Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1098/2024 30.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti) Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (hazırda İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti) Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-525/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ASC Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1067 manat borcun tutularaq **********180 saylı abonent koduna və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə, xx.xx.2023-cü il tarixə 1067,09 manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan 1 ünvanında ona məxsus evdə xx.xx.2016-cı il tarixdə quraşdırılmış Abşeron-15 tipli, 687410 nömrəli, B815426 plomblu su sayğacının göstəricisinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına bildiriş və xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir.
3. Abonent kartından görünür ki, abonent kodu **********180 olan, ünvan 3 ünvanına xx.xx.2016-cı il tarixli, 34861114 saylı müqavilə əsasında xx.xx.2016-cı il tarixdə Abşeron- 15 tipli, 687410 nömrəli, B815426 plomb nömrəli sayğac quraşdırılmış və 1067,09 manat borc hesablanmışdır.
4. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə müqavilə üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
5. Satıcı "xxxx" Fərdi Firması ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 028 saylı müqavilənin surətindən görünür ki, icraçı Abşeron rayonu, Xırdalan qəsəbəsi, Bakı-Sumqayıt şossesinin 7-ci km-də inşa ediləcək Abşeron Gənclər Şəhərciyində yüksək mərtəbəli binanın blok 14, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 69,5 kv.m-dən ibarət olan 2 otaqlı, 15 saylı mənzili izolə olunmuş şəkildə bir pay kimi payçıya verməyi, payçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.2.1-ci bəndinə əsasən sahəsi 69,5 kv.m olan mənzilin 1 kv.m-nin dəyəri 780 manat olmaqla ümumi dəyəri 54210 manat təşkil edir, payçı ilkin ödənişi etdikdən sonra, hər ay 301,17 manat olmaqla ödəniş etməli, kreditin müddəti isə 180 ay müəyyən edilmişdir.
6. xx.xx.2006-cı il tarixli, 028 saylı müqavilə üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair xx.xx.2017-ci il tarixli əlavə razılaşmadan görünür ki, bu razılaşmaya əsasən satıcı "xxxx" Fərdi Firması ilə ikinci tərəf Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 028 saylı müqaviləyə əsasən, yaranmış bütün hüquqlarını və müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasını ikinci tərəf bu razılaşma qüvvəyə mindiyi andan üçüncü tərəf X2 ötürmüşdür.
7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-525/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia təmin edilərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılmasına görə 1067,09 (min altmış yeddi manat doqquz qəpik) manat pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 1097,09 (min doxsan yeddi manat doqquz qəpik) manat pul vəsaitinin alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı ASCnin Abşeron Sukanal İdarəsi ilə bağlanmış xx.xx.2016-cı il tarixli, 34861114 saylı müqavilə əsasında cavabdehə tələbata uyğun lazımi miqdarda tərkib və keyfiyyətinə görə Dövlət Standartlarının tələblərinə uyğun, içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması təmin edilmiş, cavabdeh isə bunun müqabilində istifadə edilmiş suyun və kanalizasiya xidmətlərinin dəyərini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2006-cı il tarixli, 028 saylı müqavilə üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair xx.xx.2017-ci il tarixli əlavə razılaşmaya əsasən, cavabdeh həmin mənzili X1 olsa da, sayğac cavabdehin adından digər şəxsin adına keçirilməmişdir. Bu səbəbdən də, cavabdeh 2017-ci ildə həmin mənzildə yaşamasa da, mənzilin su sayğacı onun adına olduğundan və öhdəliklər icra edilmədiyindən istifadə edilmiş suyun və kanalizasiya xidmətlərinin dəyərinə görə 1067,09 manat borc yaranmışdır.
9. Məhkəmə, öz mövqeyini “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 1, 26-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1, 7.4-cü bəndlərinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1, 136.4, 139.2-ci maddələrinə, Mülki Məcəllənin 425.1, 425.2, 430, 442-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsl su sərfiyyatçısını işə cəlb edib, su sərfiyyatı üzrə işlətdiyi suyun miqdarını müəyyən etməli və cavabdehi əsl cavabdehlə əvəz etməli idi. Məhkəmə 2017-ci ildən mənzilə sahib olan C.Nağıyevanı məhkəmə iclasına dəvət etmədən işə baxdığından iş tam obyektiv araşdırılmamışdır. Məhkəməyə təqdim edilmiş yaşayış yerindən arayışlardan görünür ki, Cavabdeh 2017-ci ildən su sayğacı olan mənzildə yaşamır. Həmin mənzildə Ceyran Nağıyeva yaşayır, məhkəmə bu ziddiyətli halı araşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu:
16. Maddə 5. Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi prinsipləri
1. Su təchizatı və kanalizasiya müəssisələri öz vəzifələrini həyata keçirərkən aşağıdakı prinsiplərə əsaslanırlar: a) su təchizatı, tullantı sularının axıdılması və tullantıların atılması xidmətlərinin göstərilməsində öz xərcinin çıxarılması; b) istehlakçıların müvafiq keyfiyyətli və lazımi miqdarda su ilə, ilk növbədə içməli su ilə təmin olunması; c) su ehtiyatlarından səmərəli istifadə olunması; ç) tullantı suları və tullantıların təmizlənməsi və atılmasının etibarlı sisteminin yaradılması.
2. Su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.
3. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17. Maddə 30. Verilən suyun həcminin hesablanması
1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
2. Suölçən cihazlar quraşdırılmadan yeni obyektlərin istifadəyə verilməsi qadağan olunur.
18. Maddə 62. Xidmətlərə görə borcların alınması Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”
19. 7.4. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
21. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
22. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
24. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)
25. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
26. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
28. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-525/2024 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
32. İşdən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Bakı-Sumqayıt şossesinin 7-ci km-də Abşeron Gənclər Şəhərciyində yüksək mərtəbəli binanın blok 14, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 69,5 kv.m-dən ibarət olan 2 otaqlı, 15 saylı mənzilinə dair müqavilə ilkin olaraq "xxxx" Fərdi Firması ilə Cavabdeh arasında xx.xx.2006-cı il tarixdə bağlansa da, daha sonra xx.xx.2006-cı il tarixli, 028 saylı müqavilə üzrə yaranmış hüquq və öhdəliklər xx.xx.2017-ci il tarixli əlavə razılaşmaya əsasən X2 ötürülmüşdür.
33. Birinci instansiya məhkəməsi həmin halı müəyyən etmiş, lakin göstərmişdir ki, İddiaçı ASC-nin Abşeron Sukanal İdarəsi ilə bağlanmış xx.xx.2016-cı il tarixli, 34861114 saylı müqavilə əsasında cavabdehə tələbata uyğun lazımi miqdarda tərkib və keyfiyyətinə görə Dövlət Standartlarının tələblərinə uyğun, içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması təmin edilmiş, cavabdeh isə bunun müqabilində istifadə edilmiş suyun və kanalizasiya xidmətlərinin dəyərini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2006-cı il tarixli, 028 saylı müqavilə üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair xx.xx.2017-ci il tarixli əlavə razılaşmaya əsasən, cavabdeh həmin mənzili X1 olsa da, sayğac cavabdehin adından digər şəxsin adına keçirilməmişdir. Bu səbəbdən də, cavabdeh 2017-ci ildə həmin mənzildə yaşamasa da, mənzilin su sayğacı onun adına olduğundan və öhdəliklər icra edilmədiyindən istifadə edilmiş suyun və kanalizasiya xidmətlərinin dəyərinə görə 1067,09 manat borc yaranmışdır.
34. Göründüyü kimi məhkəmə cavabdehin həmin mənzildə 2017-ci il tarixdən yaşamadığını və mənzildə başqa şəxsin yaşadığını müəyyən etmiş, lakin müqavilənin cavabdehlə bağlandığına istinad edərək yaranmış borcun məhz cavabdehdən tutulmalı olması qənaətinə gəlmişdir. 35 Halbuki, 2017-ci ildən həmin mənzildə iddiaçının yaşamadığı, mənzildə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən başqa şəxsin istifadə etdiyi işin mübahisəsiz halı olmuşdur. İddiaçı isə faktiki istehlakçı ilə arasında müqavilənin olubolmamasından asılı olmayaraq xidmətlərin haqqının ödənilməsi üçün bu müddət ərzində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməmişdir.
36. Halbuki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə görə, su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə, su təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda su təchizatı müəssisəsi istehlakçının su təchizatını dayandıra bilər.
37. Həmin Qanunun 61-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
38. Həmin Qanunun 62-ci maddəsinə əsasən, qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iş üzrə cavabdehə qarşı yönəltdiyi mövcud iddia tələbi və birinci instansiya məhkəməsinin həmin iddia tələbinin təmin edilməsi barədə gəldiyi nəticə əsassızdır.
40. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
41. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-525/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (hazırkı adı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Cavabdeh qarşı cavabdehdən su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1067 manat borcun tutularaq **********180 saylı abonent koduna və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin hesabına ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.