Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1093/2023 22.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X3 cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4rşı son haqq hesabın ödənilməsi, son haqq-hesabın gecikdirilməsinə görə faizin və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X14 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, iddiaçı X3 nümayəndəsi və vəkili X5, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 nümayəndəsi X6 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(012)-360/2021 nömrəli qətnaməsindən iddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı (bundan sonra-iddiaçı) 25 iyun 2018-ci ildən 29 oktyabr 2019-cu ilədək "xxxx" MMC-də müxtəlif vəzifələrdə işləmiş, "xxxx" MMC tərəfindən verilmiş 29 oktyabr 2019-cu il tarixli işdən azad olma haqqında əmrlə onun əmək müqaviləsinə 29 oktyabr 2019-cu il tarixdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə (işçinin öz xahişinə) əsasən xitam verilmişdir. "xxxx" MMC İddiaçı işdən azad olunan zaman son haqq-hesabını, yəni ümumilikdə 10056 manat pulu ödəməmişdir.
2. "xxxx" MMC-nin direktoru V.Bağırov Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərini pozduğundan və İddiaçı son haqqhesabları ödənilmədiyindən "xxxx" MMC-nin direktoru V.Bağırov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə 06 mart 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən son haqq-hesab 10056 manat, 120 gün son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 12700 manat pulun, 500 manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan cavabdeh "xxxx" MMC-dən son haqq-hesab 10056 manat, 345 gün son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun və 500 manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 25 iyun 2018-ci ildə "xxxx" MMC-də “Baş direktor məsləhətçisi” vəzifəsində işə qəbul olmuşdur. xx.xx.2018-ci il tarixdə “Direktorun satış üzrə müavini-satış departamentinin rəisi” vəzifəsinə təyin olunmuşdur. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ bəndinə əsasən o öz xahişiylə işdən azad edilmişdir. xx.xx.2019-cu il tarixdə işdən azad olunan zaman son haqq-hesab, ümumilikdə 10056 manat cavabdeh şirkət tərəfindən ona ödənilməmiş, bu barədə MMC rəhbərliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Qeyd etmək lazımdır ki, cavabdeh "xxxx" MMC ilə onun arasında olan əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə uyğun olaraq, yəni tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmiş, həmin məcəllənin 69-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq o öz ərizəsi əsasında işdən azad olunmuşdur. Həmin vaxt cavabdehlə onun arasında əmək mübahisəsi olmamışdır. Belə ki, mövcud məcəllənin Xİ bölməsində qeyd edilən əmək mübahisələrindən heç bir hal cavabdehlə onun arasında baş verməmişdir. Bu səbəbdən də "xxxx" MMC-nin gecikdirilmiş hər gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödənc verməlidir.
5. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi bildirir ki, iddia tələbini son haqq-hesab olan 10056 manat pulun iddiaçıya ödənilməsi hissəsində qəbul edir. Lakin son-haqq hesabın gecikdirilməsinə görə faizlərin və mənəvi zərərin cavabdeh şirkətdən tutulması hissəsini qəbul etmir. Faiz o zaman hesablana bilər ki, işəgötürənin təqsirli hərəkətləri nəticəsində son haq-hesab ödənilməsin, nəzərə alsaq ki, "xxxx" MMC-nin özünün də digər şəxslərdən ******* manat miqdarında alacağı vardır və bu günədək həmin pulları ala bilməmişdir. Bu barədə məhkəmə qətnamələri də vardır. Gecikmələr üzrlü səbəbdən baş vermişdir. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən, faizlərin cavabdeh şirkətdən tutulması düzgün deyildir.
6. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 nümayəndəsi bildirir ki, cavabdeh təşkilatın maliyyə vəziyyətində çətinlik olduğu üçün son haqq-hesabı gecikdirməsi məlum olmuşdur. Bu səbəbdən də "xxxx" MMC barəsində inzibati protokol tərtib edilmişdir.
7. Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012)-360/2021 saylı qətnaməsi ilə (hakim E.Məmmədov), iddia qismən təmin edilmiş, İddiaçı işdən azad olunarkən son haqq-hesab olan ümumilikdə 10056 manat pulun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi 345 gün son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun və 500 manat mənəvi zərərin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi hissəsində rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat "xxxx" MMC İddiaçı işdən azad olunan zaman son haqq hesabını, yəni ümumilikdə 10056 manat pulunu ödəməmiş və cavabdeh təşkilatın nümayəndəsi də məhkəməyə yazılı ərizə təqdim edərək iddianın son haq-hesab hissəsini qəbul etmişdir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh "xxxx" MMC-nin iddiaçıya son haqq-hesabı ödəməsini qəsdən gecikdirməsini və ya üzrlü səbəb gecikdirməsini İddiaçı tərəfindən sübuta yetirilmədiyindən idda tələbi həmin hissədə rədd edilməlidir.
10. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, İddiaçı iddia tələbində 500 manat məbləğində mənəvi zərərin əvəzinin "xxxx" MMCdən alınaraq ona ödənilməsi tələbi irəli sürsə də bununla bağlı iddiaçı tərəfindən əsaslı sübutlar təqdim edilməmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, Əmək Məcəlləsinin 144, 172-ci, Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(012)-360/2021 nömrəli qətnamənin ləğv edilməsi, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2292/2021 nömrəli, 03 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Abasov (sədrlik edən və məruzəçi) S.Qafari və T.Məmmədov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, e2(012)-360/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçıya verilməli son haqq-hesab "xxxx" MMC-nin təqsiri üzündən gecikdirilməmişdir. Belə ki, MMC bir neçə hüquqi şəxsə qarşı külli miqdarda pul tələbilə bağlı məhkəmədə iddialar qaldırmış və bu iddialar təmin edilmişdir.
15. Məhkəmə kollegiyası bu hallara qiymət verərək, hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya son haqq-hesabın ödənilməməsində MMC-nin maddi vəziyyətinin qənaətbəxş olmaması faktoru durur və belə olan halda, mübahisə üzrə işəgötürənin hər hansı təqsirindən söhbət gedə bilməz. Digər tərəfdən, iddiaçı bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.
16. Dəymiş mənəvi zərərin əvəzinin tutulması ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iş materiallarında cavabdehin qanunsuz hərəkətlərinin baş verməsi, bunun nəticəsində isə iddiaçının fiziki əzab çəkməsi və mənəvi sarsıntılar keçirməsi barədə mötəbər sübutlar yoxdur. Bu barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, bu tipli əmək mübahisələrində başqa mövqenin tutulması düzgün olmayan məhkəmə presedenti yaratmaqla arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci, Mülki Prosessual Məcəllənin 77.1, 384.0.1, 385.1, 385.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
19. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 12 aprel 2022-ci il tarixli, 2(102)-1348/2022 saylı qərarına əsasən iddiaçının kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-2292/2021 saylı 03 sentyabr 2021-ci il tarixli qətnaməsinin iddianın rədd edilməsi hissələrində ləğv edilməsi, işin həmin hissələrdə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
21. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin tələblərinə görə işçiyə son haqq-hesabın ödənilməsində işəgötürənin təqsirinin olub-olmamasının sübuta yetirilməsi yükü işçinin deyil, işəgötürənin üzərinə düşür. İşin hallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi qanunun yuxarıda qeyd edilən tələbinə zidd olaraq bu halda sübut etmə yükünü iddiaçının üzərinə qoymuşdur.
22. Bundan başqa apellyasiya instansiyası məhkəməsi bu hissədə qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən görülmüş işlərin nəticəsində ona başqa hüquqi şəxslər tərəfindən ödənilməli olan pul vəsaitləri vaxtında ödənilmədiyindən cavabdeh ondan asılı olmayan səbəblərdən iddiaçıya son haqq-hesabı vaxtında ödəməmişdir. Lakin işə baxan məhkəmələr iddiaçıya son haqq-hesab verilməyən dövrdə cavabdehin öz işçilərinə aylıq əmək haqları ödəyib-ödəmədiyi, başqa hüquqi şəxslərə pul vəsaiti köçürüb-köçürmədiyi, yəni cavabdehin iddiaçıya son haqq-hesabı ödəmək üçün hər hansı bir maliyyə vəsaitinə malik olub-olmadığı barədə sübutları təqdim etməyi sonuncuya təklif etməli və bu sübutlara məcmu halında qiymət verməklə iddiada qoyulan məsələləri həll etməli idi.
23. Bundan başqa nəzərə alınmalıdır ki, ondan asılı olmayan səbəblər istisna olmaqla cavabdeh tərəfindən iddiaçının son-haqq hesabının vaxtında ödənilməməsi sübut edildiyi təqdirdə, bu hal iddiaçının mənəvi sarsıntı keçirməsi üçün əsas ola bilər.
24. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2,172.5-ci, Mülki Prosessual Məcəllənin 14.2,88,217.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2022-ci il tarixli, 2(105)-1419/2022 nömrəli qətnaməsi ilə iddiaçı X3 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin iş üzrə 19 aprel 2021-ci il tarixli e-2(012)- 360/2021 nömrəli qətnaməsi son haqq-hesabın gecikdirilməsinə görə faizin və mənəvi zərərin ödənilməsi tələbinə dair hissədə dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pulun X2 alınaraq SAP (XİİS) hesabına keçirilməsi qət edilmişdir.
27. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli, 9/5638 saylı rəydən görünür ki, İddiaçı 19 oktyabr 2019-cu il tarixdən işdən azad olan vaxtından 20 iyul 2020-ci il tarixə qədər (məhkəməyə daxil olan vaxt) son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla hesablanan məbləğ 27.248,59 manat təşkil edir.
28. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş 21 iyul 2022-ci il tarixli arayışdan görünür ki, 2019-cu ilin oktyabr 2020-ci ilin iyul dövrü ərzində şirkətin qeyri-sabit maliyyə vəziyyəti var idi. 2020-ci ilin əvvəllində başlayan pandemiya şirkətin maliyyə vəziyyətini agırlaşdırıb. Şirkət tərəfindən 2019-cu ilin avqust ayında bir il müddətinə alınmış kreditin müddəti, göstərilən müddətdə geri qaytarılması mümkün olmadıgı üçün uzadılıb. Dövrün sonuna 773.826.10 EUR məbləğ borc yaranıb. Bankla aparılan danışıqlardan sonra kreditin yenidən maliyyələşdirilməsi ilə bağlı razılıq əldə olunub. Qeyd olunan dövr üçün hesablanmış əmək haqqının ödənilməsi xeyli gecikmə ilə baş verib. Dövrün sonuna 346.633,66 AZN məbləğ borc yaranıb. Qeyd olunan dövr ərzində hesablanmış vergi və sosial ödəniqlər də gecikmə ilə baş verib, buna görə şirkət 19.691,31 AZN cərimələr ödəyib
29. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hesablanmış son haqq-hesabın ödənilməməsi cavabdehin özündən asılı olmayan səbəblərə görə yarandıgından, iddia tələbini bu hissədə təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası ekspert rəyini bu iş üzrə sübut növü kimi qəbul etmir.
30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2ci, MPM-nin 14.2, 77.1, 217.3-cü maddələri ilə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarına istinadla əsaslandırmışdır.
d) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
31. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 2(105)-1419/2022 saylı, 31 oktyabr 2022-ci il qətnaməsi tamamilə ləğv edib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 28 fevral 2023-cü il tarixli, 2(102)-1005/2023 saylı qərarına (Vüqar Həsənov (məruzəçi), Əhməd Əhmədov və İspəndiyar Şəfiyev) əsasən iddiaçının kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2022-ci il tarixli, 2(105)- 1419/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri
33. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin onun son haqq-hesabı vaxtında ala bilməməsi və cavabdeh "xxxx" MMC-nin son haqq-hesabı gecikdirməsi onun tərəfindən sübut etməməsi işdə olan qeyd edilən sübutlarla tam təkzib edilir. Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Cavabdehin uzun müddət iddiaçıya işdən azad olunduguna görə son haqq-hesabı ödəməməsi ona maddi ziyan vurmuş və mənəvi cəhətdən onu əzab-əziyyət, iztirab keçirməsinə səbəb olmuşdur. Son haqq-hesab ona vaxtında ödənilmədiyinə görə mənəvi ziyan dəymişdir. Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 2(012)-360/2021 saylı qətnaməsini ləğv edib, cavabdeh "xxxx" MMC-dən onun xeyrinə 10056 manat son haqq-hesab, 36225 manat son haqq-hesabın gecikdirilməsinə görə və 500 manat mənəvi ziyana görə pulu alıb verilməsinə dair qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
34. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
35. Məhkəmə kollegiyasının iclasında iddiaçı X3 nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
36. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 nümayəndəsi X11 iş üzrə müvafiq qərar qəbul edilməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi.
37. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdeh "xxxx" MMC-yə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
38. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
39. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
40. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:
41. 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
42. 172-ci maddəsinə əsasən işçiyə son haqq-hesabın ödənilməsində işəgötürənin təqsirinin olub-olmamasının sübuta yetirilməsi yükü işçinin deyil işəgötürənin üzərinə düşür.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
43. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
44. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
45. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008ci il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, ...məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
51. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
52. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
54. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
55. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi hissəsində qətnamədən apellyasiya şikayəti verilmədiyindən, qətnamə AR MPM-nin 372.6-cı maddəsinə görə həmin hissədə apellyasiya baxışının predmeti ola bilməz.
56. Apellyasiya şikayətindən görünür ki, idddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
57. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e- 2(012)-360/2021 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
58. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə mövqeyini nəzərə alıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddia qismən təmin edilməlidir.
59. Məhkəmə kollegiyası, iddiaçının “son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun cavabdehdən tutulması” hissəsini araşdıraraq, qeyd edir ki, işçiyə son haqq-hesabın ödənilməsində işəgötürənin təqsirinin olub-olmamasının sübuta yetirilməsi yükü işçinin deyil işəgötürənin üzərinə düşür.
60. Belə ki, kassasiya instansiya məhkəməsinin son qərarında olan göstərişlərinə uyğun olaraq, iddiaçıya son haqq-hesab verilməyən dövrdə cavabdehin öz işçilərinə aylıq əmək haqları ödənilib-ödənilmədiyi, başqa hüquqi şəxslərə pul vəsaiti köçürülübköçürülmədiyini, yəni cavabdehin iddiaçıya son haqq-hesabı ödəmək üçün hər hansı bir maliyyə vəsaitə malik olub-olunmadığı barədə sübutları təqdim edilməsini kollegiya cavabdehə (müvafiq sorğu verməklə) təklif etsə də, "xxxx" MMC məhkəməyə bu barədə hər hansı bir məlumat verməmişdir. Bələliklə, cavabdeh işçiyə son haqq-hesabın ödənilməsində təqsirinin olmamasını sübuta yetirə bilməmişdir.
61. Digər tərəfdən iş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən iddiaçının vəkilinin sorğusuna verilmiş cavab-məktubundan görünür ki, Agentliyinin daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində "xxxx" MMC-nin adına 71 ədəd texnika dövlət qeydiyyatında olması öz təsdiqini tapmış, 2019-2021-ci illərdə sözügedən MMC-nin 13 ədəd texnikası özgəninkiləşdirilmiş və 7 ədəd texnikası uçotdan çıxarılmışdır. Həmin məktuba əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh texnikanın özgəninkiləşdirilməsindən kifayət qədər pul vəsaiti əldə etmişdir.
62. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 avqust 2023-cü il tarixli, 9/5574 saylı rəydən görünür ki, İddiaçı 19 oktyabr 2019-cu il tarixdən işdən azad olan vaxtından 09 oktyabr 2020-ci il tarixə qədər (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verilən vaxt) son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla hesablanan məbləğ 35191,91 manat təşkil edir.
63. Kollegiya, İddiaçı 29 oktyabr 2019-cu il tarixdən işdən azad olan vaxtından 09 oktyabr 2020-ci il tarixə qədər (iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verilən vaxt) son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faizi hesablayaraq (35191,91- (100,56x10gün))=34186,31) belə qənaətə gəlir ki, 34186,31 manat pul vəsaiti "xxxx" MMCdən tutularaq iddiaçıya ödənilməlidir.
64. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının son-haqq hesabının vaxtında ödənilməməsi sübut edildiyindən, iddiaçı isə buna görə mənəvi sarsıntı keçirtdiyindən, 500 manat mənəvi zərər cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
65. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qətnaməsi qismən – “son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun və 500 manat mənəvi zərərin ödənilməsi” hissəsində ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia həmin hissədə qismən təmin edilməlidir.
66. Eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat cavabdeh "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.
67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli e-2(012)-360/2021 nömrəli qətnaməsi qismən – “son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun və 500 manat mənəvi zərərin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılaraq, iddia həmin hissədə qismən təmin edilsin. "xxxx" MMC-dən son haqq-hesabın gecikdirilməsinə görə 34186,31 (otuz dörd min yüz səksən altı manat otuz bir qəpik) manat və mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənillsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat cavabdeh "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.