlər amma bununla bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilmirlər. Burada söhbət hesablanmış cərimədən gedir. Akta görə 7 min manat borc hesablanıb, sonradan da razılaşma protokolu imzalanıb. 2017-ci ildə qiyabi qətnamə olub və ləğv olunub. İddiaçının qardaşının sexi iddiaçının adına olan sayğacın hesabına işləyib. Sayğac bir ədəddir, bir evdə yaşayırlar. Qanunsuz qoşulma yoxdur. Vətəndaş işlətdiyi işığın dəyərini ödəyib. 13 min manat cərimə borcudur. Akta görə 7 min manat borcdur, sonradan da vətəndaşı məcbur edərək razılaşma protokolu tərtib ediblər. Razılaşma protokolunu işıq kəsilməsin deyə iddiaçının qardaşı məcburiyyət qarşısında imzalayıb. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli, 2(067)-1002/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edirəm. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər X10 və Şimal regional Enerji Təchizatı və Satışı İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən nümayəndələrin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçıkarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadə verərək göstərmişdir ki, bir neçə ildir ki, iddiaçıya məxsus olan həyətyanı torpaq sahəsində yerləşən sexdə gözətçi və fəhlə işləyir. Ev və soyuducular həyətdən kənarda quraşdırılmış elektrik sayğacı vasitəsi ilə elektrik şəbəkəsinə qoşulmuşdr. Sayğac həyətdə deyil, küçədə yerləşir. Sayğacla həyət qapısına qədər olan məsafə 6-7 metrdir. 2016-cı ilin noyabr ayında işıq idarəsinin işçıləri sayğacı açaraq yoxlamaya aparmış, sayğacı apararkən transformatordan ayırmış, kabelin bir hissəsini də özləri ilə aparmışlar. İşıq İdarəsinin əməkdaşları sayğacı dyişdirmək üçün tərtib olunmuş akta imza etdirmiş, maqnit olması barədə ona heç nə deməmişlər. Sayğaca heç vaxt müdaxilə edilməmişdir. Hər ay elektrik enerjisinin istehlakına görə 1200-1500 manat ödəniş edilir. O, latin əlifbasını oxuya bilmir, akt yazılarkən isə heç bir video-foto çəkiliş olmamışdır. Bir müddət, yəni 10-12 gün işıq olmamış, soyuducularda olan hazır məhsullar xarab olub atılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, ev quşlarının kəsimində işləyir. 2016-cı ilin noyabr ayında işə gedərkən onlara demişlər ki, işıq yoxdur, sayğacı açıb aparıblar. Bundan sonra 10-12 gün iş olmamışdır. Soyuducuda olan satışa hazır quş əti xarab olub. Bundan başqa kəsimə gətirilmiş ev quşlarının elektrik enerjisi olmadan vaxtında kəsimi təmin etmək mümkün olmadığından soyuqda tələf olmuşdur. Elektrik sayğacı küçədə yerləşdirilmişdir və sayğaca heç vaxt heç bir müdaxilə edilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 şahid X3 ilə eyniməzmunlu ifadə vermişdir. İşdə olan “xxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 18 noyabr 2016-cı il tarixli, 006509 saylı aktın surətindən görünür ki, “Quş kəsimi” sexinin rəhbəri Şahbazova Aygün Əskər qızının elektrik enerjisindən qanunsuz istifadəsi ilə bağlı akt tərtib edilmişdir. İşdə olan “xxxx” ASC Şimal RETSİ üze istifadə edilmiş elektrik enerjisi haqqının hissə-hissə ödənilməsi barədə 24.11.2016-cı il tarixli, 0036 saylı razılıq protokolundan müəyyən edilir ki, istehlakçı olan İddiaçı1 “xxxx” ASC-nə olan 4300,69 manat məbləğində borcunu 26.12.2016-cı il tarixinə 1433 manat, 26.12.2017-ci il tarixinə 1433 manat, 26.12.2017-ci il tarixinə 1434,69 manat ödənilməsini üzərinə götürür. İş materiallarından müəyyən edilir ki, İddiaçı1 18.11.2016-cı il tarixdə 4000 manat, 18.11.2016-cı l tarixdə 3000 manat, 12.12.2016-cı il tarixdə 430 manat, 23.12.2016-cı il tarixdə 1000 manat, 12.01.2017-ci il tarixdə 1100 manat, 18.01.2017-ci il tarixdə 400 manat, 26.01.2017-ci il tarixdə 1400 manat, 26.02.2017-ci il tarixdə 1460 manat enerji haqqı ödənişi etmişdir. İşdə olan 01.07.2017-ci il tarixli arayışdan müəyyən edilir ki, Əkbər Şahbazov bacısı İddiaçı1 məxsus ünvan 1 ünvanında və özünə məxsus Xaçmaz şəhəri, S.Bəhlulzadə küçəsi, 6 ünvanında torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 18.11.2016-cı il tarixdə İddiaçı1 məxsus fərdi yaşayış evinin sayğacının sxemindən keçən yükün xüsusi maqnit vasitəsi ilə kənarlaşdırılması aşkar olunaraq foto-video çəkiliş vasitəsi ilə fiksasiya olmuş, ona 006509 saylı aktla 7029 manat cərimə tətbiq edilmişdir. 