Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1100/2025 10.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilə öhdəliyi, pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3534/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC İmei kodu **********16054 olan “Samsung Galaxy S23” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 1650 manat pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 137,5 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
2. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 19 aprel 2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 962 manat ödənilməmiş hissə və 96,20 manat cərimə borcu olmaqla, cəmi 1058,20 manat ödənilməmiş borcu vardır.
3. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
4. “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (Azcon)” Publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, **********16054 İMEİ kodu xx.xx.2024-cü il tarixdən, **********16055 İMEİ kodu xx.xx.2024-cü il tarixdən aktivləşdirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kodu **********16054 olan “Samsung Galaxy S23” markalı telefon almış və nəticədə 1058,20 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 1650 manat olan İmei kodu **********16054 olan “Samsung Galaxy S23” markalı telefon üçün ümumilikdə 1058,2 manat olmaqla, ondan 962 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 96,20 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 688 manat təşkil edir. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kodu **********16054 olan “Samsung Galaxy S23” markalı telefon üçün 962 manat ödənilməmiş hissə, 96,20 manat cərimə olmaqla, ümumilikdə 1058,20 manat borc və 30,59 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3534/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilə üzrə 962 (doqquz yüz altmış iki) manat ödənilməmiş hissə, 30 (otuz) manat cərimə borcu olmaqla, ümumilikdə 992 (doqquz yüz doxsan iki) manat məbləğində pulun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq "xxxx" MMC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva).
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427, 467, 600.1, 600.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(060)-3534/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, o məhkəmə iclaslarında iştirak etməmişdir. Eyni zamanda, ona qarşı yönəlmiş iddia barədə ətraflı məlumat verilməmiş, elektron şəkildə və ya fiziki qaydada təqvim üzrə müvafiq bildirişlər və ya məhkəmə çağırışları təqdim edilməmişdir. Bu səbəbdən işin hallarına təsir edəcək sübutları təqdim edə bilməmişdir. Bildirir ki, xx.xx.2024-cü il tarixdə “Kontakt Home” mağazasının Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən filialından Samsung Galaxy S23 (SM-5911B) 8/256GBGREEN markalı mobil telefon almışdır. Alqı-satqı ******* saylı kredit müqaviləsi əsasında və 1650 manat məbləğində, 12 ay müddətinə hissəvi ödənişlə həyata keçirilmişdir. Lakin telefonu aldıqdan təxminən 4 ay sonra, ondan istifadə etmək istədikdə mobil operator sim kartını tanımadığı məlum olmuşdur. Bu zaman texniki araşdırma nəticəsində müəyyən edilmişdir ki, mobil cihazın İMEİ kodu sistemdən çıxarılmış və oğurlanaraq başqa cihazda istifadə olunmağa başlanmışdır. Beləliklə, ona satılan cihaz praktik olaraq istifadəyə yararsız olmuşdur. Bu hal barədə dərhal “Kontak Home” mağazasına müraciət etmiş, lakin mağaza məsuliyyəti öz üzərindən ataraq bildirib ki, İMEİ kodunun oğurlanmasına görə məsuliyyət daşımırlar və heç bir yardım göstərilməmişdir. Məsələ ilə bağlı Sumqayıt şəhər polis idarəsinin 1-ci Polis Bölməsinə şikayət etmişdir. Təəssüf ki, PB-nin təhqiqatçısı Elşad Məmmədov tərəfindən yalnız “Kontak Home” əməkdaşı X1 izahatı alınmaqla, heç bir obyektiv araşdırma aparılmadan xx.xx.2024-cü il tarixli HK-1/3161 nömrəli material üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar qəbul edilmişdir. Qeyd edilməlidir ki, mobil cihazın İMEİ kodunun başqa cihazda istifadə olunması konkret oğurluq (Cinayət Məcəlləsinin 177-ci maddəsi) və ya mülkiyyətə qarşı digər qəsdən törədilən cinayətdir, bu isə adi “zədə” və ya “əmlakın məhv edilməsi” deyil. Təəssüf ki, bu cinayət halı səhv olaraq CM-nin 186-cı maddəsi ilə qiymətləndirilmiş və araşdırılmadan bağlanmışdır. Qərarın qanunsuz və əsassız qəbul edilməsi ilə bağlı Sumqayıt şəhər prokurorluğuna və Azərbaycan Respublikası Baş prokurorluğuna şikayət edilmişdir.
11. Qətnamədə qeyd olunan 30 manat məbləğində dəbbə pulu məhkəmə tərəfindən ixtisarla təyin olunsa da, bu məbləğin hansı müddət üzrə və hansı hüquqi baza ilə hesablandığı dəqiq göstərilməmişdir. Cərimə hesablamaları Mülki Məcəllənin 467-ci maddəsinə uyğun olaraq tənasüblü və əsaslandırılmış olmalıdır, lakin qətnamədə bu tənasüblük prinsipinə əməl edilməmişdir.
12. İş materiallarında "xxxx" MMC-yə 962 manat əsas borcumun mövcudluğu qeyd edilsə də, bu məbləğin hansı ödəniş cədvəlinə uyğun, hansı dövr üzrə və hansı əsasla hesablandığı ətraflı əsaslandırılmamışdır. Maliyyə sənədlərində texniki uyğunsuzluqlar və ümumiləşdirilmiş hesablamalar əsas götürülərək ona qarşı öhdəlik müəyyən edilmişdir ki, bu da AR Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə ziddir.
13. Birinci instansiya məhkəməsində onun iştirakı olmadan qətnamə qəbul edilmiş, ona bildiriş və çağırış göndərilmədiyi üçün cavabdeh kimi mövqeyini ifadə etmək, sübutlar təqdim etmək hüququndan məhrum edilmişdir. Bildirişin almaması səbəbindən nə iddiaya qarşı etiraz vermək, nə də sübutlar təqdim etmək imkanı əldə etməmişdir. Bu da onun müdafiə hüququnun pozulması deməkdir.
14. Samsung Galaxy S23 markalı mobil telefonu istifadə etmək istədikdə, İMEİ kodu oğurlanmış, nəticədə telefon mobil operator şəbəkəsinə qoşula bilməmiş, əsas funksiyasını itirmiş və yararsız hala düşmüşdür. Bu barədə müvafiq texniki araşdırma tələbi qoyulsa da, məhkəmə ekspertizasına müraciət edilməmişdir, Cihazın real istifadəyə yararlılığı qiymətləndirilməmişdir.
15. İstehlakçı qismində məhdud məsuliyyətli cəmiyyətlə (MMC ilə) müqavilə bağlamışdır. Qüsurlu və ya istifadəyə yararsız mal təqdim edildikdə, əldə olunmuş məhsulu geri qaytarmaq və ya müqavilənin ləğvini tələb etmək hüququ vardır (Azərbaycan Respublikası “İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında” Qanun, maddə 15, 16). Lakin birinci instansiya məhkəməsi mobil cihazın faktiki vəziyyəti və istifadəyə yararlılığı məsələsini araşdırmamış, cavabdehin istehlakçı hüquqlarının pozulub-pozulmadığını qiymətləndirməmişdir.
16. Mağazaya müraciət etsə də, cavab olaraq onların məsuliyyət daşımadığı və İMEİ oğurluğu ilə bağlı heç bir yardım edə bilməyəcəkləri bildirilmişdir. Bu mövqe faktiki və hüquqi baxımdan əsassızdır, çünki alqı-satqı müqaviləsində təqdim olunan mal işlək və qüsursuz olmalıdır. Məhkəmə mağazanın təchizat və təhlükəsizlik məsuliyyəti məsələsini araşdırmamış, nə malların mənşəyi, nə də onların qanuniliyinə dair sübutların təqdimini tələb etməmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
18. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
19. İddiaçının nümayəndəsi Nümayəndə2 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
21. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsaslardan biridir.
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
24. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
25. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
27. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
28. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.
29. Maddə 448.1. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
31. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
32. Maddə 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
39. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
42. Apellyasiya şikayətində Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3534/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnaməni iddianın təmin olunan hissəsini mübahisələndirmişdir.
43. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Kollegiya ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
46. Qanunvericiliyin tələbini rəhbər tutan məhkəmə kollegiyası qeyd edir ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır.
47. Belə ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, ******* saylı müqavilədən görünür ki, "xxxx" MMC **********16054, **********16055 İMEİ kodları olan “Samsung Galaxy S23” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 1650 manat pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 137,5 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.
48. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, telefonu aldıqdan təxminən 4 ay sonra istifadə etdikdə mobil cihazın İMEİ kodu oğurlandığından, cihaz faktiki olaraq istifadəyə yararsız olmuşdur. Həmçinin apellyator hesab etmişdir ki, qətnamədə cərimə hesablanarkən Mülki Məcəllənin 467-ci maddəsinə uyğun olaraq tənasüblük prinsipinə əməl edilməmişdir.
49. Apellyasiya şikayətinin dəlillərini nəzərə alan Məhkəmə kollegiyası Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə, "xxxx" MMC-yə "xxxx" MMC-yə, "xxxx" MMC-yə **********16054, **********16055 İMEİ kodlarının hansı tarixdən aktivləşdirilməsi və kimə məxsus olması barədə məlumatın təqdim edilməsi barədə sorğu verilmişdir.
50. “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (Azcon)” Publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, **********16054 İMEİ kodu xx.xx.2024-cü il tarixdən, **********16055 İMEİ kodu xx.xx.2024-cü il tarixdən aktivləşdirilmişdir.
51. Beləliklə, kollegiya tərəfindən sorğu əsasında əldə olunmuş məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Cavabdeh satılmış “Samsung Galaxy S23” markalı telefonun **********16054, **********16055 İMEİ kodları müqavilə bağlanıldığı tarixdən sonra, yəni artıq mobil telefon cavabdehə təhvil verildikdən sonra aktivləşdirilmişdir. Odur ki, cavabdeh mobil telefonun İMEİ koduna görə qüsurlu olması barədə öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
52. Kollegiya dəbbə pulunun məbləği ilə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş cərimənin məbləği iş üzrə əsas borca mütənasibdir.
53. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
54. Belə olan halda kollegiya iddia tələbinin tamamilə rədd olunması üçün əsas görmür.
55. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
56. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmişdir. Cavabdeh isə apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.
58. Kollegiya yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.
59. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
60. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3534/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3534/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.