18.11.2016-cı il tarixdə Əkbər Şahbazov tərəfindən 7000 manat ödəniş edildiyindən həmin tarixdə elektrik sayğacı dəyişdirilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan iş materiallarına istinadən iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən istifadə qaydalarının” 7.11, 8.32, 8.33-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən istifadə qaydalarının” 7.11-ci maddəsinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.32-ci maddəsinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Həmin Qaydaların 8.33-cü maddəsinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə işin hallarını tam araşdırmamış, yekunda səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya məxsus torpaq sahəsində yerləşən quşçuluq sexində istifadə edilmiş elektrik enerjisinə görə akt əsasında borc hesablanmışdır. İş materiallarından görünür ki, İddiaçı1 qardaşı Əkbər Şahbazov sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da iddiaçı İddiaçı1 məxsus fərdi yaşayış evinə əhali kateqoriyası üçün quraşdırılmış sayğacdan elektrik enerjisi istifadə etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə iddiaçıya sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən sayğac üzərində maqnit quraşdırılaraq sayğacın sxemindən keçən yükü maqnit vasitəsi ilə kənarlaşdırılması aşkar edildikdən sonra akt tərtib edilmiş və borc hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının ləğv olunmasını xahiş etdiyi 18 noyabr 2016-cı l tarixli akt sayğaca müdaxilə olunması, yəni sayğac üzərinə maqnit quraşdırılması barədədir və bu, iş materialları ilə təsdiq olunur. Odur ki, iddia bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik Enerjisindən istifadə qaydalarının” 8.32-ci maddəsinə əsasən məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerji təchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. İş materialarından görünür ki, tərtib edilmiş akt əsasında hesablanmış borc iddiaçı tərəfindən ödənilmiş, daha sonra 24.11.2016-cı il tarixli, 0036 saylı razılıq protokolu ilə istehlakçı olan İddiaçı1 “xxxx” ASC-nə olan 4300,69 manat məbləğində borcunu 26.12.2016-cı il tarixinə 1433 manat, 26.12.2017-ci il tarixinə 1433 manat, 26.12.2017-ci il tarixinə 1434,69 manat ödənilməsini üzərinə götürmüş, həmin tarixdən sonra iddiaçı tərəfindən qeyd edilən ödənişlər ödənilmişdir. Göründüyü kimi iddiaçı tərtib edilmiş aktlarla razılaşaraq akt əsasında hesablanmış borcu ödəmişdir ki, bu da iddiaçının tərtib edilmiş aktı qəbul etdiyini, onu mübahisələndirmədiyini təsdiq edir. Bu səbəbdən də məhkəmə kollegiyası tərtib edilmiş aktı qəbul edərək akt əsasında hesablanmış borcu ödədiyi halda iddiaçının 1 il müddət keçdikdən sonra məhkəməyə müraciət etməsini əsaslı saymır. Bundan başqa iddiaçı razılaşma protokolunun məcburiyyət qarşısında qalaraq imzalanmasını, həmin borcu təzyiq altında ödədiyini qeyd etsə də buna dair hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Odur ki, iddia tələbi həmin hissədə də təmin edilə bilməz. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh tərəfin qanunsuz hərəkətləri nəticəsində ona və ailəsinə dəymiş 2000 manat mənəvi zərərin alınaraq ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.[ Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 2-ci bəndinin izahına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndinin izahına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri-digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən, bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Lakin iş materiallarında iddiaçının hər hansı bir fiziki və mənəvi sarsıntı keçirməsi barədə məlumatlar mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi digər hisslərdə təmin edilmədiyinə görə iddia cinayət işinin başlanılmasına dair hissədə də təmin edilə bilməz. Məhkəmə kollegiyasının fikrincə iddiaçı ümumiyyətlə iddiasını məhkəmədə əsaslandıra bilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini əsası kimi istinad etdiyi halları əsaslandıraraq sübuta yetirə bilməmişdir. Bununla da məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş maddi və prosessual hüquq normalarının şərh olunan bu pozuntularını qətnamənin ləğvi üçün əsas hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməklə yuxarıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli, 2(067)1002/2018 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh “xxxx” ASC-nin apelyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli, 2(067)1002/2018 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı1 cavabdeh “xxxx” ASC-yə qarşı aktın ləğv edilməsi və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin . Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar